Odur ki, kitabı açıb maraqla baxdığım ilk səhifə mündəricatı olur; orada "Əllərini uzat mənə" başlığını axtarıram (necə olsa, bu başlıq məni beynimdəki sualın cavabına daha tez çatdıracaqdı) və axtardığımı 91-ci səhifədə tapıram; kiçikhəcmli lirik bir şeir! Deməli, 272 səhifəlik kitabın açarı 17 misra və ya yarım misralıq bu kiçik mətndə idi...
Əllərini uzat mənə -
vüsalına gedən yolum olsun.
Əllərini uzat mənə -
Biri oğlum, biri qızım olsun.
Əllərini uzat mənə -
uzat ayrılığın başı üstündən,
uzat əllərimə çatanacan.
Bu hansı ayrılıqdır, bu hansı vüsaldır? Çətin yolları dəf etmək üçün "vəfa andı içməli, görüş üçün üfüqdən də o yan keçməli" olan əllər necə və harada qovuşmalıdır?!
"Dünyanın sənli yeri kədərli yağışlar, könülsüz ağaclar, yorğun yollar, otlar", yolunu lirik qəhrəmanın "yaşlı gözlərindən başlayan buludlar"... yəni bədiilik - pafos, emosiya, məcazlar - hər şey öz yerində görünür, lakin açarı heç cürə yerinə oturda bilmirəm.
Bu dəfə səbrim acizlikdən genişlənib düşüncəmin cazibə qüvvəsinə yayılır; geri dönüb kitabı birinci səhifəsindən yavaş-yavaş, sinirə-sinirə oxumağa başlayıram.
Oxucunu titulu ilə çağıran kitab rəngli içərisilə də maraq doğurur. Burada şeirlərin ayrı-ayrı bölmələr ("Sənin alın yazındı bu vətən", "İşığı axtaraq", "Mənə neylədisə ürək eylədi", "Saz başına döndüyüm", "Səmanın, Damlanın Atillası", "Şərqdə şər oyunu" (poema), "Taleyimdən, ürəyimdən keçənlər") altında verilməsi onların məzmun fərqliliyi ilə yanaşı, həm də forma və mövzu müxtəlifliyindən xəbər verir. "Sənin alın yazındı bu vətən" başlıqlı ilk bölmə, adından da göründüyü kimi, vətənpərvərlik mövzusunda yazılan şeirləri birləşdirir. Romantik çalarların realist cizgilərlə naxışlandığı bu şeirlər minlərə, milyonlara xitab edən, geniş meydanlar, yüksək tribunalar üçün yazılan şeirlərdir. Elə ilk sətirlərdən məlum olur ki, bütün varlığıyla keçmişinə, soy-kökünə bağlı olan lirik qəhrəmanın alın yazısı Vətəninin bugünkü miqyasına qətiyyən uyğun deyil və elə bununla da poetik problemin təməli atılır. Bir tərəfdən də Türkçülük məfkurəsi, Turançılıq prinsipi dərdlərin dərmanı, nicat yolu kimi problemlə bərabər, "Xəzər qalxır", "Təbriz meydanında", "Türklüyümüz yenilməz", "Xudafərin körpüsü" və b. şeirlərdə tarixin sözlərlə yaradılan tablolarının canına işlənir. Burada "Bəlkə sən körpü deyilsən, körpü heykəlisən?! ("Xudafərin körpüsü") - maraqlı interpretasiyasıyla qəhrəmanın zamanın gərdişinə, tarixin acizliyinə etdiyi sitəmi bir gün Oğuz bahadırlarının tufanlı Xəzərin qoynundan şığıyacağına ("Xəzər qalxır") olan güclü inamı ilə bəslənir və Türkün qəhrəmanlıq dastanı Təbriz meydanında kükrəyən qoca aşığın köksündəki sazla dillənir ("Təbriz meydanında").
Sökülməyən bənd-bərələr sökülər,
Dəli çaylar yatağından çəkilər.
Dağlar, daşlar əriyib də tökülər
Türklüyümüz yenilməz!
Və bu yenilməzliyin ("Türklüyümüz yenilməzdir") ucalığında ayrılıq həsrətinə dözməyən lirik qəhrəmanın:
Nə durmuşuq, canım-gözüm,
Gedək Təbrizə-Təbrizə,
- deyişi olduqca təbii və səmimi səslənir, anamızın südü kimi haqqı-halalımız olan birləşmək, bütünləşmək istəyi oxucunu həyəcanlandırır.
