Yazgülünün uçub getməyi - Baş vermiş inanılmaz hadisə haqqında hekayə. ELÇİN

 

 

Ben qürbette degilim,

Qürbet benim içimde...

 Kamaleddin Kamu

 

1

 

...Sonra ki, xeyli vaxt polis ondan əl çəkmədi, onda Gülzar ürəyində ancaq Yazgülünün adını təkrarlayırdı: Yazgülü, Yazgülü, Yazgülü... və elə bil, Yazgülünün adı onun, yəni Gülzarın nəbzi ilə bir vururdu və bu ağlasığmaz hadisənin qarabasma yox, həqiqət olduğunu elə onun özünü də inandırmaq istəyirdi.

Gülzarın dediklərinə kim inanardı - heç kim - onu hətta məhkəmə-tibbi ekspertizadan da keçirtdilər - yox, bu qızda heç bir psixi çatışmazlıq yox idi, ancaq istintaq gedən vaxt, elə sonralar da bəzən, xüsusən də gecələr yuxuya getməzdən əvvəl, elə olurdu ki, Gülzar özü-özündən şübhələnirdi, bütün varlığı ürpəşirdi və yerindən qalxıb bir stəkan su içirdi, sonra təzədən yerinə girib, yuxu ilə ayıqlıq arasında səhəri birtəhər açırdı.

 

2

 

Yazgülünün atası Kəriş müəllim idi - kənddəki yeganə məktəbdə ibtidai sinif müəllimi - təbiəti də çox sevən adam idi və yəqin, elə buna görə də qızının adını Yazgülü qoymuşdu, bir də ki, orta-pedaqoji təhsilli bu müəllimin sinəsi qoşmayla, bayatıyla dolu idi. Uzun-uzadı illər boyu kənddəki məktəbdə müəllimlik edirdi və bəzən o şeirlərdən yeri düşdüyünü uşaqlara deyirdi. Uşaqlar böyüyəndə çoxu o şeirləri yadından çıxarırdı və ikinci sinifdə oxuyanda - səkkiz yaşı var idi - eşitdiyi o şeirlərdən yalnız bir misra həmişə Yazgülü ilə bir yedə idi:

 

Anama demişəm mənə saz alsın...

 

O saz elə o vaxtdan Yazgülünün içində çalırdı və dünyada heç kimin, hətta ən yaxın rəfiqəsi, eyni sinifdə oxuduqları Gülzarın da bundan xəbəri yox idi ki, bu iri ala gözlu, ağbəniz qızın içində gözəl bir hava çalınır. O saz da, o hava da Yazgülünün ürəyində saxladığı bir sirr idi və bu sirr hərdən elə bil ki, onun içində tərtəmiz, ləkəsiz, şəffaf bir işıq saçırdı - hər halda Yazgülü bunu açıq-aydın hiss edirdi, bu hiss onu tamam başqa bir aləmə aparırdı. O aləm hara idi, nə idi - bunu izah etmək mümkün deyildi və sazın çaldığı o hava da, elə həmin aləmin havası idi. Yazgülü bu havanı radioda, televizorda, internetdə - heç harda eşitməmişdi, bu hava öz-özünə yaranmışdı və Yazgülünə desəydilər ki, həmin havanı zümzümə elə, eləyə bilməzdi.

Kənd rayon mərkəzindən 17 kilomert uzaqda, dağın ətəyində idi və o kəndə qaz çəkmişdilər, ancaq hərdən qaz elə zəif gəlirdi ki, camaat bərayi-ehtiyat, qış üçün odun tədarük edirdi.

Fəti kişi odunçu idi, eşşək arabası ilə meşəyə gedib, odun doğrayıb gəlirdi və illər keçdikcə özü də, eşşəyi də qocalmışdı, daha əvvəlkilər kimi, uzağa gedə bilmirdi. Camaatın meşə dedikləri o ağaclıq onsuz da qalın deyildi və illər keçdikcə daha da seyrəkliyirdi. Fəti kişi meşənin həndəvərindəki düzənliyə çatıb, bir az irəliləyəndən sonra köhnə, amma heç vəchlə qocalmamış baltasını çıxarıb işinə başlayırdı və balta da, elə bil, bu məqamı gözləyirdi.

