Alfa Kentavr B - Hekayə. ADƏM (Nizami Hüseynov)

 

Dörd ildir ki, liseydə çalışıram. Həyəcanlı, gərgin, stresli, maraqlı günlərim keçib burada. Şagirdlərim - balabilgələr başqa heç bir məktəbdə görməyəcəyimiz tipdədir. Nə dövlət məktəbi şagirdi kimidirlər, nə də özəl məktəb şagirdi kimi. Nə özbaşınalıqları var, nə də fağırlıqları. Orta xətdə, orta tempdə, ağıllı-kamallı uşaqlardır. Dedim axı, streslidir həm də. İki il əvvəl aprelin 27-ni bir şagirdimin - İsanın intihar xəbəri ilə açmışdım. Əvvəl yuxu, sonra zarafat olduğunu düşündüyüm bu xəbər dəqiqləşəndə bütün heyət olaraq hamımız çökmüşdük. Dəfndə, ondan əvvəl və sonrakı hadisələrdə o qədər ağladıq ki, axırda gözümüzdə su qalmadı. Ağrımız keçdikcə bəzi məsələləri yenidən götür-qoy etməyə başladım. Səhvimi, düzümü axtarmağa çalışdım.

Özümü həmişə şagirdlərin dostu bilmişəm, xoş münasibətim olub, mən uşaqlara, onlar da mənə səmimi olublar. Ailələrindəki problemlərini, sevgilərini, dostluqlarını, düşmənliklərini, qorxularını bilmişəm. Amma son günə qədər İsanın nə dərdi olduğunu bilmədim. Hətta bir gün əvvəl siniflə yığışıb yeməyə gedəcəyimizi belə planlaşdırmışdıq. Təəssüf ki, nə intiharın səbəbini bildim, nə də kömək edəcək bir yolum oldu.

Bu acı hadisədən sonra şagirdlərlə əvvəlki səmimiyyətim, dostluğum da azaldı. Eləcə dərsimi deyib, tapşırığı yoxlayıb çıxdım. Uşaqlarla filmlərdən, bədii əsərlərdən, sənətdən, musiqidən danışmadıqca dərsim özümə də sıxıcı, darıxdırıcı gəlməyə başladı. Bir ili beləcə başa vurdum.

Bu tədris ilinin əvvəli ilk günü keçən il dərs dediyim sinfə girdim. İndi 10-cu sinfə keçən uşaqlar tətildən şən, günəşdə yanıb qaralmış, bir az da tətilin bitməsi ilə yaranan kədərlə liseyə qayıtmışdılar. Bu kədərin mənbəyi əksəriyyətdə tətilin bitməsi ilə bağlı idisə, Şərifdə fərqli bir üzgünlük var idi. Tənəffüsdə Şərifi dəhlizdə söhbətə tutdum. Nə səbəbə üzgün olduğunu soruşdum. "Eh, heç nə" deyib söhbəti dəyişmək istədi.

- Nədir, eşqə düşmüsən? - zarafatla soruşdum.

- Hardan bildiniz, ay müəllim?

- Təxmin etdim, ən böyük ehtimal budur, - təxminimin tutmağı özümü də heyrətləndirdi, - liseydə oxuyur?

- Yox, ay müəllim, uzaqdadır, çox uzaqda, - yuxarı baxdı. Aldığı şairanə görünüşü ilə əynindəki çox böyük köynəyi heç uyğun deyildi. Həmişəki şən, deyib-gülən, "avara" Şərifin indi də nəsə oyun oynadığını düşündüm.

- Nə qədər uzaqda ola bilər ki? Get danış da.

- Danışıram da, müəllim.

- Bəs nədir problemin?

- Görüşə bilmirik.

- Niyə?

- Uzaqdadır, müəllim, çox uzaqda, - deyib yenə gözünü yuxarı qaldırmaq istəyirdi ki, başının arxasından yavaşca vurdum.

- Artist, nə qədər uzaqdadır ki?

- Dörd tam onda beş il.

