Qəribə başlanğıc
"Nəsimi" stansiyasına çatanda bezikmiş bir adamın ufuldayaraq hərəkət etməsi kimi metro vaqonunun qapıları fısıltıyla açılarkən qonşumuz yadıma düşdü. O da nədənsə bezəndə həmişə belə fısıldayırdı, deyinirdi dodaqaltı. İndi haralardadı, neynir, deyə düşündüm öz-özümə. İlin-günün bu vaxtı ancaq yaydan-yaya gördüyüm adam niyə düşmüşdü ki, yadıma. Yəqin, uzun müddətdir getmədiyim kəndə yaxınlaşarkən nostalgik şeyləri xatırladırdı beynim. Keçmiş insanın heç cür xilas ola bilmədiyi xəstəliyidi. Amma bəxtin o zaman gətirir ki, xoşxassəli olsun xəstəliyin. Bədxassəli oldusa heç nə...
"Azadlıq" metrosundakı kənd dayanacağında dayanıb siqaret çəkirdim ki, kənddən tanıdığım birinin mənə sarı addımladığını gördüm. Salamlaşıb, bir az söhbət etdikdən sonra dedim soruşum görüm, Adil neynir. Ölmüşdü. Nə az, nə çox bir il də keçmişdi ölümündən.
- Elə dənizdə öldü - dedi mənim soruşmağımı gözləmədən.
"Elə dənizdə öldü" sanki elə dənizdə yaşayırdı, yaşamışdı, evi kimi olan bir yerdə öldü, evində öldü demək istəyirdi bu sözüylə. Hər ikimiz siqaretimizi ovcumuzda yağışdan qoruya-qoruya dərin bir tüstü aldıq, sanki ciyərlərimizdən çıxan tüstü bir daha amin deyirdi içimizdən keçən rəhmət dualarına. Soyuq avtobusun arxa oturacaqlarından birində özümə yer edib, islanmış paltoma büründüm. Yenə Adil yadıma düşdü, babam məni dənizə aparanda birinci dəfə görmüşdük onu. Babam şezlonq axtarırdı, mən də topumu qucaqlayıb düşmüşdüm onun dalıyca. Adil bizi uzaqdan görüb qabağımıza qaçıb, babamla görüşmüşdü. Babam əlini onun çiyninə vurub - De görüm, bizə neçəyədi "lejankaların" qiyməti, - deyə soruşmuşdu. O da malının keyfiyyətindən əmin olan satıcı kimi inamla gözlərini babamın gözlərini dikib - Qədeş, sənə havayıdı, bidənə çubuş alarsan, canıva dua eliyərəm, - demişdi.
Bununla da bu qəribə adamla tanışlığımın əsası qoyulmuşdu, həmin gün bizə 2 şezlonq gətirmişdi, babama ayrı, mənə ayrı.
O gündən bəri hər dəfə dənizə gedəndə gözüm onu axtarırdı. Balacaboy, arıq, dərisi suda qalıb çürümüş dəmir rəngində, üzü həyatın möhkəm əllərində əzilmiş vərəq kimi qırış-qırış... Bu adamı harda görsəydim tanıyardım. Kimsə əziyyət çəkirəm deyəndə o sözün fiziki tərcüməsi kimi Adil gəlirdi gözümün önünə. Kənd içində "lejanka" Adil adıyla tanınırdı. Başqa kəndləri bilmirəm, amma bizim kənddə eyni adda çox adam olanda hərəsi öz peşəsinə görə ləqəb alırdı. Adilin əslində bir peşəsi yox idi, sadəcə yayda hər səhər hamıdan əvvəl oyanıb dənizə gedirdi, orda dövlətə aid şezlonqlarının üstünə paltarlarını atıb sonra isə onları dənizə gəlib şezlonq tapmayanlara cüzi ödəniş qarşılığında verirdi.
