Hekayələr - Aydın TAĞIYEV

 

Məhkəmə günü

 

Nə müddət idi ki, kənddə çəpər qonşuları arasında torpaq üstdə dava gedirdi.

Sırtıq, üzlü qonşu sakit, həlim, ürəyi məkrdən, xıltdan uzaq, qəlbi geniş qonşusunun torpaqlarını zaman-zaman yarı gizli, yarı aşkar qarış-qarış zəbt edib öz torpaqlarına qata-qata, şirnikə-şirnikə bu dəfə daha böyük iştaha düşmüşdü.

Kəndin ağsaqqalları iş böyüyüb əndazədən çıxaraq arada dava-dalaş düşməsindən ehtiyatlandılar. Deyib, başa salıb naxələf qonşunu yola gətirməyə çalışdılar. Onun ipə-sapa yatmadığını, cığallıq edə-edə dirənib durduğunu görən ağsaqqaldan biri xatırlatdı ki, ay nankor, sənin ulu babaların neçə illər bundan qabaq bizim bu kəndə köç edəndə, bəs indi torpaq iddiasında olduğun elə bu qonşunun ulu babaları ürəyiyumşaqlıq ediblər, yurd-yuva salmaq, binə bağlamaq üçün öz torpaqlarından yer ayırıblar.

Bütün bunların heç biri cığal qonşunun ağlına batmadı, ipə-sapa yatmadı. Bələdiyyə sədrinin təqdim etdiyi qanuni sənədlər də işə yaramadı. Arada bədxahlar da var idi. Naxələf qonşuya havadar duranlar da tapıldı və ayağı yer aldığından o, bu dəfə məhkəməyə müraciət edib torpaq iddiası qaldırdı. Məhkəmənin onun xeyrinə qərar çıxaracağından arxayın idi, məhkəməyə də yol tapmışdı.

 

***

Uzun müddət idi ki, dönə-dönə məhkəmə iclasları keçirilirdi. Hakim tərəfləri bir-birilə dil tapıb razılaşmağa, barışmağa çağırdı. Günlər, aylar keçir, iş uzanıb gedirdi...

Bu dəfə məhkəmə axır ki, yekun qərar çıxaracaqdı. Tərəflərin hər ikisinə neçə gün qabaq məhkəmə çağırışı gəlmişdi. İddiaçı qonşu ertədən bəzənib-düzənib əlindəki çağırış vərəqi ilə məhkəmə binasının heç qapısı açılmamışdan qabaq özünü oraya çatdırmışdı. Məhkəmənin başlamasına az qalırdı. Qarşı tərəf isə görünmürdü. İddiaçının vəkili kükrəyərək:

- Əlbəttə, gəlməyəcək, - deyə meydan sulayırdı, - haqsızdır. Məhkəməni uduzacağını başa düşüb, yenə vaxt qazanmaq istəyir. Tələb edirəm ki, qarşı tərəf çağırışa məhəl qoymadığından məhkəmə zalına məcburi qaydada gətirilsin.

Məhkəmə heyəti qısa məşvərətdən sonra iddiaçı tərəfin bu tələbi ilə axır ki, razılaşdı.

İddiaçının təkidi, daha yuxarılara da şikayət edəcəyi tələbi, hədəsi ilə hakim məhkəmə icraçılarını kəndə yolladı. İddiaçı da şəstlə özündən razı halda onlarla birgə ünvanı göstərmək üçün kəndə yola düşdü. 

Qarşı tərəf də məhkəməyə yola düşmək üçün ertədən hazırlanmış, ancaq evdən çıxanda üstündə üçrəngli bayrağımız dalğalanan bir hərbi təcili tibb maşınının onların evinə tərəf istiqamət aldığını görəndə ayaqları titrəmiş, gözləri torlaşmış, donub yerində qalmışdı. İddiaçı məhkəmə icraçılarına şikayətçi olduğu qonşunun evini nişan vermək məqsədilə yolda tez-tez başını maşından çıxarıb qabağa baxırdı.

Birdən qonşunun qapısına yığılmış izdihamı və qapının üzərində dalğalanan üçrəngli bayrağı görüb rəngi sapsarı saraldı.

