Murdar - Hekayə. Aqil BƏKİR

 

 

O zaman bilmirdim ki, yaşam qayğısı nədir, keçim dərdi nə olan şeydir. Balaca idim, bütün şıltaqlıqlarım, dəcəlliklərimlə uşaqlığımı yaşayır, həyatı dərk etməməkdə israrlı davranırdım. Amma elə bir məqam gəlib çatdı ki...

Onda cəmi 10 yaşım var idi. Üstündən 19 il keçməsinə baxmayaraq, həmin gün saniyəbəsaniyə yadımdadır, bir daha silinməmək üzrə hafizəmə qazınıb.

Qonşumuzun oğlunun toyu idi. Qonum-qonşu tökülüşüb toy olan həyətə gəlir, hərə bir işin qulpundan yapışır, köməklik göstərirdi. Uşaqlar da bunu fürsət bilib azadlıqlarını elan edərək ürəkləri istəyən qədər oyun oynayır, yorulub əldən düşənədək "bənövşə, bəndə düşə" deyə-deyə sıx qolları aralamağa çalışırdılar. Mən də onlara qoşularaq bir dəqiqə də varsa, dayanmır, elə hey qaçır, qaçır, qaçırdım...

"Qovma-qaç"da arxama baxmadan kənd yolu ilə elə yüyürmüşdüm ki, bir də geriyə çevriləndə məni heç kəsin qovmadığını gördüm. Torpaq yolun tozu ciyərlərimə getmiş, nəfəs almaqda çətinlik çəkirdim. Yol kənarındakı ağacın altında oturub bir az nəfəsimi dərmək istədim. Elə yorulmuşdum ki, günəşin xumarlandırıcı istisi nə zaman məni ağuşuna aldı, nə zaman yuxuya getdim, xatırlamıram. Bir də onda ayıldım ki, anam başımın üstünü kəsdirib.

- İt qızı, it, nə qələt edirsən burada? Nə qədər axtarmışam səni, ürəyimi saldın, - deyə-deyə saçımdan tutub dartdı. Yuxu sərsəmliyi nə baş verdiyini anlamağıma mane olurdu. Saçımın dartılması, ard-arda gələn şillələr birdən məni ayıltdı.

- Ay ma, yuxuya getmişəm, ay ma, noolar vurma, noolar, ağrıdır axı, ağrıdır, - ağlaya-ağlaya ağzımdan çıxan bu kəlmələr anamın əsəbini soyutmağa bəs eləmədi. Elə hey söyür, vurur, vura-vura söyürdü... Nəhayət, bir az sakitləşdi, ağacın altında çöməldi. Ağlayırdı.

- Heç bilirsən, nə qədər qorxdum? Bu nə hərəkətdi edirsən? Mən deyirəm, qızım ağıllıdır, o da düşüb küçələrə. Atan bilsə, neyləyər bizə? - Göz yaşını silə-silə məni elə qucdu ki, onun ana şəfqəti məni ağlatdı. Başımı sinəsinə qoyub boynundan gələn xoş qoxunu içimə çəkdim. Utana-utana: "Bir də olmaz", - dedim.

Özünü toparlayıb üz-gözünü düzgün hala saldı, mənim də üst-başımın tozunu çırpıb: "Yaxşı, gedək, bu dəqiqə atan bizi axtarmağa başlayacaq", - dedi.

Əlini bərk-bərk sıxıb özümü donunun yanına qısdım və yola düşdük.

Evə çatanda: "Heç yerə cəhənnəm olma", - deyə tənbehlədi, gedib üz-gözünə su çilədi.

"Get nənənin yanında otur, arvad tək qalıb. Mən də gedib qonşuya kömək edim, axşam gələrəm, bir yerdə hazırlaşıb gedərik toya. Nənən də gəlsə, gələr", - deyib, şalını başına ataraq həyətdən çıxdı. Eyvandan arxasıyca baxmaqdan başqa heç nə etmədim.

O qədər əldən düşmüşdüm ki, nənəmin böyrünə qısılıb yatdım. Anam evə qayıdanda yarım saatdan çox idi ki, oyanmışdım. Özümə toy üçün paltar seçməyə başlamışdım. Nənəm də kömək edirdi. Amma toya getməyəcəkdi, yenə özünü halsız hiss edirdi.

Anam da özümü ağıllı aparmağım barədə məsləhət verə-verə saçıma əl gəzdirdi, kəkilimi düzəltdi, rezini bərkitdi. Biz evdən çıxırdıq ki, nənəm də gələcəyini dedi:

- Getməsəm, ayıb olar. Deyəcəklər ki, iki gün əvvəl yaxşı idi, guya toy günü pis oldu.

Toy eşiyi bizdən üç-dörd ev o tərəfdə idi. Həyətlər geniş olduğu üçün evlərin arasında xeyli məsafə var idi. İçi atamqarışıq, bütün kişi qonşular üçün ayrıca açılmış məclis hələ də davam edirdi. Demək olar, stol başındakı hər kəs içkili idi. Onlar üçün toy, kimin oynayıb, kimin oynamaması maraqlı deyildi, öz aləmlərində idilər. Qadınlar da toyxanada oturaraq yeni qohumların rəqs etməsinə baxır, gəlinin utancaqlığından, bəyin çəkingənliyindən, qudaların davranışlarından danışırdılar.