Kənd qəbiristanlığına çataçatda avtobus boşalmışdı, bayaqki kəndçim düz qabaqda dayanıb sürücüylə şaqqanaq çəkərək nədənsə söhbət edirdilər. Yanlarına yaxınlaşıb söhbətlərinə qoşulmaq fikrim olmasa belə, düşmək üçün avtobusun qabaq tərəfinə gəlmiş və istəmədən şərik olmuşdum söhbətlərinə. Sürücü damağında siqareti üzünü mənə çevirib dedi:
- Lejanka Adil hardan yadıva düşüb?
- Nə bilim - deyirmişcəsinə çiyinlərimi çəkdim. Bir neçə metr getmişdi ki, sürücü yenə dilləndi:
- Fağır axır vaxtlar lap itin zülmünü çəkirdi. Elə ki, gün çıxdı qaçırdı dənizə lejankaların üstünə, bir zənbil də qarğıdalı götürürdü satmaq üçün.
Elə bu anda digər kəndçim söhbətə girişdi:
- Qarğıdalını satmaq üçün hoqqa çıxarırdı amma. - Sürücüylə bir-birinə baxıb güləndən sonra sözünə davam elədi. - Bir dəfə görürəm ki, uşaq əlində qarğıdalı gəlir üstümə, dedim atam, kim verib bunu sənə, əliylə göstərib dedi ki, orda dayanan əmi. Baxdım kim olsa yaxşıdı? Bizim Adil. Fikirləşdim ki, yaxınlaşım bir çox sağ ol deyim kişiyə, baxma da pay verib uşağa. Yaxınlaşıb hal-əhval tutub, çox sağ ol deyirdim ki, gördüm əlini saqqalına sürtdü. Başa düşdüm ki, bu pay deyil, lejanka Adilin fəndlərindən biridi, dedim nə qədər borcluyam sənə? Dedi nə borc, a kişi, bidənə çubuş alarsan, həll olar. Elə bir çubuşun da pulunu verdim ona getdi...
"Bir çubuş alarsan" sözündən sonra deyilən bütün sözlər boşluq idi, sanki heç birini eşitmirdim, eşitsəm belə ağlım qəbul eləmirdi. Tanış söz eşitmişdim və yenə illər əvvələ qayıtmışdım. Birdən avtobus dayandı sürücü:
- Kəndçim, çatdıq qəbiristanlığa düşmürsən? - deyə soruşdu. Cibimdən qəpik çıxarıb yolpulumu verib düşdüm avtobusdan.
Qəbiristanlığın içiylə ehtiyatlı addımlarla irəliləyirdim palçığa batmamaq üçün. Babamın qəbrinin üstünə çatıb bir fatihə verdim. Sağa-sola boylanıb molla axtarsam belə bir faydası olmadı. Bu ilahi nemət yağışdan qaçan mollaların hamısı yəqin ki, məsciddə gizlənmişdilər. Uşaqlıq xatirələrimin hamısında babama aid nəsə vardı mütləq. Mən də hər dəfə bura gələndə məzarın yanında oturub, uzun-uzadı söhbət edirdim o xatirələrdən. Yenə eyni şəkildə babamla söhbət edərkən söz gəlib çıxdı Adilin üstünə. Dedim:
- Yəqin, sənin məndən əvvəl xəbərin olub.
"Kənd özü bir ovuc qalıb, qəbiristanlığı çevrilib dəryaya" deyirdi babam, indi bir damlası olduğu dəryada çoxlu-çoxlu tanışlarıyla birlikdə yaşayırdı.
Qəbiristanlıqdan çıxıb üzü dənizə gedən yoldakı dayanacaqda dayandım, siqaret yandırıb düşündüm:
- Ömrü əzab içində keçənlərin ölümü gözəl olur heç olmasa? İki dünyadan birində ədalət var yəni?
Avtobusdan düşüb çınqıllı sahilə sarı addımladım, qətl yeri kimi dağınıq qalmışdı sahil, insanlar sonuncu dəfə dənizdən çıxarkən sanki buraların sevincini də özləriylə aparıb, evdə gizlətmişdilər gələn yay üçün. Dəniz ölüm qədər kədərli və inadkar görünürdü.