Şərifin zarafat etdiyini dəqiqləşdirmişdim:

- İllə məsafə təzə çıxıb da, hə? Dörd tam onda beş il nədir? Harada yaşayır?

- Ay müəllim, heç olmasa, siz eləməyin də. Heç kim ciddi qəbul etmir məni. Hamı elə bilir uydururam. Dörd tam onda beş il aralıdadır məndən.

- Dörd tam onda beş il neçə milyard kilometrdir, nə danışdığının fərqindəsən?

- Bəli, müəllim, bəli. Alfa Kentavrda yaşayır.

- Ha-ha-ha. Yaxşı. Danışarıq, - deyib Şərifdən ayrıldım. Bunun hələ də bir zarafat olduğunu düşünürdüm.

Pilləkənə yaxınlaşdıqca Şərifin üzüntülü şəkildə həmin yerdə qaldığını, fikirli-fikirli mənə baxdığını gördüm. Bu baxışlarda "siz də mənə inanmırsızsa, nə edim?" var idi. Geri qayıtdım. Onun qolundan tutub "gəl bufetə, bir normal danış görək, nə baş verib" dedim.

Bundan sonrasını Şərif mənə danışdı. Arada keçid verib öz şərhlərimi əlavə edəcəyəm, qalan hekayə isə Şərifin başına gələnlərdir.

 

***

Tətilə çıxdıqdan sonra evdə çox sıxılırdım. Gündüzlər isti olduğundan çölə də çıxmaq mümkün deyildi. Təkcə axşamları dostlarla görüşmək üçün fürsət yaranırdı, bir neçə gündən sonra onlar da rayona, bağa, xaricə istirahətə getdilər. Mən qaldım tək. Başımı qatmaq üçün kompüterimə təzə oyunlar yüklədim. Bir-bir oyunların "dadına baxıb" yenisinə keçirdim.

Qarşıma "Starway" oyunu çıxdı. Son vaxtlar heç görmədiyim tərzdə bir qrafikası vardı. Oyunda hər bir xarakter hansısa planetin, asteroidin, ulduzun və s. adı ilə bağlı idi. Oyuna kiçik asteroid kimi başlayırsan. Özünə uyğun və səndən kiçik olan göy cisimləri ilə toqquşmalı, hesablamanı düzgün aparmalı, parçalanmadan böyüməlisən. İlk baxışda sadə görünsə də, hər toqquşmadan əvvəl qarşı cismin həcmini və kütləsini hesablamaq, zərbə nöqtəsini dəqiqləşdirmək, m1 və m2 arasındakı məsafəni, onların qravitasiyasını nəzərə almaq, zərbənin gücünü dəqiq bilmək, öz hərəkət oxundan minimum uzaqlaşmaq, bu toqquşmadan sonra başqa cisimlə toqquşma ehtimalını təxmin etmək və s. kimi uzun bir oyundur. Həm fizika, həm riyaziyyat, həm astronomiya bilmək lazımdır ki, oyunda mərhələ keçəsən. Bir də digər oyunçularla mesajlaşma bölməsi var. Açıq oyunda, adətən, qarşı tərəflə söyüşürsən.

Bir gün oyunda olarkən mənə mesaj gəldi, lakin mesajı ciddiyə almadım. Çünki yalnız iki simvoldan ibarət uzun bir şey yazılmışdı. Daha sonra gün ərzində həmin qeydiyyat adı görünməyən oyunçudan bir mesaj da gəldi. Yenə cəmi iki simvol və uzun bir mesaj. Bu dəfə də ciddiyə almadım.

Axşam yemək yeyərkən atam dərslərimi soruşdu. Tətil olduğunu deyib söhbəti dəyişmək istəyirdim ki, kursda niyə qeydiyyatdan keçmədiyimi dedi. Yenə tətil olduğunu dedim. Atam hər il tətildə getdiyim liseyin STEAM təliminə bu il niyə yazılmadığımı, niyə tənbəllik etdiyimi soruşdu. Müəllimim keçən il magistr təhsili üçün Estoniyaya getmişdi, o gündən bu kursa getmək həvəsim ölmüşdü. Həmin gün atamın saatlarla davam edən təkidi ilə razılaşdım. Səhəri kursa getdim.

