Ay Laçın... Can Laçın... - Hekayə. Bahar Bərdəli

 

- Anaaa!!! Ataaa!!! Qardaşşş!!! Hardasınız??? - Səs dağlara dəyib əks-səda verirdi. - Gəli-n-nn! Mən Laçındayam!!! Evimizdəyəm!.. Evimizdə!!! Eşidirsizmi!??? Sizin Laçın balanız Laçındadı!!! Axır ki, Laçına qayıtmışıq! Qayıtmışıq, heyyy! Görürsünüzmü məni?! - Haray səsindən dağlar, daşlar lərzəyə gəlmişdi. - Məni tək qoymayın bu ulu dağların arasında... gəlin!!! - Laçın xanım evimiz dediyi yalnız karkası qalmış dörd sütundan birini qucaqlamışdı. - Anaaa, evimiz yerlə-yeksandı, ana... İsti yuvamız kol-kos olub, ata!!! Gəlin, gözlərinizlə görün!!! Bu evi biz necə zülümlə, əzab-əziyyətlə tikmişdik... O daşların çoxunu mən daşımışdım indi qurumuş bu əllərimlə... Səsimə səs verin, heyyy!!! Mən bu doğma evimdən ermənilərin əlindən baş götürüb qaçanda evin təp-təzə pəncərələrinin təptəzə pərdələrini çəkib örtmüşdüm. Təzə qapını ehtiyatla qıfıllamışdım ki, üstünə cızıq düşməsin! Bir neçə günə qayıdarıq, demişdim... Açarları hələ də çibimdədi! Otuz ildi o açarları üfürə-üfürə qoruyub saxlayıram... Heç ev-yuva üzü görməyəsən səni, ay evləri, yuvaları yıxan erməniii! - Dağlar səsdən, haraydan, hıçqırıqdan boğulurdu sanki... əks etdiyi nalənin ağır uğultusu eşidilirdi.

 

Heyyy... Ulu dağlar...

Bağlandı yolun, dağlar...

Köçdü oban, irmağın...

Yox oldu Elin, dağlar!!!

 

Sanki günahkar dağlarmış kimi onlara üz tutan Laçın xanım gah dizlərinə döyürdü, gah da saçlarını yolurdu...

...80-ci illər Laçının - bu rayon mərkəzinin də xoşbəxt, firavan, cənnətməkan vaxtları idi. Dağların sinəsi boyunca yeni daş evlər tikilirdi. Üstü boz şiferli ikimərtəbəli evlərin əksəriyyəti yeni nəslin qurduğu ocaq-yuva idi. Onda Laçın xanımın on səkkiz yaşı vardı. Bakıda Tibb Məktəbində oxuyurdu. Bu adı da ona babası vermişdi, - Laçın dağları qədər ömrün uzun, gözəl olsun, qızım, - demişdi. O xoşbəxt günlərdə Laçın hər  Bakıya gedib-gələndə qonşuları Ariz onu qarşılayıb yola salırdı: "Ay Laçın, can Laçın, gəl səni alım, qaçım! Nə olar?!". Məktəbi bitirən kimi də elçiləri qapılarını döymüşdü. Payızda el adətilə toy etdilər. Sonra da hər ikisi əl-ələ verib gecə-gündüz çalışdılar, bu dağın ətəyində özlərinə ikimərtəbəli göz oxşayan ev tikdilər. Üzü qışa getdiyindən birinci mərtəbəni hazırlayıb ora köçdülər.

- Hər kəsin öz odu-ocağı olmalıdı, qızım, hər kəsə öz yuvası şirindi, - demişdi qayınanası. - Yazda havalar istiləşəndə biz də kömək edərik, ikinci mərtəbəni də hazırlayarsız, yayı ora köçərsiniz... sərin olacaq...

Amma... o yaz gəlmədi... O yaz Günəş doğmadı, Ay görünmədi... Yaz əvəzinə dəhşət gəldi... Qan-qada gəldi, od-alov gəldi... O yaz dünyaları dağıldı. Ellər, obalar pərən-pərən düşdü... Yersiz, yuvasız, dinsiz-imansız ermənilər gəldi... Yerli qaçç... - dedilər!!! Laçın şəhərinin bütün kişiləri məhlə-məhlə bölünüb evlərinə, ailələrinə, qız-gəlinlərinə qarovul çəkirdilər. Ermənilərin qəfil basqınlarının qarşısını almaq üçün gecə-gündüzü çöllərdə, dağlarda, dərələrdə, daşların dibində yatıb dururdular. Amma olmadı... Bu hiyləgər, fitnəkar, xain, murdar məxluqların hücumlarının qarşısını ala bilmədilər... 1992-ci ilin fevralında baş verən Xocalı faciəsindən sonra xalqla dövlət arasındakı uçurum daha da dərinləşdi... Dövlətin dəstəyini, köməyini görməyən laçınlılar da Laçını tərk etməli oldular. Mayın ortalarından başlayaraq laçınlılar ailəsini-uşağını götürüb hara gəldi qaçırdı. Onsuz da ruhdan düşüb şəhəri tərk edən dinc əhalini ermənilər qılıncdan keçirdilər... yüzlərlə əsir düşən qız-gəlindən, əhaliyə qarovul çəkən, ermənilərin yolunu kəsən kişilərdən, oğullardan hələ də bir soraq yox... Laçının atası, qayınatası, qardaşı, can yoldaşı, qayınları hələ də itkindilər. Bəlkə də ermənilər onları elə o vaxt hardasa güllələyib basdırıblar...

