Gözümü yasəmən ağaclarının altında açdım. Küləyin xəfif-xəfif tərpətdiyi budaqlardan üzümə yetkinləşmiş yasəmənlər tökülürdü. Xatırladım ki, ən son Solun boynuna yaxınlaşdırmışdım burnumu. Yasəmən qoxusunu hiss etmişdim. Məni Gümüşlandiyaya birbaşa atan Solla bağlı bir şey idimi? Yoxsa Gümüşlandiyaya belə sürətli gələ bilmək üçün yasəmən qoxusunamı ehtiyac duyurdum?
Bu, gümüşlərin növbəti hiyləsi idimi? Sol Gümüşlandiyanın simulyasiyası idimi?
Nə üçün reallıqda yaşamaq şansımız milyardda bir idi? Dəlimi olurdum....
Sanki hər şey orijinal və təqliddən ibarət idi... Mən hansı idim. Hansı dünyadakı mən gerçək idi?
"Dəlini bu gözəl təqlid edən biri, hər halda gerçəkdən də dəli olmalı idi", başqa cür mümkün deyildi... Deyəsən, ağlımı qaçırdırdım...
Öz daxilimdə həbs edilmişdim. Bütün bu gerçəklə simulyasiyalar arasındakı keçidlərimdə başımı itirirdim. İkiüzlü, minüzlü insanlar, robotlar, gümüşlər, miflər, kitablar... Öz içimdə həbsdə idim. Sorğulayan da, sorğulanan da mən idim... Ən ağır cəzaya özümü məhkum edən də əslində mən idim.
Bütün bu çıxılmazlıq məni dümdüz bir divara çırpırdı və bəlkə də, ruhum öz köynəyini cırdıqda özünü Gümüşlandiyaya atırdı. Nəfəsimi tutub həyatıma son vermək istəyirdim. Bütün bu keçidlər, istəyərək, istəmədən yaşananlar xoşbəxtliyim üzərindəki qara bulud idi...
Belə anlarda təklik bütün ruhumu bürüyürdü. Ürəyim didib parçalanırdı. Ağrılarım ürəyimə batırdı. Təkliyim boğazımda düyünlənirdi. Udquna bilmirdim. Boğulurdum. Özümü qucaqlayıb təsəlli etmək istəyirdim. Ax bu qürurum... Necə olurdu ki, bircə dəfə də əslində nə istədiyimin təfərrüatınn izahını heç kimlə bölüşə bilmirdim. Nə üçün daima anlaşılmaq ümidi ilə gözləyirdim... Ömrümdən salisələr, saniyələr, dəqiqələr, illər əskilirdi... Bütün bunları düşünərək nə qədər böyük zaman dilimləri sərf etmişdim...
Hava tutqun idi... Gümüşlandiya dağları gümüşün ən gözəl tonuna bürünmüşdü... Burada bir neçə fəsil hər zaman olduğu kimi yenə də eyni anda yaşanırdı.
Ayağa qalxdım. Üzərimdəki yasəmənləri dəlisov külək ovucladı. Əlimi atıb otların sinəsinə qısılan yasəmən çiçəklərindən bir ovuc dolusu götürüb ciblərimə boşaltdım... Bu, yuxu ola bilməzdi, dəli də deyildim...
Yavaş-yavaş yasəmən qoxan keçmişlə gələcək arasında addımladım. Kofeinli fiziki bədənim bütün imitiasiya olunmuş dünyaların içində özünə meta reallıqlar yaratmaq arzusu ilə alışıb yanırdı.
Ayaqlarım məni baltaların səsi gələn Gümüşlandiya meşələrinə dartsa da. Beynim məni tamam başqa yönə Gümüşlandiyanın görmədiyim kənar kəsimlərinə sürükləyirdi. Qaçılmaz gerçəklik nə idi bilmirdim. Bilmədiklərim ruhumu necə ağrıda bilirdi?
Bəlkə də hansısa parelel dünyada hər şeyi bilirdim. Ya da "Reallıq prinsipi dəyər qanununun müəyyən mərhələsi ilə üst-üstə düşürdü. Beynim dayanmadan hər şeyi dərk etmək istəyirdi. Məni həyəcanlandıran bütün gizlilikləri bilməmək bir müddət sonra ruhuma əzab verirdi. İnsan olmanın təbiətindən qaynaqlanan maraq hissi bütün beynimi əsir alırdı.
Bu gün sistem tamamilə qeyri-müəyyən bir mühitə doğru irəliləyir.
Gerçəklikdən uzaqlaşır, bütün reallıq kod və simulyasiyaya xas olan hiperreallıq tərəfindən udulur. İndi həyatımız köhnə reallıq prinsipini əvəz edən simulyasiya prinsipi ilə müəyyən edilir. Məqsədlərimizi itirəndə modellərin təyin etdiyi reproduksiya prosesinə girdik".
