Sınıq dişli təraş maşını - Hikmet ELP

 

Mədəniyyətimizdə böyük-kiçik və ailə münasibətlərini müəyyən dəyərlər formalaşdırır. Bizim dövrümüzdə böyüklərə hörmət və ehtiram mütləq idi. Valideynlərə, qohum-əqrəbaya, böyüklərimizə hörmət, kiçiklərimizə mərhəmət və sevgi göstərməyə bir vəzifə və borcumuz olaraq hesab edirdik. Ailədə uşaqların nə problemi, nə arzuları olurdusa, anaları vasitəsilə atalarına çatdırılırdı.

Bizim evdə də bu qaydaya ciddi əməl olunurdu. Hesab edirəm, bu sərtlikdə atamın yetim və kimsəsiz böyüməsinin də payı vardı. Atamın qarşısında heç birimiz özümüzü rahat və hüzurlu hiss etmirdik. Sanki "hərbi nizam-intizam" içərisindəydik və onun dedikləri qarşısında öz fikrimizi nəinki cəsarət edib söyləmək, hətta bu haqda düşünməyə belə qorxurduq. Bəzən mən yersiz və uşaq fikirlərimi səsləndirəndə məni danlayırdı. Atam sərt, qaşqabaqlı və ciddi bir adam görünüşündə idi. Alnındakı və üzündəki dərin qırışlar yaşadığı həyatın çətinliklərindən silinməz bir iz buraxaraq, onu daha sərt və qaba göstərirdi.

Mən atama heyran idim. Onun hər mənada mənim ürəyimdə xüsusi yeri var idi və onun zəhmətinə məhəl qoymamaq ədalətsizlik olardı. Halbuki  uşaqlığımda atamla aramızda heç vaxt yaxın münasibət olmayıb. Düşünürəm ki, bunun səbəbi onun böyüdüyü mühitdə əsasən mümkün deyildi... Bizi qucaqlamaması, isti əlləri ilə başımıza sığal çəkməməsi, bizimlə mehriban ünsiyyət qurmaması ürəyimdə bir boşluq yaratmışdır...

Yaxın zamanlarda daxili aləmimdə bu suala cavab tapmağa çalışarkən atamla bağlı iki heyrətamiz hərəkətini heç bir zaman unuda bilmədim. Onlardan biri: Sentyabr ayının sərin bir payız axşamında tarladan, dərə-təpə yollardan evə qayıdarkən oturduğum traktorun metal oturacağından hər atlamadan sonra müvazinətimi itirib yıxılacağım üçünmü, yoxsa üşüdüyümü hiss etdiyi üçünmü, məni bərk-bərk qucaqladığı o anı heç vaxt unutmayacağam. Tütün qoxulu nəfəsinə rəğmən, vücudumda hiss etdiyim atalıq istisi məni məftun edirdi. Digəri isə saçlarımı qırxarkən, başımı tutan sol əlinin istiliyi ilə hıss etdiklərim idi. O əlin istiliyi başımı tutduğu zaman hər nöqtəsindən, bədənimin hər bir hüceyrəsinə qədər mənim üçün rahatlıq və güvən hissinin göstəricisi idi.

Atam bacarıqlı və tədbirli bir insan idi. Bizim öz  saç qırxanımız var idi və bu, hər ailədə olmazdı. Saçlarımızın uzanmasına imkan verməyib həmişə dibindən qırxardı. Təbii ki, bərbərə verməyə pulumuz çatmadığından,  qənaət məqsədilə bu maşını almışdı və saçımızı evdə qırxırdı. Bir gün qonşulardan biri uşaqlarının saçını qırxmaq üçün maşını istəmiş, atam da yox deməmişdi. Qonşu uşaqlarının saçlarını qırxandan sonra, tövlədəki camışın da tüklərini qırxıb, aparatın bir dişi sınıq vəziyyətdə geri qaytarmışdı. Günün şərtlərindənmi, yoxsa səhlənkarlıqdanmı  saç qırxanımız bir daha düzəlmədi. Beləliklə, sona qədər atam dişləri sınıq maşınla saçlarımızı qırxmağa davam etdi. Atam diqqətlə kəsməyə çalışsa da, saçım maşının sınıq dişinə ilişib məni çox incidərdi. Atamın qorxusundan səsimi çıxarmamaq üçün dişlərimi bir-birinə sıxıb saçlarımın növbəti dəfə aparatın dişinə ilişməsini gözləyərdim. Ancaq işgəncə kimi görünən bu prosesin bitməsini istəməzdim...

İllər keçdi və mən artıq atamla dost kimi söhbət edə bilirdim, hətta onun keçmişlə bağlı söhbətlərini tətikləmək üçün ünsiyyət qururdum və o da mənimlə bölüşürdü. Bir-birimizlə çox yaxşı anlaşırdıq, keçmişdə etdiyim səhvlərlə bağlı özümü tənqid edərək, bunun uşaq psixologiyası ilə bağlı olduğunu izah etməyə çalışırdım. Bir də atamın bizə qarşı davranışlarını səhvləri ilə yanaşı, savab əməlləri haqqında da asanlıqla ifadə edə bilirdim. Yenə belə günlərdən biri idi, söhbət əsnasında sınıq dişli aparatımızla saçlarımı qırxdığını və ağrısa belə o əziyyətin bitməsini istəmədiyimdən danışırdım. Çaşqın bir ifadə ilə yanaşı, onun sual dolu gözlərində sanki bunun səbəbini bilmək istəyi var idi. Çox həssas bir səslə: - "Bilirsən niyə bitməsini istəməzdim, ata? Çünki saçımı qırxdığın zaman  maşını sağ əlinlə tutarkən, sol əlinlə də başımı möhkəm tuturdun. Əlinin istiliyi məni məst edirdi". Dediklərimi bitirdiyim anda bir vaxtlar sərt və ciddi olan 77 yaşlı atamın bir uşaq məsumluğu ilə ağladığını görəndə məhv olmuşdum. Həyatımda ilk dəfə əmimi itirdiyimiz gün atamın hönkür-hönkür ağladığını görmüşdüm. Dediklərimin ona pis təsir etdiyini, özünü günahlandırdığını anlayıb, söylədiklərimdən peşman oldum.

Nəhayət, özünü ələ aldıqdan sonra dərindən nəfəs alıb dedi: "Oğlum, mən yeddi yaşımda yetim, səkkiz yaşımda isə kimsəsiz qalmışam. Ailənin nə olduğunu bilmədən, sevgi, şəfqət görmədən, başqalarının nökərliyini edərək böyümüşəm. Çalışdığım qədər qarnım doyardı, mən bunu bildim - bunu öyrəndim. Ailə və uşaqlara gəlincə isə onları geyindirmək, qarnını doyurmaq və evə çörək gətirməkdən ibarət olduğunu düşünərək borcumu yerinə yetirirdim. Mən təhsilsiz, ailə həyatından məhrum böyümüş bir adamam. Bacardığım qədər sizə nəyin doğru olduğunu bilmənizi, şərəfli insan olmaqla ətraf mühitə fayda vermənizi istədim. Mən təhsil ala bilmədim, sizə oxumaqdan başqa çarəniz olmadığını anlatmağa çalışdım. Demək, bu, yetərsiz idi, mən nə edə bilərdim ki...". O anda dünyanın başıma yıxıldığını hiss etdim və atamın hər iki əlini ovucuma alaraq - "Atacan, mənim məqsədim səni incitmək, əsas da mühakimə etmək deyil, xahiş edirəm, belə düşünmə" - dedim və əllərini dodaqlarıma apararaq göz yaşlarıma hakim ola bilmədim.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!