O dağ ətəyinin kəndə baxan tərəfi düzənlik, arxa tərəfi isə dibindən Qayaaltı çayı axan sıldırım bir yarğan idi və sakit gecələrdə yarğanın dibindən gələn qurbağa səsləri kənddə də eşidilirdi. Bu tərəflərdə tez-tez yağan leysanlardan sonra, Qayaaltı bəzən elə gur axırdı ki, qaya qırıqlarını, xeyli yaşamış köhnə ağac kötüklərini, quraqlıq vaxtı yataqlarda ilişib qalmış iri çaydaşlarını da özü ilə gətirirdi və elə vaxtlar olurdu ki, gecələr o daşlar bir-birinə dəyib elə səs çıxarırdı ki, kənddə camaat yata bilmirdi, yatan da yuxudan oyanırdı.

Şənbə, bazar günləri hava imkan verəndə kəndin oğlanları o düzənlikdə futbol oynayırdılar və uşaqlar, yeniyetmə oğlanlar, qızlar da onlara baxmaq üçün düzənliyə yığışırdı. Hərdən elə gözəl yaz, yay günləri olurdu ki, heç futbol oynanmayanda da axşamüstü qız-gəlin düzənlikdə gəzintiyə çıxırdı və ora qız-gəlin üçün bir gimgə yeri olurdu.

Və o günlərdən birində Fəti kişi cır-cır cırıldayan boş arabada oturub, ayaqlarını sallaya-sallaya oduna gedirdi və yolu yaxşı tanıyan qoca eşşək həmişəki kimi düzənlikdən keçib meşəyə girmişdi. Həmin gün 15 yaşlı Yazgülü də Gülzarla, başqa qızlarla birlikdə düzənlikdə gəzişirdi və uzaqdan baltanın səsi eşidiləndə, elə bil, o səs Yazgülünü ahənrüba kimi özünə çəkməyə başladı - Yazgülü addım-addım qızlardan uzaqlaşıb, meşəyə tərəf getdi.     

Fəti kişinin qolu əvvəlki qol deyildi, ancaq balta öz işinin öhdəsindən sərrast gəlirdi və ən qəribəsi də bu oldu ki, hər dəfə ağaca çırpılan o baltanın səsi, elə bil, Yazgülünün içindəki sazı da çilik-çilik edirdi. Fəti kişi ağacın əli çatan qolunu-budağını baltalayanda, Yazgülü o ağacın ağrısını hiss edirdi və elə həmin vaxtdan da o ağrı Yazgülünün ürəyində yuva salmışdı, hərdən gecələr yerinə girəndə, öz-özünə sızıldayırdı - sızıltı başlayan kimi, o saz da təzədən sökülməyə başlayırdı.

Bir gün kəndə xəbər yayıldı ki, Fəti kişinin eşşəyi ölüb və Fəti kişi, əlbəttə, daha meşədə saz sındırmayacaqdı, ancaq Fəti kişinin tək qalmağı da, o qoca eşşəyin ölməyi də birdən-birə özüylə qüssə gətirdi. O anlarda o qüssənin dumanı da, elə bil, Yazgülünün içinə çökdü və o saz da xeyli vaxt eləcə bir qüssə ilə öz havasını çaldı.

Yazgülün içində bir yaz həsrəti də var idi - ancaq ən qəribəsi bu idi ki, o həsrət doğma, sevimli və sevincli həsrət idi, bu həsrət qışın soyuğunda da, yayın cırhacırında da onun ürəyini gözəl bir yaz sərini ilə döyündürürdü.

Mən deyə bilmərəm ki, Yazgülü gözəllər gözəli idi, ancaq çox sevimli idi, həmişə tərtəmiz olurdu və yazın ətri də yay-qış həmişə onunla idi. Məktəbdə də, çöldə-bayırda da böyük də, kiçik də onunla yanaşı oturmaq, yanaşı gəzmək istəyirdi, çünki onun yanında olanda qanıqara adam da istər-istəməz gülümsəyirdi, daxilində bir yüngüllük hiss edirdi, ancaq bu zaman Yazgülü özü nə hiss edirdi - adamlar bunun fərqində deyildi.