Yatan yurdda təpər olmaz,
El arası çəpər olmaz,
Bundan ulu səfər olmaz,
Gedək Təbrizə-Təbrizə,
Yetək Təbrizə-Təbrizə!
Qafqazdan Qazaxıstana sürgün olunan bir qərib türk qocasının: - "Əl boyda bir daşı gələ // Vətəndən - // Götürüb // Sinəmə qoyam - // Döyünüb ürək olar, vallah..." ("Vətəndən bir daş gələ...") - arzusu vətən uğrunda canını qurban verən, Milli Qəhrəmanımız Mübariz İbrahimovun simasında gerçəkləşir ("Şəhid köynəyi lalələr"mahnı-elegiya):
Suya, torpağa dönmüşəm,
Çöl-çəmən olmuşam, ana!
Mən Qarabağa dönmüşəm,
Mən vətən olmuşam, ana!
Orxan Paşa başdan-başa millidir, xalqın şairidir. Bu, şairin eşq-məhəbbət kimi fərdi və intim mövzuda yazdığı şeirlərində belə hiss olunur.
Paşanın dərdi təkcə ulu torpaqlarımızın zamanla düşmənlərin min bir hiylə-fəsadlarla yeritdiyi mənfur siyasəti nəticəsində ayrı-ayrı hissələrə bölünüb parçalanması dərdi deyil, həm də milləti millət edən atributların ən dəyərli xəzinə kimi qorunub, nəsildən-nəslə keçirilməsi dərdidir:
"Azərbaycan türkcəsi bütün poetik və qrammatik sistemi ilə heca vəzninin, qoşma üslubunun içərisindədir. Əruz-qəzəl üslubu min ildən çoxdur ki, türkcəmizə zorluq yaşadır, onu rahat nəfəs almağa qoymur. Mən ən gözəl qəzəli də ancaq bəyənə bilirəm. Poetik təvəkkürüm onları sevmək imkanı vermir. Qoşma üslubu və heca vəzni mənim poetik təfəkkürümün ana axarıdır", - deyən Paşa haqlı olaraq özünü poetik təfəkkür baxımından Qurbaninin "Bənövşə" qoşmasındakı ruhun daşıyıcısı" hesab edir və öz poetik spesifikasını bəyan edir.
Millət və millik, dil və sənət haqqında özünəməxsus fikirləri olan və "Aşıq sənəti Ozan aşıq mədəniyyətindən gələn tarixi köklü ana qaynağımızdır. Bu ana qaynağın üstündə getməlidir hər bir şey. Zaman içərisində istedadlar, böyük mənəvi gücü olan adamlar buraya nələrsə əlavə eləyirlər, yeniləşdirirlər, onu daha da irəliyə aparırlar, amma bütün hallarda ana qaynaq öz yerində qalmalıdır. Biz ana qaynağımızdan uzaqlaşa bimərik" - deyən nəzəriyyəçi Məhərrəm Qasımlının ideyaları onun aşıq sənətinə heyranlığını əks etdirən şeirlərilə öz təsdiqini tapmaqda və bu kitabda öz dəyərli yerini tutmaqdadır. Rəhmətlik Tükəzban nənənin əziz xatirəsinə "Ay ölməmiş", Aşıq Əkbər Cəfərovun ölümünə "Ayrıldı", "Göyçəgülü", bənzərsiz saz xanəndəsi İsmayıl Bozalqanlının (Yetim İsmayıl) kövrək və həzin səsinə "Dizim göynədi" ithaf qoşmaları hər biri gül dəstəsi kimi rəngarəng və təravətlidir.
Şifahi xalq ədəbiyyatından, xüsusilə də onun ən vacib qolu olan aşıq ədəbiyyatından qaynaqlanan Orxan Paşa poeziyası milli mədəni tariximizi, mənəviyyatımızı aynalamaqla yanaşı, lazımi məqamlarda sorğuya çəkən və düşündürən poeziyasıdır. "Dünya, Şeytan dolu dünya...", "Gərək olmur" və b. əsərləri bu qəbildəndir.
Kitabda şairin aşiqanə hiss və duyğularının saza kökləndiyi məqamlar "Saz başına döndüyüm" bölümündə verilmişdir.
Orxan Paşa, nə var bunu bilməyə,
Göz yaranıb könül qəmin silməyə,
Gözəl günü gözəl-gözəl bölməyə
Çağır gəlsin saz başına döndüyüm.
