Analiz
Səksən yaşlı ana xəstələnmişdi. Ah-uf edir, sakitləşmək bilmirdi. Alim anasının butulkaya yığılmış sidiyini özü ilə götürdü ki, işə dəyib sonra onu analiz üçün laboratoriyaya aparsın. Fəqət, başı öz işlərinə qarışdığından imkan tapa bilmədi ki, analizi laboratoriyaya çatdırsın.
Növbəti gün yenidən analiz üçün sidik yığıldı. Bu dəfə isə butulka unudulub evdə qaldı. Gün dolandı, axşam düşdü, sonra da səhər açıldı. Alim nahar yeməyi üçün hazırlanmış buterbrodu götürüb getmək istəyəndə anası dilə gəldi:
- Belə də övlad olar? Bir gör anasının halına yanır?! Günü günə satır, aparıb analizi vermir?
Alim ayaq saxladı. Əsəbi halda oğlu Elmarı səslədi:
- Ay uşaq, get, o zəhrimarı da gətir.
Elmar gətirib verdi. Alim deyinə-deyinə yola düzəldi.
Axşam hamı süfrənin ətrafına yığılmışdı. Ana da bir balaca özünə gəlmişdi. Alim əllərini yuyub yuxarı başa keçdi. Qoyun ətinin yağlı yerindən yaxşı küftə-bozbaş bişirmişdilər. Belə yeməyinki baş soğan, sarımsaq, bir də spirtli içki idi. Onda yağlı ət adamın ürəyini vurmurdu.
Alim bir çəngə quru nanə, bir çəngə də quru reyhan götürüb ovuşdurdu və yeməyin üstünə səpdi. Sonra üzünü arvadına tutaraq:
- O konyakı da gətir, - dedi.
Ceyran xanım təəccüblə ona baxaraq soruşdu:
- Nə konyak?
Alim səsini qaldıraraq:
- Necə yəni nə konyak?! O şüşədəki yarımçıq konyakı deyirəm.
Ceyran xanım key-key onun üzünə baxdı:
- Səndə heç huş qalmayıb. Yadından çıxıb yoxsa?! Səhər tezdən istədin, mən də gətirib verdim. İşə aparmadın məgər?! Ev bir yana qalsın, işdə də içməyindən qalmırsan.
Alim bunu eşidib dik ayağa qalxdı:
- Necə?
Onun bağırtısına hamı bir-birinə dəydi.
Ceyran xanım izah etməli oldu:
- İşə buterbrod qoymuşdum. Dedin: Gətir o zəhrimarı da ver. Fikirləşdim ki, yəqin, konyakı deyirsən. Günorta yeməyində içəcəksən.
Alim əlləri ilə başını qucaqladı:
- Vay... Elə bilmişəm anamın sidiyidir, analiz üçün qoymusunuz. İndi necə olsun?! Aparıb laboratoriyaya verdim. Amma, sözün doğrusu, şübhələnmişdim. Baxıram ki, rəngi nə isə tünddür, dedim qoca arvaddır, yəqin, ondandır.
...Baş verən hadisədən özü üçün nəticə çıxaran Alim axır ki, anasının sidik analizini laboratoriyaya çatdırdı. Onu görən tanış həkim şaqqanaq çəkdi:
- Ay pir olmuş! Konyakı gətirmisən, çox yaxşı. Bəs onun şokoladını niyə unutmusan?
Bizdə işləmir
1980-ci illərin sonları idi. Ermənistandan azəri türklərini qovub çıxarır, başlarına min oyun gətirirdilər. Bakıda Azadlıq meydanına yığışan xalq bu vəhşiliyə qarşı öz etirazını bildirir, SSRİ rəhbərliyindən tədbir görməyi tələb edirdi.
Ermənilərin zorakılığından, ərazi iddialarından cana gələn adamlar bəzən bizim idarə və müəssisələrdə çalışan ermənilərin də işdən çıxarılması tələbini irəli sürürdülər. N nömrəli məktəbdə üç erməni müəllim çalışırdı. Meydan hərəkatı başlayanda onlardan ikisi üzüsulu çıxıb getmişdi. Mariyetta adlı birisi isə kimlərəsə güvənib heç kəsi saya salmır, arxayın-arxayın gəlib dərslərini deyirdi... Məktəbin direktoru Sabutay müəllim pedaqoji kollektivin və şagirdlərin tələbi ilə əmr verib Mariyettanı işdən çıxarır. Lakin erməni qadını inadından dönmür, şikayət edir.