Özümüzü toya baxmağa daldırmışdıq. Çalğıçılar musiqini dayandırdıqda atamın səsini eşitdim, anamın ətəyini dartaraq xəbər verdim. Anamla yanına getdik. İçkinin təsirindən axşam sərini yavaş-yavaş onu üşüdürdü, lakin qızğın məclis də davam edirdi. Anama evdən onun üçün çiyninə atmağa nəsə gətirməsini istədi. "Gətirərəm", - deyib nənəmin yanına getdik, evə baş çəkib qayıdacağımızı dedik. Bunu eşidən yanımızdakı qonşu anama: "Sən otur, qızlar götürüb gələrlər", - deyə mənlə öz qızına işarə etdi. Qızın 16-17 yaşı olardı.

Anam: "Yox, qaranlıqdır, özüm gətirərəm", - dedisə də qadın israr etdi: "Əşi nə olacaq, buradan-buradır da, bir də sən niyə gedəsən e". Anam tərəddüd etsə də, nənəmin də qonşuya haqq verməsilə razılaşdı:

- Tez gedin, tez də gəlin.

Biz yola düzəldik, addımlarımız yeyin idi, demək olar, heç danışmırdıq. Toy həyətindən xeyli aralanmışdıq ki, qız mənə: "Nəsə bir az üşüdüm, əynimi nazik geyinmişəm, gəl mən də evimizdən bir şey götürüm, elə gedək", - dedi. Razılaşdım. Onların evi ilə bizim evin arasında bir bağ var idi, vəssalam. "Gözlə, gəlirəm", - deyərək həyətlərinə girdi.

Nə oldusa, o bir neçə dəqiqədə oldu.

Qız evlərinə girəndən sonra arxamda qaraltı hiss etdim. Həyətin darvazasını yarıbağlı saxlayıb arxasından boylandım. Heç kəsi görmədim. Qızın gəlib-gəlmədiyini yoxlamaq üçün evə baxanda qapı zərblə itələndi və yerə yıxıldım. Qışqırdım. Elə bir çığırtı qopardım ki, sanki boğazım ağzımdan çıxacaqdı. Deyəsən, bir nəfər idi, qapqara geyinmişdi. Üstümə atılıb əlilə ağzımı və burnumu tutdu, çabaladım. Sonrası isə yoxdur... özümdən getmişdim.

Bir neçə dəqiqənin, hətta deyərdim, saniyənin içində baş verən bu hadisə elə sürətlə olmuşdu ki, bilmədim, səsim eşidildi, ya yox...

 

***

Gözlərimi meşədə açdım. Ürküdücü orman səsləri ətimi ürpəşdirirdi. Halsız idim, danışmağa, tərpənməyə belə heyim qalmamışdı. Çox qorxurdum. Bu elə bir qorxu idi ki, bədənimin titrəyişi, dişlərimin bir-birinə dəyməsindən yaranan səs belə məni diksindirirdi. Hara idi bura? Nə olmuşdu? Heç nə bilmir və xatırlamırdım. Ayaqlarım sızıldayır, aşağı hissəmdən nəsə isti bir şeyin süzüldüyünü hiss edirdim.

Sonra baş verənlərlə bağlı yalnız fraqmentlər yadımdadır. Bir nəfərin məni qucağına alması, "Qorxma, ağıllı bala", - deyərək nəvaziş göstərməsi... Yol boyunca açılıb-yumulan gözlərimin önündə təkcə ağaclar var idi, başqa heç nə...

Özümə gələndə xəstəxanada idim. Rayonun uçmaq üzrə olan xəstəxanasının sökülüb-tökülmüş otağında yalnız nənəmlə anam var idi. İkisi də başlarını aşağı salıb dərin fikrə getmişdilər. Dodaqlarımdan bircə kəlmə çıxdı: Su.

Bundan sonra otaqda canlanma yaşandı. İkisi də əl-ayağa düşdülər. Anam hıçqırıqlara boğula-boğula su verdi, nənəm ayaqlarımı qucaqlayıb: "Mənim bəxtsiz balam", - deyə ah çəkə-çəkə ağladı.

Sonra həkimlər gəldi, müayinə etdilər, yoxladılar, baxdılar... Anamla danışanda eşitdim ki, sən demə, iki gündür aralıqsız yatırmışam.

"Allah bu körpəni zorlayanın bəlasını versin. Gör hansı günlərə qalmışıq, ay Allah" - həkimin anama söylədiyi bu sözlər məni sanki göyə qaldırıb yerə çırpdı. Zorlamaq... Görəsən, bu nə olan şey idi? Mənə nə etmişdilər? Başıma nə oyun açmışdılar? Qorxuya qapıldım. Var gücümlə qışqırdım, çığırdım, qolumdakı iynələr çıxdı, anam, həkimlər gəlib məni sakitləşdirməyə çalışdı... Sonra quzu kimi oldum. Yəqin, iynənin təsiri idi...