Bu bölmədəki şeirlərin hamısı eşq-məhəbbət mövzusunda yazılmış, sazın pərdələrinin ahəngi ilə oynayan melodik qoşma və gəraylılardır. Aşiq-şair qəlbinin dərinliklərindən axıb gələn bu sevda təranələrinin hər biri şair ömrünün ən gözəl anlarını özündə əks etdirən rəngli poetik lövhələrdir:
Ağ çiçəklər bələndilər gümüşə,
Axar sular Ay nurunda bir şüşə,
Bəndə saldı bəndələri bənövşə
Hər yan oldu naz, başına döndüyüm.
Burada bədiilik dərin hissi mənalılıqla bərabər, səslərin - birinci bənddə mə-yə, sonrakı bənddə isə şə hecalarının və b samitinin yaratdığı qüvvətli alliterasiyaya və assonansa bağlıdır. Bu şeirdə, hər zaman gənc olan lirik qəhrəmanın sirri-sehrinin onun qəlbini isidən saf duyğuları - eşqi olduğunu, hər yaz Bakıdan Tovuza kilometrlərlə yolu "üzünə-dizinə tikan batsa da, kol dibindəki bənövşəni əyilib öpməyə gələn" gözəllik aşiqinin təbiət vurğunluğunu və "dəliliyini" anlayırsan.
Lakin "Verəm canımı" qoşmasında bu aşiqin hicran əzablarından, eşq acılarından uzaq olmadığını da görürük.
De, hansı loğmana aparım, Allah,
Dərdin hər üzünü görən canımı.
Sirdaşı sarsıdan, dostu ağladan,
Odlara sarılmış Kərəm canımı.
"Axdı da getdi" qoşması isə şairin öz deyimi ilə geridə qalan cavanlıq illərinə nisgil dolu bir boylanışıdır:
Şimşəyi hardadır coşub-daşanın,
Şehlərə bələnib dağlar aşanın?!
Gülləri xoşlayan Orxan Paşanın
Güllərə xoş gələn vaxtı da getdi...
Beş bəndli bu qoşmanın semantikası tamamilə metaforikdir. Mətndə cavanlıq, gənclik konseptinin ustalıqla buluddan sıyrılan Ay işığı, yaydan çıxan ox, bahar leysanı, ovsun yağmuru, sirli dağ nuru konseptlərilə metaforlaşması və bu zaman bütün qrammatik işarə, intonasiya və assosiasiyaların bədiilik xatirinə zorlanmaması axar su kimi öz axarı ilə axıb getməsi oxucunu valeh edir. Ümumiyyətlə, minimalizm, dil şirinliyi və səlisliyi, fikir aydınlığı və kəsərliliyi Paşanın başlıca sənətkarlıq məziyyətlərindəndir.
"Səmanın, Damlanın Atillası" başlığı altında isə övlad-nəvə məhəbbətinin şirinliyindən pay alan Paşanın qızları - Şahan, Ləmana, nəvələri Səmaya, Damlaya və Atillaya ithaf etdiyi, kiçikhəcmli, rəngli süjetli uşaq şeirləri yer almışdır. Bu şeirlərdə də şair öz dəst-xəttinə sadiq qalaraq əsərlərinin orijinallığını qorumuşdur.
Kitabın nəzmlə yazılan hissəsi fraqmental tragik etüdlərdən ibarət "Şərqdə şər oyunu" adlı miniatür, lirik-epik poema ilə bitir. Orijinal kompozisiya, sadə süjet xətti və bitkin obrazlara malik olan poema siyasi motivlidir. Semantikası bizə "Dədə Qorqud" filmində dilindəki duaları və nəsihətləri küləklərə sovrulan, ağ saçları və əlindəki qopuzu ilə şahə qalxan atların dırnaqlarından qopan toz dumanının arxasında qalan Dədəmizi xatırladır. Kol dibindən bir bənövşəni dərməyi qıymayan lirik mənin burada daha bir "dəliliyinin" - şəxsi rahatlığının qeydinə qalmaq yerinə, qoca dünyanın dərdlərini sarıb-salmaladığının, elmi, ədəbi və ictimai fəaliyyətləri ilə yorulmadan, fədakarcasına milli dəyərlərimizin keşiyində durduğunun şahidi oluruq. Bəlkə, elə buna görədir ki, sərbəst şeir şəklində yazılan poemanın sonuncu fraqmentində dərdlərinin ağırlığından söz qanadının lələkləri oddan qarsılmış kimi büzüşən lirik qəhrəmanın avazı dəyişir və ona uyğun olaraq da ifa edilən mətnin şəkli, ölçüsü dəyişir.
