İstirahət mərkəzi böyük deyildi. Həyətinin bir tərəfində qoyulmuş 6 taxta masanı elə taxtadan hazırlanmış şəbəkələr bir-birindən ayırırdı.
Rəşid üçüncü dəfə idi bura gəlirdi. İlk dəfə rayondakı məşhur istirahət məkanlarında yer olmayanda buranı tapmışdı. Əyləncə, ya gəzinti yeri yoxdu. Ancaq təmiz, səliqəli otaqları vardı. İlk gəlişindən səliqə-sahmanı, sakitliyi ürəyinə yatdı. Taxta skamyada oturub görünən mənzərəyə baxmağı sevərdi. Mənzərə gözçəkilməz idi: Aşağıda yaşıllıqlar arasından sezilən, günəşin şüalarında gizlənqaç oynayan çayın səsi onsuz da xəyalpərvər olan Rəşiddə qəribə duyğular oyadırdı. O bu səsi dinləyə-dinləyə ağacların arasındakı evlərə baxır, orda yaşayanları düşünürdü: Kimisə çaydan su gətirərkən, kimisə sacda çörək bişirərkən, kimini odun yaran, həyət-bacanı təmizləyən, toyuq-cücəyə dən verən və s. kimi təsəvvür edirdi. Rəşid şəhərdə böyümüşdü. Vaxt tapanda, özünün dediyi kimi, təbiətlə görüşmək istəyirdi. Hə, bir də rayonda baba yurdunda yaşayan dayısıgilə qonaq gedərdi. Kəndlərdə olmağı sevirdi. Ümumiyyətlə, qəribə bir marağı, sevgisi vardı rayon, kənd həyatına, orda yaşayanlara. Elə bil burdakı insanlar fərqliydi, nəsə daha doğma, daha isti idilər. Bir də gördün küçədə tanımadığın biri səni saxlayır, səninlə görüşür, hal-əhval tutur: "Sən Qurbanın nəvəsisən? Babana oxşayırsan. Kişi adam idi. Burda hamı onu sevirdi. Sən necəsən? İşlərin avand olsun" kimi cümlələri bir-birinin ardınca düzürdülər.
Həyətlərin birində çəhrayı güllü ağ don göründü. Ağacların arasından çəhrayı güllər səsiylə Rəşidin düşüncələrinə sığal çəkən çay kimi arabir nəzərə çarpırdı. Diqqətini cəmlədi. Bu yerlər kimi gözəl bir qıza bənzətdi don sahibini. Ağacların bir-birinə qovuşan yamyaşıl budaqları arasından, çox da yaxın olmayan məsafədən qızın üzünü seçmək mümkün deyildi. Ora-bura gedən, gah əyilib-qalxan varlığın yaşını da müəyyən etmək olmazdı. Sadəcə çevik idi. Rəşidə elə gəlirdi ki, orda dolaşan dünyanın ən gözəl qızıdı.
- Bir şey içmək istəyirsiniz?.. Çay, kofe, su...
Rəşidin eşitmədiyini görüb onun baxdığı səmtə boylandı. Gülümsündü: - Çiçək.
Onun Çiçək olduğunu istirahət məkanında işləyən Orxan bilirdi. "Bu oğlan niyə belə diqqətlə baxır. Bəlkə Çiçəyi tanıyır?" - maraqla düşündü.
- Rəşid bəy. Rəşid, - deyə bir az ucadan səsləndi.
Ona tərəf dönən Rəşid elə bil harda olduğunu unutmuşdu.
- Orxan... Sənin samovarın qaynamadı? Yaxşı bir samovar çayı içək.
- İndicə qaynadı. Mən də soruşuram. Amma fikriniz çox məşğul idi.
Gülümsündü:
- Bu mənzərəyə baxmaqdan doymuram. Bu evlər mənə qəribə təsir edir. Heç birinin hasarı yoxdu. Deməli, həyət qapıları da yoxdu. Evlərin həyəti harda qurtarır, harda başlayır? Azaddılar. Bu hasarsız həyətlərdəki evlər azadlığın özüdü. Rahatlıqdı.
