"Ötən günlər" dəftərindən
Unudulmaz Murad müəllimin əziz xatirəsinə
Kolxozun mərkəzi malikanəsinin - idarə binasının da yerləşdiyi, bizdən üç kilometr aralıda, qonşu kənddəki vur-tut beşcə otağa sığışan səkkizillik məktəbin altıncı sinfində oxuyurdum. Deməli, on üç yaşın içindəydim. Dərslərimiz günortadan sonra, ikinci növbədə keçirdi. Payızın orta ayı, sısqa yağmurlu bir gün idi. Kor duman da ki, göz deşirdi. Məktəbdən dönüb evimizə çatanda axşam düşürdü. Elə həyətdə, təkbaşına kənd axşamının özünəməxsus yır-yığışı ilə məşğul olan anam, hələ mən əlimdəki çantamı yerə qoymamış: "Gəl, kömək elə, a bala, malı bu tərəfə sür... qoyunu o tərəfə qaytar... çır-çırpını ocaqlığa daşıyaq..." Nə bilim daha nələr... deyə, məndən gördüyü işlərə əl yetirmək üçün kömək istədi. Mən də içi kitab dolu çantamı evin düşəcəyindən asıb könülsüz, daha doğrusu, deyinə-deyinə onun göstərişlərini yerinə yetirərək:
- Bəs bu kişi hardadı? - deyə gizlicə bir eyhamla xəbər aldım.
Anam:
- Kolxoz sədri Mərdan müəllim kəndə gəlib. İclas çağırıblar, atan da ordadı - dedi.
Beləcə, işlərimizi tamamlayıb, əl-ayaq yığışandan sonra ana-bala içəri, evə keçdik.
***
Pəncərənin qabağında bir qalaq qəzet qoyulmuşdu. Yəqin ki, həftə boyu yığılıb qalmış o qəzetləri bu gün kəndə yolu düşən poçtalyon gətirib elə uzaqdan evimizdən kimisə haylayıb vermişdi.
Atam bəlkə öz istəyincə olmasa da, bir neçə adda qəzetə məcburi abunə yazılırdı. Yazılmalıydı da, çünki kommunist, eyni zamanda mühüm vəzifə sahibi -kolxozun partkomu idi. Atamın abunə olduğu o qəzetləri çox adam oxumasa da, gərəkli olur, işə yarayırdı. Həm də təkcə nəsə bükmək, bəzən çöldə-bayırda süfrə əvəzi yerə sərmək üçün yox. O vaxtlar kəndimizdə həyətlərdə tənbəki əkib saçaq-saçaq doğranmış tütündən eşmə edib, papiros çəkən hələ də üç-dörd kişi vardı. O kişilərin də tütünü büküb eşmə etmək üçün lazım olan qəzetləri bizim evdən gedərdi. Həmin kişilər qəzeti qat-qat çinnəyərək sonra da dəstəyi mal buynuzundan olan, tiyəsi ülgüc kimi iti "Çaqqu" bıçaqla elə səliqə ilə kəsib qomlayırdılar ki, üstündə o illərin dahi rəhbəri Leninin şəkli olan "qırmızı" onluq pul "paçkalarından" da yaraşıqlı görünərdi. O cür səliqəli kağızların tütünə bükülərək kül olmasına, vallah, adamın hayıfı gəlirdi. Ancaq orası da var idi ki, o kişilər zəhər kimi tənbəkidən büküb düzəltdikləri papiroslara qullab vura-vura, tüstüsünü də elə ləzzətlə sinələrinə çəkirdilər ki, bu da həmin qəzetlərin səhifələri də üstündəki dövrünün rəsmilərinin şəkilləri ilə yanıb tüstüyə qarışan kağızın hayıflığına bir təsəlli olurdu...
Qərəz, mətləbdən çox uzaqlaşmayım.
Kitab-dəftərimi bir kənara qoyub pəncərənin qırağındakı qəzetləri götürdüm. Açıb ilk əvvəl gözucu səhifələrə baxdım. Kiçik formatlı bir qəzetdə (bəlkə də elə "Bolluq uğrunda" qəzeti idi) bir satirik şeir parçası diqqətimi cəlb elədi. Oxumağa başladım. Şeir məni necə tutdusa, "ilham mənə güc gəldi", əlbəər qələm-kağıza əl atdım. Elə o şeirin təsiri ilə də oturub birnəfəsə on-on iki bəndlik bir şeir yazdım, belə bir ad da qoydum: "Ay sədr". Şeirimi ürəyimdə sakitcə oxuduqca bəzi misralarım mənə necə ləzzət verirdisə, dodağım qaçır, öz-özümə gülürdüm. Kənarda oturub əli işdə, diqqəti məndə olan anam birdən bunu hiss elədi:
- Orda neynirsən? O nədir, yazıb-oxuyub öz-özünə də gülürsən? Birdən bir yaramaz iş tutarsan ha! - deyə, nigarançılıqla xəbərdarlıq elədi.
Mən dama-dama vərəqdə yazdığım, indicə ürəyimdə oxuya-oxuya güldüyüm vərəqi əlimin altındakı kitablardan birinin arasına qoydum. Kitabı da çantamda yerləşdirib:
- Yox, ana, elə bir şey yoxdur, neynirəm ki? Dərslərimi oxuyub yazıram! - deyib, onu sakitləşdirdim.