Bilik əldə etmək insanı digər canlılardan fərqləndirən bəlkə də ən mühüm xüsusiyyətlərdən biridir. İnsan həmişə rasional yolla, həm təcrübi, həm də ağıl yolu ilə əldə etdiyi biliyin doğruluğunu yoxlamaq və buna görə hər şeyi də dərk etmək istəyir.
Ancaq mən artıq hər şeyə şübhə duyurdum. Ovuclarıma batırdı skeptik düşüncə yağmuru. Həyatı olduğu kimi rasional qəbul edə bilmirdim. Canım yanırdı. Kül olurdum. Məntiqim buz parçalarına çevrilib ürəyimə batırdı. Şübhələrdən başımı itirirdim. Yox, əziz oxucum, bu, romantik duyğu selinə qapıldığımın göstəricisi deyil.
Mən ümumiyyətlə belə bir hissə çox da düşmürəm.
Bizim dünyamıza romantik hisslər çox yad idi. Dünyamız bütün var oluş mərhələlərindən daha duyğusuz olanı idi. Bu qədər soyuqluğun içində var olmağa çalışan dünyamızdan daha bərbad bir aldanış içində mövcudiyyətini davam etdirən Gümüşlandiya ağlıma gələndə dəhşətə düşürdüm. İndiki dünyamızın mahiyyət prinsipi robotlaşmaq və super texnoloji biliklərə olan hərislikdən doğulurdu.
Bəs Gümüşladiya? Bura varoluşun hansı qatı idi?
Duyğu yağmuru və düşüncə burulğanından məni dartıb çıxaran üzümə zillənən bir cüt göz oldu. Qorxub kənara çəkildim. Gümüşlərə bənzəsə də bu ağ saqqallı insanın siması da, geyimi də fərqli idi... Qıpqırmızı gözlərindən qan damcılayırdı.
Yavaş-yavaş arxaya çəkildim. Məni nə gözlədiyini bilmirdim. Ondan qorxmur kimi davranaraq ətrafa göz gəzdirib bir qorunma yolu axtarmağa başladım ümidsizcə.
- Sən kimsən!
- İnsan!
- Gümüşlandiyaya insan gəlib?
Ağ saçlı qoca diksinərək arxaya çəkildi. Sonra qusmağa başladı. Dəhşət və ikrah hissi ilə onu izləməyə başladım.
Ağzını və saqqalını çəhrayı rəngli qusuntudan təmizlədikdən sonra diqqətlə mənə baxaraq:
- Rədd ol burdan, murdar Adəmin törəməsi - dedi...
- Sən kimsən, hansı haqla bunu deyirsən? - bağıraraq üzərinə yeridim.
Əsasının iti ucunu sinəmə dayadıqda, arxaya çəkilməyinin zəiflikdən deyil, ikrah hissindən qaynaqlandığını gec də olsa qavradım.
- Samuel mən! Ey məsumiyyəti, gözəlliyi qana, qəddarlığa bulaşdıran rəzil insan - dedi.
Bu gün bütün olanlar sənə görədir. Ulu baban Adəm bütün gözəllikləri məhv etdi. Öncə cənnəti aldı əlimizdən... Sonra isə Liliti məhv etdi...
- Lilitin ucbatından itirildi cənnət...
- Liliti?
- Sizə, ey insan hər şey səhv danışılır... Adəm Liliti hər zaman alçaltdı, hər şeyin kökündə bu durur. Beləliklə intiqam yarandı. İntiqamı siz yaratdınız...
Adəm özünə göy üzü, Lilitə yer üzü kimi baxırdı. Hər daim Lilitdən itaət gözləyirdi. Bunu öncə işarələrlə, sonra isə cinsi təzyiqlə etdi. İtaət etmək istəməyən Liliti dəfələrlə zorladı.
- Lilit Adəmi məhv etdi, başına bəla oldu, Tanrıya qarşı çıxdı yer üzünə qaçdı.
- Onu bu həddə Adəm gətirdi. Tanrı növbəti səhvini Həvvanı yaradaraq düzəltmək istədi, bunun üçün Adəmin qabırğasından istifadə etdi, çünki başqa bir üsyan istəmirdi.
- Həvva daha yaxşı idi. O, boyun əydi hər şeyə... Lilit Həvva kimi ola bilmədi... Sevə bilmədi Adəmi... Həvvanın sevgisi daha gerçək idi...
- Nə üçün? Tabe və təslimiyyət sevginin gerçəklik ölçüsümü? Üsyankar ruhun daşıyıcıları həqiqi eşqi daşıya bilməzlərmi?
