Hekayələr - İlqar RƏSUL

 

 

Dolu cam

 

Anası can üstə idi, çarpayıda halsız düşüb qalmışdı. O, evdə vurnuxur, pəncərələri açıq dəhlizdə, otaqlarda qərar tuta bilməyib həyətə düşür, var-gəl edir, yuxarı çıxır, sinəsinin astaca enib-qalxmasından hələ yaşadığı hiss olunan anasının çarpayısına yaxınlaşır, baxır, baxır, yenə kimsəsiz dəhliz, otaqlar, yenə həyət...

Gün günorta olmuşdu, hələ də şəhərdə yaşayan bacı-qardaşı gəlib çıxmamışdı. Bilmirdi tək-tənha neyləsin. Arada öz-özünə: "Ay Allah, bu nə işdir?! İnsan belə hal da keçirərmiş, demək. İndicə ürəyim partlayacaq", - pıçıldayırdı. Ürəyi necə şiddətlə döyünürdüsə, elə bilirdi, guppultusunu tək özü yox, qapı-qonşu, el-oba da eşidir. Könlündən özünü evdən darvazayacan uzanan, tənək yarpaqları ilə çadralanmış çardağın altındakı taxta oturacağa yıxmaq keçirdi, amma qorxurdu. Qorxurdu ki, oturar, qalxmağa halı olmaz, ürəyi partlayar. Var-gəl etməyə də daha halı qalmamışdı. Taqətdən düşüb dizləri qatlananda qəfil darvaza döyüldü. "Qardaşımgildir, şükür, gəldilər", - düşündü, özünü birtəhər darvazaya çatdırıb açdı. Üst-başı toz-torpağın içində qoca bir kişi gördü doqqazda, dilxor oldu.

Qoca tələsik salam verib istidən dili ağzında yandığını dedi, bir bardaq su istədi. Çaşqın-çaşqın qocaya baxdı, onun nə dediyini xatırlamağa çalışdı, istəyini anlayanda tez: "Günün altında dayanma, keç həyətə, kölgədə otur, gətirirəm", -  dedi. 

İçəri keçmədi qoca, "Tələsirəm, - dedi, - bu gün ehtiyaclılarım həddən çoxdur, hamısına vaxtında yetişəm gərək".

Gedib çarhovuzun qırağındakı mis camı götürdü, bulaqdan dolduranda öz-özünə: "Bu cındırından cin hürkən səfilə kimin nə ehtiyacı olasıdır axı?" - mızıldandı, aparıb camı qocaya verdi. Qoca sərin suyu birnəfəsə içdi, "oxxaay!" deyib paltarının qolu ilə bozarmış bığ-saqqalının suyunu sildi, cam əlində, ona baxıb: "Niyə belə pərişansan?" - soruşdu.

O, ürəyini boşaltmağa fürsət tapıbmış kimi qəhərdən boğula-boğula dilləndi:

- Anam can üstədir. Vaxtı daralıb, şər qarışana qalmaz. Böyüklərim, qohum-qardaş da gəlib çıxmayıb, tək qalmışam. Gecədən bu haldayam, özümə yer tapa bilmirəm, belə getsə, öləcəyəm.

- Bu nədir ki? Bir-iki günün acısı. Bundan o yana illərlə Ananı axtarıb tapmayacaqsan. Bax dərd ondadır.  Özünü ələ al, heç kimi də gözləmə. Allah bu məqamda sənə Ananın yanında olmağı nəsib edibsə, şükür elə, get, təmkinlə, ədəb-ərkanla qadının yol hazırlıqlarını gör. Özün də cavan oğlansan, nə ölmək? Ölmə ki, sən durduqca Anan da səninlə birgə, qəlbində yaşasın, - qoca camı geri qaytarıb, - yenə su gətir, - dedi.

Yerində donub qalmışdı. Qarışıq, anlaşılmaz hisslər keçirirdi. Çevrilib evə - Anası yatan otağın pəncərəsinə baxdı, yenə qocaya sarı döndü. Nəsə deyirdi qoca, deyəsən, su istəyirdi...