Zalım cəllad, bir əl saxla,
Qoy dərdini yazaq Şərqin.
Sel-sel olub axır qanı
Yaxın Şərqin, uzaq Şərqin.
Qoy saxlasın quzusunu,
Çörəyini, ruzusunu,
Yazı yazan yazısını
Nədən qara yazıb Şərqin!
Kitabın nəsrlə yazılan son bölməsinin "Taleyimdən, ürəyimdən keçənlər" başlığı, sanki müəllifin oxucuya daha çox yaxınlaşacağını, mərhəmləşəçəyini vəd edir və elə buradan şair Orxan Paşanın alim Məhərrəm Qasımlı adından "Bir neçə söz"ü bizi ikilinin bütövlüyünə, vəhdətinə götürür. Biz burada müəllifin hiss və duyğularının məntiqi ilə hansı məqamda və necə qovuşduğunun şahidi oluruq. Bu cür müəllif-oxucu səmimiyyəti isə, əlbəttə, hər zaman məmunluqla sonlanır.
Bu bölmədə bəşəriyyətin taleyi məsələsi öndədir. Müəllifin milli dəyərlərin qorunması qədər bəşəri problemlərlə də bağlı narahatlığı - həyəcan və əndişələri aydın hiss olunur. Buradakı şeirlərdə real gerçəkliklər fəlsəfi boyutda (bəzən də sürreal-psixoloji əsaslarla) bədii əksini tapır, şair Paşanın özünəməxsus bədii-fəlsəfi düşüncə sistemi açılır.
"Yoxdu" qoşmasında oğuz ellərində bəzi üzdəniraq soy-kökünü unudanların milli dəyərlərimizin ən bariz nişanəsi olan saza biganəliyi şairi qayğılandırır:
Səni bəyənməyən, ay mələk sazım,
Qırıqdı zatından-mayası yoxdu.
Əməli əl verir şərə-şeytana,
Könlündə bir "Quran" ayəsi yoxdu,
- deyir, hiddəti, həyəcanı pik nöqtəyə çatır, sazın gələcəyi üçün əndişəsi artır:
Tanıyır yağılar bu yavuz eli,
Kimdi Təbriz, Şirvan, ya Tovuz eli!
Sazına sahib çıx, ay oğuz eli,
Sazın səndən başqa yiyəsi yoxdu!
Ümumiyyətlə, Orxan Paşa poetizmində zaman məfhumu özünəməxsus məzmun və mahiyyət daşıyır. Bakıdan Tovuza 400 km yolun sonunda kol dibindəki bənövşəsinə qovuşanda uşaqlaşıb bugünündən dünəninə keçən şair üçün zaman aşılıb keçiləndir. Ancaq vüsal yolları çətindi, yamandı, odur ki, görüş üçün vəfa andı içməli, üfüqdən də o yana keçməli olan əllər ürək istər, sevgi istər. "Gəldim, ay bənövşəm"qoşmasında olduğu kimi:
Bakıdan Tovuza yordum yolları.
Kimin nə dərdinə, kimə nə, gəldim.
Dağlar ətəyində tikan kolları
Qoy batsın əlimə, çənəmə, gəldim.
Sevdi Orxan Paşa əzəl hüsnünü,
Kaş ki, bürüməyə xəzəl hüsnünü.
Hopdurub canıma gözəl hüsnünü
Yığışdım köksümə-sinəmə, gəldim.
Nəhayət, birnəfəsə oxuduğum kitab sona çatanda, sanki 272 səhifədəki bütün misralar - dünyanın bir ürəyin işığında görünən rəngləri "Əllərini uzat mənə" şeirinin sol tərəfindəki "Mənə neylədisə ürək eylədi..." misrasının sonsuzluğuna düşür, sualımın cavabı çözülür; əsl şeir qanadlı, əsl şair isə məkansızdır, o sadəcə, davam etmək, güclənmək istəyir, fərqi yoxdur, harda olur-olsun!
İşığı axtaraq sonsuz gecədə
Körpə gözümüzü zülmət boğsa da,
İşığı axtaraq ümid içində
İşığı axtaraq, işıq yoxsa da...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!