Dili topuq vura-vura: - Saxlayın, mən düşəsi oldum, - deyə maşını saxladıb çölə atıldı. Məhkəmə icraçıları bu işə mat-məəttəl qalmışdı. Ətrafa boylandılar.

Şikayətçi ilim-ilim itmişdi...

 

22 may 2022

 

 

Dilənçi

 

Aramsız öskürəkdən sonra sinəsinin xışıltısı kəsildi. Bu dəfə quru-quru öskürüb boğazını arıtladı. Yalnız bundan sonra darısqal otağındakı cır-cır cırıldayan köhnə dəmir çarpayısından bir balaca dikəldi. Əlləri ilə qulaqlarını ovxaladı. Qulaqlarının səs eşitmə həssaslığına söz ola bilməzdi. Möcüzə baş vermişdi. Yoxsa... Otaqda heç kim yox idi ki, kiməsə səslənsin. Öz səsinə özü qulaq asmaq, eşitmək istədi. Kimi çağırsın, kimi? Yadına ilk əvvəl anası düşdü.

Asta səslə hayladı:

- Ana, ay ana!

Çətin ki, anası cavab verə biləydi. Anası çox-çox uzaqlarda idi... Heç yaxında olsaydı da, hay verə bilməzdi.

Bəs bu nə möcüzə idi? Öz-özünə yarıyuxulu səslə dodaqaltı oxuyurdu. Səs həmin səs, avaz da həmin avaz idi. Keçmişdə qalan, neçə illər bundan qabaq qulaq asanları hayıl-mayıl qoyan bir ustad xanəndənin elə həmin səsi...

 

***

Bir zamanlar az qala günaşırı onu toylara aparardılar. Məhz onun məclisdə iştirak etməsindən ötrü hətta toyun vaxtını dəyişib, növbə gözləyənlər də olurdu. Hələ konsertlərə dəvətlər, qastrol səfərləri...

Şeytana gələn lənətlər mərdimazar qonşulara, ermənilərə gəlsin... Şeytandan da məkrli imişlər heç demə, çörəyi dizinin üstündə olan o namərdlər - müharibəni onlar saldılar. Əvvəlcə doğma yurd-yuvasından didərgin düşdü. Sonra da qaçqın həyatı.

Neçə-neçə cavanın toyunda çalıb oxusa da, yaşının keçməsinə baxmayaraq, evlənməmişdi, subay idi.

Şəhərdə köhnə bir həyətdə, darısqal bir otaqda tək-tənha kirayənişin qaldı. Hələ əlində az-para pulu-parası var idi. Adam-insan arasına çıxmırdı, guşənişin olmuşdu. Tanıyanlar da yerini-yurdunu bilmirdilər, heç özü də istəmirdi ki, kimsə ondan, günündən-güzəranından, yerindən-yurdundan xəbər tutsun. Əgər ata-anasının, qohum-əqrəbasının qəbirləri indi düşmən tapdağı altda olan torpaqlarda tək-tənha qalıbsa, indi yalqızlıq onu niyə qorxudaydı ki?..

Tənhalıq və bu tənhalıqdan doğan saysız-hesabsız fikir-xəyalla baş-başa qalmaq təsəllisinə çevrilmişdi.

Bir də... Bir də əvvəllər heç vaxt dilinə dəyməyən spirtli içki, heç vaxt damağına almadığı siqaret... Gündə neçə şüşə ucuz çaxır içir, siqareti də siqaretə calayırdı. Elə bil canına qəsdi var idi.

Canının ağrı-acısı vecinə deyildi, ancaq sinəsi xırıldayıb səsi batanda bunların içkinin, tüstünün işi olduğunu anladı. Amma... gec idi.

...Bu gün də yuxudan sinəsinin xışıltısına, öz quru-quru öskürək səsinə oyanmışdı.

 

***

...Ancaq möcüzə baş vermişdi. Əsl möcüzə!