Adilin yuxusu
Sübh azanı və günəş kəndin balaca evlərinin qapılarını döyə-döyə yuxudan oyadırdı adamları. Hər səhər ancaq o, azandan və günəşdən əvvəl oyanıb sanki onları qarşılamağa çıxırdı yol üstünə. Hələ evdə hər kəs yatarkən əlində qarğıdalı dolu zənbili, başında həsir papağı, balaqları qatlanmış şalvarı və dəniz yolunu gedib-gəlməkdən yeyilmiş başmaqları ilə düzəlirdi yola. Arabir arvadı ondan bir az gec də olsa oyanmağı çatdırır, Adil gözdən itmədən həyətin qapısından dualar edirdi onun üçün. Dənizə hələ insan ayağı dəymədən çatdırırdı özünü sahilə. Ən sağlam şezlonqları seçir, birinin üstünə həsir papağını, birinin üstünə köynəyini, birinin üstünə başmaqlarını və sonuncunun üstünə isə qarğıdalı dolu zənbilini qoyurdu və beləcə, sübh o başdan dənizə çatıb, müştərilərini gözləyirdi. Adil üçün vacib deyildi ki, pul verilsin ona, şezlonqların qarşılığında araq da verilə bilərdi, amma ancaq araq...
İki qızını da gəlin köçürəndən sonra evdə bir arvadı, bir özü qalmışdı. Bu ikinəfərlik yalnızlıqdan hər gün şikayət edən ər-arvad sonda çarəni həyətə bir it gətirib bağlamaqda görmüş və Adil kəndin adlı-sanlı itbazlarından biri olan Rüstəmdən bala bir çoban iti gətirmişdi həyətə. Nə qulaqlarını kəsməyə qıymışdı, nə də quyruğunu, kənddəki bütün itlərdən fərqlənirdi Adilin "Çınqıl"ı. Yayda hər axşam dənizdən gələndə qızlarına görə içində böyüyən darıxmaq hissini itini qucaqlayıb ovutmağa çalışırdı. 2 ilə yaxın idi ki, qızlarını görmürdü, çünki qızları istəmirdi bunu. Atalarındanmı, yoxsa belə bir adamın qızı olmaqdanmı daha çox utanırdılar bilmirəm, bir onu bilirəm ki, Adil iti qucaqlayıb hönkür-hönkür ağlayır sonra da evə girib heç nə yemədən yatırdı. Gün ərzində cəmi bircə elə an olur ki, o an içindən nə keçirsən anında həyata keçir, deyəsən, Adil o anların birində qızlarından heç olmasa birini görmək istəmişdi, amma duası səhv başa düşülüb, böyük qızı birdəfəlik yanına göndərilmişdi. Bir axşam həyətinin qapısı döyülmüş, qapının kandarında qızını görmüşdü, üzü-gözü şiş içində. Həmin gecə həm qızının gəldiyinə sevinmişdi, həm də əti kəsilibmiş kimi başına vura-vura ağlamışdı Çınqılın yanında. Payızda qohum-qonşunun həyətini belləyərək, qışda əncir qurusu, abqora sataraq keçinirdi. Artıq ikinci yay idi qızı ata evinə dönmüşdü. Bir evin içində yad kimi yaşayıb ömür sürürdülər. Qızı nəvəsini də qoymurdu Adilə çox yaxın gəlsin, deyirdi ki, birdən içkili olar uşağın harasınısa əzər. Belə-belə ömür sürürdü Adil, evinin içində, qızından, nəvəsindən ayrı. Bir axşam yenə dənizdəki işindən döndükdən sonra meynə talvarının altında oturub arvadıyla söhbət edirdi:
- Bəlkə rədd edim o zəhrimarı? - dedi Adil.
Arvadı məəttəl qalmışdı Adilin dediyinə, çünki geridə qoyduqları 32 il ərzində bircə dəfə belə olsun bu sözü dilinə almamışdı, kimlər, kimlər and-aman eləmişdi, təsiri olmamışdı. Arvadı bir az da yaxın oturdu Adilə, içkili olub-olmadığını bilmək üçün. Yox, içməmişdi.
