Ruhun vətənə qayıdışı - Kənan Hacı

44 günlük Vətən müharibəsində şəhid olmuş igid oğullarımızın ruhuna ehtiramla

 

Şuşanı qar gördüm, qar gördüm,

Elimi var gördüm, var gördüm,

Səslədim ötən günləri,

Daşları kar gördüm, kar gördüm.

Səyavuş Məmmədzadə

 

 

...Şüşəbənddən həyətə süzülən işıq Məhərrəmin gözlərinə ala-bula göründü. Fikri qarışdı. Atasının otaqda necə büzüşüb oturduğunu, siqaret tüstülətdiyini təsəvvürünə gətirdi. Boğazı qıcıqlandı, hulqumunun üstündə bir ağrı düyünləndi, dişlərini bir-birinə sıxdı. Ürəyindəki təlatümün qarşısını almaqda çətinlik çəkirdi. İstədi anasını sinəsinə sıxıb hönkürsün. Köhnə taxta yeşiyin üstündə oturdu, siqaret çıxarıb yandırdı, acı tüstünü ciyərlərinə doldurdu, göyümtül tüstüdə acışan gözlərini eyvanın dirəyindəki elektrik lampasına zillədi. Üzündə bu həyətdən uzaq bir aləmin qarmaqarışıq xatirə kölgələri yurd salmışdı. Hiss olunurdu ki, xəyalı bu zamandan ayrılıb başqa bir aləmə pərvazlanıb. Bəlkə zamanın yaxasından yapışıb keçmişini qaytarmağı tələb edirdi?!

Üz-gözünü quru sazağın qovurduğundan xəbərsiz idi. Kənd elə bil Yer kürəsindən qopub boşluğa düşmüşdü. Bir az təəccübləndi; bu bəd fikirlər ürəyinə, ağlına hardan dolurdu? Niyə özünü qara-qura fikirlərin ixtiyarına vermişdi? Axı o, heç vaxt, ən çətin anlarda belə ümidsiz olmamışdı.

Zaman valideynlərinin üz-gözündə naxışlar toxumuşdu, o, atasının, anasının qocaldığını gördükcə içinə izaholunmaz bir qüssə dolurdu. Atası nasazlamışdı, amma büruzə vermək istəmirdi. Həmişə belədir, xəstələnəndə heç kəsi narahat etmək istəmirdi, yorğan-döşəyə düşəndə də deyirdi ki, yaxşıyam, nigaran qalmayın. Ata da, ana da onun gəlişinə sevindilər, anası çayı dəmə qoydu, yemək tədarükünə başladı. Məhərrəm evdə rahat ola bilmirdi. Geniş otağın divarları sanki birləşib onu sıxır, suyunu çıxarırdı.  Televizor işləməsəydi, sükut adamı üzərdi. Atası dərin fikrə dalmışdı, Səfurə ana isə qazan asmışdı, göy-göyərti təmizləyir, süfrəni hazırlayırdı.

- Sən heç nəyin fikirini çəkmə, oğul, dərslərinə fikir ver. Qardaşların tez-tez gəlib bizə baş çəkirlər. Dolanışığımız da qaydasındadır. Bizdən ötrü nigaran qalma. - Atası xırıltılı səslə dilləndi.

Anası Məhərrəmin qarşısına bir stəkan çay qoyub mətbəxə keçdi. Atasının qırıq kəlmələri daş olub ürəyindən asılmışdı. Arada-bərədə eşidirdi ki, ermənilər dinc durmur, yerli camaatı hər fürsətdə təxribata çəkməyə cəhd edirlər. Atasını sorğu-suala tutdu:

- Bu yaramaz qonşular, deyəsən, yenə aranı qatmağa çalışırlar. Məqsədləri nədir, görəsən? Eşitdim stadionda futbol gedəndə bizimkilərlə dalaşıblar.

