Köhnə il hara gedir? - Uşaq hekayəsi. Əli bəy AZƏRİ

 

 

 

Onlar Yeni il şənliyindən çox şən qayıdırdılar. Elə bil şənliyin bitməsini heç istəmirdilər. Xüsusən də balaca Azər, sevincindən yerə-göyə sığmırdı.

"E...he..hey...", - deyə Şaxta baba tez-tez ucadan səslənir, kiminsə adını çəkirdi. Şənlikdəkilər möcüzə gözləyirmiş kimi onu coşqu və heyrətlə alqışlayırdılar. Öz adı çəkiləndə Azər qulaqlarına inanmadı. Elə bildi ki, kimdirsə başqa adamdır. Amma Şaxta baba ikinci dəfə, daha ucadan və qəribə bir səslə səslənəndə inandı.

- E...he...hey!.. Hardadı mənim sevimli nəvəm Azəəərr Bahadurlu?!

Azər anasına baxdı, üzündə təbəssüm görcək sevinci bir az da artdı, tez başa düşdü ki, çağırılan özüdür. Anasının işarəsi ilə Şaxta babaya tərəf yüyürdü. Qar qızla Şaxta baba yanaşı dayanmışdılar. Azər birinci dəfəydi ki, onları belə yaxından görürdü. Dayandı, nə edəcəyini bilmirdi. Şaxta baba özü yaxınlaşıb onun başını sığalladı.

- Mənim Azər balam.

Mənim ağıllı və qoçaq nəvəm.

Uca dağlar aşmışam,

qarlı aşırımlar dolanmışam,

çox ellərdən keçmişəm,

gəlib sizə yetişmişəm.

Nəvələrimə hədiyyə gətirmişəm.

Azər hədiyyə torbasını alan kimi anasının və balaca bacısının yanına qaçdı. Hər ikisi sevincək onu gözləyirdilər. Anası oğlunu bağrına basdı. Bacısı Burlaxatun da onu qucaqladı.

- Tez ol, torbanı aç, görək Şaxta baba sənə nə hədiyyəsi qoyub, - bacısı onu tələsdirdi.

- Yox, açmayacağam. Evə gedərik, atam da gələr, birlikdə açıb baxarıq. - Azər inadkarlıq göstərdi.

- Hədiyyələrin çox olsa... birini mənə verərsən? - Burlaxatun astadan mızıldandı.

Azər özünü eşitməməzliyə vurub Şaxta babanın növbəti hərəkətlərinə baxırdı. Cavab almadığına məyus olan Burlaxatun anasına qısıldı.

- Ana, ana...

- Səbrin olsun, qızım. - Anası Sarıtel onu sakitləşdirməyə çalışdı. - Bəlkə Şaxta baba sənə də hədiyyə gətirib?

Amma Şaxta baba onu çağırmırdı ki çağırmırdı. Sarıtel uşaqlardan daha çox narahat olmağa başladı.

- Eybi yoxdur, qızım. Heç narahat olma. Əgər Şaxta baba sənə hədiyyə verməsə, atana deyərəm, o sənə hədiyyə alıb gətirər.

- Atamın hədiyyəsini istəmirəm, o mənə həmişə hədiyyə alır. Şaxta babanın hədiyyəsini istəyirəm.

- Yaxşı, qızım, hələ hədiyyələr qurtarmayıb, özün görürsən ki, Şaxta baba hədiyyə paylayır.

- O mənim adımı haradan biləcək?

- Ona da Şaxta baba deyərlər. Əgər o, sizin adınızı bilməsəydi, olardı hamı kimi adi adam. Onda heç ona Şaxta baba deməzdilər.

Hədiyyələr qurtarmaq üzrəydi. Bir azdan "yallı" oynanılacaqdı və bununla da yeni il şənliyi başa çatacaqdı. Birdən Şaxta babanın tükürpədici səsi salonu başına götürdü.

- Harda qaldı mənim balaca Buu...rla...xatuu...n nəvəm!

- Ana, məni çağırır? - Qızcığaz sevincək anasından soruşdu.

- Əlbəttə, səni çağırır. Qorxma, get!

Beş yaşlı Burlaxatun Şaxta babaya tərəf yüyürdü. Şaxta baba onun da başını sığalladı, qucağına alıb yuxarı qaldırdı, alnından öpdü və qaytarıb yerə qoydu. Sonra üzünü Qar qıza tutub dedi:

- Ver mənim Burlaxatun nəvəmin hədiyyəsini!

Burlaxatun hədiyyəsini alan kimi anası və qardaşı duran tərəfə qaçdı. Sarıtel qızını qucağına alıb əzizlədi:

- Ay mənim, səbirsiz balam.