Sözünü bitirib masadan qalxdı və yaşlı müəllim yorğunluğuyla asta-asta evin pilləkənlərini qalxıb aynabənddə salınan yerinə girdi.
Arxasından nə gəldiyini bilmədən qaranlıq küçəylə qaçırdı. Artıq yorulmuş və əldən düşmüş ayaqları onu daşıya bilmirdi, kürəyini divara söykəyib arxasınca qaçan hər nədisə onun gəlib çatmasını gözləməyə başladı. Boz asfaltla baxışlarının arasına kölgə girdiyini görən Adil başını qaldırıb kölgənin sahibinə baxdı. Balacaboy, qara uzun saçları kəndir kimi hörülən 12-13 yaşlı bir uşaq durmuşdu qarşısında. Qızın üzündə, qollarında göyərmələr, paltarı cırıq-cırıq, gözlərinin içində videolent kimi dönən fraqmentlər vardı. Adil uşağın gözlərinə baxa bilmirdi, elə hey gözlərini qaçırıb, "sən kimsən" deyə-deyə əlləriylə üzünü gizlətməyə çalışırdı. Uzun müddətdən sonra qızın səsini eşitdi, bütün bədənini saran qorxulu bir səslə "mən sənin yalnız buraxdığın ailənəm, mən sənin içkili günlərdə gəlmədiyin evinəm, mən sənin 32 illik cəzanam, mən sənin illər əvvəl oğurladığın taleyəm" dedi və hörüklərini asta-asta doladı Adilin boynuna.
Nəfəs-nəfəsə oyandı yuxudan. Tez sağa-sola çevrildi, gördüyü hər şey yuxu imiş. Hər şeyin yuxu olması bir az sakitləşdirdi onu, amma yuxuda eşitdiyi qorxulu səs və dedikləri hələ də onu tərk etməmişdi, göz yaşlarıyla yerinin içində ora-bura vurnuxurdu, yuxu getmədi gözünə sübhə qədər.
İllər sonra gələn cəza
Səhərə qədər gözünə yuxu getməyən Adil adət etdiyi kimi sübh tezdən yola düzəlməyə hazırlaşırdı. Evdən çıxmadan barmaqlarının ucunda evə girdi, birinci nəvəsi yatan otağa keçdi, uzaqdan uşağa baxmağa başladı. Nəvəsi hər nəfəs alıb-verəndə gözündən bir damla yaş sürüşüb düşürdü Adilin. Sonra qonaq otağına keçib balaca bir vərəqə nəsə yazdı və həmin vərəqi səliqə ilə büküb köynəyinin döş cibinə qoydu. Evə girdiyi kimi səssiz-səmirsiz də çıxdı qapıdan. Kənd məscidini keçəndə toy mağarının söküldüyünü gördü. Dünən kənddə toy olmuşdu, amma içməməyə söz verdiyi üçün getməmişdi toya. Verdiyi sözdə nə qədər qərarlı olduğunu bilirdi, amma neçə illik dostunun da inadına bələd idi. Asta-asta mağarın yanından keçib gedərkən arxadan kiminsə onu çağırdığını eşitdi. Arxaya çevriləndə Səmədin əlində bir şüşə araqla ona sarı gəldiyini gördü:
- Dünən gördüm gəlməmisən, sənin araq payını ayırdım, vurarsan bizim sağlığımıza - dedi.
İçki içməməkdə qərarlı olsa belə heç özü də niyəsini bilmədən Səmədin uzatdığı araq şüşəsini götürüb köynəyinin içinə qoydu və gözləriylə təşəkkür edib yoluna davam elədi.
Həmişəkindən daha səssiz, daha sakit idi, sanki heç danışmamışdı indiyədək.
