Yuxu
Yeni il qabağı qəribə bir yuxu görmüşəm, ərz eləyim qulluğunuza, görüm bu yuxunu necə yozursunuz.
Yuxuda görürəm ki, yüz il əvvəl dünyaya göz açmışam. Görürəm "Molla Nəsrəddin" adında bir jurnal çıxır, səs-sorağı aləmə yayılıb. Fikirləşirəm ayə, bu jurnal niyə belə məşhuri-cahan olub? Götürüb vərəqləyirəm, görürəm paho, burada nələr yazılmayıb?! Daha millətin əyər-əskiyi qalmayıb, hamısı aləmə faş olub. Molla, tacir, it boğuşduran, xoruz döyüşdürən, quşbaz, fala baxan, rəml atan, yalançı, yaltaq, fırıldaqçı, əliəyri, rüşvətxor, ağılsız, axmaq, bir sözlə, "şəngülüm", "şüngülüm" hamısı ələ salınıb. Camaat da oxuyub gülür. Camaata nə var ey, onlara gülmək olsun...
Sonra yuxuda görürəm ki, yaşaya-yaşaya gəlib çatmışam indiki zamanlara. Qəzet-jurnal o qədər çoxdur ki, oxuyub qurtarmaq olmur. Qələm əhli "Molla Nəsrəddin" kimi yaza bilməsə də, millətin çatışmazlıqlarından ağına-bozuna baxmadan, o ki var, yazır. Keçmişdə pis əməllərlə məşğul olanların çoxu indi molla olub, it boğuşduranlar yenə it boğuşdururlar, xoruz döyüşdürənlər yenə xoruz döyüşdürürlər, quşbazlar quşbazlıqlarıynan məşğul olurlar, fala baxanlar kompüterdə fala baxırlar, rəml atanlar ekstrasenslik edirlər, yalançılar yalanlarının doğru olduğunu sübuta yetirmək üçün dəridən-qabıqdan çıxırlar, fırıldaqçılar təzə üsullar tapıblar, əliəyrilər, rüşvətxorlar böyük-böyük vəzifələr tutublar, "şəngülüm", "şüngülüm"lər əməlli-başlı adam olublar.
O bunu söyür, bu da onu. Qalmışam mat-məəttəl. Yüz ildə nə dəyişildi ki?
Görəsən, bu yuxunu yozan tapılacaqmı?
Gözlərim
Uşaqlıqdan gözü qıpığam, yəni qorxağam. İllər keçib, indi böyüyüb yekə kişi olmuşam, amma qorxu canımdan çıxmır ki çıxmır. Böyürdən biri "pık" eləyən kimi bağrım yarılır. Yəqin, maraqlanırsınız, bu nə qorxudur belə mənim canımı tir-tir titrədir?
O vaxt qanmırdım, nə görürdüm, gəlib ata-anamın yanında danışırdım, onlar da üstümə qışqırırdılar, az qala iki barmaqlarını gözlərimə soxurdular ki, "gördüyün hər şeyi danışma, yoxsa iki gözünü bir deşikdən çıxardarıq". Odur-budur, hər şeydən qorxuram. Gördüklərimi görməməzliyə vururam.
Məsələn, görürəm ki, təzə-təzə siyasətin əlifbasını öyrənənlər ölkə prezidenti olmaq istəyirlər, özümü vururam görməməzliyə. Bilirəm ki, prezident olmaq hər kişinin işi deyil. Toyuğun peşəsi yatıb yuxusunda darı görməkdir. Görürəm ki, özünü göstərmək üçün kimdənsə "qəhrəmanlıq nidası" gəlir, tay-tuşları da ona qoşulub verirlər səs-səsə, ağız deyəni qulaq eşitmir, özümü vururam görməməzliyə. Düşünürəm, hər "qəhrəmanam" deyəndən qəhrəman olmur ki! Görürəm, gözümün qabağında bəzi vəzifəlilər xalqa "ot yondururlar", guya görmürəm, özümü vururam görməməzliyə. Çünki binayi-qədimdən belə olub, nə qədər müsəlmançılıqdı yəqin, həmişə də belə olacaq. Görürəm ki, əli qələm tutan ağına-bozuna baxmadan ağzına gələni yazır, bir nəfər də yerindən qalxıb demir ki, a bala, ayıbdır! Mən də susuram, özümü vururam görməməzliyə. Deyirəm mənə nə var, kim-kimi söyür, kim-kimi "döyür". Görürəm ki, yaltaqlar, məddahlar ölkəni götürüb başına, dinmirəm, "mən dünya düzəldən deyiləm ki", - deyə düşünüb, özümü vururam görməməzliyə.