"Hə, su istəyir", - düşündü. Qulaqlarındakı uğultu səngidi, qocanın səsi gurlaşdı:

- Ləngitmə məni, yolum uzaqdır! - çəmkirdi qoca.

Diksinib özünə gəldi, su gətirmək üçün həyətə - bulağa sarı cumdu. Bir neçə addım atmışdı ki, baxdı cam doludur, geri qayıtdı, qocanı doqqazda görmədi. Küçəyə çıxıb yola boylandı, kimsə yox idi. Küçənin ortasındaca camdan bir neçə qurtum su içdi, içinə xoş sərinlik yayıldı. Həyətə keçib darvazanın cəftəsini vurdu, camı çardağın altındakı oturacağa qoydu, pilləkənlə yuxarı - evə qalxdı. Anası keçinmişdi. Üzündə təbəssüm donub qalmışdı qadının. Ehmallıca gözlərini sığadı. Pəncərəyə yaxınlaşıb həyətə göz gəzdirdi: camdakı suya yarpaq düşmüşdü. Yola boylandı, baxdı, baxdı, öz-özünə pıçıldadı:

"Görəsən, qocanı çox ləngitmədim ki?..".

 

12.08.2022

 

 

Göydən zəng

 

Yerdə hamı Göydən zəng gözləyirdi. Yerdə hamı bu zəngi hər gün gözləyirdi. Çox gözləyirdi hamı bu zəngi.

Yer üzü üfüqəcən üst-başı kirli, üz-gözü bulaşıq insanla örtülmüşdü. Ucu-bucağı görünməyən qara izdihamın ortasında kiçik bir dairə ağarırdı. Dairənin ortasındakı boz kətilin üzərində qara telefon vardı. Hamı yerdən oturub gözünü telefona zilləyərək Göydən zəng gözləyirdi. Çox gözləyirdi hamı bu zəngi...

Ölüncəyədək gözləyirdi hamı bu zəngi. Hər kəs son nəfəsində telefonu bir an belə gözdən qoymamağı, zəng gələndə hər şeyi deməyi, olub-keçəni anlatmağı, yardım diləməyi, ölənləri də yaddan çıxarmamağı vəsiyyət edirdi qalanlara...

Yerdə qalanlar yenə Göydən zəng gözləməkdə davam edirdi. Yerdə hamı bu zəngi hər gün gözləyirdi. Heç kim yatmırdı. Bir-birinə etibar etmirdi heç kim, hər kəs məhz özünün yuxulamayacağına, bir an belə telefonu gözdən qoymayacağına əmin idi. Hamı bir-birinə: "Yat, dincəl, mən baxıram telefona", - deyirdi. Heç kim də gözünü telefondan çəkmirdi.

Çoxdan idi Göydən zəng gəlməyəni. Lap çoxdan. Heç dəqiq bilən də yox idi, axırıncı dəfə göydən nə vaxt zəng gəlib. Hamı deyirdi, zəng olub. Amma nə vaxt olub, dəqiq bilən yox idi. Ayrı-ayrı zamanlara aid çoxlu nağıl var idi Göydən gələn zəng barədə. Dildən-dilə, nəsildən-nəslə keçib gəlmişdi bu nağıllar, rəvayətlər. Neçə-neçə nəsillər, dövrlər, qərinələr keçmişdi, əsrlər dəyişmişdi zəng həsrətilə. Amma nağıllar imkan verməmişdi camaatın ümidsizləşməsinə, inamın itməsinə. Hər gün daha çox inanırdı hamı Göydən zəng gələcəyinə...

İnam o qədər güclənirdi ki, getdikcə yemək, su içmək də yaddan çıxırdı. İş o yerə çatmışdı ki, gözünü telefondan ayırmamaq üçün kişilər uşaq əkmir, qadınlar uşaq doğmur, valideynlərin qayğısına qalınmır, qocalar özlərini düşünə bilmirdilər. Hamının bir qibləsi var idi. Telefon. Hamının düşündüyü bircə şey vardı. Göydən zəng. Göy düşüncələrə necə hakim olmuşdusa, Yer tamam unudulmuşdu...