Əvvəlcə qeydiyyat, iki gün sonra ilk dərs və çeynənmiş say sistemləri mövzusu ilə start verdik. Dərsdəki hər kəs mövzunu bilsə də, müəllim həvəslə danışmağa davam edirdi. Mən ikilik say sistemi ilə mətn kodlaşdırıram, şəklin, mahnının kodunu çıxarıram, bu isə hələ də mənə 10-luq sistemdən 2-lik sistemə keçidi öyrədir.

Dərsin sonuna yaxın daha çox sıxılmağa başlamışdım. Axırda müəllim hər kəsdən doğum ilini ikilik say sistemində göstərməyi istədi. Mən 2007-i çevirib 11111010111 kimi yazdım. Bu sıxıcı rəqəmlərə baxa-baxa dünən mənə gələn mesajı xatırladım. İcazə alıb tez evə qaçdım. Kompüteri yandırıb oyuna girdim. 3 gün əvvəl mənə gələn qəribə mesajla 11111010111 arasında bağlılıq var idi. Hər ikisi eyni məntiqlə yazılmışdı.

Bu formada qəribə bir mesaj idi. Burada cəmi iki simvol təkrarlanırdı. Kodları 1 və 0-la əvəz etdim. Bildiyim bütün üsullarla oxumağa çalışdım. Bunun nəsə bir mesaj olduğunu bilirdim. Amma heç cür oxunmurdu. İnformasiyanı emal etmək üçün nə qədər çalışsam da, kodu aça bilmirdim. Axırda qərara gəldim ki, mən də ona mesaj göndərim. Həm bizim dildə, həm də ingiliscə "salam" yazıb, koda çevirib göndərdim. Heç 30 saniyə keçməmiş cavab gəldi. Bu cavabı da oxuya bilmədim. Estoniyadakı müəllimimə yazdım, kodları oxumaq üçün kömək istədim. Mənə link göndərdi. Dediyinə görə, bu proqramı bir neçə tələbə hazırlayıb. Çox sürətlə informasiya çevirir, üstəlik, mətn, şəkillə yanaşı, videonu da kodlaşdıra bilir.

Mənə gələn mesajları 1-0-a çevirmişdim, həmin kodları daxil etdikdə heç nə yaranmadı. Ən son göndərdiyi mesajı ikilik sistemlə yazıb saytda yoxladım. Ən qəribəsi də burada idi - kod şəklə çevrildi. Şəkil mənim heç vaxt görmədiyim, təxminimdən çox uzaq bir yeri təsvir edirdi. Qatı toz buludunun içində qəribə tikililər və ardında parlaq işıq vardı. Bu şəkli quqlda axtarışa verdim. Heç bir alternativi yox idi. Mən də bu qəribə dostuma şəkil göndərmək qərarına gəldim. Əvvəl öz şəklimi seçdim, sonra pəncərədən həyəti çəkib göndərmək istədim, ən sonda keçən qış Şahdağda çəkdiyim şəkli göndərməyi planlaşdırdım. Koda çevirdim və yolladım.

Axşam şəkillərlə mesajlaşmağa başladıq. Bir şey dəqiq idi ki, qarşımdakı kimdirsə, o da kodlaşdırmanı yaxşı bilir və mənim göndərdiyim kodları oxuya bilirdi.

İlk göndərdiyi şəklin qeyri-adi mənzərəsi haqqında danışmışdım. Bu mənzərənin haradan olduğunu dəqiqləşdirmək istəyirdim, amma bu barədə soruşa bilmirdim. Elə ünsiyyətimiz formalaşmamışdı, daha çox sadə "salam-sağol" formasında söhbətləşirdik.