Orxan da istirahət məkanından aşağıda qalan evlərə baxdı. Kəndlərdə belə evlər çoxdu. Amma elə bil o da bu evləri indi görürdü. Sevindi özlüyündə Orxan. Bir-birilə qucaqlaşan adamlara bənzətdi evləri. Elə bil ağaclar əllər idi. Bir-birindən ayrılmayan, bir-birinə dayaq olan əllər. Öz düşüncələrinin təsiriylə dedi, daha doğrusu pıçıldadı: Elə bil həyətlər qucaqlaşıblar doğma adamlar kimi.
- O da Çiçəkdi. Həyətdə iş görür. Yəqin, oxumaqdan yorulub.
- Tanıyırsan?
- Kəndçiyik. Mən oxuduğum məktəbdə oxuyur. Əlaçıdı. Bütün günü kitablarla məşğuldu. Arada yorulanda fasiləyə çıxır, həyəti təmizləyir, ağaclara su verir, meyvə yığır, dükana gedir. Hərdən mən də bazarlıq edirəm onlara, özü deyəndə yəni.
Rəşid artıq tanımadığı Çiçəyi sevirdi. Həyəcanlandı: - Yoxsa...
- Yox, ona hədsiz hörmətim var, sevgim var, amma bacı, dost, insan kimi. Həm də, səhv başa düşməyin, dayaq olmaq istəyirəm. İstəyirəm mənə güvənsin, həmişə yanında olacağıma güvənsin... O da güvənir, məncə, təkcə mənə yox, bizim ailəyə. Atam da onları tək qoymur, tez-tez baş çəkir.
Rəşid anlaşılmaz təəccüblə, maraqla oğlana baxırdı:
- Nədən?
- Nədən... Ehtiyacı var. Ehtiyacları var.
- Təkdi?
- Nənəsiylədi. Başqa elə bir yaxını yoxdu. Əslində qohumları var, yaxınlıq etmirlər...
- Atası-anası bəs?
- Çayımızı içək. Samovar soyuyur, - deyə Orxan söhbəti dəyişdi. Rəşid onun Çiçəyin həyatını danışmaq istəmədiyini anladı. Əslində bu, həqiqət idi. Orxan Çiçəkdən danışmaq istəmirdi. "Bu şəhərli balası birdən-birə niyə onunla maraqlanır? - düşündü yenə. Hətta bir az əsəbiləşdi.
Rəşid bunu hiss etdi. Söhbət kədərli olsa da o sevincliydi. - Hə, çayımızı içək. - Amma onun hekayəsini danışarsan, çox xahiş edirəm.
Orxan artıq masaya qənd, konfet, mürəbbə, Quba paxlavası qoymuşdu. Samovarda yanan quru ağacların qoxusunu içinə çəkən Rəşid özünə çay süzmək istədi.
- Bu mənim işimdi, siz zəhmət çəkməyin, - deyə Orxan stəkanı ondan almağa cəhd etdi.
- Di bəsdir, bu mənə zövq verir. Özün də otur. Burda tək çay içməyəcəm ki. Bu harda qaldı -dostunun dalınca gileylənməyi də unutmadı. - Onsuz da kimsə yoxdu. Bu vaxt qonşu otaqlardan birində qalan qızlar gəlib çıxdı. Bir gözü Rəşiddə olan solğunbənizli, çox zərif üzlü qız nəşəylə səsləndi:
- Ay nə gözəl, yanıram, elə samovar çayı keçirdi ürəyimdən.
- Buyurun. - Rəşid qalxıb qonşu masaya keçən qızlara çay süzdü. Orxan qızların masasına çay dəstgahı düzür və gözaltı Rəşidə baxırdı. - Buna nə oldu görən birdən-birə?