- Hə, bizimkilər də onların yaxşıca dərsini verib. - Ata dilləndi. - Çox naxələf qonşudurlar. Yaxşılıq bilməzlər, gözünün yağını yedirt onlara, xeyri yoxdur. Fürsət düşən kimi arxadan bıçağı kürəyinə saplayacaqlar. Belə namərddirlər bunlar.

Firuz kişi bunu deyib köksünü ötürdü.

Yeməyini yeyəndən sonra yol yorğunu olduğundan mürgüləməyə başladı. Səksənib oyananda elə bildi bir aləm yatıb, əslində on dəqiqədə bir aləm yuxu görmüşdü... Görmüşdü ki, yamyaşıl bir yamacdır, dərin dərənin hər iki yaxası zümrüd rəngində elə təmizdi, elə gözəldi ki, dörd göz istəyir tamaşa eləyəsən. Bu zümrüd yaşıllıq qalxıb məxmər pərdə kimi üfüqün də üzünü tutur. Dümağ bir dəvə, qapqara bir hacıleylək, iki də çal xoruz bu yaşıllığın içində gəzişirlər. Leylək dəvənin başında yuva qurur, çal xoruzun biri çəmənliyi eşələyir, o biri qanadlarını çalıb car çəkir ki, qoymayın, mənim yoldaşım çəmənliyi caynaqları ilə eşib kor qoydu...

Məhərrəm yuxusuna əvvəlcə güldü. Yorğunluğun, gərginliyin bəhrəsi hesab elədi. Nəsə birdən sümüyünə qorxu düşdü: "Adam ağlını itirə bilər...". Bu çaşbaş vaqeəni danışmaq istəmədi. Amma dözməyib yuxusunu anasına söylədi. Anası bu qəribə yuxunu belə yozdu:

- Ağ dəvə dünyamızın özüdür ki, başına oyun açırlar. Leylək də ağlagəlməz qara qüvvədir, zahirdə isə müqəddəs quşdur. Xoruzun biri şərdir, altdan-altdan eşələyir, biri də xeyirdir, haray salır ki, bilin və ayıq olun... Yaxşı yuxudur.

- Nə deyim. Onu bilirəm ki, son vaxtlar yuxumu yaman qarışdırmışam. Belə-belə çaşbaş şeylər görürəm. Özümün özümə gülməyim də tutur, acığım da.

- Bəlkə bir müddət qalıb dincələsən? Buraların havası can dərmanıdır, - anası canıyananlıqla dilləndi.

- Görək hələ başımıza nə qəziyyələr gəlir, - Məhərrəm fikirli halda cavab verdi.

Ermənilərin altdan-altdan iş görmələri içində bir səksəkə yaratmışdı. Onların xislətinə yaxşı bələd idi, buna görə də içində bir nigaranlıq vardı. Ürəyində qövr edən səksəkəni heç kimə açıb-ağartmırdı... Amma sövq-təbii hiss edirdi ki, gedişat heç də yaxşılığa doğru deyil...

Eyvana çıxdı, gözlərini uzaqlara, çiyin-çiyinə dayanmış dağlara zillədi. Çinarların yarpaqlarının titrəyişinə tamaşa eləməyi xoşlayırdı. Bu çinarlar ona həmişə doğru yol göstərən xeyirxahlar kimi görünmüşdü. Eyvana çıxanda xatirələri çözələnirdi.

Yadına uşaqlıq çağları düşdü. Fikri-xəyalı Kirs yaylağına qalxdı, atları kişnəşən, qoyun-quzusu mələşən, buğaları böyrüşən, göyləri də yerləri kimi çəmən-çəmən yaylaqlara getdi. Atası hələ uşaq ikən onları dağlarda çox gəzdirmişdi. Deyirdi ki, gərək uşaqların soyuqlamasından ehtiyat etməyəsən. Dağlarda gərək sübhün şehində doyunca islanasan. Qoy uşaqların üzünə dağ havası vursun, bulaq suyu boğazlarını bərkitsin, dağ günəşi canlarını möhkəmlətsin.

