1
Atamdan ayrılandan sonra anamı tanıya bilmirdim, - çiçəyi çırtlamışdı. Bir ayağı da evdən qaçaq idi. Səhərin gözü açılar-açılmaz soyuq suda çimir, 70 faizlik şokoladla bir fincan qəhvə içib, tələsik çıxırdı evdən. Pəncərədən dalıyca baxırdım - elə gedirdi, elə bil dünyanın ən əziz adamıyla görüşə gedir. Axşam bir az da gec qayıdırdı işdən. Yeməyini də azaltmışdı. İncəlib cavan qız olmuşdu.
- Ay bala, canına qəsd eləmə, üzülərsən! - Nənəm axır ki, narahatlığını dilə gətirdi.
- Direktorumuzun acığı gəlir kök qadınlardan, ay ana!
- Direktorunuzun?! - Nənəmin gözləri bərələ qaldı. - Direktorunuzun acığı arvadından gəlsin!
Anam mənalı-mənalı gülümsəyib, gözünü zillədi üzümə.
- Ay ana, biz kimik bəs?!
- Nəəəə?! - Nənəm az qala bağırdı.
- Elə-belə deyirəm ey, fikrinə başqa şey gəlməsin. İdarə işi bizi, az qala direktorla ər-arvad eləyib. Gedirsən işə, olursan bütün günü gözünün qabağında. Danışdığın sözü də onunla danışırsan, elədiyin qeybəti də onunla eləyirsən. Baxırsan ki, ürəyində gizli bir sirrin qalmayıb, açıb hamısını qoymusan ovucuna. Axşam da evə qaçırsan, başın qarışır biş-düşə. Özün yorğun, fikrin xörəkdə, ər çıxır yaddan. Ər də bir ər ola. And içərəm Allaha ki, mən, başı batmışın üzünü direktorun üzündən az görürdüm. Yadından çıxıb deyəsən, atamın səninlə sözə gəldiyi vaxtlar: "Ay arvad, sənin ərin mənəm ey, mən - hirslə yumruğunu da vururdu sinəsinə, gupp eləyirdi, - bu işə az bağlan!".
Oğurluq üstündə tutulmuş kimi nənəm elə bil büzüşdü - əvvəl mənə baxdı, sonra da anama. Mızıldadı:
- Elədi, ay bala...
2
Hərdən Şeytanın qıçını sındırmağı vardı anamın - məni yanına salıb, məktəbə aparırdı. Görürdüm ki, fikri məndən çox, yol keçən adamlarda qalıb. Tez-tez də sifəti işıqlanırdı. Hiss eləyirdim ki, özündən razıdı. Bir dəfə dözmədim:
- Nə olub, ay ana?
- Görmürsən?!
- Nəyi?
- Bax da, kişili-qadınlı adamların gözü qalıb mamanda.
- Niyə?
- Niyəə?! Bunun sözünə bax, sən Allah!
- Nə dedim ki?!
- Başı batmış atan görürdü gözəlliyimi, sən də görəsən?!
Tərs-tərs üzünə baxdım.
- Gəl, görüm. - Əlimdən dartdı.
3
Həftənin şənbə və bazar günləri anamın işi-gücü telefonla danışmaq olardı. Bilirdim direktoruyla danışır. Qəsdən yanına gedirdim. Bir anda qaşları çatılır, üzü uzanır, sifəti boğulurdu. Sözünü dəyişib, xudahafizləşir, dəstəyi yerinə qoyub, dik qalxırdı.
Hərdən sancırdım onu:
- Kim idi, ay ana?
- Direktorumuz.
- Nə deyirdi?
- Sözüm qalmışdı.
- Ay ana, sözünün hamısını işdə niyə demirdin?!
- Elə söz var, yaddan çıxır da.
- Bəs məni danlayırsan ki, yadından heç nə çıxmasın.
Az qalırdı üstümə atılıb, boğazımı üzə:
- Atan itib, indi də sən bitmisən yerində?!
- O nə deməkdi?!
- Sən mənə göz verib, işıq verəcəksən?!
- Nə qədər istəyirsən - işıq... Günün qabağını kəsmişəm?!
4
Qohum-əqrəbalı deyildik. Anam idi, nənəm idi, bir də babam. Elə bir doğma adamımız da yox idi ki, tez-tez bizi axtarsın. Odur ki, telefona zəng gələn kimi bilirdim anamın direktorudu, qaçıb götürürdüm:
- Bəli.
Yastı-yastı başlayırdı:
- Sa-lam, qı-zım. Ay-tən bə-yi-mi olaaar?
Anam eşitməsin deyə, yavaşca, amma hirslə deyirdim:
- Olmaz!
Dəstəyi atırdım telefonun üstünə.
Anam yelli-yepələk yüyürüb gəlirdi:
- Kim idi?
Üzünə də baxmırdım:
- Bilmirəm!
- Qulaqların kar olmuşdu?!
- Kar niyə olur, ey?!
- Niyə demirsən kim idi?
Başlayırdım direktoru yamsılamağa:
- "Ay-tən bə-yi-mi olaaaar?" - Dalıyca da əlimi əlimə vurub, bərkdən gülürdüm.
Anamın gözləri az qalırdı hədəqəsindən çıxa. Üzünü mətbəxə tutub çığırırdı:
- Anaaa!
Nənəm tələsik gəlirdi:
- Nə olub, ay bala?!
- Bu yaramazı görürsən?!
- Uşağı söymə, ay bala.
Anam az qalırdı partlaya:
- Sən qudurtmusan bunu!