Günortadan xeyli ötmüşdü. Məhəccərə dirsəklənmiş Rəşid çaya baxdı. Daha günəşin altındakı güzgü parçaları kimi işığı qaytarmırdı. Hava tutulmuşdu.
- Yağış yağacaq indicə.
Elə bil buludlar Orxanın sözünə bənd idilər. Bir anda göydə qəribə şəkillər yaratmağa başladılar. İkisi də gözünü buludlara zilləmişdi. İkisi də buludlarla danışırdı. Öz aralarında pıçıltıyla danışıb-gülən qonşu masadakı qızlar onları eşitmirdi. Hərə öz həmsöhbətiylə idi. Yağış başladı. Oğlanlar ləzzətlə çay içir, ətrafa boylanırdılar.
***
Bahar İlhamla bir sinifdə oxumuşdu. Məktəb illərindən sevmişdilər bir-birini. Onlar məktəbi qurtaranda SSRİ dağıldı. Ermənilər Rusiyanın dəstəyi ilə Azərbaycana qarşı yenə də ərazi iddiasına qalxdılar, iğtişaşlar törətdilər. 1988-ci ildə Sovetləşmə dönəmində Rusiyanın Ermənistana verdiyi qədim Azərbaycan torpaqlarından - Zəngəzur mahalından yerli əhalinin qovulması başladı. "Ermənistanı türklərdən təmizləyək" şüarı ilə İrəvan, Vedi, Göyçə, Dərələyəzdə yaşayanlar da öz dədə-baba torpaqlarından qovuldu. SSRİ rəhbərliyi də buna şərait yaratdı.
Rusiyanın dəstəyi ilə "təmizləmə" əməliyyatını uğurla başa vuran Ermənistan Qarabağ müharibəsinə başladı. Yerli əhali ağlasığmaz çətinliklərlə üz-üzə qaldı. Vəziyyət ağır idi. İllərlə, əsrlərlə Azərbaycan torpaqlarında yaşayan, qədim İrəvan şəhərimizi özünə paytaxt edən ermənilər havalandılar yenə. Vətənin belə ağır günündə İlham oxumaqdan vaz keçdi: Əsgər gedəcəm, - deyə inad etdi. Ürək çatışmazlığından əziyyət çəkən ata yeganə övladının xasiyyətini bilirdi. Susdu. "Getmə" deyə bilmədi. Ana göz yaşı axıtdı. Baharsa, öz ağrılı taleyindən xəbərsizdi hələ, sadəcə qürur duydu. İlham döyüşlərə gedəndə qız Tibb Texnikumunda təhsil alırdı. İlham iki il döyüşdü. Sonra yaralandı. Müalicə üçün Bakıya hərbi hospitala yerləşdirdilər. Tam sağalmasa da yenidən "Qarabağa gedəcəm" dedi. Bu dəfə Bahar da "Birlikdə gedəcəyik. Qızlar da döyüşür. Mən də tibb bacısıyam" - deyə inad etdi.
Aylar ötdü.
Və bir gün Bahar qayıtdı. Şən, söhbətcil Bahar lal-dinməz olmuşdu. Müharibənin acılarının içində olan adam danışıb gülə bilmir. Bəzən yaşadıqlarını kimsəylə bölüşə də bilmir Bahar kimi. Bir-neçə aydan sonra hamı Baharın qayıtmağının səbəbini bildi. Hamiləydi. Hər ağızdan bir avaz eşidildi. Onun susqunluğunu yozmağa səbəb tapdılar. Gündə onlarca yaralı, şəhid görən Baharı -müharibəni unutdular.
Bahar sakitcə İlhamı gözləyirdi. İlhamsa qayıtmadı. Nə öldüsü, nə dirisi məlum olmadı... Bir gün qardaşı Bahara "bəlkə Bakıya, ya qonşu kəndə gedəsən. Bir müddət qohumların evində qalarsan. Ya da rayonda ev tutaq. Mən də tez-tez sənə baş çəkərəm" dedi. Bahar qardaşının narahat səsinə sakitcə qulaq asdı.