Bir gün Göydən Yerə zəng gəldi. Həm də çoxlu zəng. Dayanmadan təkrarlanan zəng...

Eşidən olmadı Yerdə bu zəngi. Qaldıran olmadı dəstəyi. Zəng susmadı. Səhərdən axşamacan, axşamdan səhərəcən davam elədi. Hər gün zəng gəldi Göydən. Hər gün. Səsi getdikcə zəifləyirdi zəngin. Bu zəifləmədə bir qorxu, bir hüzn var idi. Dəstəyi qaldıran olmasa, Göy ölüb yerə düşəcəkmiş kimi...

Səsi zəiflədikcə daha çox təkrarlanırdı zəng. Yox, yox idi dəstəyi qaldıran, yox idi cavab verən.

Göy zəng vuranacan Yer hamını udmuşdu...

Təkcə hamını yox, həm də hər şeyi. Elə udmuşdu ki, əvvəldən yoxmuşlar kimi.

Yer bircə qara telefonu saxlamışdı ucu-bucağı görünməyən səhranın, üfüqəcən uzanıb gedən sarı qum dənizinin ortasında. Saxlamışdı ki, dəstəyi qaldıran olmayınca Göy görsün, gözləmək nə deməkdir. Həm də həyəcanla gözləmək. Həm də əbədi gözləmək...

 

09.01.2019

 

 

Memar

 

Rüstəm Memarlıq Universitetini fərqlənmə diplomu ilə bitirmişdi. Hələ tələbə ikən bir neçə layihəsi mükafata layiq görülmüşdü, xaricdə xüsusi diplomlarla təltif edilmişdi. Çox istedadlı olduğuna görə onu universitetdə saxlamaq istəsələr də, razılaşmamışdı. "Mən dünya şöhrətli memar olacağam, gözəl binalar inşa edəcəyəm, möhtəşəm körpülər asacağam, qeyri-adi parklar, xiyabanlar yaradacağam", - deyib ali məktəbdən ayrılmışdı.

Rüstəmin layihəsi ilə Bakıda inşa edilən bina hər kəsi valeh etmişdi. Qohum-əqrəbada hamı Rüstəmin bu uğurundan həvəslənib ona güvənməyə başlamışdı. "Nəhayət ki, Rüstəmin hesabına nəsil-kök bir tərəfə çıxar", - düşünüb hər kəs sevinirdi.

İlk layihəsindən sonra ölkədəki xarici şirkətlərdən də Rüstəmə yüksək maaşlı iş təklifləri gəlirdi. Belə bir vaxtda Rüstəm qəfildən heç bir səbəb göstərmədən, izah vermədən memarlıqdan imtina edib inşaatdan uzaqlaşdı. Onun bu hərəkəti hər kəsi təəccübləndirdi. Ömrü boyu evdə, çöldə hamı onu qınadı. Arvadı, uşaqları da qohum-əqrəbaya baxıb onu hər addımda qınadılar. Ailə evdəki, çöldəki bütün çatışmazlıqlara, əskikliklərə görə Rüstəmi günahlandırdı. Rüstəmsə heç kimə məhəl qoymadan özünü başqa işlərdə sınadı. Hamısı uğursuz oldu.

Kasıb yaşadı Rüstəm ölənədək. Öləndən sonra köhnə əl çantasından çıxan kağızı oxuyan olmasaydı, qohum-əqrəba Rüstəmi o dünyada da rahat buraxmayacaqdı. Kağızda Rüstəm evin tək övladı olan hansısa bir qızın ata-anasından dönə-dönə üzr istəyir, bağışlanmasını diləyirdi. Kağızda bir də yazılmışdı ki, ilk tikdiyim binadan gənc bir qız özünü atıb öldürməsəydi, məndən gözəl inşaatçı, məşhur memar olacaqdı. Rüstəm bağışlanması üçün yazdığı məktubun son cümləsi ilə sanki qarşıdakı illər ərzində evdə baş-qulağının dinc olmayacağını da demək istəmişdi o qızın ata-anasına. Amma məktubu göndərməyə ürək eləməmişdi...