- Lilit ağıllı deyildi...
- Eşqdə ağıl axtarmaq sənin ağlının miqdarına dəlalət etmirmi?
- Həvva!
- Çünki Tanrı da Liliti məhv etməyə başladı. Çünki o, əslində bilərək Lilitin torpağına alov qatmışdı. Həvvanı isə belə yaratmadı, itaət etsin deyə kodladı... Necə ki, sizlər süni-intellektləri kodlayırsınız... Tanrı bilmirdimi, ay zavallı insan, alov Lilitə üsyan gücü qatacaq. O, Adəmə qarşı gələcək. Tanrı ağılsız idimi? Və bilmirdimi bu üsyankar ruh bir gün qaçıb gedəcək. Tanrı Liliti yaratmaq üçün Adəmə söz vermişdi. Liliti yoğurmağa başladıqca Tanrı öz təkliyi ilə üzləşdi və bu onu dərindən sarsıtdı. Adəmi qısqandı... O, təklik hegemoniyasından isə dönə bilmədi... O, Adəmə verdiyi sözdən dönə bilmədiyi üçün Liliti ona verdi. Ancaq Liliti Tanrı da arzulayırdı. Lilitsiz gecələr ona ağır gəlirdi. Lilitin Adəmin qollarında inildəməsi Tanrını dəli edirdi. Lilit yer üzünün işarəsi idi. Tanrı bütün küləklərini göndərib yer üzünü kəsib biçirdi. Dağlardan vulkanlar fışqırıb, çaylarda daşqınlar yaradırdı. Darıxdığından yer üzündə Lilitin alov qırmızısı rəngindəki saçlarına xitabən qırmızı güllər yaradırdı. Sonra o gülləri didib parçalayırdı... Məsum bülbülləri tikanlara qurban edərək Lilitin ruhunu qana susadırdı. Bu ritual idi... Aqressiyanın, intiqamın ritualı... Güllərin iti tikanları Lilitin əsrarəngiz, dəlisov, üsyankarlığına işarə idi. Tanrı darıxırdı. Lilitin ası ruhuna nəhayət ki, bu ritualları ilə tabe olmamağı xatırlatdı. Lilit getdikcə onu alçaldan Adəmdən uzaqlaşmağa başladı. Adəm öncə Lilitlə danışmağa çalışdı. Lilit dediyini deyirdi. Adəm Lilitə zor tətbiq etməyə başladıqda Lilit bir neçə saniyənin içində onu tərk etməli olduğunu dərk etdi. Lilitin Adəmi tərk etməsi nəyisə dəyişmədi. Lilit bu dəfə yalnızca Adəmə yox, Tanrıya da nifrət etməyə başladı. Bu nifrət onu mənimlə yaxınlaşdırdı... - dedi Samuel gözlərini uzaqlara dikərək... Gözlərindən qan damcılayırdı... Xof məni basırdı. Arada ətimi didirdim dırnağımla. Yuxuydusa ayılmaq istəyirdim, astralda idimsə qayıtmaq...
- Lilit üçün hər şeyi etməyə hazır idim - Samuel əsasını yasəmən ağacına soxub bağırdı... Yasəmənin sinəsindən dupduru yaş axmağa başladı. Bir anda içimdən Samuelin boğazını dişlərimlə didib parçalamaq keçdi... Gözlərim boğazını axtardı... Yox idi... Başı sanki havadan asılmışdı...
- Bir dediyini iki etmirdim. Bir gün Tanrı da, Adəm də Lilit üçün darıxmağa başladı... Axı insan da, Tanrı da mahiyyətcə eynidi... Tanrı necə fərqli bir varlıq yarada bilərdi ki? Tanrı əslində insanın içinə özündən nəsə qoymuşdu. Qoymalı idi... Alov mən və Lilitin ruhunda mövcud olsa da torpaq bunu söndürməyə qadir deyildimi... Bəs nə üçün bunu etmədilər? Çünki Tanrı da, Adəm də sakitliyi istəmirdi. Ruhlarında qarğaşaya, xaosa meyil var idi çünki...
Lilit onları bu xaosa sürükləyirdi. Darıxmaq yaşamaqdır axı. Var olmaqdı, nəfəs almaqdı - deyib Gümüşlandiya mütəfəkkirləri, ancaq mən onsuz yaşaya bilməzdim. Lilitə hər şeyi başa salmalı idim... Onsuzluğun məni daha da şeytanlaşdırdığını, Tanrının da arzusunun bu olduğunu... Axı bu hekayədə ən məsum mən idim... Mən Samuel... Mən Liliti qarşılıqsız sevirdim, onunla ailə olmaq arzusunda idim...
