İlk dəfə səkkiz yaşımda atamın qayışının dadını bildim. Balaca qardaşıma əl qaldırdığıma görə belim uzunu ikisini çəkmişdi. Qıpqırmızı qoşa izlər güzgüdən gözümə girirdi. Elə bil kürəyimdən yük maşını keçmişdi.
Ailəmizdə atamın qayışla döymədiyi adam qalmamışdı. Onun qayışı ən çox anamın üstünə açılırdı. Güclü külək tövləmizin üstünü uçuranda, sel gəlib dərədəki bostanımızı aparanda, hətta inəyimiz xəstələnəndə də atam gəlib anamı döyürdü. Şuşa işğal olunanda atam axşama qədər anamdan əl çəkmədi. Bütün hirsini ondan çıxdı. Evdə atamın hirslənməsi bir-birinə müharibə elan etmədən hücuma keçən ölkələrin savaşına oxşayırdı. Hirslənib əlini qayışına atanda qaçıb canını qutarmalıydın. Allaha yalvarırdıq ki, atam əsəbiləşib əlini belinə atmasın. Elə bil belindən qayış yox, tapança çıxarırdı.
Axşamçağının qara səriniydi. Həyətimizə"Qaz-53" maşını gəldi. Atam evdə yoxuydu. İki orta yaşlı kişi üç-dörd dəmir parçasını maşından yerə atıb getdilər. Heç salam da vermədilər. Atam evə gələn kimi anamı döyməyə başladı ki, niyə gələn kişilər dəmirlərin birini maşında saxlayıblar. Anam acıq eləyib dayım gilə getdi.
Üç gün keçmişdi. Özümü kimsəsiz hiss edirdim. Anam üçün çox darıxırdım. Çırtma vursaydılar, üzümdən qan damardı. Bir parça dəmirə görə ailəmizdə aləm qarışmışdı. Dəmir yumşalardı, atam yox. Qaşları düyünlü yatıb düyünlü də qalxırdı.
Evimizdə heç kimin bədənindən qayış izi əskik olmurdu. "Şirin" ətimizdə qayışın toqqası dörd yolayrıcına oxşayırdı. Böyük bacım gəlin köçəndə qayış izlərini də kürəyində cehiz apardı. Qardaşım əsgərliyə gedəndə bədənində ilan döyməsinə oxşayan izlər var idi.
Atam yatanda qayışı mənə baxırdı. Mən yatanda yuxuda atamın qayışını görürdüm. Bircə günümüz də qayışsız keçmirdi.
Anamın üstünə hirslənəndə atam qayışını belindən elə açırdı ki, elə bil hansısa cəngavər qılıncını sıyırırdı.
Səhər anamın səsinə oyandım. Atamın beli qurumuşdu. Yataqdan qalxa bilmirdi. Qonşuluqda yaşayan sınıqçı arvad gəlib baxdı, ancaq heç nə başa düşmədi. Deyəsən, atamı bizim qarğışımız tutmuşdu. Nə illah eləyirdisə, ayağa qalxa bilmirdi. Hamımız sevinirdik.
Bir həftə sonra həkimlər atama ölüm diaqnozu qoydular. Hər gün bir az əriyirdi. Arıqlayıb qayışı kimi olmuşdu. Bədənimizdə qayış izləri yox olduqca atam da yoxa çıxırdı.
Həyətimizə dizəcən qar yağmışdı. Anam atamın qayışını əlində tutub yalvarırdı ki, qalx, bununla döy məni. Ancaq atam nəfəs almırdı. Anam onun qayışı ilə özünü döymək istəyirdi, qonşular qoymadı. Sonra qayışı öpüb ağlamağa başladı.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!