O zamanlar bizimkilər gözləmə mövqeyi tutur, ermənilərlə ehtiyatlı davranırdılar. Dərhal məktəbə müstəntiq göndərdilər. Sabutay müəllimi tapıb müstəntiqin hüzuruna gətirdilər. Sabutay müəllim:
- Buyurun, eşidirəm... - dedi.
Müstəntiq hökmlü:
- Mariyetta müəllimənin ərizəsinə əsasən gəlmişəm. Onu niyə çıxarmısınız?
- Bütün kollektiv tələb edirdi. Mən də əmr verdim.
- Nahaq yerə. Qeyri-qanuni iş tutmusunuz. Ermənistanda nə edirlər, bunun bizə dəxli yoxdur. Biz öz beynəlmiləlçi adımıza ləkə vura bilmərik. Çağırın o Mariyetta müəlliməni buraya.
Acığından dili dodağını kəsən Sabutay müəllim birtəhər əsəblərini cilovlayıb qapını açdı. Qapının ağzından keçən ingilis dili müəllimi Nazlıya müraciətlə dedi:
- O fahişəni çağır buraya, mənim yanıma gəlsin.
Demə, Nazlı Azərbaycan dilini yaxşı bilmirmiş. Ona görə də direktorun kimi nəzərdə tutduğunu da aydın başa düşmür. Sinif otaqlarının qapısını açaraq:
- Fahişə müəllimə zdes? - deyə-deyə bir-bir soruşur.
Şagirdlər uğunub gedirlər. Müəllimlər də key-key, təəccüblə onun üzünə baxaraq:
- Xeyr, - deyə cavab verirlər.
Müəllimi heç yerdə tapa bilmədiyini görən Nazlı axırda direktor müavininin yanına gedərək ondan soruşur. Müavin də təəccüb içərisində onu süzərək:
- Bizdə belə müəllim işləmir.
Nazlı gəlib direktora bildirdi:
- Sabutay müəllim, öyrəndim, okazıvayetsə, Fahişə müəllim bizdə işləmirmiş...
Bunu eşidən Sabutay müəllimlə müstəntiq gülməkdən uğunub getdilər. Müstəntiq ayağa qalxaraq, əlini direktorun çiyninə qoyaraq:
- Mən getdim, Sabutay, sən də öz işində ol... - dedi.
Dəftər
Yavərlə İsanın cavan vaxtları idi. Pedaqoji institutun dördüncü kursunda oxuyurdular. Neçə gün idi ki, instituta deyil, orta məktəbə gedirdilər. Burada pedaqoji təcrübə keçirdilər. Gün günorta yerinə qalxmışdı. Lakin yaz günəşi olduğundan hələ onun şüaları adamı yandırıb-yaxmırdı. Dostlar dayanıb avtobus gözləyirdilər. Dayanacaqda üç qız da vardı. İsa Yavərlə söhbət etsə də, əslində fikri qızlarda idi. Bu, Yavərin diqqətindən yayınmadı. Avtobusa mindilər. Qızlardan biri yer tapıb əyləşdi. O biri iki qız onun başı üzərində dayandı. İsa adamları aralayıb Yavəri də çəkə-çəkə qızlara yaxın məsafədə dayandı.
Yavər onun xasiyyətini bilirdi. Gözü tutan qız olanda söhbət etməkdən özünü saxlaya bilmirdi. Alınanda görüş də verirdi. İndi də irəli keçməkdə məqsədi qara xallı, alagöz qızı söhbətə tutmaq idi. Yavər onun xallı qıza sarı dartındığını görüb ətəyindən çəkdi və yavaşca qulağına pıçıldadı: "İşin olmasın. Özünü yaxşı apar". İsa qulaq asmadı. Qıza müraciətlə:
- Oxuyan qıza oxşayırsan, - dedi. - Maşallah, kitab-dəftər əlindən düşmür.
Qız da hazırcavab imiş. Özünü itirməyib:
- Oxumaqda, görünür, sənə oxşamışam, - dedi.
İsanın da əlində kitab vardı. Qızı söhbətə tuta bildiyi üçün sevinən İsa ürəkləndi:
- Olar dəftərinə baxım?
Yavər yenə İsanın köynəyindən dartdı:
- Lazım deyil...
Qız əlindəki dəftərlərdən birini ona uzatdı.
Yavər dəftəri alıb vərəqlədi:
- Heç nə yazmamısan ki...