 

3

 

Yazgülü də, Gülzar da məktəbi bitirib Bakıya gəldi, ikisi də universitetə daxil oldu və bir gün axşam qaldıqları tələbə yataqxanasında darıxıb, dənizkənarı bulvarda gəzməyə çıxdılar. Dəniz tamam sakit idi və bu sakitlik içində lap narın ləpələrin yüngülcə səsi eşidilirdi və Gülzar həmişəki həvəslə nəsə danışırdı, birdən sözünü yarımçıq kəsərək, gözlərini dənizə dikmiş Yazgülünə baxıb:

- Sən heç məni eşidirsən? - soruşdu.

Yazgülü də gözlərini dənizdən çəkib:

- Nə? - soruşdu.

Gülzar, əlbəttə, Yazgülünün içində çalan o sazdan, o sazın hansı bir ruhla çalmağından xəbərsiz idi və ona görə də pərt oldu:

- Səhərdən danışıram, qulaq asmırsan, - dedi. - Elə həmişə də beləsən!..

Yazgülü gözünü dənizdən çəkib, ona baxdı və yenə:

- Nə? - soruşdu.

Gülzar hirsləndi:

- Ay qız, sən necə adamsan?

Yazgülü:

- Mən adam deyiləm ki... - dedi və güldü.

Gülməklə heç arası olmayan - ildə-ayda bir dəfə ya gülə, ya gülməyə - Yazgülünün gülüşü Gülzarı daha da küsdürdü:

- Bilirəm, sən balıqsan, - dedi.

- Yox, mən göydən uçub gəlmişəm.

Gülzar:

- Nə? - dedi və pərtlik içində istədi soruşsun ki, Kəriş müəllim də göydən uçub gəlib, ancaq özünü saxlayıb: - Sən kosmonavtsan? - soruşdu.

Yazgülü yenə güldü:

- Yox...

- Hə, bildim... Sən yadplanetlisən!..

Yazgülü eləcə gülərək:

- Yox, ay qız!.. - dedi.

- Göydən uçub gələn, amma səhərdən gözünü dənizdən çəkmir!

- Sən nə bilirsən mən dənizdə nəyə baxıram?

- Bəsdi, sən Allah!.. Sən məni nə yerinə qoymusan? - Və Gülzar istehza ilə: - Göydən uçub gələnə bax... - dedi. - Bəs qanadların hanı?

Yazgülü bu dəfə də gülə-gülə:

- Mən qanadsız quşam də... - dedi və elə bil, özü-özünə rişxənd edirdi.

- Yaxşı, qanadsız quşsan, özün də göydən uçub gəlmisən. Bəs, bizim bu Yer kürəsinə niyə buyurmusan?

Yazgülünün təbəssümü bir anda sifətində dondu və kiçicik bir sükutdan sonra, içindən gələn bir pərişanlıqla:

- Elə mən də bunu bilmirəm də...- dedi.

Gülzar da:

- Yaxşı ki, Xudatov sənin bu sözlərini eşitmir. Yoxsa dərsini verərdi! - dedi.

Dosent Xudat Xudatov neçə illərin dekanı idi və adama elə gəlirdi ki, sifəti həmişə ciddi və acıqlı olan bu adam, ömründə heç vaxt gülməyib, ömründə dilinə xoş bir söz gəlməyib, ancaq hərdən tələbələr də, müəllimlər də mat qalırdı ki, o, Yazgülü ilə danışanda bəlkə heç özünün də xəbəri olmur ki, gülümsəyir. Tələbələrlə, lap elə müəllimlərlə də danışanda bəzən səsini qaldıran, üz-gözünü turşudan Xudat Xudatov bir dəfə özünü saxlaya bilməyib Yazgülünə:

- Ay qız, səndə elə bil maqnit var... - demişdi və ağzından çıxan bu sözlərə özü də məəttəl qalmışdı.

