Mən də belə yazıram
Lap məəttəl qalmalıdır! Görürsən biri çıxır televiziyaya, onu belə təqdim edirlər: "İctimai xadim, filan idarənin sabiq müdiri, görkəmli tədqiqatçı, elmlər doktoru, professor, 20 kitabın, 400 məqalənin müəllifi... filankəs!".
Baxırsan, baxırsan, deyirsən ya Rəbb, niyə indiyədək mən bu boyda şəxsiyyəti tanımamışam! Öz-özündən şübhələnirsən ki, yəqin, çox geri qalmışam... Yaxud başqalarının məruzələrini, çıxışlarını üst-üstə yığıb kitablar nəşr etdirən adama deyirlər alim. Bir ağıllı adam da soruşmur ki, bu nə vaxtdan alim olub, elmə nə yeniliklər gətirib? Ən qəribəsi də burasıdır ki, elm adamı elm adamıdır, bunu başa düşürük, bəs bu elmi adın qarşısında tutduğu vəzifənin adını yazmaq nə deməkdir?
Keçmişdə torpaqlarımızın bir hissəsi düşmənə verildikdən sonra necə olubsa, bir neçə adam general olub. İndi xatirə söyləyir, hər kəlmə başı deyir "Mən bir general kimi vicdanıma and içirəm!". A kişi, vətən torpaqlarını verən adamın vicdanı olar? Sən olmayan bir şeyə necə and içirsən, hə?
Belə şeyləri eşidəndə, "Sabiqlər" əsərinin tüplərini xatırlamamaq olmur: "Mən nazir olanda...", "mən rəis olanda...", "mən direktor olanda...". Gördük də bu vəzifələrdə nə hoqqalardan çıxdığınızı, "hörmətli" sabiqlər!
Cəhənnəmə, mən də öz ad-familiyamın qarşısında belə yazıram:
"Yazıçı, satirik, dramaturq, ölkəmizin xaricdə sabiq elçisi, sabiq qəzet redaktoru, çoxlu kitabın, pyeslərin, minlərlə məqalənin müəllifi"...
Hə, necədir? Xoşunuza gəlir?
Tacir olmaq istəyirdim...
Bir dəfə yazmışdım ki, mən kimdən əskiyəm, nazir olmaq istəyirəm. Elə bildim mənimlə maraqlanıb çağıracaqlar yuxarılara ki, sən kimsən, nəkarəsən ki, nazir olmaq istəyirsən? Bu günə qədər gözləyirəm, görürəm çağırıb-eləyən, maraqlanan-filan yoxdur. Deyəsən, nazirlikdən yavaş-yavaş əlim üzülür. Özünüz görürsünüz ki, dolanmaq da gündən-günə çətinləşir, olur cəhənnəm əzabı!
Sizi "neyniyim", "necə eləyim?" - deməyəsiniz, gecə-gündüz fikirləşirdim neyniyim, necə eləyim? Çox götür-qoydan sonra qərara gəldim ki, tacir olum. Elə bildim tacir olmaq nazir olmaqdan asandır. Bu mənə belə gəlirdi ha! Odur ki, istədim bir mağaza açım, kasıbkarlığımı eləyim özümçün. Amma gərək bu işə də baş qoşmayaydım. İnandırıram sizi, bəlkə də nazir olmaq asanmış, nəinki tacir olmaq. Bu, başdan-ayağa əngəl-hoza imiş ki!
Nə başınızı ağrıdım, bir-iki nəfər ticarət işçisi tapıb, fikrimi onlara bildirdim. Dedilər, gərək əvvəlcə yer tapasan. Yüz dənə boş yer göstərdim. Güldülər, bildirdilər ki, gərək icra hakimiyyətinə gedib, o yerin icazəsini alasan. Üz tutdum icra hakimiyyətinə. Fikrimi bilən kimi, gördüm mənə bir cür baxırlar. Gözlərindən oxudum ki, demək istəyirlər, dəli-zad olmusan? Bəyəm, kim gəlsə ona yer verməliyik? Soruşdum, bəs neyniyim? Dedilər, get, tacirlərdən soruş, başa salarlar səni. Mən də getdim soruşdum. Qırmızı-qırmızı üzümə nə desələr yaxşıdır? "Səndən ticarətçi olmaz!". Soruşdum, niyə? Dedilər, sən adi şeyləri bilmirsən... Maraqlandım, yaxşı, tutaq ki, o "adi şey" dediyinizi elədim, bəs sonra? "Sonrası uzun işdir" - deyə, məni başa salmağa çalışdılar. Gərək sənin nizamnamən, məramnamən ola ki, mağazanı açmaqda fikrin nədir, orada nə satacaqsan, hansı yollarla mal alacaqsan, xalqın güzəranını yaxşılaşdırmaqdan ötrü nə edəcəksən və sair və ilaxır. Hələ bu harasıdır, tutaq, yer aldın, gərək özün material tapasan, usta tapasan, mağaza tikdirəsən. Özü də gərək mağaza qəşəng ola, uzaqdan müştərilərin nəzərini cəlb eləyə. Heç bilirsən neçə yüz min pul lazımdır? Mən də onları başa saldım ki, heç mən neçə il bundan əvvəl aldığım mənzili təmir etdirə bilmirəm, mağazanı necə tikim? Dedilər, onda camaatı ələ salmısan? Yeri, get, öz iş-gücünlə məşğul ol, səndən ticarətçi olmaz!