Bir-neçə gündən sonra qardaşına heç nə demədən evdən çıxdı. Hər gün "gedək bizdə qal" deyən uşaqlıq rəfiqəsi Süsənə də bir söz demədi. Bakıya getməyə qərar vermişdi. Əvvəlcə çayın kənarına getdi. İlhamgilin evindən çaya bir cıgır yol alırdı. Çaya doğru ağacların sıxlığı azalırdı. Yalnız evləri qoruyurmuş kimi sıralanan ağaclar birdən-birə yoxa çıxırdı çay kənarında. Onlar da bir az kənardan çayın gözəlliyinə baxırdılar, elə bil bu gözəlliyi gizləmək istəmirdilər. Bahar bu cığırla qalxdı, doğma ağacı tapdı. Altında oturdu. Balaca boğçasını başının altına qoyub ordaca yuxuladı. Ağrıları ürəyini, beynini əldən salmışdı. Oyananda səhər açılırdı. Gecənin rəngi hələ ətrafdan tamam silinməmişdi. Gözünü ağacların arasından güclə görünən evə zilləmişdi. Günəşin nə vaxt gecəyə tam qələbə çaldığını, budaqların arasından gizlicə yol taparaq əllərini, üzünü oxşadığını hiss eləmirdi. Arada düz göz bəbəklərinə toxunan şüalara nəhayət ki, salam verdi. Bədənində bir istilik hiss elədi. Qeyri-ixtiyari axşamdan kürəyinə saldığı şalını götürdü, sinəsinə sıxdı. Və... Və qəfildən günəşin əllərindən duyduğu doğmalıqdan, istilikdən kövrəldi. Üzünü şalında gizləyərək hönkürdü. İçin-için ağladı, ağladı, ağladı... Dizlərini azacıq yığmışdı. Ağrı-acıdan ağırlaşan başını dizlərinə söykəmişdi. Əlləriylə qarnını qucaqlamışdı. Bahar onunçün hamıdan, hər şeydən dəyərli olan varlığı, onun evini qorumaq istəyirdi. Onunçün bütün sözlər, bütün gözlər mənasızdı. O, bu cığırın kənarındakı ağaca söykənmişdi. O, yalnız bu ağacla danışa, dərdləşə bilərdi. Çünki o ağac çox şey bilirdi. Onun sevincini, xoşbəxt günlərini, ağrı-acısını, xəyala dönən, ölən arzularını,... çox şeyi. O ağac tək sığınacağı, tək dayağı, tək sirdaşı, tək həqiqəti idi. Nə qədər bu ağacla danışdığını, nə qədər onu dinlədiyini bilmədi. Başının üstünə qalxan günəşin yavaş-yavaş "sabaha qədər" deməyini eşitmədi.
Saçlarında, üzündə hiss elədiyi sığaldan, vücudunda duyduğu tərpənişdən gözlərini açmağa çalışdı. Milyon tonluq kirpiklərini azca tərpədə bildi. Əlinə düşən damcıları hiss etdi. Yağış yağırdı. Ağrı, acı, sevgi yağışı yağırdı. Bu ağrı, acı yağışı selə dönüb onu ora-bura çırpır, boğur, gah da sevgiyə dönüb boğulmağa qoymurdu. "Qızım, qızım..." tanış, doğma, bu dünyada ona dayaq ola biləcək, ən çox ehtiyac duyduğu səsin başqa nəsə deməyə gücü yetmirdi. Güllü ana dizi üstə çöküb Baharın üzünə, gözünə, saçlarına sığal çəkir, başqa söz tapmır, əsim-əsim əsir, gözlərindən sel tökürdü. Qızı özünə sıxırdı, ya ona sığınırdı var gücüylə, anlamaq olmurdu. Baharsa susur, bu əllərin toxunuşunda ölmədiyini hiss edirdi. Ana qızı ayağa qaldırdı, az qala qucağında evə apardı. Əl-üzünü yudu. Qonşu otaqdakı boş yatağa baxdı, səksəndi. Qapını örtüb divanda yataq hazırladı. Baharı rahatlayıb ona isti mürəbbəli çay, çörək gətirdi. Bahar heykəl gözləriylə baxırdı. Ana onun yanında oturub çay içirdi, qızın rəngi dəyişdi azacıq.