Beləcə, günlərlə mesajlaşdıq. Mən hər dəfə ona öz şəklimi göndərib izahlar versəm də, o daha çox əlləri ilə emosiyalarını ifadə edir və beləcə ünsiyyətimiz davam edirdi. Az qala hər gün söhbət edirdik, özümüzə uyğun anlayışlarımız var idi. Mən hisslərimin ifadəsi üçün, əvvəlcə, lalların əl işarələrindən istifadə etdim, lakin qarşımdakının bunu anlamadığını gördüm. Ona görə ilkin anlayışları yenidən yaratdıq. Əli yuxarı qaldırmaq salamlaşmaq idi, "necəsən" demək üçün əlimizi geniş açıb yuxarı qaldırırdıq, yumruq sıxma "yaxşıyam", əli 45 dərəcə tutub yarı bükülü saxlamaq "belə də" anlamına gəlirdi. Bu müddət ərzində heç birimizin kefi pis olmamışdı deyə, ona uyğun reaksiyamız da yox idi.

Bir gün ondan şəklini göndərməsini istədim. İlahi, bu nə idi?! Bu nə gözəllik idi?! Həyatım boyu belə bir insan görməmişdim. O qədər parlaq üzü var idi ki... Qısa saçları, iri gözləri... dik burnu... Heç bir millətə oxşamırdı... Ümumiyyətlə yerli deyildi. Boynu həddən artıq uzun idi. Almacıq sümüyü demək olar ki, yox idi... Bütün bu fərqliliklər onu həddən artıq gözəlləşdirirdi.

Xeyli düşündüm. Görəsən, mən kiminlə danışıram? Bu adamdırmı? Haralıdır? Bəlkə yadplanetlidir? Bu sualı verəndə gülümsədim, "o qədər də yox" deyib fikrimdən çıxarmaq istədim. Amma alınmadı. Ondan haradan olduğunu soruşdum. Sualımı anlamışdı, təəccübümü də başa düşmüşdü.

Şəkillə mənə toz buludu və buludun içində iki zərrəcik göstərdi. Bu toz buludunun qalaktika olduğunu görmək elə də qəliz deyildi. Bir sonrakı şəkildə həmin zərrəciklərin daha böyük çəkilişini göndərdi, burada üçüncü xırda ulduz da görünürdü. Şəkil ardıcıllığı ilə ulduzlardan birinə yaxınlaşdı. Bu ulduzun ətrafında dönən planetlər var idi. Sonra həmin planetlərdən birinə yaxınlaşan şəkil, oradan başqa təsvirə və toz buludu içində mənə ilk göndərdiyi şəklə keçdi.

Artıq hər şey dəqiq idi, yadplanetli ilə danışırdım.

- Bu varlıq hansı qalaktikadandır?

- Bilmirəm.

- O bu oyuna necə girmişdi?

- Bilmirəm?

- Bu oyunda niyə məhz mənimlə danışmışdı?

- Bilmirəm.

- Bu tanışlıq necə davam edəcək?

- Bilmirəm.

Özümü xeyli sorğu-sual etdikdən sonra qərara gəldim ki, heç olmasa onun olduğu qalaktikanı, ulduz sistemini tapım. İnternetdən kosmik xəritələrə çıxdım. Bu iki böyük ulduz və xırda üçüncü ulduzun Alfa Kentavr ulduz sistemi olduğunu öyrəndim. Qısaca Alfaken adlandırırlar. Alfaken A, Alfaken B, Alfaken C və ya Proksima adlı üç fərqli ulduzdur. Alfaken B ulduzunun ətrafındakı planetlərdən biri mənim təzə tanışımın məskəni idi. Alfa Kentavr B ulduzu bizdən 4.4 işıq ili uzaqlıqdadır. Bu məsafə təxminən 42 trilyon km-dir. 42 trilyon... Mən, övladım, nəvəm, nəticəm, kötükcəm ömür boyu yol getsək, bu məsafəni qət edə bilmərik.