Anam:
- Bax, yenə də səndən soruşuram, dərs oxuyursansa, bəs onda nəyə gülürsən?..
Mən qəzetləri qucağıma alıb dedim:
- Ona gülürəm ki, bu kişi (atamı nəzərdə tuturdum) gəlib bu qəzetləri gözdən keçirib şəkdən düşsəydi, sabah aparıb Qələndər kişiyə verərdim. O gün də evlərinin yanından ötəndə məndən papiros eşməyə qəzet istədi.
Beləcə, anamı arxayın saldım. O da daha dinmədi. Bəlkə də sorğu-suala tutub işin axırına çıxacaqdı, amma eşikdən səs gəldi. Sinif yoldaşım idi. Yəqin ki, sinifdə həlli yarımçıq qalmış məsələnin həlli ilə bağlı bizə gəlmişdi. O gün ilk oxucum da elə o sinif yoldaşım oldu...
Ertəsi gün öyrəndim ki, atam evə gecədən xeyli keçmiş, biz yatıb yuxuya gedəndən sonra qayıdıb. Köhnə briqadiri işdən çıxarıb, yenisini təyin edəndən, sədri və onu müşayiət edən kolxoz rəsmilərini yola salandan sonra axır ki, kişi evə dönübmüş...
***
Hansı kitabımın arasından, kim tərəfindən bilmirəm, ancaq o gün yazdığım şeirimi məktəbdə kiminsə əlinə keçmiş və əlüstü sədrə çatdırmışdılar.
Nə bilim, yazdığım o şeir parçasını bəlkə də o gün bir məsələnin həlli üçün köməyə yanıma gələn sinif yoldaşım kolxozun rəhbərinin o kolxozda vəzifə tutan atasından xoşu gəlsin deyə fikirləşərək kitabımın arasından götürüb, sədrin yaxın adamlarının oturub-durduğumuz uşaqlarına ötürmüşdü....
Əgər indi bu ağlım kəsənləri o vaxtlar duyub, dərk etsəydim, böyüməzdim ki...
Məsələdən xəbər tutanda, yer ayağımın altından qaçdı. Nə edəcəyimi bilmədim. Anam məni danlayıb deyirdi ki, heç gördünmü bir neynədin? O kişi kolxoz sədri (Mərdan müəllimi nəzərdə tuturdu) bizə neynəyib ki, sən ona şeir qoşub ələ salmısan? Atana hörmət edib, iş verib, indi sənin bu şeir bildiyin çızma-qaraya görə ondan bədgüman olub işdən çıxaracaq. Bəs biz onda nə edəcəyik? - deyə, elə hey deyinir gileylənirdi.
And-aman edib yaxa yırtır, özümü öldürürdüm ki, ay ana, bəs mən o sözləri (şeiri demirdim) Mərdan müəllimə yazmamışam. Gör bu kişiyəcən kolxozumuzda neçə sədr olub. Neçəsini də elə mən özüm görüb tanımışam - Kərim, Əbdül, Sərdar, elə biri atam, - axı mən də sədr oğlu olmuşam, - deyə anamı inandırmağa, özümü safa, təmizə çıxarmağa çalışırdım. Ancaq dediklərim anamın ağlına batmır, o, elə öz dediyini deyib dururdu. (Həqiqətən də mən bu şeiri Mərdan müəllimi nəzərdə tutub yazmamışdım).
Anam məni beləcə danladıqca öz-özlüyümdə götür-qoy edib düşünürdüm ki, əgər indi mən anamı inandıra bilmirəmsə, atama heç yaxın dura bilməyəcəyəm, hələ gör o neynəyəcək? Yəqin, məni "şiri cızacaq" - deyə, qorxuya düşüb təlaşla ürəyimi yeyirdim.
Mərdan müəllim şeiri oxuyandan sonra həqiqətən atamdan incimişdi. "Oğlun bir qarış uşaqdır. Belə şeyləri onun ağlı kəsib yaza bilməz. Nə bilim, bəlkə də bunlar elə sənin işindir", - demişdi. Araları pozulsa da, atamı işdən çıxarmadı.
Qəribə idi. Qəbahətimə, uşaq hərəkətimə görə atam dostluq, yoldaşlıq etdiyi bir adamdan sıxılıb utansa da, bu hərəkətimə görə məni danlamadı, bu işin heç üstünü də vurmadı.
Sevimli Mərdan müəllimin isə mənim ilk "ədəbi nümunə"mə görə kəndimizə "cəzası" bu oldu ki, bir il bizim kənddə heç kimin evinə düşmədi. Dağ yerində yaşayan, qonağı evinə şərəf, ocağına ehtiram, ruzi bilən sadə kənd adamları üçün isə, əlbəttə, bu bir cəza, həm də ağır bir cəza idi.
Mən isə Mərdan müəllimdən yan qaçırdım. Üz-üzə gəlməməyə, gözünə görünməməyə çalışırdım. Amma nə qədər qaçacaqdım ki?..
...Hər dəfə rastlaşıb məni görəndə "şair, necəsən"? - deyə gülə-gülə kefimi soruşardı. Sonralar unutdu, daha mənə "şair" demədi.
Mən də şair olmadım. Əlbəttə, Mərdan müəllimə görə yox!..
Bu əhvalat isə yadımdan çıxmadı və indiyəcən də unutmuram...
Avqust, 2012-ci il
Şabran
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!