Avtobusda basabas idi. Salona keçməyə imkan olmasa da, Məmməd qapıdan sallana-sallana axır ki, özünü yataqxanaya çatdırdı. Nəzir bayaqdan oturub onu gözləyirdi. Məmmədin gəldiyini görüb cəld ayağa qalxdı. Əl-qolunu ölçə-ölçə:
- Harda qalmısan? - deyə soruşdu. - Gözləməkdən gözümün kökü saraldı. Məmməd özünə haqq qazandırmağa çalışdı:
- Axırıncı mühazirədən nə illah elədim, çıxa bilmədim. Aşağıda dekana rast gəldim. Elə bil dayanıb məni gözləyirdi. Auditoriyaya qaytardı.
- Yaxşı, tez ol. Qurt-quran açma. Gecikirik. Toy nə vaxtdır başlayıb.
- Tez ol deyəndə, mən hazıram. Ayaqqabılarıma yaş əski çəkim, gedək. Toz-torpaq içindədir.
Az sonra dostlar artıq "Nərmin" şadlıq evində idilər. Musiqinin şən, oynaq sədaları ətrafı başına götürmüşdü. Deyən kim, gülən kim, oynayan kim. Arada masabəyi məclisi ələ alır, sağlıq istəyənlərə söz verirdi. Bəylə gəlin, adəti üzrə yuxarı başda əyləşmişdilər. Üz-gözlərindən sevinc, xoşbəxtlik oxunurdu. Qohum-qonşu yığılıb bu iki gəncin eşqinin təntənəsini qeyd edirdi. Qız gəlinlik paltarında ağ göyərçinə bənzəyirdi. Yanaqları dağ laləsini, dodaqları çiyələyi xatırladırdı. Oğlan də sevglisindən geri qalmırdı. Gur saçları, nazik bığları, qədd-qaməti xoş təəssürat oyadırdı. Bir sözlə, bu iki növcavan bir-birinə yaraşırdı.
Məmmədlə Nəzir institut tələbəsi idilər. Məmməd üçüncü, Nəzir dördüncü kursda oxuyurdu. "Nərmin" şadlıq evində keçirilən toylardan qalmazdılar. Gələr, təzə evlənənlərin sevincinə şərik olar, yeyib-içər, deyib-gülər, durub oynayar, sonra şad-xürrəm, kefləri saz yataqxanaya qayıdardılar. Yolda hələ bir çayxanaya da baş çəkərdilər. Yaxşı yeyib-içəndən sonra limonlu çayın öz ləzzəti var. Yataqxanaya dönəndə yoldaşlarına harada əyləndikləri, yeyib-içdikləri barədə məlumat verməzdilər.
Məmmədlə Nəzir məclisi gözdən keçirirdilər ki, müğənni "Əjdər əmi" mahnısını oxumağa başladı:
Samovarı alışdırın,
Maşa verim, qarışdırın.
Yarım məndən küsüb gedib,
Məni onnan, onu mənnən barışdırın...
Mahnı oynaq və şən olduğundan ortaya düşüb oynayanların sayı get-gedə artırdı. Qadınlar kişiləri, kişilər qadınları rəqsə dəvət edirdilər. Nəzir çörəyin üstünə yağla kürü yaxıb araq dolu badəsini qaldırdı və dostuna göz vurdu:
- Məmməd, əzizim, bəylə gəlinin sağlığına... Xoşbəxt olsunlar. Qoşa qarısınlar...
Dostlar qədəhləri bir-birinə vurub içmək istəyirdilər ki, bir nəfər Məmmədə, başqa birisi də Nəzirə yaxınlaşıb nə isə dedilər. Qeyri-ixtiyari hər ikisi qədəhləri yerə qoyub qalxdı. Lal-dinməz həmin adamların arxasınca yollandılar. Müğənni şirin cana qəsd etməkdə idi:
Telloyu çal, telloyu çal, Əjdər əmi.
Telloyu çal, telloyu çal, Əjdər əmi...
Mahnı adamın sümüyünə düşdüyündən addımladıqca dostların yerişi də dəyişmişdi, əl-ayaqları az qala oynayırdı.
Bayaqkı iki nəfər onları müdirin otağına ötürüb özləri içəri girmədilər. Qapının ağzındaca dayanıb, rəqs edənlərə baxmağa başladılar. Müdir iri şaqqalı, pəhləvan cüssəli kişi idi. Dostları görəndə qımışdı, yerindən qımıldanmadan qarşısındakı dəftəri açdı:
- Həmişə toyda, şənlikdə, uşaqlar, - deyib xəbər aldı. - Adınız nədir?
Məmmədlə Nəzir özlərini təqdim etdilər. Müdir dəftərə yazıb:
- Subaylarınızdan görəsiniz, - dedi və sonra soruşdu: - Nə qədər yazdıracaqsınız?
Dostlar ikisi də birdən:
- Nəyi?
Müdir özünü o yerə qoymadı:
- Toy pulunu soruşuram. Bu məclisdə əvvəlcə pulu yazdırıb, sonra oturub yeyib-içirlər...
Dostlar başlarını aşağı saldılar.
- Hə, cavan oğlanlar, sizi eşidirəm.
Ovqatına soğan doğranmış Məmməd mızıldandı:
- Pulumuz yoxdur.
Bunu eşidən müdir:
- Toy sahibi nəyinizdir?
- ...
- Bəs bəylə gəlin?
- Heç birini tanımırıq.
Müdir əllərini stola dayaq edib qalxdı:
- Ədə, düdüklər, camaatı hərifləmisiniz? Bir aydır sizə göz qoyuram. Hər dəfə toy məclisi qurulanda şəstlə gəlib oturur, yeyib-içir, toy sahiblərinin yaxın adamları kimi oynayır, sonra da ara xəlvət, tülkü bəy, aradan çıxırsınız. Dünya dərəbəylikdir bəyəm?!
- Səhv eləmişik, dayı.
Müdir təzədən kreslosunda əyləşərək siqaret yandırdı. Bir-iki qullab vurub xəbər aldı:
- Tələbəsiniz?
Bu dəfə Nəzir dilləndi:
- Bəli, tələbəyik.
- Harada oxuyursunuz?
Dostlar dedilər. Müdir onların tutduqları əməldən xəcalət çəkdiklərini görüb yumşaldı:
- Utanmırsınız?.. Yaxşı, polisə demirəm, amma oxuduğunuz yerə yazacağam, qoy tədbir görsünlər.
Məmmədlə Nəzir yalvarmağa başladılar:
- Dayı, bizi institutdan çıxararlar. Axırıncı dəfə olsun...
Onlara yazığı gələn müdir:
- Bu dəfə sizi bağışlayıram, - dedi. - Gedin, yerinizdə oturun. Yeməyinizi yeyin, içkinizi də için. Sonra da çıxıb gedin evinizə-eşiyinizə. Özünüzü hamıdan ağıllı bilirsiniz. Bir də ayağınız buralara dəyməsin...
Dostlar suyu süzülə-süzülə otaqdan çıxdılar. Amma məclisdəki yerlərinə qayıtmadılar. Şadlıq evini tərk edib küçəyə çıxdılar.
Xəfif külək əsirdi. Adi payız günlərindən biri idi. Təmiz hava dəydikcə ağılları başlarına gəlir, tutduqları əməlin xəcalətini çəkirdilər.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!