İndi qalmışam bir qələmin ümidinə. Bu yandan da kağız getdikcə bahalaşır. Qorxuram qəzeti də buraxa bilməyək. Bir də, a kişilər, indi kimdi ey qəzet oxuyan, hamı pul qazanmaqla məşğuldur. Fikirləşirəm, neyniyim, necə eləyim? Sonqulu kimi qazanclı yer axtarmaqdan abırım, həyam gedib. Bəlkə mənə bir yol göstərəsiniz, hə?
İstəyirdim görəsən...
Yaşlı bir kişi Həcc ziyarətinə getmək istəyir. Bir az pulu varmış. Pulunu saxlamaq üçün verməyə etibarlı bir adam axtarır. Qərara alır ki, məscidə gedib axunda versin. Axundla görüşüb deyir:
- Axund ağa, mən Həcc ziyarətinə getmək istəyirəm. Bir az pulum var, onu sizə verim, saxlayın. Başıma bir iş gəlsə, fəqir-füqəraya paylayın. Sağ-salamat gəlsəm, özümə qaytarın.
Axund etibarlı adam olduğunu sübuta yetirmək üçün belə bir iş görməyi məsləhət görür:
- Mən pulu səndən yalnız məscidin işçilərinin şahidliyi ilə götürə bilərəm. Qoy sənin də ürəyin sakit olsun.
Axund məscidin bütün işçilərini - möminləri, malları, təxminən yüz nəfəri bir yerə yığıb, onların şahidliyi ilə əmanəti qəbul edir.
Kişi Həcc ziyarətini başa vurub axundun yanına qayıdır, ondan verdiyi əmanəti istəyir. Axund dillənir:
- A kişi, mən heç səni görməmişəm və tanımıram. Nə əmanət, nə pul?
Kişi təəccüblə:
- Axund ağa, mən məscidin bütün mömin müsəlmanlarının şahidliyi ilə sizə pul verdim ki, saxlayasınız. Yəni yadınızdan çıxıb?
Axund:
- Onda qoy onları çağırım, soruşaq.
Camaat yığılır. Axund camaata üz tutub deyir:
- A kişilər, bu adam gəlib mənə deyir ki, Həccə gedəndə sizin şahidliyinizlə mənə saxlamaq üçün pul verib. Mən də deyirəm ki, pul görməmişəm, onu tanımıram. Siz pul görmüsünüzmü, bu kişini tanıyırsınızmı?
Hamı bir ağızdan dillənir ki, "xeyir, biz nə pul görmüşük, nə də bu adamı tanıyırıq"!
Axund camaata:
- Yaxşı, gedin, - deyir.
Adamlar gedəndən sonra axund qəzetə bükülü əmanəti kişiyə qaytarır. Kişi lap mat qalır və soruşur:
- Axund ağa, bu nə həngamədir çıxarırsan? Pulu verirdin əvvəldən verəydin də. Təzədən bu qədər adamı niyə başımıza yığırdın?
Axund cavab verir:
- İstəyirdim görəsən ki, biz kimlərlə işləyirik...
Tikəcəyəm...
"KVN"çilər demişkən, "şəhəri tikib çeviriblər". Tikə-tikə gedirlər. Kimin pulu var, nə isə tikir, satır.
Mən mənzilimin divarından qopan bir yeri təmir etdirənə kimi canım çıxır. Buna baxmayaraq, dedim, cəhənnəmə, mən də ev tikəcəyəm. Amma tikintiyə -filana pulum yox idi. Gələcək sakinləri tapıb onlardan yaşayacaqları mənzillərin dəyərinin otuz faizini aldım. Beləliklə, əlimə sərmayə toplayıb, işə başladım. Belə-belə üç-dörd ev tikib, ikiqat qiymətinə satdım.
Amma qədim binaları sökdürdüm, uca, yaşıl ağacları qırdırdım, bir sözlə, harada gəldi, tikdirdim. Qəzetlərdə haqqımda çox yazdılar, efirlərdə çox dedilər. Nə olsun, yazdılar, dedilər... Kimdir onların yazılarını oxuyan, dediklərinə qulaq asan?.. Əlqərəz...
İndi yeni bina tikdirmək istəyirəm. Amma torpaq məsələsi yaman çətinləşib. Qiymətlər də bahalaşıb. Tikinti materiallarının dəyəri dörd-beş qat artıb.
Qərara gəlmişəm ki, düz Akademik Teatrın qarşısında bir yaşayış binası tikdirim. Amma şair Füzulinin heykəli işə mane olur. O heykəli sökdürmək mənim boynuma! Çoxdan sökülməli idi, indiyə qalıb...