- Bunun üçün nə etdin?
- Öncə Lilitə yalvardım ki, getməsin. Ancaq Lilit Adəmin düzələ biləcəyinə inanırdı. İnanırdı ki, Adəm peşmandı... Əslində mən hər şeyi görürdüm, bu çox ağır idi... Adəm heç onun vecinə də deyildi. Adəm asan loğma idi...
- Ağır olan nədi... Adəm və Lilit eşqimi?
- Hahhaah Adəm və Lilit eşqi? Necə saf bir düşüncə... Necə dərin safsata...
Lilit kimi güclü qadın nə üçün Adəmi sevsin... Adəmi yox... Kaş ki, Adəm olardı... onda hər şey asan olardı... Onlar məni aldatdılar... Olsun, bəs Lilit? O bunu necə etdi... Axı Cənnətdən getmək qərarında onu ən çox mən dəstəkləmişdim. Əsəbdən alışıb yanan qan qırmızısı saçlarını sinəmdə soyutmuşdum...
Yasaq eşq idi, hər şeyin kökündə duran... Lilit də Tanrını sevirdi...
Onu itirə bilməzdim. Tanrıya bir gecə o yuxudaykən pıçıldadım və onu inandırdım ki, Lilit Adəmə görə deyil...
- Tanrı yatmır!
- Yatmır? Bunu görmüsənmi?
- Mənim didib parçalamaq arzusunda olduğun boynumu gördüyün kimimi?
Diksindim. Cəld arxamı yasəmən ağacına söykədim.
Boğuq səslə güldü...
- Bilirsənmi? Adəmi oğlu kimi sevirdi Tanrı və əslində onun ağlına röyasındaykən soxduğum yeni qadın düzəltmək fikri onu da bu dəli peşmanlıqdan -qadağan eşqin iztirabından xilas edirdi. Həvva bir növ bağışlanılmaq üçün Tanrının son ümidi idi... Və mən buna nail oldum. Adəm Həvvanı görən kimi Liliti unutdu ondan əl çəkdi. Adəm zəif xarakterli idi.
- Yox, Lilit qayıtmadı deyə, Tanrı Həvvanı yaratdı...
- Dedim axı qayıdacaqdı... Ta ki, mən o üç mələyi aldadıb başqa yönə göndərənədək. Mələkləri şeytanlar aləmindən Lamaştu qarşıladı. Alov rəngindəki qırmızı saçları ilə o, mələkləri Lilit olduğuna inandırdı və Tanrını söydü. Adəmi alçaltdı. Mələkləri qovdu... Tanrı elə bildi ki, Lilit ona qarşı gəldi... Hər şeyi edən mən idim... Mən bədbəxt...
Milyonlarla ildir bu qovğa davam edir. Tanrı və Lilit bir-birini qıraraq sevişirlər. Qana susayıblar...
Bunu çox gec anladım. Bu ehtiras sönmür. Onlar sanki bu cür özlərini rahatladırlar, boşalırlar. Lilit mənimlə acığa sevişir. Doğulan hər uşağı, Tanrı məhv edir... Bizi isə öldülmür o qəddar! Ölümsüzlük vermək onun ən böyük cəzası imiş, ən nəhəng intiqamı...
Samuel bunu deyərək getmək istəyirdi... Rahat nəfəs alacaqdım ki, qayıdaraq...
- Lilit isə heç vaxt gerçəkdə mənə aid olmadı. Hər daim mən onun üçün darıxdıqda sığına biləcəyi liman idim. Bu məni dəli edirdi. And içdim o gün ki, Adəm və adəmoğulları mənim ən qəddar düşmənlərimdir. Milyonlarla əsrdir ki, onları pis yola çəkirəm, insandan - səndən nifrət edirəm! İndi isə cəhənnəm ol Gümüşlandiyadan. Bubululara söz vermişəm. Yoxsa sənin hər tikəni asardım bir yasəmən dalından, qanını səpərdim Gümüşlandiya dağlarına, murdar!
- Bu mümkün deyil - qışqırmağa başladım. Başıma-gözümə döyürdüm. Gümüşlandiya həm ruhumu, həm məntiqimi məhv edirdi. Hər şeyimi əlimdən alırdı. Reallıqla gerçəklik arasındakı kəskin xətt silinmişdi. Mən hönkür-hökür ağlamağa başladım... Göz yaşlarımın altına Samuel qaçaraq papağını tutdu. Və tələsik onları içməyə başladı. Dəli olcaqdım... Nə baş verirdi. Bu nə idi...
- Ağlayan hər insan mənim ömrümü qısaldır. Ağla, insanoğlu ağla, sənə bu yaraşır, murdar məxluq, ağla ki, bitsin bu cəza!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!