Mən də ona öz yerləşdiyimiz planeti göstərdim, Süd yolunun, Günəş sisteminin, Yerin, Azərbaycanın, sonra da məhəllənin şəklini göstərərək harada yaşadığımı bildirdim. O da çox heyrətlənmişdi. Təəccüblənəndə o qədər qəribə görünürdü ki.

Onun hər bir reaksiyası bizdən çox fərqli idi. Mən heyranlıqla onu izləyirdim. İlk dəfə idi bu hissləri belə dərindən yaşayırdım. Deyəsən, mən ilk dəfə sevməyə başlamışdım.

Ona hisslərimi aydın ifadə edə bilməməyim xaricində hər şey yaxşı gedirdi. Tez-tez əlimlə ürək tutub ona atırdım. Hər dəfə mənasını soruşurdu, ona sevgimi izah etmək üçün filmlərdən kadrlar seçirdim. Qız-oğlanın baxışma səhnələrini göndərirdim, başa düşmürdü. Bir dəfə ona "Süd yolu ilə" filmindən Monila Belluççi ilə Kusturiçanın öpüşmə səhnəsini göndərdim, gözləri o qədər bərəldi ki, az qala çıxıb çöldə dayanmışdı.

Yenə də o, heç nə başa düşmürdü.

Amma bu hekayə mənim üçün sevgi hekayəsi deyildi, bu həm də qeyri-adi bir yenilik, elm idi. Bütün suallara cavab idi, başqa planetlərdə canlıların olmasına sübut idi. Kainatın tək insan məskəni olmamasının göstəricisi idi. Amma nə olsun? Heç kim - heç bir kəs dediklərimə inanmadı. Əvvəlcə atama danışdım, kompüterdə az vaxt keçirməli olduğumu dedi. Sonra anama danışdım, oyunların başımı xarab etdiyini dedi. Dostuma danışdım, güldü, dedi ki, oyun xarakteridir, normaldır hər şey. Bu günə qədər heç kim mənə inanmır...

Son günlər ümumiyyətlə telefonla, kompüterlə vaxt keçirməyimə də razı deyillər. Dərsimi oxumalı olduğumu, xəyal dünyasından çıxmalı olduğumu deyirlər.

 

***

Şərif o qədər danışmışdı ki, artıq nəinki bütün dərs bitmiş, üstəlik, evə getmək zamanları gəlmişdi. Beləcə, həmin gün Şərifi yola saldım. Gedərkən ona inandığımı, bu boyda hekayəni uydurmadığını bildiyimi dedim. Söhbət edərkən gözündəki işıq yenə yerini kədərə buraxmışdı. Beləcə, sağollaşdıq.

Gecə telefonuma gələn zəngə, o biri tərəfdə qışqıran səsə oyandım. Şərifin atası idi. Məndən uşağa örnək olmağımı, valideynin işinə dəstək verməyimi, Şərifdən bu səfsətəni unutmağı istəməyimi tələb edirdi. Yarıyuxulu idim, üstəlik, şagirdimi valideynin yanında olsa belə, üzüstə qoya bilməzdim.

Valideyninə məsələnin dərində olduğunu, ətraflı söhbət etməli olduğumuzu dedim. Uzun-uzun danışdıq. Ətrafdakı səslərdən əvvəlcə dəhlizə çıxdığını, sonra həyətə düşdüyünü anladım. Təklikdə olduğunu yəqinləşdirdikdən sonra dedi:

- Müəllim, mən Şərifə ilk gündən inanmışam. Bizə heç vaxt yalan danışmayıb. Bu məsələni də Şərifdən xəlvət araşdırmışam. Danışdıqları həqiqətə uyğun görünür. Amma onun hədəfləri var, o bizim nəslin - atamın istədiyi kimi həkim olacaq. Şərif də bunu istəyir.

Razılaşmadığımı dedikdə yenə səs tonunu qaldırdı.

- Uşaqdır, hələ qanmır. Bu məsələ böyüsə, bütün həyatı məhv olacaq, kimdir bizdə belə bir şeyə dəyər verən, elm deyil, yaradıcılıq deyil. Çatda kiminləsə danışıb, ola bilər ki, danışdığı kimdirsə, oğlumla zarafat edir, ola bilər ki, həqiqət belədir. Hər halda bu məsələni nə qədər tez unutsaq, o qədər yaxşıdır.