Birdən vücudunda yenə tərpəniş duydu. Bahar qeyri-ixtiyari əlini qarnına apardı. Ayıldı. İri gözəl gözlərini Anaya zillədi. Ana da heç vaxt belə baxmamışdı. "Mən ona qıya bilmədim. Mən İl... - sözləri qırıldı. Gözlərini anadan çəkmədi: "onun yadigarına qiya bilməzdim. Mən ona xəyanət edə bilməzdim. Mən...". Bir an susdu. "Bu, ikimizindi". Ana onun yanında oturtdu. Dünyanın yeddi möcüzəsini heçə çıxaran səkkizinci möcüzə görürmüş kimi qıza baxdı, baxdı: - "Bilirəm" dedi. Siz mənə inanırsız?
Ana sakitcə - "Balamın nişanəsidi" - dedi.
"Mənə bu bəs edər. Kimsəyə izah vermək, kiçik düşmək istəmirəm. Neyniyə billəm başqa?". Qız için-için ağladı, ananın qucağına sığındı, əllərindən öpdü. Göz yaşları qarışdı, dərdləşdi, sevindi bir az da bu gecə... Bir suala özü də cavab tapmırdı: Bütün kəndin bizim sevgimizdən xəbəri vardı. Mən cəbhəyə gedəndə "mərd qızımız" deyənlər də vardı. İndi nə oldu?
Bahar beləcə Güllü anayla qaldı.
Ana ona yeni doğulan körpə kimi baxdı. "Gəlinim" deyib əzizlədi. Tək oğlu üçün saxladığı zinət əşyalarını Bahara verdi. Barmağına nişan üzüyü taxdı.
Bahar kəndə qayıdanda İlhamın ölüm xəbəri kəndə yayılmışdı. Bu xəbərdən bir-neçə gün sonra ata dünyasını dəyişdi. Kimsə dərd içində qıvrılan anaya Baharın hamilə olduğunu demədi. O, kənd arasına da çıxmırdı. Güllü ana Baharı tapanda öyrəndi həqiqəti. Və bu, həyatda qalma səbəbi oldu. Körpə böyüdükcə Baharın vəziyyəti ağırlaşdı. Soyuqda nəm yerdə yatmaqdan böyrəkləri az qala sıradan çıxmışdı. Həkimlər doğuma icazə vermirdilər, qız inad etdi. Ağrılarla savaşa-savaşa körpəsini böyütdü. Amma doqquz ay gözləmək olmazdı. Çiçək 8 ay tamam olmamış dünyaya gəldi. Bahar müalicə oluna bilmədi. Qızının ilk addımlarını belə görə bilmədi. Pulumu çatmadı, ya müalicə eləmək mümkün olmadı - kimsə bu haqda danışmadı.
Ölümü hamını sarsıtdı.
Var olma xoşbəxtlikdi. Ölüm yoxluqdur - qeybə çəkilməkdir.
***
Ertəsi gün Orxan bu hadisəni Rəşidə danışdı.
"Çiçək beləcə dünyaya gəlib" - deyib susdu. - Güllü ana onunla yenidən doğuldu elə bil.
Əslində Orxan bunların heç birinin şahidi olmamışdı. Bu hadisələr baş verəndə o, çox kiçik idi. Sadəcə eşitmişdi, ən çox da atasından, anasından. Böyüdükcə ata-anasını Güllü ananın yanında görmüşdü.