Xəstəxanada nə qədər qaldım, heç bilmirəm. Çıxandan sonra bir müddət atamı görmədim. Elə bil qeybə çəkilmişdi, ya məndən qaçırdı. Günlərim yataqda keçir, həyət-bacaya da çıxmırdım. Arada evdəkilərin pısın-pısın nəsə danışdığını eşidir, amma nəyi müzakirə etdiklərini seçəmmirdim.

Bir gün atamın əsəbi səsini eşitdim: "Gedirik, vəssalam!".

Kənddəki hər şeyimizi satıb dayımgilə gəldik. Bir müddət burada qaldıqdan sonra ev alıb ora köçdük. Uşaq idim, qısa müddətdə baş verən bu hadisələri dərk edə bilmirdim. Çox sonralar, nənəm vəfat etdiyində hər şeyi aydınlaşdırdım.

Ölüm ayağında idi. Atamı yanına çağırıb vəsiyyətini etdi: "Məni orada basdırın".

Başıma gələn hadisənin üzərindən 9 il sonrasının söhbətini edirəm. Nənəm öləndə 19 yaşım var idi. Yenə ürkək idim, qorxaq idim, çəkingən idim... Lakin artıq başa düşürdüm. Nənəm doğma kəndimizdə basdırılmasını istəyirdi. Elə bu vəsiyyətindən bir gün sonra da aramızdan ayrıldı. Amma atam onun son arzusunu yerinə yetirmədi. Nənəmi şəhərdə dəfn etdik...

Mənimsə keçmişlə bağlı öyrənmək istədiyim şeylər var idi. Biz niyə kənddən çıxmışdıq, hər şeyimizi satıb buralara niyə gəlmişdik?

Nənəmin dəfnindən sonra dayım arvadı hər şeyi, başıma gətirilən o müsibətdən sonra olan hər şeyi danışdı:

- Sənin başına o hadisə gəldikdən sonra kəndin kişiləri atanı qırağa çəkib bunun nəsli üçün ləkə olduğunu, sənin murdarlandığını deyib, qızından canını qurtarmasını söyləyiblər. Sənin dərdin onsuz da atanı yıxmışdı, bir də kəndlilərin bu sözləri onu daha da sarsıdıb. Bir neçə gün ortalıqda olmadı, bilmirik, o vaxtı harada idi, dayına da onunla bağlı heç nə deməyib. Amma geri qayıdanda uzun-uzun götür-qoy etdiyini anlamışdıq. Dayın deyir ki, atanla danışandan sonra ürəyi yerinə gəlib. O elə bilib ki, atan kəndlilərin dediyini edəcək, amma yox, onun qərarı tam başqa imiş. Buralardan getməyi düşünürmüş. Biz sizdən qayıtdıqdan sonra anan danışır ki, nənənlə kənddən getməyə razı olmayıblar. Ancaq kənd kişilərinin atandan üz çevirməsi, ona qeyrətsiz kimi baxmalarına dözə bilməyib, son qərarını verib: "Gedirik, vəssalam!". Bax belə, quzum. Eh... onda anan da qonşularla düşmən kəsilmişdi... Yetim neyləsin, dişiylə-dırnağıyla tikib-qurduğu yurdundan köçmək ağır gəlib ona. Amma buradasınız, maşallah, böyümüsən, artıq hər şey geridə qalıb...

Dayım arvadı ilə söhbət etdikdən sonra günlərlə özümə gəlmədim. Deməli, atam, anam mənə görə hər şeylərindən vaz keçmiş, mənim üçün yeni həyat qurmuşdular... Basqılara boyun əyməyərək insanların nə dediyinə önəm verməmiş, qızlarını seçmişdilər...

Üstündən bir neçə gün keçmişdi, fikrimdə ancaq dayıarvadının danışdıqları var idi, başqa heç nə düşünə bilmirdim... Bütün bunları fikirləşirdim ki, atam evə gəldi. Baxmadım, kefi, halı necədir, otağımdan çıxıb birbaşa yanına getdim, boynuna sarıldım, bərk-bərk qucaqladım. Təəccüblənmişdi, nə edəcəyini bilmirdi. Bir az sonra o da məni qucaqladı, bağrına basdı. İkimiz də ağladıq... Bizim bu həsrət qucaqlaşmamıza anam da kənardan hıçqırıqları ilə qatıldı...

19 il əvvəl baş vermiş hadisə hər şeyə rəğmən, birliyimizi poza bilmədi. Kimlərinsə "murdarlanıb, öldürülməlidir" dediyi mən bu gün dimdik ayaq üstəyəm. Tanrı məni olduğum kimi qəbul edən, sevən birini də qarşıma çıxardı. Toysuz-büsatsız evləndik. Övladımız isə... olmadı. Həmin hadisədən sonra həkimlər bir daha uşağımın olmayacağını deyiblərmiş. Amma həyat yoldaşımla körpə övladlığa götürmüşük, onu öz uşağımız kimi böyüdürük. Xoşbəxtəm. Hər şeyə rəğmən, xoşbəxtəm.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!