Kirs yaylağına Şuşadan yuxarı atlarla yol getdilər, yəhər üstündə dolayları asta-asta qalxdılar. Yazın yarıdan çoxu ötüb-keçmiş olsa da, Kirsin ağ çarğatı hələ açılmamışdı. Hələ sinələrin quzey yerlərində qar qalmışdı. Yaylaq günəşinin dağlov kimi dağladığı vaxtlar da olurdu. Kirs yaylağının çəmənliyi xalıdan, xalçadan da əlvan, yumşaq olardı. Rayihəsi, təravəti, qartalları qıy vuran qayaları, çayları çağlayan dayaz-dərin dərələri vardı. Hər gözü bir cür qaynayan, bir cür qımışa-qımışa axan bumbuz bulaqları, baldırğanlı quzeyləri, çoxcığırlı güneyləri vardı. Qarabağın bu yerləri özgə aləm idi.

Hələ İsa bulağı... İsa bulağı Şuşanın qərb aşacağında, bakir gözəlliyə malik meşənin qoynunda idi. Nə çiçəyinin rəngini, rayihəsini, nə göylərə boy çəkən ağaclarının sayını, növünü sayıb başa çıxan vardı. Dörd fəslin dördündə də öz təkrarsız gözəlliyi ilə göz qamaşdırırdı. Qarabağın hansı elinə-obasına hörmətli qonaq gələrdisə, onun əylənməyi, şənlənib səfa sürməyi üçün İsa bulağı yada düşərdi. Məclislər qurulardı, hər məclisin özünə yaraşan xanəndə, çalğıçı dəvət olunardı. İsa bulağı meşəsində səs özü də, səsin məlahəti də pərdə-pərdə güclənib artıb ruhlara meydan verərdi. İsa bulağını bir dəfə görən min dəfə xatırlayardı. Bu bulağın, bu meşənin səsi-sorağı Şuşanın özü ilə bərabər dünyanın çox-çox adlı-sanlı, səfalı ölkələrində deyilirdi. Şuşadan öz ölkəsinə qayıdan hər kəsdən İsa bulağını, Cıdır düzünü xəbər alardılar.

İsa bulağı səmtində, bu tutaş meşədə göyün üzü görünmürdü. Lakin buranın özünün tünd, mavi, firuzə rəngində səması vardı. Burada sanki günəş görünmürdü, sanki əlahiddə İsa bulağı günəşi vardı ki, aləmi qızılı nura qərq edirdi. Buradan Ay da çətin seçilirdi, amma bu aləm gümüşlənmiş aydınlıqla dolu olardı. Bu möcüzəni görmək az idi, duymaq lazım idi ki, mətləblər, mənalar sənə aydın olsun. Bulağın qoşulduğu kiçicik dərə çayı açıq səma rəngində, Ay şəfəqi rəngində axırdı. Xanəndələr susanda elə bil zümzümələri dərə çayında, İsa bulağının axarında qalırdı...

Soltanbud meşəsi... Keçmiş əyyamlarda hər hansı bir karvan Soltanbudun qalın-qara kölgələri, yalnız göyləri ala-tala görünən nəhəng qovaqları arasından sərvaxt keçməyə cəhd eləyərdi. Qovaqları göy üzündə baş-başa çatılan, gündüzü də gecəsi kimi vahiməli-qaranlıq olan bu böyük meşə qədimdən yolkəsənlərin yuvası idi. Bura elə bil əjdahanın boğazı idi. Bir köçü bir uduma uda bilən bu "əjdaha"nın gövdəsi Kür sahillərinə uzanıb Tuğay meşələri ilə budaq-budağa verirdi. Bir polk da yerisə, basılmış köçün, karvanın izini-tozunu müəyyən edə bilməzdi.

Məhərrəm atasıyla bu yerlərdən, səfalı, cənnət guşələrdən çox keçib getmişdi. Yaddaşı təbiətin bu möcüzəli mənzərələri ilə zəngin idi.