Orxan susdu. Sonra içdən nəfəs aldı. - Çiçək çox yaxşı oxuyur. Filoloq olmaq istəyir. İstədi "Hekayə, şeir yazır" - deyə əlavə etsin, amma demədi. Bu, Çiçəyin sirri idi. Təkcə bacısı bilirdi. Bilirdi ki, Çiçək yazıçı olmaq istəyir. Orxan da bilirdi. Bilirdi ki, o, yazıçı olacaq.
Rəşid Qarabağ müharibəsində ölümlərin hamısını gözləriylə görmüş kimi hiss elədi özünü. Amma gözlərinin dərinliyində bir sevinc işıldayırdı. Çiçəyi tapmasının sevinci qızın həyatının kədəri qədər böyükdü. Rəşid olanlara kədərlənməkdən başqa heç nə edə bilməzdi. Amma ola biləcəklərin sevincini yaşaya bilərdi.
Həyat geriyə qayıdış deyil, irəliyə getməkdi. Yaşamaq dünənə deyil, sabaha pəncərə açmaqdı.
Səhəri gün Rəşid şəhərə qayıtdı. Elə bil nağıldan gəldi. İkinci həftə yenə Qubaya getdi. Yenə bütün günü sürahiyə söykənib Çiçəkgilin evinə baxdı. Mavi donu arabir gördü.
Səhər yeməyindən sonra çaya tərəf düşdü. Həmin o cığırı, həmin ağacı tapdı. Rəşid kədərlə Baharın həmin gecə pənah gətirdiyi ağacı oxşadı.
Ağacın altında yerini rahatladı. Gözlərini qaldırıb başının üstündəki yamyaşıl budaqlara baxdı. İlk dəfə ağacların şahənə görünüşünün fərqinə vardı. Baxışlarını çevirdi, cığırla üzüyuxarı boylandı. Beləcə nə qədər oturduğunu bilmədi. Səsə gözlərini açdı. Yuxulamışdı. Qarşısındakı qızı görəndə gözəlliyin nə olduğunu anladı. Yaxası açıq, sinəsinin altından azacıq büzməli, üstündə çox xırda ağ xalları olan mavi don qızın vücudunun zərifliyini gizlədə bilmirdi. İri gözlərinin çəhrayıya çalan bəbəkləri oğlana zillənmişdi. Bir-neçə dəqiqə bir-birinə baxdılar. Nəhayət, yarpaqların səsini pozdu:
- Salam. Mən deyəsən, yuxulamışam, qorxutdum sizi elə bil.
- Yox, niyə qorxum. Mən buralarda qorxmuram. Burda tanımadığım birini görmək gözlənilməz oldu.
- Mən Rəşidəm. Bakıdan gəlmişəm. Yuxarıdakı istirahət evində qalıram. Ordan bura elə gözəl görünür ki. Nəsə bura düşmək, çayın sahilinə enmək istədim. Bir az gəzindim buralarda.
Cığırla kiminsə gəldiyi hiss olunurdu.
- Çiçək - qızı səslədilər. Yəqin, nənə idi.
- Gəldim, ana.
Güllü ana göründü. Rəşid özünü itirsə də sevinclə salamladı nənəni.
- Salam... Mən sizin kənddə dincəlirəm. Adım Rəşiddi.
- Nə olar. Xoş gördük. Gəl qonağımız ol, çayımızı iç.
- Sizə əziyyət verməyim.
- Nə əziyyət, ay bala. Biz də bir az meyvə yığmaq istədik.
- Mən yığım bu gün meyvəni.
- Nə olar - nənə gülümsədi. - Bir az gilənar, bir az gilas yığ.
- Özüm yığaram. Bəlkə qonağın işi var - nəhayət, Çiçək dilləndi.
- Yox, başqa işim yoxdu. Kənddə meyvə yığmaqdan gözəl nə ola bilər?
Rəşid həvəslə Çiçəklə birgə meyvə yığdı. Arabir diqqət çəkmədən qızın təmkinli davranışına nəzər yetirirdi.
- Ta bəsdi, gedək. Sən də gəl, ay oğul bala. Bir tikə kəs bizimlə.
