Dəniz atları - İlqar Rəsulun yeni hekayəsi

 

Şər qarışırdı. Yer üzünün yeddi rəngi yavaş-yavaş iki rəngin - bozun və qaranın bətninə köçürdü. Bircə bədirlənmiş Ay suları lal olmuş Dənizin sinəsində və nəm çınqıllıqda bərq vuran sarısını qaranlığa təslim etmirdi. Ortasına millənmiş qaya üstündə canavar qaraltısı Ayı adi halından daha parlaq və qüdrətli göstərirdi. Boz Canavar adəti üzrə çılpaq Dağın başında dikəlib irəli uzanmış boynunu bir az geri əyərək Aya sarı ulayırdı...

Dənizin Ay işığında sakitcə yuyunan suları qəfil ləpələndi. Qızılı ləpələrin arasında bir-birinin ardınca kiçik halqalar əmələ gələrək böyüyüb yox oldular, yenidən doğuldular, itdilər. Sular yırğalandı, köpükləndi, Dənizdən qaşqası, yalı, quyruğu və topuqları ağappaq olan qara, dəlisov bir At çıxdı. Ay işığının Dənizin sinəsində açdığı qızılı cığırla fınxıra-fınxıra yeriyib sahilə çıxdı. Dayanmadan şahə qalxıb-enərək daşları təpiklədi, dırnaqlarından sıçrayan odla həndəvərindəki çınqıllığı qurutdu. Ayaqlarını yerə bərk basıb möhkəm silkələndi, belindən, yalından və quyruğundan qopan su damcıları Ay işığında sayrışan ağlı-çəhrayılı mirvarilərə çevrilib yan-yörəsinə səpələndi. At saysız-hesabsız çınqılı altında gizlədən mirvari yorğanın üzərinə çöküb yerini rahatladı, biri qara, biri ağ -biri erkək, biri dişi iki bala doğdu. Qalxıb fınxıra-fınxıra gözlədi. Hər fınxıranda burun dəliklərindən çıxan qatı ağ duman balaların ətrafını sarıb onları görünməz edir, havada əriyib yox olmağa macal tapmamış yeni püskürtü ilə daha da qatılaşırdı. Atın fınxırtısı kəsilib, dizləri önündən duman çəkiləndə qulunlar bir neçə gündür doğulublarmış kimi asanlıqla yerdən dikəldilər, ayaqları üzərində qamətlərini düz tutub yüngülcə kişnədilər. Duruşlarının şux, nəfəslərinin rəvan olduğunu duyan ana boynunu irəli uzadaraq onlara səmada bərq vuran Ayı göstərib pıçıldadı: "Baxın, bu dünyanın Əfəndiləri oradadırlar, Ayda. Yer üzü sulara qərq olub yaşanmaz hala gələndə müvəqqəti köçüblər ora. Artıq Əfəndilərin qayıtmaq zamanıdır. Onları geriyə siz gətirəcəksiniz. Bir azdan qoca Şaman gəlib sizi şəriksiz qaranlığa aparacaq. Yalınızın, quyruğunuzun tükünün ucu qədər də işıq sızmayan zülmətə. Yeməyinizi-içməyinizi yanınıza qoyub, girəcəyi samanlı daşlarla yox edəcək. Qırx gün insan nəzərindən pünhan qalacaqsınız. Bu müddətdə tam yetkinləşəcəksiniz, qanadlarınız çıxıb