Qızımın bir yaşı tamam olan gün ona özündən də böyük oyuncaq ayı hədiyyə elədim. O gündən sonra həmin ayı ailəmizin bir üzvünə çevrildi. Qızımla bərabər oynayır, bərabər yeyir, bərabər də yatırdı. Əgər qızıma dondurma alıb ona almasaydım, evimizdə qan düşərdi. Qızım tələb edirdi ki, ona olan sevgi, qayğı ayıya da olsun. Yemək masasına oturanda ən gözəl tikələr ayının qarşısına qoyulurdu.
Artıq həyat yoldaşım üçün də qızımın ayısı canlı uşağa çevrilmişdi. Onu da qızım kimi yedirdib-içirdirdi, əzizləyir və layla deyib yatızdırırdı. Gecələr dəfələrlə oyanıb ayının üstünü örtürdü ki, soyuqlamasın.
Ayı uşaqlığından razı böyüyürdü. Hərdən öz ayılığı ilə hər kəsi güldürür, hərdən də küsüb yeməyini yemirdi. Qızımı qucağıma alıb əzizləyəndə az qalırdı ki, qaçıb boynuma dırmaşsın.
Bir günlüyə kəndə - atamgilə getmişdik. Necə oldusa, qayıdanda qızımın ayısını unutduq. Həmin gün evimizdə matəm idi. Ayı üçün öncə qızım ağlamağa başladı. Şam yeməyində həyat yoldaşım da ayı üçün yemək çəkib kövrəldi. Mən isə gecəni səhərə qədər yata bilmədim.
Günortaya az qalmış ailəlikcə kənddəydik. Dağlar, düzlər keçib, ayı üçün gəlmişdik. Ayı bizi görüb sevinmədi. Çünki anamla atam onu darıxmağa qoymamışdı. Bəlkə də, qızımdan çox onu sevirdilər. Kiçik qardaşımın isə ondan zəhləsi gedirdi. Hətta bizi lağa qoydu ki, oyuncaq ayıya görə bu qədər pul töküb kəndə qayıtmısız, xərclədiyiniz pula şəhərdə bu ayıdan on dənə ala bilərdiz. Ona heç nəyi izah etməyə çalışmadıq.
Qızım böyüdükcə ayı da böyüyürdü. Daha qızım anasını yox, ayını qucaqlayıb yatırdı. Olanlar məni narahat etməyə başlamışdı. Ayıya görə bir evin içində qızımın üzünü görmür, həsrətini çəkirdik.
Artıq həyat yoldaşımla boğaza yığılmışdıq. Plan qurub ayını öldürmək istəyirdik. Qızımızı onun əlindən xilas etmək bizim valideynlik borcumuz idi. Bəs qızım ayısız xoşbəxt ola biləcəkdimi? Suallar arasında çaşıb qalmışdıq.
Aylar sonra başa düşdüm ki, bir ata kimi qızımın xoşbəxtliyini istəyirəmsə, onun ayısını da sevməliyəm. Bəlkə də, bütün atalar qızlarını böyüdüb hansısa bir "ayı" ya verirlər. Yəqin, mən də həyat yoldaşımın atası üçün nə vaxtsa "ayı" olmuşam. Bilmirəm. Ancaq bütün "ayı"lar onlara sığınmış zərif qızcığazları ömürlük qorumağa borcludurlar.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!