 

***

Səsi yerinə qayıtmışdı. Yəqin ki, indi bu, Allahın bir lütfü idi. Ancaq bundan sonra kim onu axtarıb tapacaq, toylara aparacaq, konsertlərə dəvət edəcəkdi... Nə fikirləşdisə birdən-birə qət etdi ki, axırıncı dəfə solo konsert versin. Bu qəfil qərarını dəyişəcəyindən elə bil qorxub yerindən qalxdı, otağın bir küncündəki balaca sandıqçasının üstündə qalan, üstünü toz basan, dərisi deşilmiş dəfini, bir də köhnədən qalma buxara xanəndə papağını başına qoyub evdən çıxdı. Qorxurdu ki, səsi birdən batar. Əldən uzaq, gözdən uzaq bir tində yer tapıb oturdu. "Segah" oxumağa başladı - oxuduqca səsi daha da açılırdı.

Çoxdan bəri oxumadığından bir az həyəcanlanmışdı, həm də birdən-birə ona nəsə bir hərarət, istilik gəlmişdi. Buxara papağını çıxarıb skamyanın üstünə qoydu. İndi gözüyumulu oxuyurdu. Arada əlini qulağının dibinə aparıb bayatı da çəkirdi. Yoldan keçənlər dilənçi zənn etdikləri adamın səsinə heyran qalmışdılar. Belə səs yiyəsi olan bir dilənçinin indi burada oturub oxumasına təəssüflənənlər də var idi. Hərdən nəsə bir cingilti səsi eşidib diksinsə də, gözünü açmırdı, oxumağında idi. Arabir cingilti səsləri kəsilirdi. Heyrətdən doğan qarışıq səslər də onu ayıltmırdı. Yol keçən, muğamdan başı çıxan ahıl bir kişi: - Vallah, üst-başını qaydaya salıb, sir-sifətinə də bir yüngülcə əl gəzdirib səhnəyə çıxartsan, handa bir adlı-sanlı xanəndələrimizdən də məşhur olar, - deyə yanıqlı-yanıqlı köks ötürdü...

 

***

Haçandan-haçana yumulu gözünü açıb elə bil ki, ayılıb özünə gəldi. Sinə dolusu dərindən nəfəsini dərib yan-yörəsinə boylandı. Gözləri dörd oldu. Tək-tənha oturduğu skamyanın ətrafında xeyli adam toplaşmışdı. Əvvəlcə döyüküb özünü itirdi, heyrətlə ona baxan adamlara elə özü də çaşqın-çaşqın bir xeyli baxdı. Əlini papağına atdı. Papağın içində xırda dəmir, hətta kağız pulları görüb ilk əvvəl özünü itirdi. Sonra... Sonra da acı-acı köks ötürdü. Ovurdu ovurduna keçən sifətini yandıran damcılardan başa düşdü ki, gözlərindən də yaş axır...

 

***

Evdən çıxarkən otağında qoyub gəldiyi, ötən axşam içdiyi şüşənin dibindəki şərab heç boğazını yaşlamağa bəs etməzdi. Siqaret qutusu da boşalmışdı. Ancaq siqaret məsələsi müşkül deyildi. Külqabıda yarımçıq çəkib söndürdüyü siqaretlərin kötüklərini bir yerə toplayaraq alışdırıb hərəsindən bir qullab alsaydı, yanğısını söndürə bilərdi.

Buxara papağına atılmış xırda, iri pullara baxa-baxa bir anda bunları yadına saldı. Ancaq yox. Yox, yox...

Son istəyi axırıncı dəfə solo konsert vermək idi. Onsuz da onu bir daha toylara konsertlərə, qastrollara aparmayacaqdılar.

Taqətsiz olsa da cəld yerindən qalxdı. Qavalını, papağını da elə skamyanın üstündə qoyub qıvraq yerişlə oturduğu yerdən uzaqlaşmağa çalışdı. Ardınca baxa-baxa heyrətlə arxadan səsləyib onu dayandırmağa cəhd edənlər də oldu və o da kiminsə ona çatıb saxlayacağından qorxub qıçlarında hey olmasa da az qala qaçmağa başladı.