Söhbətimiz belə də bitdi. Kompromis əldə olunmadı.

Ertəsi gün Şərif məktəbdə yenə dalğın idi. Yaşadıqları o qədər qəribə idi ki, belə böyük hadisələrin içində gündəlik həyatı, məişəti çox bəsit qalırdı.

Növbəti günlərdə bir daha bu söhbəti etdik, Şərif hər şeyi unutmaq istəyirdi. Hər şeyin boş olduğunu deyirdi. Üstəlik, atası bütün məsələni araşdırmış, Şərifi də inandırmışdı.

Atasının dediyinə görə, Şərifin qoşulduğu oyun İngiltərədə - Londonda idarə olunurmuş. Oyunu quranlardan biri təsadüfi iştirakçılar seçib onlarla belə bir oyun qurub. Oynayanlardan bir neçəsi ikilik say sisteminə uyğun kodların mənasını başa düşüb. Bu zarafatı hər detalına qədər fikirləşən admin Şərif kimi bir neçə şəxsə qarşı sona qədər gizliliyini qoruya bilib, hətta atasının dediyinə görə, o kimdirsə, məhkəməyə belə veriblər.

Bu söhbətə mən inanmasam da, Şərif inanmışdı, bəlkə də inanmaq istəmişdi.

 

***

Hadisədən günlər keçib. Artıq 15 gündür ki, bu söhbəti nə Şərif, nə də mən xatırlayırıq.

Bu gün isə Şərif mənə zəng edib təcili görüşməli olduğumuzu dedi, bazar günü olsa da, görüşməyə razılıq verdim. Cəmi 20 dəqiqə sonra "20 Yanvar" dairəsindən bir az aşağıda görüşdük.

Şərif o qədər həyəcanlı idi ki. Nə olduğunu soruşanda:

- Yalan deyilmiş, müəllim, - dedi, - o var imiş. Alfakendə - B ulduzunun ətrafında, elə mən dediyim planetdə yaşayırmış.

Həyəcanını bir az da boğub davam etdi:

- Müəllim, günlərdir oyuna girmirdim, axır ki, bu gün kompüteri açıb daxil oldum. Mənə nə qədər mesaj göndərib. Əvvəlcə kodlarla, sonra isə... Sonra isə ingiliscə salam yazıb.

- İngiliscə yazıb və sən hələ də onun yadplanetli olduğunu düşünürsən?

- Haqlısız, əvvəlcə mənə də elə gəldi. Yazdığını görəndə atamın dediklərinin necə düz olduğunu düşündüm, amma sonrakı mesajları oxuduqca yanıldığımı anladım. Deməli, müəllim, mən ona öz qalaktikamızın, planetimizin şəklini göndərmişdim axı...

Yazır ki, mənim göndərdiyim planetin harada yerləşdiyini tapıb, üstəlik, internetlə bizim haqqımızda məlumat da toplayıb.

- Və ingiliscə... - yenə kinayəli dedim.

- Yaxşı, əvvəl onu izah edim. Ümumiyyətlə, gəlin əvvəldən izah edim. Onların da planetlərində bizdəkinə bənzər internet var, amma çox güclüdür və onlar interneti öz planetləri üçün paylamırlar. Kosmik səyahətlərə çıxan, başqa qalaktikalara gedən sakinləri belə bu internetə rahatlıqla qoşula bilirlər. Texnikaları, texnologiyaları bizdən çox-çox güclüdür.

