O, ədəbiyyata gəlişiylə ədəbiyyatı ideoloji çərçivələrdən azad etdi... - Kənan HACI

 

O, ədəbiyyata gəlişiylə ədəbiyyatı ideoloji çərçivələrdən azad etdi. Onun nəsrində butaforiya yoxdur, "xoşbəxt gələcək" illüziyası yoxdur, insan və onun mənəvi dünyası, hiss və duyğuları, iztirabları, kədəri, sevinci var. O, Azərbaycan nəsrinə yeni bir üslub - romantik yazı manerası gətirdi. Nəsrin romantikası deyəndə ilk yada düşən yazıçı məhz İlyas Əfəndiyev olur. Yazıçı dünya ədəbi prosesində gedən yeniliklərdən və tendensiyalardan xəbərdar idi. Balzakdan, Floberdən, Heminqueydən üzübəri çağdaş nəsrin ustalarına qədər (əsasən üslubçu yazıçıların) hamısının yaradıcılığına bələd idi. Yeni üslub yaratmağın çətinliyini də dərindən dərk edirdi.

Yaradıcılığının ilk illərində yazdığı "Aydınlıq gecələr" povestində artıq yazıçının özünəməxsus üslubunun bəlirtiləri görünürdü. Bənzərsiz təhkiyə, nağılvari dil oxucunun yaddaşında dərin iz qoyur. Bu sətirləri yaza-yaza uşaqlıq illərində heyranlıq hissiylə oxuduğum "Qəhrəman ilə bülbülün nağılı", "Apardı sellər Saranı", "Qarı dağı", "Qoca tarını çaldı" hekayələrinin təəssüratını xatırladım. Təbiət təsvirlərinin gözəlliyi məni sehrləmişdi, xəyalən özümü bu hekayələrdə təsvir edilən yerlərdə hiss edirdim, qəhrəmanların yaşantıları mənə də sirayət edirdi. Bir dəfə yazmışdım, İlyas Əfəndiyev mənim oxuduğum ilk yazıçı olub. İsaq-Musaq quşunun səsi lap uzaqlardan, ömrün o saf, bəxtəvər illərindən narın bir səda kimi qulaqlarıma çatır. Müharibədə həlak olmuş qızının sonuncu arzusunu yerinə yetirən qocanın tarının səsi də bu səsə qoşulur. Dəftərçəmə şagird xəttiylə yazdığım sözlər hələ də yadımdadır: "Müharibəyə nifrət edirəm. O uşaqları yetim qoyur, övladlarını ataların, anaların əlindən alır". Bu cümlələr mənim uşaq sarsıntılarımın sadə ifadəsidir. 

"Üçatılan" və "Geriyə baxma, qoca" romanlarının İlyas Əfəndiyev nəsrində xüsusi yeri var. Ümumiyyətlə, elat həyatı, milli kolorit, xalqın etnoqrafik xüsusiyyətləri, keçdiyi tarixi inkişaf yolu bu əsərlərdə olduqca dolğun, müfəssəl şəkildə təsvir edilir. Əlbəttə, İlyas Əfəndiyevin qələmindən çıxan bütün əsərlər bizə doğmadır. Amma doğma Qarabağımız işğalda olduğu çağlarda mən hər dəfə məhz bu əsərlər vasitəsilə o müqəddəs torpaqlara səfər etmişəm. İlyas Əfəndiyevin əsərləri bizi illər boyu Qarabağa virtual səyahətə çıxarıb. Şuşanın, Füzulinin, Cəbrayılın ətrini o kitabların səhifələrindən almışıq.

Bu gün Qarabağımız azaddır. 44 günlük Vətən Müharibəsində igid oğullarımız işğalda olan torpaqlarımızı düşməndən azad etdi. Mən Şuşaya səfər edəndə xatırladığım insanlardan biri də məhz İlyas Əfəndiyev idi. Sözsüz, onun ruhu şaddır. Böyük yazıçımıza minnətdarlıq borcumuz var. Və bu yazının son cümlələrini yazarkən qeyri-ixtiyari olaraq dilimə bu misralar gəldi:

Vətən bağı al-əlvandır,

Var üstündə xarı bülbül!

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!