Dənizə çatıb həmişəki kimi paltarının hərəsini bir şezlonqun üstünə atdı, özü də bir kölgəyə çəkilib yavaş-yavaş dənizə axışan insanları başladı izləməyə. "Bu dənizkənarı şəhərin adamları xoşbəxtliyi də, bədbəxtliyi də dənizdə axtarır", - dedi pıçıltıyla.
Bir əlini gözünün üstünə kölgəlik edib dənizin bitib-tükənməyən maviliyinə baxdı. İllər əvvəl yadına düşdü, onda hələ evlənməmişdi. Bir gün dostuyla içəndən sonra üzmə yarışı keçirməyi təklif etmişdi. Bəlkə də hər şey bununla başlamışdı elə. Bir neçə gün sonra nişanı olacaq olan uşaqlıq dostuyla suya baş vurmuşdular, qolları əldən düşənə qədər, sahildən baxanda dənizin qoynunda nöqtəyə çevrilənədək üzmüşdülər. Həmin gün Adil geriyə çevriləndə dostunun ondan bir az uzaqda boğulmamaq üçün əlindən gələni etdiyini görsə də, içindəki qəribə hisslərə məğlub olmuş və 28 illik dostunun suda necə çarəsiz bir halda ona baxıb, yalvararaq boğulduğunu izləmişdi. Sonra elə özü sudan çıxarmışdı dostunun cansız bədənini. Qapısına qırmızı bağlanan həyətdə qaralar bağlanmışdı o gün. Dostunun ölümündən bir neçə ay sonra nişanlısının atasıyla danışmış və elçilərini göndərmişdi. Kənddə ondan sonra bir xeyli müddət söz-söhbət dolanmışdı ki, Adil özü öldürüb elə Yaşarı.
Yadına düşənləri və yuxuda gördüklərini düşündükcə bədənini eyni anda həm istilik basırdı, həm titrədirdi Adil. Özünü ələ almaq üçün oturduğu kölgəlikdən qalxıb sahildə qaçışan uşaqlara sarı addımladı. Zənbilindəki qarğıdalıları çıxarıb hamsını başladı bir-bir uşaqlara paylamağa. Qıraqdan Adili görən kənd adamlarından biri dilləndi:
- Adil, vermə uşağa onu, evdən gətirmişəm, sənə verəcək pulum yoxdu - digərləri ona qoşulub bir ağızdan eyni şeyi dedilər.
Adil onları eşitmirdi, qarğıdalıları uşaqlara paylayıb, sakitcə geri döndü kölgəliyinə. Səmədin verdiyi araq şüşəsini açıb, 3-4 dəfəyə içib bitirdi. İlk dəfə söz vermişdi və ilk dəfə verdiyi sözü belə tuta bilməmişdi Adil. Qoşun-qoşun dənizə axışan adamları gördükdə səhərdən gəlib müştəriləri üçün saxladığı şezlonqları paylamağa başladı. Kim şezlonq axtarırdısa, özü götürüb qaçırdı həmin adamın yanına.
Bugünkü Adil bir başqaydı, nə qarğıdalılar üçün pul alırdı, nə şezlonq üçün. Heç araq da istəmirdi heç kimdən. Sonuncu şezlonqa da müştəri tapdıqdan sonra usulca dənizə sarı başladı addımlamağa. Səliqəli şəkildə paltarını yığdı ləpədöyəndən bir az uzağa, cibindəki vərəq parçasını yoxladı, sonra daha etibarlı bir yerə qoyub, paltarı asi xəzrinin əlində bayraq olmasın deyə üstünə balaca bir daş da qoyub suya baş vurdu.
Sahildən baxanda dənizin qoynunda nöqtəyə çevrilənədək üzdü... Adil sonuncu dəfə üzürdü Bakının mavi gözlərində...
Həmin axşam kəndə Adilin yorğun addım səsləri yerinə evindən təkcə arvadının ah-naləsi yayılırdı. Paltarının içindəki vərəq parçasını üzünə sıxan arvadı həm Adili qarğıyır, həm də için-için ağlayaraq layla deyirdi onun üçün.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!