...Laçın xanım hıçqıra-hıçqıra sütunlara, həyətdəki kol-kosa sığal çəkirdi. Susuzluqdan, insan hənirindən, qayğısından uzaq düşmüş ağaclar ayaq üstə quruyub ölmüşdülər. Ürək dağlayan bir görkəmi, mənzərəsi vardı buraların. Arabir Laçın xanım Laa-çınn! - deyib qıyya çəkir, keçən günlərini çağırırdı:

- Mənim cavanlığım, xoşbəxt günlərim, atalı-analı illərim, hardasınız? - Onu  sakitləşdirmək istəyən qız-gəlinləri Qoşqar müəllim geri çağırdı, - dəyməyin, qoyun ürəyini, otuz ilin tıxanmış ağrı-acısını boşaltsın, - dedi. - Asan deyil, iki böyük nəsildən qalan tək-tənha bu qadındı. - "Amma ürəyi dayanmasa yaxşıdı", - düşünən Qoşqar kişi Laçın xanımı bura gətirməyinə çox peşman olmuşdu. Bu dağılmış, köhnə qəbiristanlığı xatırladan yurd yerlərinə gəlib baxan kişilər heç dözmür. Bütün qohum-əqrəbasını müharibədə itirən bir qadın necə dözsün?

Neçə vaxt idi ki, bir neçə laçınlı gənc, orta yaşlı laçınlılar Qoşqar müəllimin yanına gəlib-gedirdilər ki, qabağa düşsün, qanuniləşdirsin, onlar da gedib Laçını görsünlər. Düzdü, qanunsuz, gizlin gedib-gələnlər vardı. Amma mina təhlükəsi olduğundan Qoşqar müəllim risk eləmirdi. Nəhayət, Prezidentin - Ali Baş Komandanın "Laçın artıq bizimdi!" - çağrış elanından sonra o da getməyə qərar verdi. Qonum-qonşu laçınlılar yığışdı, iki maşınla Laçına üz tutdular. Amma gərək hələ gəlməyəydilər. Bir az da dözüb gözləsəydilər... Onsuz da qoyub getdikləri Laçın yox idi! Sanki heç olmamışdı... Al-yaşıl dağların qoynundakı kirəmitli, şiferli evlərin yalnız dağılmış daşları ağarırdı...

Kişi bir daşın üstünə çökmüşdü, qarşı dağlara baxırdı... Xəyalı isə onu çox-çox uzaqlara, ağır keçmişə aparmışdı...