Hərdən elə Yazgülünün özünün də qəribə sualları olurdu. Bir dəfə Gülzardan soruşmuşdu:

- Səncə, o daşlar bir-birinə dəyəndə nə deyirdi elə?

Gülzar da:

- Hansı daşlar? - soruşdu.

- Qayaaltıda sel olanda, özüylə axıtdığı daşlar.

Gülzar:

- Hə, - dedi. - Bilirsən nə deyirdi o daşlar? Deyirdi ki, Yazgülü, türklər demiş, kəndinə gəl!

 

4

 

Yazgülü də, Gülzar da yay sessiya imtahanlarını verib, ikinci kursu bitirib, kəndə qayıtmışdılar və həmin inanılmaz hadisə ki, baş verdi, həmin gün, günorta onlar, yəni Yazgülü ilə Gülzar düzənlikdə gəzişirdi.

Birdən Yazgülü:

- Eşidirsən? - soruşdu.

Gülzar:

- Qayaaltının şırıltısıdı də... - dedi.

Gülzarın sadəcə çayın şırıltısını eşitməyi, elə bil, Yazgülünün ürəyincə oldu və o, ürəkdən gələn bir təbəssümlə gülümsədi. Yazgülünün bu cür gülümsəməyi Gülzarın da ürəyincə oldu və o:

- Yüz dəfə demişəm ki, gülmək sənə yaraşır, - dedi. - Sən də ki, həmişə beləsən. - Və Gülzar guya ki, Yazgülünü yamsılayırdı, gözlərini naməlum bir nöqtəyə zilləyib susdu, sonra: - Gülərüz ol e, həmişə, gülərüz ol!.. - dedi. - Uzağa da baxma, hər şey yaxında olur.

Yazgülü güldü və:

- Yaxşı, - dedi.

Onlar yavaş-yavaş yarğan tərəfə getdilər və onlar irəlilədikcə çayın səsi də daha aydın eşidilirdi. Yarğan tərəfdə yüngül, ancaq soyuq bir meh əsirdi və Yazgülü soruşdu:

- Üşüyürsən?

Gülzar:

- Hə... - dedi və silsilə dağları göstərdi. - Dağların soyuğudu də, ordan gəlir...

- Yox, dağlardan gəlmir...

- Bəs, hardan gəlir?

- Hardan? Adamlardan...

- Necə yəni adamlardan?

- Adamlardan də, adamlardan...

- Vallah, sən düzələn deyilsən!.. Məndən də soyuq gəlir?

Yazgülü yenə gülə-gülə:

- Yox, səndən yox, - dedi və həmin anlarda nəyə görəsə, birdən-birə Gülzarın əti ürpəşdi və qızın içinə nəsə müdhiş bir ərəfə hissi doldu:

- Gedək, qayıdaq kəndə, - dedi.

Yazgülü:

- Fəti kişi yadındadı? - soruşdu.

- Allah rəhmət eləsin. Nədi ki?

Başını qaldırıb, gözlərini göyə zilləmiş Yazgülü bir söz demədi.

Və həmin anlarda çayın səsinə güclə eşidilən bir saz havası qarışdı.

Qəflətən elə bil, uzaqlardan gələn o saz havası Gülzarı əməlli-başlı hürkütdü və qız:

- Qayıdaq də, qayıdaq... - dedi.

Və o inanılmaz hadisə də elə həmin vaxt baş verdi: Yazgülü qəflətən yerdən qopub, havaya qalxdı və bir-iki saniyənin içində göydə yox oldu.

Gülzar dəhşətə gəlib, dəli kimi çığıra-çığıra kəndə qaçdı.

 

5

 

Yazgülü uçub gedəndən sonra Gülzar həmin yeri polislərə göstərib, and-aman edirdi ki, Yazgülü bax, burdan uçdu.

Ancaq polislər buna inanmırdı.

Buna kim inanardı?