Şair olmaqla deyil ey, bilirsiniz o kişi ağzına yiyəlik eləyə bilməyib. Deyib ki, "Salam verdim, rüşvət deyildir, almadılar". Düz eləyib Füzulinin salamını almayıblar! Alıb-verəydi, onun da salamını alaydılar! Odur ki, onun heykəlinin Füzuli meydanında qalması məqsədəuyğun deyil. Mütləq heykəli oradan götürüb, yerində yaşayış binası tikdirmək mənə borc olsun!
Anlaqsız
(Olmuş əhvalat)
Xoruz döyüşdürənlər, it boğuşduranlar, quşbazlar görmüşdük, amma siçovulları "doğma balaları" hesab edən görüb-eşitməmişdik.
Küçəmizdə bir kişi vardı, adına "Krisa Əli" deyirdilər. Çünki bu adamın ailə-uşağı olmadığından gecə-gündüz mənzilindəki siçovullara qulluq göstərir, onlara yemək, su verir, onlarla bir yerdə yatırdı. Bir sözlə, Əli bu siçovulları "öz balaları" hesab edir, onların "nazı" ilə oynayırdı.
Qonşu arvad görür ki, iri-iri siçovullar getdikcə artır, həyəti başına götürür. Döşəməsilənlə vurub onlardan dördünü öldürür. "Krisa Əli" "balalarının" ölümünə dözə bilmir, bıçağı götürüb cumur arvadın üstünə, başını kəsir alır əlinə, çıxır küçəyə. Polis əməkdaşı bunu görüb heyrətə gəlir, soruşur ki, əlindəki kimin başıdır? Əli də cavab verir ki, bu mənim dörd balamı öldürüb, mən də başını kəsmişəm.
"Krisa Əli"ni tutub basırlar "KPZ"-yə. Bir neçə gündən sonra 8 Mart - Qadınlar bayramı gəlir. "Siçovulların atası", polis rəisinin yanına gəlib, bu münasibətlə onu təbrik edir. Rəis "Krisa Əli"ni salır təpiyinin altına, o ki var, döyür.
Nəhayət, məhkəmə olur. Hakim "Krisa Əli"ni göndərir ki, psixoloqlar rəy versinlər. Onlar öz haqqını alandan sonra rəy verirlər ki, bəs, bu Əli anlaqsızdır. Beləliklə, "Krisa Əli" xeyli xərc-xəsarətdən sonra qayıdır "balalarının" yanına...
Narahatam...
Tanıdığım vəzifəli şəxslərdən biri mənə məktub göndərib. Məktubda nələr yazsa yaxşıdır? Bir-bir ərz eləyim qulluğunuza, görün beləsini görmüsünüz, yoxsa yox?!
Yazır ki, boş-bekar qalmışdım küçələrdə, tanışlarımdan biri məni başa saldı ki, get bir partiyaya üzv ol. Mən də onun sözünə baxıb partiyalardan birinə üzv yazıldım. Kaş, o gün başıma daş düşəydi! Kaş, partiyaya gedən ayaqlarımı iflic vuraydı, partiyasız qalaydım! Evim başıma uçaydı, evsiz qalaydım! Durduğum yerdə, işsiş-gücsüz ola-ola özümü işə saldım! Partiya üzvü olan gündən oldum həmin partiyanın kəbinli arvadı! Nə dedilər, məcbur olub yerinə yetirdim. "Sür dərəyə" dedilər, sürdüm dərəyə. "Öl" dedilər, öldüm, "qal" dedilər, qaldım. Bir də yan-yörəmə baxanda eşitdim ki, hamı mənə yaltaq deyir. Öz-özümə dedim, əşşi, cəhənnəmə, daha olan olub, keçən keçib...
Bir gün məni qoydular vəzifəyə. Vəzifə görməmiş adam necə olar? Başladım onu-bunu incitməyə. Adamlar məni görəndə qorxurdular, çəkinirdilər. Müəllim olmaya-olmaya mənə "müəllim" deyirdilər. Bir də eşitdim arxamca deyirlər: "Görməmiş köpəyoğlu!".
Aylar keçdi, il dolandı, işimə, evimə xırda-xırda hədiyyələr gətirməyə başladılar. Belə şeylərə necə öyrəşmişdimsə, bir də gördüm olmuşam əliəyrinin, rüşvətxorun birisi!
İşçilərim də əllərindən gələni "beş qaba çəkirlərmiş". Nə istəyirlərmiş, onu da edirlərmiş. Gəldilər, yoxladılar, "zibillər" çıxdı ortaya. Heç demə, mühasib də təsərrüfat müdiri ilə birləşib idarənin büdcəsini dağıdırmışlar...
İndi yoxlama materiallarını veriblər istintaqa. Qalmışam təpəmə, gözümə döyə-döyə. Mənə deyən gərək, ay zalım balası, sən hara, partiya hara? Sən hara, vəzifə hara?
Həmin şəxs məktubunun axırında soruşur: "İndi mən nə edim?".
Mən də ona belə bir cavab göndərdim: "Yəqin, səni on-on beş illiyə "şəfalı" bir yerə göndərərlər, orada nə edəcəyini düşünməyə vaxtın çatar!..".
Heç bilmirəm, cavabım onun xətrinə dəyər, yoxsa yox? Bircə bundan narahatam...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!