- Nə eləyib ki?!
- Canına dərd eləyib, gözünə də azar. Direktorumuza odboy verib.
- Kim deyir?! Odboy verməmişəm!
- Bəs niyə çağırmadın məni?
- Lazım bilsəydim, çağırardım. Amma cavab vermişəm.
- Nə demisən?!
- "Olmaz!".
Anam cumub məni vurmaq istəyəndə tez atılırdım nənəmin qucağına.
- Bu uşaq deyil ey, sırtılıb bu! Atası cəhənnəm olub gedəndən sonra mənimlə düşünüşüb lap!
- Elə eləmə, ay bala, ananı işdən çıxardar, çörək tapmarıq yeməyə! - Nənəm sinəsinə sıxardı məni.
- Market doludu çörəklə!
- Havayı çörək yoxdu, qurban olum. Ananın işinə qarışma!
Anam dözməzdi:
- Gözün tökülsün!
Çil xoruz kimi üzünə durardım:
- Taxsırım nədi?!
- Çox şey!
- Buna bax bir, yad adamdan ötrü doğma balasına qarğış eləyir! Özündən xəbərin var?!
- Niyə təhqir eləmisən o boyda kişini?!
- Atam idi bəyəm?!
- Necə?!
- Dedim da!
- Atan olmalıydı?!
- Aç qulağını eşit, mən atamdan başqa bir kişinin sənə zəng eləməsini istəmirəm!
- Atan haranın itidi, mənə zəng də eləyə?!
- Mənə "küçük" demə!
- Bıyyy... başı xarab olub ey, bunun!
- Niyə başım xarab olur?! Atam it olanda, mən gülməşəkər olacam!
Nənəm əliylə ağzımı tutub, basıb aparırdı məni mətbəxə.
5
İllər keçdi, mən də böyüyüb, ailə qurdum. Dövran da dəyişdi. Hər şey pisliyə doğru getməyə üz qoydu. Bir gün də anamgilin idarəsi bağlandı. İşçiləri də ixtisara düşdü. Direktor yəqin, iş tapdı özünə. Anam tək qaldı - çıxıb oturdu evdə.
Görürdüm anam fikir eləyir. Bir dəfə soruşdum:
- Ay ana, Qəmxar müəllimlə danışıb eləyirsən heç?
Səsimdəki mehribanlığı görüb, təəccüblə üzümə baxdı:
- Qəmxar müəllim hardan yadına düşdü, ay bala?!
- Elə-belə soruşuram.
- Sənin ki, acığın gəlirdi ondan?!
- Bilmək istəyirəm də.
- Bayramdan-bayrama zəng eləyirəm.
- Niyə özü zəng eləmir?
- Niyə?! - Gülümsəyib, məzəmmətlə üzümə baxdı, - sənin qorxundan!
- Nə danışırsan?!
- Anam canı!
- Təzəlikçün?!
- Gözünü elə qorxutmamışdın ki, telefon nömrəmizi də yadında saxlasın. Mən də az qorxmurdum səndən. Acığına getməsin, qızımdan çox dönüb olmuşdun qayınanam!
- İt peşmanıyam, ay ana!
- Niyə, ay bala?!
- Atamdan ayrıldığın üçün intiqam alırdım səndən! İndi başa düşürəm ki, lap nahaq yerə qorumağa çalışmışam səni! Onsuz da atam başqa qadınla evlənmişdi. - Anam üzümə baxmadan razılıqla başını yellədi.
- Heç olmasa Qəmxar müəllim, almasa da, saxlayardı səni.
- Ay bala, bəlkə yerinizi dar eləyirəm?!
- O nə sözdü, ay ana?! Allaha şükür, yeməyə çörəyimiz, yatmağa da genə-bol evimiz. İrağ olsun, sən olmasan, neyləyərdim onda?!
Qaşları çatılıb, sifəti qayğılandı anamın:
- Zahiri parıltıya aldandım, ay bala. İndi baxıram ki, atan da pis adam deyildi heç. Bir az səbr eləsəydim, Allahın bəxtəvər qadınlarından biri də mən olacaqdım. Artıq gecdi. Nəriman Həsənzadə demişkən:
"Çalış ki, əvvəlcə yanılmayasan,
Təəssüf ikinci məğlubiyyətdi!".
- Neçə yaşın var, ay ana?
- Guya bilmirsən?!
- Ay ana, 40 yaş nədi ki?! Qadına bu yaşdan sonra ər lazımdı.
Anamın dodaqları qaçdı:
- Ərə gedim deyirsən, ay qızım?!
- Nəyi pisdi ki?!
- Ərimə nə gəlib?!
Gözüm kəlləmə çıxdı:
- Ola bilməz!
- Niyə ola bilmir?!
- Doğrudan?!
- Vallah!
- Altdan-altdan iş görürsənmiş ki, ay arvad!
- Zəmanə belə tələb eləyir!
- Nə vaxtdandı?!
- İki ilə yaxındı?!
- Bıyyy... Nə danışırsan, ay arvad?!
- Mama canı!
- Kimdi?
Böyük oğlumu qucağına çəkib, yanaqlarından öpdü:
- Mübarizdən yaxşı ər?! Qurban olum buna!
- Yaman qorxuzdun məni!
- Niyə?
- Vallah, hələ də hazır deyiləm atamdan yana başqa biriylə ailə qurmağına!
- Ürəksiz qızı, ürəksiz!
Bir-birimizə qoşulub gülüşdük.
Anamın səsi göz yaşları içindəydi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!