 

17.11.2021

 

 

Papaq

 

Avqustun qora bişirən günləri idi. Əyin-başı yüngül olsa da, yay günü bu istidə başına qaragül dərisindən papaq qoyan orta yaşlı kişiyə ətrafdakılar heyrət qarışıq maraqla baxırdılar. Adamlar çaşbaş qalmışdı. Əynindəki nazik paltarlar hara, başındakı papaq hara? Baxanlardan biri ağlına gələni dilinə gətirdi. Bəlkə fağırın başı dazdır. Kimsə əlbəəl dilləndi ki, lap elə keçəldir, şlyapaya, yay kepkalarına nə gəlib.

Bir nəfər: - Bəlkə kepka almağa pulu yoxdur, - deyə öz mülahizəsini bildirdi. Qarşı tərəf: - Əyin-başına geydikləri ucuz mallar olsa da, başında belə bahalı papaq gəzdirənin inanmıram ki, dəyəri 5-3 manat olan bir kepka almağa gücü çatmasın, -deyə bu mülahizəni rədd etdi.           

Papaqlı kişinin deyilənləri qulağı çalmışdı. Ləngərli yerişlə söhbət edənlərə  yaxınlaşdı. Papağı başından götürüb əlinə aldı. Kişinin başının tükləri seyrəlsə də, çoxdan ağarmış saçları yerində idi. Kişinin keçəl, daz olmasını düşünənlər nədənsə pərt oldular.

Kişinin əlindəki papağa müştəri gözü ilə zənd yetirənlər açıq-aşkar başa düşdülər ki, papaq uzun müddət başa qoyulmayıb. Toplaşanların sayı get-gedə çoxalırdı və hamısının da gözü sinəsi sözlə dolu olan kişinin ağzında qalmışdı. Ahıl kişi də onları çox intizarda saxlamayıb doluxsuna-doluxsuna: - Dədəmin papağıdır, - dedi. - Sonra qəhərli səsi birdən dəyişdi: - Dədəm el-obada tanınan kişilərdən olub. Başına and içirdilər.

Kişinin səsi yenə tutuldu. - Ermənilər kəndimizə soxulanda yurd yerini, kəndimizi axırıncı tərk edənlərdən biri də elə mənim dədəm olub. Kənd od tutub yanırmış... Evdən ələ gələn bir şey çıxara bilməyiblər. Ələ gələn dəyərlisi elə bu papaq olub. Mənsə o vaxt səngərdə vuruşurdum.

Yurd-yuvamızdan didərgin düşəndən sonra biz də axır ki, bir yerdə qərar tutub məskunlaşa bildik. Darısqal otaqlar idi. Dədəm anama tapşırdı kı, papağı sandığın bir küncünə qoysun. Anam yalvar-yaxar etdi ki, hayıfdır, güvə vurar, qoy divardan, gözümüzün qabağından asaq...

Dədəmi heç elə qəzəbli görməmişdim. Anamın üstünə necə qışqırdısa, yazıq  arvad yerindən tərpənəndə hətta büdrəyib yıxıldı.

Qışın şaxtasında, çovğununda  hərdən iş-güc dalınca evdən çıxan dədəm bircə dəfə də olsa o papağı sandıqdan çıxarıb başına qoymadı.

Bir vaxtlar o papağı  dədəmin başında görən, didərgin düşmüş ancaq indi özünü tutmuş bəzi həmkəndlilərimiz: - O qaragül dərili papağın hanı, - deyə bir gün ondan xəbər aldılar, - olmaya ehtiyac üzündən satmısan? Dədəmin başını buladığını görüb gizli bir sevinclə: - Neçə desən verərik, satmaq fikrinə düşsən bizə xəbər elə...

Papaqsa sandıqda qalmışdı. Arabir anam onu sandıqdan çıxarıb tozunu ala-ala havaya versə də, kişi gözünün ucu ilə də papağa baxmırdı.

Ahıl kişi qəfildən qol saatına baxıb susdu. Onun söhbətinin axırına çıxmaq istəyənləri intizarda qoyub: - Şəhidlər xiyabanına gedirəm, - dedi. Və başında papaq şəstlə adamlardan aralandı.

 

2020


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!