böyüyəcək, dırnaqlarınız bərkiyib yerdən od qoparacaq. Qırx birinci gün Şaman gəlib girəcəyin hörgüsünü uçuracaq, yandırdığı dəfnə budaqlarının tüstüsündən keçirib ikinizi də aydınlığa çıxaracaq, qanavar pəncəsi ilə yalınızı, qanadlarınızı, quyruğunuzu darayacaq, qaşqanızdan dırnağınızacan hər yanınızı dəfnə yarpaqları ilə silib bədəninizi rayihələndirəcək, sizi Xan Tənqriyə layiq atlar edib yola salacaq. Gedib dünyanın ən qocaman yolgöstərəninin - Boz Qanavarın gözlədiyi çılpaq Dağın başına çıxacaqsınız. Qanavar qoxunuzu duyar-duymaz qarşınıza yeriyib uzun-uzadı gözlərinizin içinə baxacaq. Ömrünüz boyu dünyanın heç bir heyvanının gözündə görməyəcəyiniz müdriklik sezəcəksiniz Onun ağayana baxışlarında. Zəkasının varlığınıza hopduğundan əmin olanda, sizə lap yaxınlaşaraq önünüzdə dayanacaq, dişləri ilə topuqlarını söküb qanını axıdacaq. Əyilib hərəniz onun bir topuğundan qan içəcəksiniz. İsti Kurt qanı canınınzı elə qızışdıracaq ki, yorulmaz, bir yerdə qərar tutmaz hala gələcəksiniz. Dırnaqlarınızın zərbəsi, qanadlarınızın yeli dağı-daşı yerindən oynadacaq. Ciyərlərinizin dumanı ətrafınızı saranda Qanavar ehtiramla qapıdan çəkilib sizə yol verəcək. Qayanın başından irəli yeriyib Dağın həndəvərində ulayan Küləyə qoşulacaq, Dənizin üzərindəki qızılı cığırla Aya uçacaqsınız. Küləyin hökmünün hüdudlarından o yanda bədirlənmiş Ayın cazibəsi sizə yoldaşlıq edəcək, çəkib aparacaq ikinizi də. Ayın qaranlıq tərəfində, hər gün Boz Qanavarın səsi duyulan səmtdə yurdlanacaqsınız. Çökəklərdəki buz daşları yalamaqla qidalanacaqsınız. Yeddi gündən sonra - səkkizinci gün gözünüz, ağzınız və ciyərləriniz Ayın halına tam uyğunlaşanda cütləşəcəksiniz. Dırnağınızın odu ilə balalarınızı isidəcək, ciyərinizin dumanı ilə onları hər gün yuyacaqsınız. Az bir zamanda səkkiz dəfə doğub-törəyib çoxalacaq, qaranlığa sığmaz olacaqsınız. Balalarınızın balalarının sonuncusunun da qanadları möhkəmlənib daş-kəsəyi torpaqla birgə havaya sovuranda, dırnaqları ətrafa od saçanda Ayın aydınlıq çevrəsinə keçəcəksiniz. Göy rəngə çalan qoşa Ulduz səmada cütləşib daha da parlaqlaşanda Əfəndilər biləklərini söküb hamınıza qan içirdəcəklər, sonra sizi yəhərləyib belinizdə Yerə gələcəklər. Onlarla birgə Yer üzünə hürriyyət və əmin-amanlıq qayıdacaq. Boz Qanavarların gözü Aydan yığılacaq, Külək heç vaxt boz çöllərdə ulamayacaq, insanlar haqsızlıqdan ağlamayacaq..."