Bu sərsəm erməni başçıları özgə torpaqlarında Böyük Ermənistan dövləti yaratmaq istəyir. Yerli əhalini qıra-qıra, qova-qova ilk başda istəklərinə nail olublar da... Ermənistan dövləti Azərbaycan torpaqlarında yaranmayıbmı? İki əsrə yaxındır ermənilər qarış-qarış Azərbaycanı zəbt etməkdədi... Əhalisini qırmaqdadı... XIX əsrin üzqarası - Gülüstan, Türkmənçay müqavilələri, XX əsrdə 1918-ci il, 1948-ci il, 1988-ci il... faciələri... minlərlə azərbaycanlı məhv edildi. Bu ideyanın kökünü kəsməyin, onu yaşadan, nəsildən nəslə ötürən "Vətənpərvər" erməniləri məhv etməyin bir yolu olmalıdı axı... Dadanannan, quduranın amanı-imanı olmaz, imkan düşən kimi ömrünü çalıb, yurdunu da yağmalayar... Necə ki minlərlə insanı yox etdilər... Təkcə azərbaycanlıları deyil, öz erməni gəncliyini də məhv elədilər... Guya Böyük Ermənistan dövlətinin yolunda qurban veriblər... Tarixdə dünya ağalığına can atan sərkərdələr çox olub - Makedoniyalı İskəndərdən tutmuş, Hitlerə qədər... Nəticəni isə tarix özü göstərdi ki, bu mümkün deyil. Çünki hər bir xalqın, millətin əsrlərlə formalaşmış öz ərazi dairəsi var... Bu dairənin içində həmin xalqın dili, mədəniyyəti, tarixi, kökü-köməci yaşayır. O dairəni keçmək olmaz! Əgər keçərsən ya o dairənin içində əriyib itərsən bir xalq olaraq, ya da ordan əzilib çıxarsan! Ən yaxşı halda bu "Erməni dövləti" anlayışını ləğv etmək lazımdı. O qədər xalqlar, tayfalar var ki, öz dövləti yoxdu, hansısa dövlətin tərkibində sakitcə yaşayırlar... Bir halda ki, sən həm öz xalqını, həm də başqa xalqları məhv etmək yolunu tutmusan, sənin qaniçən dövlətin kimsəyə, heç öz xalqına da gərək deyil! - Qoşqar müəllim dərindən nəfəs alıb ayağa qalxdı. Bir az uzaqlarda ermənilərin köçüb gedərkən yandırdıqları evlərin tüstüsü görünürdü. Burum-burum burulan tüstü ərşə dirənmişdi. - Yandırın-yandırın. Onsuz da, ay donuz otaranlar, siz yaşadığınız evlərdə kimsə yaşamayacaq! - Qoşqar kişi ürəyində deyindi. Amma bir həqiqət - fakt da vardı. Qoşqar müəllim bu yerdə onu da xatırlamaya bilmədi. Əvvəllər Laçında ermənilər çox az olub. 70-80-ci illərdə - Sovetlərin Qızıl dövründə hər yerdə olduğu kimi Laçında da quruculuq işləri gedirdi. Köhnə qara kərpic evləri söküb yerində ağ daşdan evlər tikirdilər. Onda ermənilər usta, fəhlə kimi qapı-qapı gəzib yaxşı ev tikəcəklərini təklif edirdilər. Əksər insanlar bu təklifi qəbul edirdi. İnsafən də, onlar gecə-gündüz bilmədən çalışırdılar ki, bu evi tez tikib qurtarıb başqalarının da evini tiksinlər. Bu müddət ərzində isə elə həyətlərdə olan əl damlarında yatıb-dururdular. Sonra bu işə yarayan ermənilərə də torpaq sahəsi ayrıldı, dağların döşündə onlar da özlərinə ev tikdilər. Beləcə, bu axarlı-baxarlı dağlar ermənilərə də qucaq açdı... Laçındakı evlərin bəlkə də çoxunu Qavroş adlı bir erməni usta tikmişdi. Axı bu erməni ustanın nəyinə lazımdı Böyük Ermənistan?! Ailəsini, uşağını saxlamaq üçün onun bir parça çörəyə ehtiyacı vardı, onu da bu dağlarda qazanırdı... Deyilənlərə görə, erməni ordusu Laçını tutanda əsir götürdükləri lacınlılarla birgə Qavroşu da güllələyiblər. - Sən erməni deyilsən! - deyiblər... Bax belə!!! Düşünmək... Düşünmək gərəkdi... Böyük Ermənistan xülyası erməniləri məhv edəcək, Qafqazda sakitlik, dinclik, əmin-amanlıq yaranmayacaq...

 

...Ünlü dağlar,

Ay qara günlü dağlar!

Qaytar əzizlərimi,

Dumanlı, çənli dağlar!

 

...Laçın xanım hələ də dizlərinə döyə-döyə bayatı çəkir, 90-cı illərdə itirdiyi əzizlərini haraylayırdı...

...Qoşqar müəllimlə gələn digər dəstə üzvləri bu xarabalıqda öz doğma evlərinin heç olmasa bir qırığını, söküyünü, talanmış bağ-bağçalarının bir izini, kolunu axtarırdılar. Göz yaşları selə dönmüşdü...

...Yanğın indi də evlərdən ağaclara, meşələrə keçmişdi... Qırmızı alov tüstünü əvəzləmişdi... dağların cərgəsiylə sanki yer də, göy də yanırdı...

... - Qoy yansın hər şey, evlər də, ağaclar da... ermənilərin izi-tozu, nəfəsi də qalmasın bu müqəddəs torpaqlarda, yanıb kül olsun! Yaxşı ki, özləri yandırıb gedirlər... Bu xalqla bütün körpülər, əlaqələr, münasibətlər, get-gəllər beləcə yansın və qurtarsın! - düşünürdü Qoşqar müəllim. - Cünki başqa yol qoymadılar bu zatı, kökü qırıq nankorlar! Amma çox çəkməyəcək, bu dəli-dolu dağlarda dəli yağışlar yağacaq, yanğının izlərini də, külünü də yuyub aparacaq, yeni pöhrələr, yeni ağaclar əkiləcək, yeni evlər tikiləcək və Laçının laçınlı günləri yenidən başlayacaq!.. Necə ki başlayır...

 

Avqust 2022


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!