Güllü nənə Rəşidə duyduğu doğmalığın səbəbini özü də bilmədi. Rəşid qıza baxdı. Çiçək gülümsündü...
***
Rəşid qəribə hisslərlə qayıtdı. Rəşid xoşbəxt qayıtdı. Rəşid arzuladığı qızı tapdığına əminliklə qayıtdı. Taxta masanın arxasındakı yerinə keçdi.
Orxan Rəşidin gəldiyini görsə də, mətbəxdə özünü məşğul kimi göstərdi. Əslindəsə həyəcanlı, bir az da əsəbi idi. Bu qədər zamanda nə etdiyini öyrənmək arzusu onu narahat edirdi.
Rəşid səbirsizləndi birdən.
- Orxan, hardasan? İşin çoxdu?
- Burdayam, - deyə mətbəxdən çıxdı.
Rəşid onun gərginliyini hiss etdi.
- Yox, elə bir işim yoxdu. Elə çox qonağımız da yox.
Niyəsə tələsik izahat verdi.
Orxan Rəşidlə üzbəüz oturdu.
- Günün necə keçdi? - Susdu, cavabı tez eşitmək istəyirdi. - Xeyli vaxt yoxdun.
- Bilmirəm, vaxtı unutdum...Yəqin, xoşbəxt günüm idi.
Orxan hər şeyi anlamışdı. O, Rəşidin çaya doğru düşdüyünü görmüşdü.
- O çox xəyalpərvərdi. Başqa dünyası var. Adi qız deyil. Yaralıdı həm də. Ana-atasının yaşadıqlarını biləndən sonra səssiz oldu. Heç kimlə danışmır az qala. Hamıdan küsüb elə bil kənddə. Dayısı indiyə kimi onun könlünü almağa çalışır. Yüz dəfə üzr istəyib, cavab verməyib Çiçək. Polad dayı peşman olmuşdu bacısına etdiyi haqsızlıqdan. Neçə dəfə Baharın dalınca getsə də, Bahar onunla qayıtmayıb, Güllü anayla qalmışdı. Atam İlham əmiylə birlikdə getmişdi cəbhəyə. Onu kiçik qardaşı kimi sevirdi. Bahardan bir il sonra gəldi. Yaralanmışdı, bir ayağı dizdən aşağı yoxdu. Qayıdanda hamı görüşünə gəlirdi. Bir-iki gün başı qarışdı. Sonra Baharı soruşdu. Yanında qonum-qonşu vardı. Hamı susdu. Anam nələrsə danışdı. Uşaq idim, sadəcə nələrinsə düz olmadığını anlayırdım. Qonşumuz Mərdan "müharibədə olmuşdu, birdən elə vəziyyətdə qayıtdı. İlham da...". Sözü ağzında qaldı. Atam necə hirsləndisə, sağ əlini havada görməyimlə Mərdanın aşması bir oldu. Hamını söydü, qovdu. Güllü anagilə getdi. Əsayla gəzirdi. Onu da unutdu, yaralı ayağını da. Mən əl ağacını da götürüb ardınca qaçdım. Atamı görəndə Bahar xala quruyub qaldı elə bil. Sonra ona sarıldı. İkisi də ağlayırdı. Atam arada ona "qurban olum, ağlama" desə də, özü göz yaşlarını saxlaya bilmirdi. Güllü anayla mən sakitcə dayanıb onlara baxırdıq. Hələ də o səhnə yadımdadı. O gündən atam onları tək qoymadı. Baharı həkimlərə də apardı, xeyri olmadı. Bahar öləndə bütün sağ qalan döyüş yoldaşları gəlmişdi. Onu qəhrəman kimi dəfn elədilər. Arada Güllü anaya da baş çəkirlər. Atam onları tək qoymadı, Çiçəyə atalıq elədi. Yəni Çiçək tək deyil, mən varam, atam var...