At balalarının qaşqasını və dizlərini yaladı, şahə qalxıb qaya başındakı Canavara sarı kişnədi, qayıdıb qızılı cığırla bayaq Dənizdən boy göstərdiyi yerə getdi. Yeridikcə əvvəl Ay işığında bərq vuran quyruğu, sonra qızılı rəngə boyanmış beli və yalı yavaş-yavaş sulara qərq olub gözdən itdi. Suyun üzərində əmələ gələn iri halqalar kimi, çınqıllıqda sayrışan mirvarilər də əriyib dənizə axaraq qeyb oldular.

Qoca Şaman sahildən bir qədər aralıda, yekə Qavaldaşın yanında oturub olanları seyr edirdi. Əyilib qarşısındakı ocaq yerindən közərməkdə olan bir yarpaq götürdü, ağır-ağır ayağa qalxdı. Gedib ovcundakı tüstünü artıq böyüyüb ürgə olmuş balaların burnuna tutdu, qaşqalarını sığalladı, çənələrinin altını dırnaqladı, ehmallıca ikisinin də yalından yapışdı, irəli yeriyib Qavaldaşın ətrafında səkkiz dövrə vurandan sonra onları yurduna aparıb qaranlığa qapatdı...

Dan yeri sökülürdü. Ay qızılı cığırını Dənizin sinəsindən yığışdırıb üfüqdə bozarır, dünyanın yeddi rəngi sübh çağının qara və boz rənglərinin bətnindən aləmə yayılırdı. Boz Canavar atlar doğulandan bu yana qırxıncı səhəri Ayın ətəyində açıb qayadan enirdi. Ləpələr həzin küləyin yedəyində sahilə çıxır, gecə qurd-quşun gözündən yayınıb çınqılların, daş-kəsəyin arasında qalmış ruzini - canını tapşırmağa macal tapmamış xırda balıqları, ilbizləri geri, Dənizə götürürdü. Dənizdən uzaqlara, tüstü çıxan bacalara qədər uzanıb gedən boz çöllük yavaş-yavaş canlanır, torpağın altına millənmiş dəliklərdən çıxan dovşanların, siçovulların xırda qaraltıları dəvədabanı kollarının arasında ora-bura vurnuxurdu. Göz gözü görməyən qaranlıq tövlənin də sakitliyi pozulmuşdu artıq. İçəridə tez-tez vahiməli fınxırtı, sərt taqqıltılar eşidilir, yerdən havaya qığılcımlar sıçrayıb yox olurdu. Üzü günortaya doğru fınxırtıları at kişnəmələri, taqqıltıları amansız torpaq döyəcləmələri əvəzlədi. Qəfil iki qalın kişnərti qaranlığı lərzəyə gətirir, ardınca şahə qalxmış at təpikləri yerə çırpılıb divarları silkələyir, qopan suvaq, toz-torpaq su kimi şırıltı ilə hörgünün daşları arasından axıb yerə tökülürdü. Gün günorta olanda tövlənin yan divarından kiçik bir deşik açıldı. İçəri gün işığı sızdı. Pərişan at kişnərtiləri, dırnaq döyəcləmələri işıqdan bozarmış içərini başına götürdü. İşığın ardınca deşiyə nəsə dirəndi. İnsan gözü idi. Vədə tamam olmamış atlara baxırdı. Gözdən qaçıb gizlənməyə daldalıq tapmayan atların cingiltili dırnaq səsləri get-gedə kütləşdi, fınxırtıları öləzidi, qanadları yavaş-yavaş əriyib yox oldu. İçəridə qəbir səssizliyi yarandı. Göz çəkildi, deşik qapandı, qaranlıq qayıtdı. Tövlənin səssizliyini daha fınxırtı bölmədi, qaranlığında qığılcımlar oynaşmadı...

Səhəri gün hörgü uçuruldu. Qoca Şaman girəcəyə qalın pərdə çəkmiş dəfnə tüstüsünün içindən peyda oldu. İrəli yeriyib atların sönük, min illərin yorğunuymuş kimi həvəssiz, süst halını görəndə dəhşətdən gözləri qaraldı, canından keçən qorxu onu kor elədi. Əlləri ilə başına döyə-döyə geriyə addımlayıb dibində alov dilləri sezilən tüstünün içinə yıxıldı. Günorta dəri çalmalı, yoğunboyunlu, burmabığlı, enlibiləkli, kürədizli bir yekəpər gəlib atları özü ilə çöllərə apardı...

Aya uça bilmədi o atlar. İkisinin də nəsibi yerdə qalıb qaçağa-quldura minilmək oldu. Əfəndilər Yer üzünə gələ bilməyib daha bir müddət Ayda qalası oldular. Boz Canavar hər gün çılpaq Dağın ən hündür qayasına qalxaraq Aya baxıb uladı. Min illər boyu canavar nəsilləri Ayın ətəyindəki qayada bir-birini əvəz edib uladılar, uladılar, uladılar. Külək hər gecə sığındığı mağaralardan çıxıb çılpaq dağlıqda, boz çöllükdə gəzindi, vurnuxdu, uladı. Ay qavaldaşlı sahilin Dənizindən qızılı cığırını əsirgəmədi...

Bir gün şər qarışanda Dənizin sinəsinin Ay öpən yerində suyun üzü lələləndi, ağlı-qaralı dəlisov bir At çıxıb qızılı cığırla gündüzün ləpələrində yuyunmuş nəm çınqıllığa doğru yeridi...

 

*Hekayədə Atın Canavara Qanavar deməsi yanlışlıq deyil

 

Bakı, 2019-2022


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!