Başağrısı olmasın, mənim gördüyüm, görməməzliyə vurduğum hadisələr, şeylər çoxdur, saymaqla qurtaran deyil. Allah belə gözləri mənə verincə, kor yaratsa yaxşıydı. Vallah-billah, elə kor kimiyəm. Korun buynuzları olmaz ki!
Reklam
Başınız sağ olsun, qalanlara Allah ömür versin, bir nəfər ölür, gedir o dünyaya. Uzaqdan musiqi, çal-çağır səsi eşidilir. Yaxınlaşır, görür burada kefdir. Musiqi bir tərəfdə, huri-qılmanlar bir tərəfdə, yemək-içmək bir tərəfdə. Quşlar cəh-cəh vurur. Gül bülbülü çağırır, bülbül də gülü. Xülasə, adam baxanda hayıl-mayıl olur. Soruşur ki, bura haradır, deyirlər cəhənnəmdir. Ömrünü bizlərə bağışlayıb gedən də fikirləşir ki, bu dünyada çox fırıldaq işlər görüb, onsuz da cənnətə gedə bilməyəcək, elə cəhənnəm də pis deyil. Odur ki, dillənir:
- Məni göndərin cəhənnəmə.
Arxasından bir təpik vurub atırlar cəhənnəmə. Görür paho, burada nə musiqi var, nə huri-qılmanlar, nə yemək-içmək, nə də quşların cəh-cəhi. Baxır ki, bədheybət inkir-minkirlər mizan-tərəzi qurublar, özlərinin də əllərində yekə-yekə toppuzlar kəsdiriblər bunun başının üstünü, haqq-hesab soruşurlar. Yalan danışsa, toppuzlar dəyəcək başına. Qorxa-qorxa heyvərə bir inkür-minkirdən soruşur:
- Bəs bura cəhənnəm deyil?
İnkir-minkir cavab verir:
- Özüdür ki, var!
Rəhmətlik soruşur ki, bəs haradadır o gördüyüm kef, huri-qılmanlar?..
İnkir-minkir daha qoymur kişi sözünü bitirsin, toppuzu təpəsinə ilişdirib cavab verir:
- Ay bədbəxt, sənin gördüklərin reklam idi...
Prokurorun söhbəti
Rayonların birinə prokuror təyin olunmuşdum. Birinci gün işə çıxmışdım. Təzəcə oturmuşdum ki, qəbul otağından səs eşitdim. Katibəni çağırıb soruşdum, "bəlkə qəbuluma gələnlər var?". Katibə bildirdi ki, "bəli, hörmətli prokuror, gəliblər". Dedim, "bir-bir burax, keçsinlər içəri".
Heç demə, onlara da elə bu lazım imiş: bir-bir içəri girib, "ürək söhbəti" eləmək istəyirlərmiş...
Bir ağsaqqal kişi içəri girib salam-kəlamdan sonra ədəb-ərkanla əyləşdi. Döş cibindən bir zərf çıxarıb qoydu masamın üstünə. Soruşdum:
- Kişi, şikayətin nədir?
Nə cavab versə yaxşıdır?
- Allah eləməsin biz şikayət-zad yazaq, hörmətli prokuror!
- Bəs masamın üstünə qoyduğun şikayət məktubu deyil?
- Əşi, yəni düşünürsən mən bu ağsaqqal vaxtımda şikayətə gəlmişəm? Şirkət başçısıyam, gəldim sizi görüm, gedim. Zərfdə üç min dollar var. Hər ayın başında yenə bir o qədər gətirəcəyəm.
Hirs vurdu təpəmə, dilləndim:
- Ağsaqqal kişisən, zərfi götür, get. Mən sən deyən prokurorlardan deyiləm!
Kişi çıxdı. Qəbuluma gələnlər bir-bir masamın üstünə zərflər qoydular, mən də onları bir-bir qovdum, getdilər.
Birinci günüm belə keçdi.
İkinci gün yenə təzəcə işə başlamışdım, katibə bildirdi ki, "hörmətli prokuror, dünənki ağsaqqal yenə gəlib". Fikirləşdim yəqin, üzr istəməyə gəlib.
Kişi içəri girər-girməz, köhnə dostlar kimi mənə yaxınlaşdı, bir əli ilə əlimi tutdu, o biri əli ilə döş cibindən bir zərf çıxarıb qoydu masamın üstünə.