Tam təsadüf nəticəsində o bizim internetə qoşulub, necə olduğunu heç kim bilmir. Zamanda səyahət kimi bir şey olub. İnternet keçidi yaranıb və o mənim oynadığım oyuna daxil olub, amma bunun nə olduğunu özü də başa düşməyib. İlk başlarda bu işin bir zarafat olduğunu düşünüb, sonra mənim yadplanetli olduğumu dərk edib. Sonra da mən bir neçə gün oyuna girmədikdə axtarmağa başlayıb. Dediyim kimi texnologiyaları çox güclüdür. Asanlıqla bizim planeti tapıb, hətta buradakı insanların ünsiyyət vasitəsini, ən geniş yayılmış dilin ingiliscə olduğunu görüb. Qısa zamanda ingiliscə səlis danışığı da öyrənib. Və bu mesajları da mənə ingiliscə yaza bilib.

Dediyinə görə onlarda ömür elə də uzun olmur, mənimlə söhbətə başladığından bu günə qədər həyatının 4-də 1-ini yaşayıb. Başa düşürsünüz, cəmi 1 il filan yaşayırmışlar. Bizim uzunömürlülüyümüz onda təəccüb doğurub. Amma deyəsən, bu heç də yaxşı xəbər olmaya bilər. Çünki planetlərində kimsə bu barədə xəbər tutsa, bizim planetə araşdırmaya gələcəklər. Bu araşdırma çox təhlükəli nəticələrə gətirib çıxara bilər. Ona görə də, bir daha oyuna girməmək, bizim planet haqqında başqa heç kimə məlumat verməmək qərarına gəlib və mənə mesajları yazıb oyundan çıxacağını qərarlaşdırıb. Lakin bir neçə dəfə tədqiqat aparanda onu görənlər olub. Dediyinə görə, artıq planetlərində qərara gəliblər ki, 3 nəsil sonra bizə qonaq gəlsinlər.

- 3 nəsil?

- Hə, cəmi 3 il.

Sonra da günlərlə gözləyib, məndən cavab gəlmədiyi üçün oyundan çıxıb. İndi ona heç nə yazmaq olmur. Görünmür.

Şərif danışdıqca sakitləşdi, söhbət edə-edə liseyin qarşısına kimi gəldik. İndi nə etməli olduğumuzu düşündük. Qərarlaşdırdıq ki, inanmasalar belə, bu barədə internetdə yazmaq lazımdır. Ən azından qonaqlarımızı "yaxşı" qarşılamalıyıq. Bəlkə də, xoşluqla onların zəkasını istifadə edə bilərik, onlara da lazım olan uzunömürlü insan DNA-sını verə bilərdik. Beləcə, xeyli danışdıq. Ən sonda:

- Hə, beləcə, o qız sənin ilk və son eşqin oldu? - soruşdum.

- Aaa, əsas məsələni deməmişəm ki, - dedi. O qız deyilmiş, oğlan da deyilmiş.

Deyir, bizim planeti araşdırdıqdan sonra göndərdiyim şəkillərin mənasını başa düşüb. Onlarda sevmək, sevilmək, qarşı cins deyə bir şey yox imiş. Təkcinsli imişlər. Hər biri yaşadığı müddətdə 2, ya da 3 dəfə övlad dünyaya gətirirmiş. Orqanizmdə yetişir və övladı göbəklərindən toxum boyda olanda çıxarırmışlar. Sonra onu böyüdürmüşlər. Bizdəki kimi ailə anlayışları da yoxdur, hər biri fərd kimi yaşayır. Bilgilərinin böyük hissəsi genetik kodlarla yeni nəslə keçir. Başa düşdüyümə görə, heç doğduqlarına da sevgi bəsləmirlər. Bunu təbii proses kimi yaşayırlar.

Hələlik bu qədərini bilirəm. Dahasını bilmək üçün ən azı 2025-ə qədər gözləməliyik.

- Gözləyərik, - dedim.

Söhbətimizin axırına yaxın Şəriflə marketdən su almağa getdik. Adama bir dənə 0,5 litrlik qazlı su alıb çölə çıxdıq. İçə-içə sağollaşdıq.

Şərif yenə inanmışdı, amma mən hansına inanmalı olduğumu bilmirəm, içimdəki şübhələr məni yeyib-bitirir. Yəqin ki, bu şübhələr 3 ildən uzun çəkməz.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!