Kəndli balaları dağlara, məxməri çəmənlikdə oynaşmağa, güneylərdə qaçışmağa öyrəşmişdilər. Sübh şehi qırovdan soyuq olan çəmənlikdə ayaqyalın, dizlərinə qədər şehə bata-bata qaçırdılar. Soyuğu-istini veclərinə almırdılar. Yanaqları qıpqırmızı olurdu, qulaqları qaysaq bağlayırdı. Uzaqda qalmış həmin günlər gəlib Məhərrəmin xəyal dünyasında dayanmışdı.

Papaq-papaq göbələk dərirdilər, çiyələyin ətri düzü-dünyanı bürüyürdü. Aydınlıq gecələrdə dağlar vüqarlı, əzəmətli görünürdü. Dumanda, çiskində çobanlar bir-birini haylayırdı. Elə ki, Ay bədirlənirdi, İsaq-Musaqdan, bir də axarlardan, çaylardan başqa hamı dinclik tapırdı. Çay iki arşın hündürlükdən tökülürdü, adına şır-şır deyirdilər. Yaylaqlar, ala-qara sürülər, tala-tala yay qarı, dəstə-dəstə ilxıların, quzuların hay-harayı... Məhərrəm yüzlərlə quzunun yüzlərlə həmrəng, boyu-buxunu bərabər analarını sürüdə tezcənə tapmasına, anaların yad quzuları irtməyindən seçib rədd etməsinə məəttəl qalırdı. Torpaq da çox münbit idi, bir ovuc səp, bir çuval biç.

Xırmanlara tökülüb qalmış saman komaları ona kənd həyatının gözəlliyini xatırladırdı. Təknə irilikdə quyruğu sallanan qoyun sürüləri örüşə daraşmışdılar. Onların otlaması, kövşəməsi bir tamaşa idi. Biçənəklərdə qurulmuş dağ boyda ot tayaları, payız şumuna başlamış əkinçilərin holavarı, yaşıllığın sinəsində açılmış qapqara şırımlar, şumların üstündə dəstə-dəstə uçuşan, qalxan, enən qara qarğa, dolaşa, sığırçın dəstələri də gözə dəyirdi.

Dağlar Qarabağın yuxa kimi yayılmış düzlərində ucalırdılar. Uşaq olanda atası onu Şuşaya aparmışdı. O günləri fikrindən keçirəndə xəyal içində gözlərinə təbəssüm yeridi. Şuşanın gurrah vaxtı idi. Xüsusən cümə axşamları gecədən keçənə qədər at nalları döşəməli yolları dilə gətirərdi. Cıdır düzü gəlmələrin, yerlilərin sıx-sıx toplaşdığı təntənə meydanına çevrilirdi. Ölkənin çox yerindən dost-aşnanın evinə mövsümi qonaq düşənləri Cıdır düzünün təntənəsinə, qiyamətinə intəhasız həvəs göstərənlər sonsuz bir istək və məhəbbətlə bir yerə toplaşardılar. Topxana meşəsi tərəfdən, Kirs, Qırxqız dağları tərəfdən axışan buludlar Cıdır düzünə, dəstə-dəstə dayananların, səbirsizliklə gözləyənlərin üstünə kölgə salıb ötüşərdi. Şuşada beş-on gün qalanın yanaqları da bu yerlərin çiçəklərinin rənginə çalardı.

Şuşanın təbiəti möcüzə idi. Bura avazımış, ağarmış, bükülmüş gələnlərin də sir-sifəti, qaməti, baxışları durulurdu. Buranın suyu möcüzə idi. Beş-altı dəfə əl-üzünü yuyanın güzgüyə baxanda özündən xoşu gəlirdi. Buranın havası möcüzə idi, beş-altı gün nəfəs dərən dirçəlirdi, yanaqları allanırdı, fikrində aydınlıq əmələ gəlirdi. Yaşlı da cavanlıq həvəsinə düşürdü. Buranın dumanı-çəni möcüzə idi, gəlirdi, çisələyirdi, ötüb-keçirdi. Gün ki düşürdü, sanki yerdə yüz rəngin üzünə sığal çəkirdi, torpaq sıyrılıb buludlardan çıxmış Ayın özü kimi cilvələnirdi. Buranın meyvəsi, südü, qaymağı, çiçək yağı möcüzə idi. Deyirdilər ki, bu sudan içən, bu dağlarda bəslənən, bu havadan faydalanan, bu günəşdən işıq alan, bu otdan, bu çiçəklərdən qidalanan hər nə varsa, hamısının məhsulu dadlı olur, adama ayrı bir ləzzət verir. Hələ güllər-çiçəklər...