Yenə soruşdum "a kişi, bu nədir?" Kişi yazıq-yazıq dilləndi:
- Üstünü düzəltdim, hörmətli prokuror! Altı min dollar elədim.
Elə bil, başımda ildırımlar çaxdı. Kişiyə necə qışqırdımsa, zərfi götürüb, o gedən getdi.
Sonradan mənə bildirdilər ki, bu adamlar hər ayın başında məndən əvvəl işləyən prokurorlara beləcə "baş çəkirlərmiş"... İndi gəl, belə rayonda işlə görüm, necə işləyirsən?!
Çox bahadır qiyməti...
(Nəzirə)
Qonşuya qonaq getmişdim, oturub çaydan-zaddan içib, nərddən-zaddan oynayırdıq. Ev sahibinin arvadı gəldi ki, qardaş, Allahdan gizlin deyil, səndən niyə gizlədək, bəs, həftənin axırında qızımıza elçi gələcək, gəl, sən də iştirak elə. Zəhmət çəkmə, hər tədarükümüzü görmüşük, təkcə sənin iştirak eləməyin bizim üçün şərəfdir. Dedim ay bacı, qonşu deyilik, mütləq gələcəyəm. Təki xeyir iş olsun.
Həftə başa çatdı, elçilər gəldilər. Ayrı-ayrı ölkələrin diplomatları kimi oğlan adamları masanın bir tərəfində, biz də o biri tərəfində oturduq. Bir neçə dəqiqə sükutdan sonra oğlan atası dilləndi ki, bəs "sizdə zər var, bizdə zərgər", "sizdə bağ var, bizdə bağban", "sizdə qaş var, bizdə üzük" və sair və ilaxır. Oğlanın anası da dedi ki, sözün kəsəsi, qızınıza elçi gəlmişik, bir "mübarək" deyin, çıxaq gedək, toya hazırlaşaq.
Qonşumuz, yəni qızın atası söz aldı, görək nə dedi:
- Bacı, nə mübarəkbazlıqdır? Bizim də dostumuz var, düşmənimiz var. İlk dəfədir qapımızı açırsınız. Qoyun, bir götür-qoy edək.
Oğlan atası "biz sizi tələsdirmirik, nə istəyirsiniz deyin, biz də işimizi bilək" sözlərini nəzakətlə ifadə etməyə çalışsa da, alınmadı. Bu dəfə qız anası söz aldı:
- Qızı böyüdüb boya-başa çatdıran mənəm. Gərək başlıq verəsiniz.
- Ay bacı, nə başlıq? İndi on yeddinci əsr deyil ki! - Oğlan anası təəccüb etdi.
- Lap iyirmi ikinci əsr olsun, başlıq verməlisiniz, vəssalam!
Qızın atası onların sözünü kəsdi:
- Mən də qızın fundamental atasıyam. Mənim də öz tələblərim var.
Oğlan atası "buyur" deyən kimi, qız atası başladı, nə başladı:
- Sizi çox bərkə salmayacağam. Qonağım çox olacaq. Nə gətirməlisinizsə bir-bir sayım, siz yazın. On beş qoyun, on kisə qənd, iyirmi yeşik araq, on tay düyü, əlli kiloqram yağ, beş yüz adamlıq balıq, otuz kiloqram kürü, 50 kiloqram fındıq, iyirmi kiloqram çay - yaxşısından olsun - turşməzə Göyçay narı, narşərab da öz yerində. Qırx yeşik "Badamlı", ona uyğun "Koka-kola", "Fanta", iyirmi kiloqram pendir, o qədər də qatıq. Daha nə qaldı? Hə, musiqiçilərin də haqqını siz verməlisiniz.
Aldı qızın anası görək, nə dedi:
- Almaz bilərzik, mirvari boyunbağı, medalyon, saat, üzük də bahalısından olmalıdır. Qaldı pal-paltar məsələsi, onlarsız olmaz. İcra başçılarının, prokurorların, polis rəislərinin, nazirlərin arvadları necə geyinirsə, mənim qızım da elə geyinməlidir. Gözəl-göyçək qızdır, kimdən əskikdir?! Şubası, paltosu, plaşı, ayaqqabıları da bir-birindən gözəl olmalıdır. Yadımızdan çıxan xırda-xuruşları da sonra deyərik.
"Elçilər odlandılar: - Qız almırıq, vəssalam.
Çox bahadır qiyməti, biz almırıq, vəssalam".
O gedən getdilər...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!