Nəzm, ya nəsr?
Bu sual barədə çox düşünmüşəm. Ancaq cavabını tapmamışam. Bədii yaradıcılıqla, yəni nəsrlə məşğul olan bir insan kimi mən əsasən özümü nəsrlə ifadə etməyi sevirəm.
Niyə məhz nəsr? Əslində bunu da bilmirəm. Amma bildiyim bir şey var ki, nəsr yazmaq həm də sadizmin bir göstəricisidir.
Düşünün, duyğuları, düşüncələri, xətaları, axmaqlıqları, hətta psixopatlıqları bir neçə misraya töküb, sonra o vərəqləri əzişdirib qəhvərəngi zibil qutusuna büküb atmaq var ikən, niyə uzadırıq ki, bu qədər?
Əzabları uzatmaq vallah məntiqə sığışmayan bir şeydir. Sonda adamın beyni lap hədəqəsindən çıxıb qaçmaq istəyir.
Bir dəfə Ekonun "Gənc romançının etirafları" kitabında bu barədə nəsə oxumuşdum. O kitab hal-hazırda kitabxanamdadır. Ancaq nədənsə onu oradan götürüb dırnaq açıb sitat gətirmək istəmirəm. Fikrimi əsaslandırmaq da istəmirəm. Amma nə zamansa "onlar" da bu mövzu ətrafında düşünüblər...
İndi saata baxdım 04:08-dir. Gecənin şirin yuxu saatlarındayam. Və bu gün mənim payıma düşən bu şirin yuxu saatı artıq getdikcə mənim həyat yolumun keçmişinə dönüşür.
Tik-tak, tik-tak...Yox, yox, bu saatın əqrəbinin səsi deyil. Ömrün çaşdırıcı ayaq səsləridi əslində.
Ömür də riyakardı yaman! Mən gedirəm ha, deyib gedə bilmir bizim kimi.
O da oturub ən maraqlı gediş variantı düşünür elə bil.
Ha-ha-ha! Çox gülməlidi.
Ömür də, saatın əqrəbi kimi bu laqeyd bədənlər dünyasında ciddiyə alınmaq istəyir. Ömür hələ bilmir ki, neçə yüz illiklərdir bu laqeyd bədənlər tərəfindən ciddiyə alınmağı saatın əqrəbləri belə bacarmayıb.
Tik-taklar ancaq bizə lazım olduqda başımız qalxır divara doğru, ya da əyilir qolumuza, telefonumuza və s. və ilaxır...
Nəsr, yoxsa nəzm?
Düşünürəm ki, nəzm yazanlar anlıq yaşayırlar əzabları da, sevincləri də... Nəsr yazanların əzabları sevincləri isə bu dünyadan ta "cənnət"ə uzanan ipi xatırladır. Tutub ucundan addımlayırsan sona doğru. Ancaq bu ipin ucu bitmir ki, bitmir.
Doğrudan nəsr, yoxsa nəzm?
Görəsən "cənnət" bu dünyadan çoxmu uzaqdadır?
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!