Fərid HÜSEYN
Cari ilin aprel ayının sonunda Beynəlxalq SilkWay Ədəbiyyat Festivalının finalı Quba şəhərində keçirildi. Beynəlxalq tədbirin həmsədrləri Varis və Əlibala Məhərrəmov idilər. "Quba - Truskavets - Şahdağ" sanatoriyasında 3 gün ərzində keçirilən, ədəbiyyatımızın inkişafına yönəlik layihə olan bu maraqlı festivalda gözlənilməz hadisələr baş verdi. Həmin günlərdə münsiflərin səsverməsi ilə üç gənc yazar (Ruslan Dost-Əli, Ulucay Akif, Cavid Qasımov) qalib seçildi, cavan qələm adamlarının bir-birini dəyərləndirməsi nəticəsində isə bir yeni nəsil yazarı (El Roman) birincilik qazandı.
Festival günlərində Xalq yazıçısı Anar ilə gənclərin görüşü keçirildi. Tədbirin maraqlı tərəfi o idi ki, burada iştirak edən cavan söz adamlarının hamısı qarşılarındakı görkəmli qələm adamının əsərlərini oxumuş, mətni bilən cavanlar idilər deyə ona bir-birindən maraqlı suallar verə bilirdilər.
Xalq yazıçısından soruşulan suallardan biri də bu oldu ki, son günlərdə dərc olunan "Altmışıncılar" və son 60 ilin ədəbi həyatından səhifələr" adlı yazınızda sizə uzun illər əvvəl ünvanlanan yazılardan dəqiq mənbələri sitat göstərməklə misallar çəkirsiniz. Həmin mətnləri toplamaq, saxlamaq ehtiyacı sizdə nədən doğur? Ancaq bu məqam sualın sadə tərəfi idi. Sualın özəkdə yatan əsas mənası bu idi ki, o cür hədyanlara zaman sərf etməyə dəyərmi? Sualı "bir təpik də qazsaq", başqa bir dərin məna isə bu idi ki, şəxsinizə qarşı haqsızlığı bunca sənədli-sübutlu şəkildə oxucuların diqqətinə çatdırmaq, gələcək nəsillərə ötürmək sizi yormurmu? Həmin sualı kimsə belə də qavraya bilərdi: bu sübut dolu yazılar "növbəti repressiya" üçün "kağız qalxanlara" bənzəmirmi?
Əlbəttə, Anar müəllim dərhal anladı ki, sual yeddibaşlı əjdaha sayaqdır, soruşulan fikrə haqq naminə elə cavab verməlidir ki, "bütün başlar eyni anda əzilsin". Anar müəllim dedi: "Başqa ölkələrdə bilmirəm necədir, amma mən hələ gənc yaşlarımda ədəbiyyata gələndən, sonra da Yazıçılar Birliyinə sədr seçiləndən sonra anladım ki, bizim ölkədə ədəbiyyat həm də mübarizədir". "Bəs həm də mübarizədir" nə deməkdir? Deməli, ədəbi mühitimizdə yazıçı olmaq öz qələm yoldaşlarının həsədləri, haqsız yazıları, yüksəlişlərinə qarşı aqressiyaları, şər-böhtanları, ömürgödəldən söz-söhbətləri, ayaqaltı qazmaları ilə mübarizədir. Yazıçı mübarizəsi həm də üzdə bir cür davranıb arxada başqa işlər çevirənlərdən yayınmaq, bu gün tərifləyib sabah söyənlərin mənəviyyatsızlığına dözmək, badə dostlarının fitnəkar "qardaşlığı"na susmaq, fürsətkeşlərin yağmakar əqidələrinə duruş gətirməkdir… Bir sözlə, bu fitnə bazarında heç nəyini satmadan gözəl əsərlər qələmə almağın min bir çətinliyini Anar bircə ifadəyə - "həm də mübarizə" fikrinə sığışdırmışdı. Şəxsən mən o ifadənin anladığım mənasından diksindim, eləcə də, Anar müəllimi dərindən anlayanlar da. Sonra dəyərli gənc şair dostlarımla "çay söhbətləri"ndə bu xüsusda fikir mübadiləsi apardıq.
Heç Anarın ifadə etdiyi həqiqətin üstündən bir gün keçmədi ki, festivalın qiymətverməsində dedi-qodu başladı. Gənc yazarlar bir-birinə, istedadlı həmkarlarına sıfır bal verdilər. Kiməsə sıfır bal vermək o deməkdir ki, o, insan heç doğulmayıb, yoxdur. Hətta bəzi gənclər arasında insafsızlıq bu həddə yüksəlmişdi. Münsiflər içərisində kimlərinsə adı "tərəfkeş" kimi hallandı, festivala gəlməyənlər ora gələnləri "bir qarın çörəyə görə Qubaya gedənlər" dedilər. Kəsəsi, yeddi arxın suyu bir-birinə qarışdı. Bakıya qayıtdıq, yenə də dövri mətbuatda, sosial şəbəkələrdə narazı tonlu yazılar bir-birini əvəz elədi.
Və hələ ədəbiyyata təzə qədəm qoyanlar, söz meydanına yenicə ayaq açanlar üçün Anarın dünən dediyi "həm də mübarizədir" fikrinin təsdiqi özünü çox gecikdirmədi, əyani şəkildə bir gen sonra gerçəkliyə çevrildi. Beləcə, Anarın sənədli-sübutlu mübarizəsinin mahiyyətinin, təcrübəsinin anlamının öz aramızda "şahidi" olduq.
Əslində, bu görüş Anarın gənclərlə görüşü yox, həm də Xalq şairi Rəsul Rzanın dediyi: "Mübarizə bu gün də var, yarın da..." misrası ilə görüşü idi. Amma mübarizə R.Rzanın dediyi kimi bəşəri mübarizə yox, Anarın bədxahlarına, hədyançılarına yönəlik dilə gətirdiyi ürəyi yanaraq söylədiyi, əslində belə bir mühitin olmasını arzulamadığı "həm də mübarizə"si idi.
Önümüzdəki günlərdə Azərbaycan Yazıçılar Birliyinin növbəti qurultayı keçiriləcək. Yenə də "yekə ağızdan tüpürənlər", hədyan yazanlar, Xalq yazıçısını gənclərə qarşı qoyanların münbit dövrü başlayır. Anarın şifahi söhbətinin ibrət dərsini görənlər, yeridir ki, onun Azərbaycan naminə yazdığı yazıların da, əsərlərin də zamanın hökmü ilə uzlaşan həqiqətlərini sezə bilsinlər. Belə etsələr, onda "həm də mübarizə"nin komik personajına deyil, həqiqi mübarizələrin gerçək qəhrəmanlarına çevrilə bilərlər...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!