Bəs xarıbülbül adlanan təbiət incisi?! Bu çiyni bükük, bülbülə bənzəyən bənövşə çiçəyi təkcə Şuşada, yalnız Cıdır düzündə bitirdi. Rəngi də, ətri də, görünüşü də hər cür çiçəkdən seçilirdi. Cıdır düzünə yolu düşənlər öz bəxtinə əvvəl-əvvəl xarıbülbül arayıb toplayırdı. Çox dərməzdilər, çox incitməzdilər bu çiçəyi.

Məhərrəm indi o günlər üçün darıxırdı, yenə uşaq olub atasıyla birlikdə o dağlara qalxmaq istəyirdi. O dağlarda sanki başqa bir güc, qüvvə, başqa bir əsrar vardı ki, insanı ilkinliyinə qovuşdururdu, o ucalıqda vətənin gözəlliyinə, yenilməzliyinə, bütövlüyünə vurulurdun, ayağın altındakı torpaq dil açıb insanla danışırdı. Bağların meyvəsi bal dadırdı, dumanı şərbət kimi dolçaya doldurub başına çəkmək istəyirdin.

 

***

Şuşada idilər. Sübhün aydınlığı Şuşanın gözəlliyinə ayna tutmuşdu. "Qarabağ" otelinin foyesində Adəmlə yazıçı üzbəüz oturmuşdular. Yazıçı Adəmin atasının yazdığı dəftərçəni çantasından çıxarıb masanın üstünə qoydu.

- Oxudum... Atanız Şuşa həsrətiylə yaşayırmış.

Adəmin gözləri doldu. Titrək səslə: - Hə, - dedi. - Amma onu Kültəpədə vurdular.

Ayağa qalxıb siqaret yandırdı və pəncərədən görünən Kirs dağlarını seyr etməyə başladı.

- Bilirsiniz, mən yazıçı deyiləm. İstəyirəm ki, bu yazının ardını siz davam etdirəsiniz. Əminəm, atamın ruhu buralarda dolaşır. Siz onun ruhu ilə bir söhbət edin. Deyəcəklərini isə yazın.

- Çətindir. Amma çalışacam, - yazıçı tərəddüdlə cavab verdi.

...Gecənin bir yarısı otağın qapısı döyüldü. Hövlnak yerindən atıldı.

- Bu vaxtı kimdir, görəsən?

Ayağa qalxıb əynini geyindi və qapının üstündəki açarı burdu. Qarşısında Məhərrəm dayanmışdı.

- Eşitdim ki, Müzəffər Ordumuz Şuşanı işğaldan azad edib. O tərəfdə bütün ruhlar bayram edir. Ali Baş Komandan televiziya ilə xalqa Şuşa müjdəsini verəndə Bərzəx aləmi lərzəyə gəldi. Bütün şəhidlərimizin yaralarına məlhəm oldu bu xəbər.

Yazıçının heyrətdən dili tutulmuşdu. Qəfil gələn gecə qonağına nəsə demək istəyirdi, amma heç nə deyə bilmirdi.

- Ruhum dinclik tapdı, oğul. Bilirəm, mənim dəftərçəm səndədir, o vaxt xatirələrim yarımçıq qalmışdı. Ora təkcə bunu əlavə edərsən:

Əyilib Şuşanın torpağını ovucladım və gözlərimə sürtdüm. Cıdır düzündən əsən meh ruhuma sığal çəkdikcə həsrətim də gilə-gilə əriyib yox oldu.

 

28 oktyabr-1 noyabr, 2022


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!