Bunları deyib susdu yenə Orxan. Baxışları uzaqlara getdi.
- Universitetə hazırlaşır Çiçək... Bacımla rəfiqədi. Bir oğlan sevirdi onu, söz yayıldı ki, anası razı olmayıb. Atam bunu eşidib kəndin ortasında oğlanın atasının qabağını kəsib - "Sizə qız verərəm mən? Sənin o bisavad oğluna qız verərəm? Mənim qızım oxuyacaq hələ. O savadsız oğluna de, qızımın adını bir də tutmasın, dilini kəsərəm yoxsa" - dedi. Çiçək bacımla rəfiqədi. Deyib "mən bu kənddən kimsəni sevmərəm. Universitetə qəbul olacam. Oxuyacam. Sonra dalımca yasəmənlə bəzənmiş maşında gələcək oğlan". Al yelkənlər filmindəki kimi. Aleksandr Qrinin "Al yelkənlər"ini deyirəm. O filmi çox sevir. Kitabı da oxuyub. Xəyal qurub... Kaş onun xəyalı gerçəkləşəydi.
O qədər ürəkdən dedi ki, Rəşid "necə böyük ürəyi var bu oğlanın" - deyə düşündü. "Onun xəyalı gerçəkləşəcək" - dedi.
- Onun qəlbini qırsan... - cümləsini bitirə bilmədi Orxan.
- Nə danışırsan? Belə igid ata-ananın yadigarının? Çiçək kimi qızın? - Rəşid kövrəldi. - Ona bütün acılarını unutduraram əgər istəsə...
***
Çiçək imtahanları uğurla verdi, yüksək bal topladı, Filologiya fakültəsinə daxil oldu. Rəşid Bakıda bir-neçə dəfə onu gözlədi universitetin qarşısında. Hər dəfə təsadüfən rastlaşan kimi apardı özünü. Guya universitetdə işi var. Əslində o, Azərbaycan Dövlət Neft Akademiyasının doktoranturasında oxuyur, həm də işləyirdi. Dövlət universitetinə Çiçəyi görməyə gedirdi. Hərdən metroda rastlaşırdılar.
Nəhayət, bir gün ürəyini açdı qıza. Çiçək gülümsədi. Rəşidə elə gəldi ki, dünyanın ən gözəl güllərinin ətri var bu təbəssümdə.
***
Çiçək artıq üçüncü kursda idi. Güllü ana çox darıxdığından arada həftə sonları kəndə gedirdi. Mayın ilk həftəsində də nənəsini görməyə gəlmişdi.
Səhəri gün kənd yolunda hər tərəfi yasəmənə bürünmüş "CİP" irəliləyirdi. Hərdən kiçik daşlar təkərlərin altından sıçrayıb kənara atılırdı. Rəşid ürək döyüntüsündən irili-xırdalı daşların səsini eşitmirdi. Çay kənarına doğru irəliləyən "yasəmən" maşını çoxları görmüşdü. Arada kəsik-kəsik siqnal səsi çayın səsinə qarışırdı. Adamlar həyətlərdən boylanır, maraqla maşına baxırdılar.. Maşın dayananda daşların sevincli səsi eşidildi. Sürücü maşında düşüb - Çiçək, ay Çiçək - deyə səsləndi. Həyətlərdən boylananların sayı artdı. - ÇİÇƏKKK.... - səs sulara, dağa-daşa dəyib qayıdırdı elə bil. Hər yerdən Çiçək sədası gəlirdi. Hər yer Çiçəklədi elə bil. Qız həyətə yüyürdü, yola boylandı. İri yasəmən kolunu xatırladan maşına baxdı. Rəşidi gördü.
Rəşid qollarını yana açdı:
- Mən gəldim, Çiçək, gəldim. Gəldim, Çiçək - deyə təkrarladı.
Güllü ananın səsi eşidildi: - Kimdi, ay bala. Kimdi bu hay-küy salan?
- Odu, Güllü ana, O gəlib. Rəşiddi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!