Polislər yarğanın dibinə qədər və o qayalığın bütün dərmə-deşiyinəcən axtarmadıqları bir yer qoymadılar.

Yazgülündən əsər-əlamət yox idi.

Saçını-saqqalını cinayət işlərinin açılmasında ağartmış prokuror Bakıya gətirilmiş Gülzarı dindirəndə bir də soruşdu:

- Hə, deyirsən o qıza nə oldu? Uçdu?

Gülzar neçənci dəfə:

- Hə... - dedi.

- Yəni özünü aşağı atdı də, hə?

- Aşağı? Yox-yox. O uçdu.

- Sən itələdin, o da uçdu, hə?

- Yox, mən onu itələməmişəm. O, göyə uçdu.

- Birdən-birə qanad açdı?

- Yox... Qanad açmadı...

- Elə birdən-birə, dayandığı yerdə göyə qalxdı?

Gülzar başı ilə təsdiq etdi.

Prokuror gülümsəyib:

- Yaxşı, qızım, qorxma, - dedi. - Heç nədən qorxma. Mənim də sənin kimi qızım var. Sadəcə, mənə düzünü de görüm, sizinlə birlikdə daha kim var idi? Bilirəm, sən yaxşı qızsan, sən onu itələməzsən. Ancaq qorxma, mənə düzünü de görüm, yanınızda başqa kim var idi? Bir nəfər, iki nəfər? Aranızda nə oldu, nə hadisə baş verdi?

Gülzar yenə and-aman elədi.

Müxbirlərin əlindən zinhara gəlmiş dekan Xudat Xudatov Gülzarın traktorçu atasını dekanlığa dəvət edib, onunla danışırdı ki, qızını yola gətirsin və həqiqət üzə çıxsın. Həmin söhbət zamanı Gülzarın atası:

- Məllim, - dedi. - Nə illah edirəm, elə dediyini deyir... Məllim... - Gülzarın atası bir az duruxdu, sonra: - Axı bu uşaq dəli deyil... - dedi. - Deyirəm bəlkə... - Kişi susub, açıq-aşkar bir tərəddüddən sonra: - Bəlkə... - dedi. - bəlkə qız elə düz deyir?

Dekan Xudat Xudatov maddım-maddım kişinin sifətinə baxdı və dedi:

- Sənin kimi atası olanın, qızı da elə olar də!..

Kəriş müəllim çox şikayət ərizələri yazdı, teleqramlar vurdu ki, hüquq orqanları tapsın görək, qızımın başına kim nə oyun açıb? Niyə Yazgülünün ölüsünü, ya dirisini tapmırlar? Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Nazirlər Kabinetinə yazdı... Bir şey çıxmadı.

 

6

 

Xeyli vaxt keçmişdi.

Gülzar həyatını qura bilmədi - çox çətinliklər oldu, çox əziyyət çəkdi, sonra universitetin qiyabi şöbəsinə bərpa olundu və bir daha kəndə getmədi. Çörək fabrikində işləyə-işləyə universiteti bitirdi və heç kimin onu tanımadığı Xırdalanda işlədi - neçə il idi ki, orta məktəbdə riyaziyyatdan dərs deyirdi. 

Bir sakit payız günü gecə saat üç olardı, yatağından qalxaraq, elə gecə köynəyində, yeddinci mərtəbədə tək yaşadığı birotaqlı mənzilinin eyvanına çıxıb göyə baxdı.

Göy bomboz idi.

Gülzar göyə baxa-baxa pıçıldadı: "-Yazgülü, əgər sən, doğrudan da, ordasansa, nəsə elə bir şey elə ki, mən bilim. Eşidirsən? Mən bilim ki, sən, doğrudan da, ordasan. Lap kiçicik bir işarə olsun, o saat hiss eləyəcəyəm ki, səndəndi. Eşidirsən, Yazgülü?".

Və Gülzar üşüyə-üşüyə xeyli müddət eyvanda dayandı, ancaq heç bir xəbər çıxmadı və təzədən evə keçib, yatağına girdi.

 

19 avqust 2022

Gündoğan


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!