Qız gülümsəyib:
- Hələ təzə almışam, - dedi. - Yazanda gəlib oxuyarsan.
Yavər deməyə söz tapmadı. Sonra özünü ələ alıb:
- Dəftəri haradan almısan? Mənə də lazımdır, - dedi.
Qız dedi:
- Maşallah, yekə oğlansan. Heç inanılası deyil. Doğrudan bilmirsən dəftəri harada satırlar?
Qız güldü, o biri qızlar da ona qoşuldular. Yavəri də gülmək tutdu. Bir də onda ayıldılar ki, qızlar artıq avtobusdan düşüblər. İsa tələsik avtobusu tərk etdi. Lakin gec idi, qızlar gözdən itmişdilər. Dostlar məktəbə gəldilər. Az sonra ikinci növbənin dərsləri başlandı. İsanın onuncu sinifdə açıq dərsi vardı. Təcrübəçi tələbələrdən bir neçəsi, bir də metodist müəllim arxa cərgədə əyləşmişdilər. İsa evə verilmiş tapşırığı yoxladı. Şagirdləri sorğu-suala tutdu. Sonra yeni mövzunun izahına başladı. Mirzə İbrahimovun həyat və yaradıcılığı idi. Dərs yaxşı keçdi. İsa dərsi yekunlaşdırıb sinfə müraciətlə soruşdu:
- Yeni mövzuya aid kimin sualı var?
Bir anlığa sinfə sakitlik çökdü. Sualı olan yox idi. Sinifdən səs çıxmadığını görən qızlardan biri əlini qaldırdı:
- Müəllim, mənim sualım var.
İsa sevindi:
- Buyur.
Qız ayağa qalxıb aramla:
- Müəllim, dəftər aldınız? - deyə soruşdu.
İsanın sifəti bir anda qıpqırmızı oldu. Bu, bayaq avtobusda söz atdığı qız idi.
Həm sən qabağa düş, həm də mən...
Vəli qonaq gəlmişdi. Məmməd tez süfrə açdırdı. Ortaya yemək-içmək gəldi. Yedilər-içdilər, doyub çəkildilər. Süfrəyə mürəbbə və limonla çay gəldi. Məmməd Vəlinin söhbətindən, danışığından başa düşdü ki, o, elə-belə, səbəbsiz onun qapısını açmayıb. Vəlinin xasiyyətinə bələd idi. Nə isə dərdi vardı. Görünür, yenə borca gəlmişdi. Bunu fikirləşib soruşdu:
- Dayıoğlu, xeyir ola?! İlin-günün bu vaxtında səndən nə əsəb bizi yada salmısan?
Vəli mətləbə keçdi:
- Bibioğlu, kasıbçılıqdır, dolanmaq olmur. Kənddə-kəsəkdə iş-güc yoxdur ki, başımızı qatıb beş-on manat qazanaq...
Məmməd onunla razılaşdı:
- Doğru deyirsən, kolxoz yox, sovxoz yox. Amma əlini əlinin üstünə qoyub evdə oturmaq, "Allahdan buyruq, ağzıma quyruq" da demək olmaz. İş, pul adamı tapmır, sən onları tapmalısan.
Vəli sözünü demək üçün fürsət tapdığına sevindi:
- Dayıoğlu, elə mən də bu fikirdəyəm, bir işlə məşğul olmaq istəyirəm. Qərara almışam ki, balıq alıb satım. Amma əlimdə maya yoxdur. Beş yüz manat pul lazımdır. Kəsəsi, borca gəlmişəm.
Məmməd yaxşı bilirdi ki, axırda söhbət gəlib borcun üstünə çıxacaq. Ona görə də Vəlinin xahişi onunçün gözlənilməz olmadı. Üzünü arvadına tutub:
- Get, iki yüz əlli manat pul gətir.
Fatma deyilən məbləğdə pul gətirib Məmmədə verdi. O da pulu stolun üstünə qoyub:
- Götür, bibioğlu, - dedi.
Vəli təəccüblə ona baxaraq:
- Dayıoğlu, mənə 500 manat pul lazımdır, 250 manat yox.
Məmməd halını pozmadan:
- Bibioğlu, bu, birinci dəfə deyil ki, məndən borc alırsan. Amma hələ ki geri qaytardığın olmayıb.
Vəli nəsə demək istədi, Məmməd əli ilə işarə edib onu saxladı:
- Bilirəm, 500 manat alıb onu da qaytarmayacaqsan. Götür bu pulu. 250 manat sən qabağa düş, 250 manat da mən!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!