- Ura.., ura... - Azər də bacısının hədiyyə almasına sevinirdi.

Sonra əl-ələ tutub yallı getdilər və günortadan az sonra evə gəlib çıxdılar. Yemək yeyəndən sonra Sarıtel dedi:

- Mən indi bazara gedirəm. Siz sakitcə oynayın, amma dalaşmayın. Yaxşımı?

- Nə oynayaq? - deyə səkkiz yaşlı Azər soruşdu.

- Yaxşısı odur, rəngli karandaşlarınızı götürüb şəkil çəkin.

- Ura! - Hər ikisi sevincək cavab verdi.

Sarıtel çıxmaq istəyirdi ki, Azər soruşdu:

- Ana, bəs nə şəkli çəkək?

- Sən Yel babanın şəklini çək, başının çalmasıynan, əlinin süpürgəsiynən, dəyənəyiynən, Burlaxatun isə nallı dovşan şəkli çəksin, tükləri upuzun, qulaqları pələqulaq, yəni biri sallanmış, gözləri çəp, nalı da ayaqlarından yekə. Azər, özünüzü yaxşı aparın, dalaşmayın. 

Sarıtel dediklərini həm də əl işarələri ilə başa salıb getdi.      

Uşaqlar bir müddət şəkil çəkməklə məşğul oldular.

- Sabah da köhnə ilin şənliyi olacaq? - deyə Burlaxatun qardaşından soruşdu.

- Sabah köhnə ilin şənliyi necə ola bilər?

- Mən istəyirəm ki, hər ilin son günü köhnə ilin şənliyi olsun. Özü də Şaxta baba və Qar qızla.

- Sən nə danışdığını bilirsən? Bu gün elə köhnə ilin son günüdür ki, Yeni il şənliyi keçirirlər.

- Bəs sonra nə olacaq?

- Sonra da köhnə il çıxıb gedəcək, yerinə yeni il gələcək.

- Köhnə il hara gedəcək?

- Mən nə bilim hara gedəcək? - Azər az qaldı hirslənsin. Amma bacısının bu sualı onu yaman düşündürdü. "Doğrudan da, görəsən, köhnə il hara çıxıb gedir?" - Yəqin ki, çıxıb meşəyə gedəcək, qarlı dağlara, lap uzaqlara gedəcək.

Uşaqların başı şəkil çəkməyə necə qarışdısa, bir də qapının açılmasına başlarını qaldırıb dönüb baxdılar. Sarıtellə Bayram qucaqları sumkalarla dolu içəri girdilər.

- Ura!!! Atam gəldi, atam gəldi. - Uşaqlar sevinclərini gizlətmədilər.

- Tez hazırlaşın, gedirik! - Bayram uşaqları tələsdirdi.

- Hara? Ata, hara gedirik? - Azər soruşdu.

- Kəndə, babangilə, yeni ili qarşılamağa. Nənənlə baban sizi çoxdan gözləyirlər.

- Ata, yeni il gələndə bəs köhnə il hara gedir? - Burlaxatun soruşdu.

- Hələ ki babangilin kəndinə gedir. Ordan da hara getdiyini nənəndən soruşarsan.

Tələsik hazırlaşıb evdən çıxdılar. Maşına oturub yola düşdülər. Kənd yoluna çıxmışdılar ki, Burlaxatun soruşdu:

- Ata, Azər deyir ki, yeni il gələndən sonra köhnə il çıxıb meşəyə, başı qarlı dağlara, görünməyən uzaqlara gedəcək. Düzmü deyir?

- Mən bilmərəm, onu kəndə çatanda nənəndən soruşarsan. - Bayram gülümsündü.

- Biz kəndə çatana kimi köhnə il çıxıb getməz? - Burlaxatun elə həvəslə soruşdu ki, bu Bayramın özünə də çox maraqlı göründü.

- Yəqin ki, yox. - Gülə-gülə də cavab verdi.

- Onda möhkəm sür, biz gedib köhnə ilə çataq.

Bir az da getmişdilər ki, Azər oturacaqdan ayağa qalxıb atasına tərəf əyildi. Ağzını onun qulağına dirədi ki, nə soruşduğunu anası ilə bacısı eşitməsin.

- Ata, bəs nənəmgilin kəndindən köhnə il çıxıb hara gedəcək?

Bayram çiyinlərini çəkdikdən sonra Azər yerində oturdu və o da səbirsizliklə kəndə çatacaqları anı gözləməyə başladı. "Yəqin, babamla nənəm köhnə ilin hara çıxıb getdiyini bilərlər", - deyə düşünə-düşünə gözünü yola zillədi.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!