 

May-2021

 

 

Ağ çətir

 

Nə vaxtsa çox sevdiyim bir qadını hündür hasarın üstündə gördüm. Hasar çox hündür idi. Qırmızımtıl daşdan hörülmüş uzun, hündür hasar. Hasarın ortasında başdan təxminən üç-dörd metr yerinin daşı yox idi. Təxminən iki sıra daş uçulub tökülmüşdü ortadan. O, hasarın başının həmin çökəyində dayanmışdı. Aramızda xeyli məsafə var idi. Amma səsi və niyyəti aydın başa düşülürdü. Özünü atmaq istəyirdi. Deyirdi, bax belə yerə çıxıb atırlar adamlar özlərini, mən də atacam. Tək deyildim. Yanımda tanış bir nəfər də var idi. İkimiz də elə uzaqdanca onu fikrindən döndərməyə çalışırdıq. Bizə məhəl qoymayıb atdı özünü. Yüyürdük ona tərəf. Mən elə bilirdim çatıb onu göydə tuta biləcəm. İlk dəfə idi ki, yuxuda sürətlə qaça bilirdim. Tanışım - neylədin, axı mən səni sevirəm! - qışqırıb daha bərk qaçdı ona tərəf. Mən onun necə tappıltı ilə yerə çırpıldığını gördüm. Özü də oturulu halda düşdü yerə. Toz qalxdı düşdüyü yerdən. Mən çatanda tanışım onu ayağa qaldırıb, üstünü çırpmışdı. Yaxınlaşıb bir şey olub-olmadığını soruşdum. Dedi heç nə olmayıb, bir az ayağım ağrıyır. Əlimlə sağ ayağının sınıb-sınmadığını yoxladım. Salamat idi. Arxayınlaşıb aralandım. Onlar qol-qola girib getdilər. Bir az axsayırdı... Bir ildən sonra eşitdim ki, onun ayağını kəsiblər. Pis oldum. Çox pis. Dedim, axı mən nə edə bilərəm? Mənim ayağım ona uyğun gəlməz ki... Bir neçə ay sonra eşitdim ki, tanışım onu atıb, qəşəng ayaqları olan bir qadınla gedib. Pis oldum. Çox pis. Dedim, axı mən nə edə bilərəm? Onu atıb gedəni qaytara bilmərəm ki... Daha sonra eşitdim ki, o, tək ayaqla yaşaya bilmir. Pis oldum. Çox pis. Dedim, axı mən nə edə bilərəm? Bütün qadınların sağ ayağını kəsə bilmərəm ki... Bir gün də eşitdim ki, o, ayağı kəsildiyi üçün Allaha asi olub, intihar etmək istəyib. Hündür qırmızı hasarın başına çıxıb özünü atıb, amma qum təpəciyinin üstünə düşüb deyə ölməyib. Bir az üst-başı bulanıb. Sevindim. Çox sevindim. Dedim, ölməyibsə, deməli mən nəsə edə bilərəm. Etdim də. Gedib onun sağ ayağı oldum. Ta ki, o ölənə qədər. Öləndə dedi ki, o dünyada Allaha təşəkkür edəcək, sağ ayağı kəsildiyi üçün. Və orada yalnız məni gözləyəcək... Ondan sonra həyatım bir xeyli yüngülləşdi. Maraqsız oldu yəni. Həm də mənasız. Tək qalanda anladım ki, hətta Allahın belə sağ əli olmaqdan yaxşıdır sevdiyinin sağ ayağı olmaq... Artıq xeyli vaxtdır ki, onun məzarının üstünə onun çətiri ilə gedirəm. Donu rəngdədir çətiri. Ağ. Ondan sonra sağ ayağım quruyub deyə dayaqsız gəzə bilmirəm. Hərdən onun yoxluğu bərk ağrıdanda çətirə gileylənirəm. Deyir, axı bundan artıq mən nə edə bilərəm ki...

 

10.05.2015


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!