Ölü təbəssüm - Hekayə. İlahə SƏFƏRZADƏ

 

 

Aldığı güllə yarasından yıxılıb qalmışdı. Hərdən huşu özünə gəlir, gah da gedirdi. Zəifləmiş bədəni ağrıya tab gətirmək üçün mübarizə aparırdı. Ürəyinin bir tərəfində ona gülümsəyən ümidə təkan vermək üçün gözəl şeylər düşünməyə çalışırdı. İnanırdı ki, əbədi olaraq həyata gözlərini yummadan xilas ediləcək, yenidən həyata qaytarılacaq. Çünki yaşamaq istəyirdi. Azad torpaqlarda  yaşamaq və Vətənini yağılardan qorumaq üçün hər an hazır olmaq.

Ürəyində fəxr, qürur, Vətənə, doğma torpağa məhəbbət hissləri bir-birinə qarışmışdı. Sanki duyğular yaralanmış canının ağrısına məlhəm olmağa çalışırdı. Əslində, bunu çox gözəl bacarırdı.

O, bütün həyatı boyu bunu istəməmişdimi? Doğulduğu, uşaqlığını yaşadığı Vətənini azad görməyi. İstəmişdi, əlbəttə!

Gözlərini açıb qarşısındakı gözəlliyi bir də seyr etdi. Günəş üfüqi sarı-qızılı rəngə boyayaraq dünyanı aydınlatmaq missiyasını yerinə yetirməyin həsrətiylə yanırdı. Xəfif əsən küləyin yaratdığı incə vıyıltı qulaqlarında musiqi kimi səslənirdi. Amma indi qərar verə bilmədi, bu hansı musiqidir.

Bu yaşıllıqlar, əzəmətli dağlar, uzaqdan səsi gələn çay, bu möhtəşəmliklərin üzərinə örtük olmuş səmanın sonsuz qübbəsi necə də gözəldir. Lap yuxu kimidir... Səmada iki bulud tənha gəzişib şıltaqlıq edərək tez-tez müxtəlif formalara düşürdü. Onlar gah hansısa heyvanın, ya əşyanın formasına girir, gah da qəribə şəkil alırdılar.

- Necə də xoşbəxtdirlər! - ürəyindən keçirdi. Görəsən, onların da ruhu var idimi? Ya da... Ya da, bəlkə, elə onlar özləri vəfat etmiş insanların xoşbəxt ruhlarıdır. Ola bilər... Gözlərinin kənarında yaş gilələndi.

Bu kəndin hər qarışı yadına gəlir. Hər xırda və iri cığırlarını xatırlayır. Su gətirmək üçün bulaq başına gedən analar, qızlar, axşamlar mal-qaranı otlaqdan gətirən naxırçı, təbiətlə bütünləşmiş sevgi dolu insanlar...

O zamanlar 5-6 yaşlarında olmasına baxmayaraq, hər şeyi o qədər dəqiq xatırlayırdı ki, elə bil ömür kitabı vərəqləndikcə hər səhifəyə bir əlfəcin qoyulmuş və yenisinə keçmədən öncə əvvəlkiləri dəfələrlə, dəfələrlə təkrarlamışdı.

Sonra... Sonra illərlə nə bu ana Vətənin, nə də həmin şən, qayğısız insanların üzünü belə görə bilmişdi. Bəlkə də, görmüşdü, amma onlar daha əvvəlki insanlar deyildilər. Ruhu olmayan insan yaşayardımı? Onlar ruhlarını öz torpaqlarında qoymağa məcbur olmuşdular. Onlar Vətənlərindən deyil, ruhlarından qoparılmışdılar. Bəlkə, yuxularda yaşamışdılar burada, ya da xəyallar aləmində... Adına nə deyirlərsə...

İndi isə onlar artıq öz doğma yurdlarında ruhları ilə bütünləşəcəkdilər. Bunu düşünmək bədənindəki cismani ağrını azaldıb duyğularına şirin bir tam qatdı. Bu dad uşaqkən qışda anasının onları məktəbə getmək üçün çağıranda dəmir sobanın içində yanan odunların çıxartdığı səs qədər insanın ruhuna istilik bəxş edirdi. O zamanlar anasına beş dəqiqə də çox yatıb bu duyğunu yaşaya bilmək üçün dil-ağız edərdi. Üzünə acı gülüş qondu. İndi... İndi, yəqin ki, ömürlük yatacaqdı və anası onu heç vaxt heç yerə getmək üçün tez oyadıb tələsdirə bilməyəcəkdi.

- Görürsən, ana! Səninki də buraya qədərmiş! İndi də oyatsana məni. Bax, söz verirəm, indi artıq beş dəqiqə də çox yata bilim deyə, sənə yalvarmayacam, söz verirəm, oyat məni, ana! - gözləri yavaş-yavaş yumulurdu.

Beyninin içində "Ay işığında" mahnısı səslənirdi.

 

Mən səni gördüm Ay işığında,

Könlümü verdim Ay işığında,

Tez gəldi hicran, ayrıldıq aman

Ay işığında, Ay işığında...

 

Gözləri əbədi yumularkən məst olmuş bədənində heç bir ağrı-sızı qalmamışdı. Üzündə yalnız təbəssüm vardı. Son nəfəsini verdiyi zaman gülüşü donuqlaşdı və möhtəşəm ölümün bir ömürlük rəsmi ortaya çıxdı. Bir ölüm ancaq bu qədər gözəl ola bilərdi...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!