Mənə bağışladığı eynəklə yazıram - Atababa İsmayıloğlunun xatirəsinə

 

Səmimi və qayğıkeş idi...

Səmimi və qayğıkeş olduğuna görə xətri çox əziz idi yanımızda Atababa müəllimin.

Ədalətli və alicənab idi...

Ədalətli və alicənab olduğuna görə hər birimizin doğması, dostu, sirdaşı idi Atababa müəllim!

Haqqın, doğru olanın, haqqı çatanın yanındaydı. Hər hansı problemi yerinə çatdırmaqda tərəddüd etməzdi.

Təbəssümüylə, işinə hədsiz sədaqəti, bağlılığı ilə anladırdı həyatı bizə. Hədsiz sadəliyi, insanpərvərliyi ilə dərs verməyi vardı ətrafına....

Unudulmaz İlyas Əfəndiyev, Mehdi Məmmədov, Şəmsi Bədəlbəyli, Amaliya Pənahova, Zərnigar Atakişiyeva, eləcə də Nəriman Həsənzadə, Elçin, Rasim Balayev, Qəzənfər Paşayev, Timurçin Əfəndiyev, Ayaz Vəfalı və başqaları haqqında olan söhbətlərimizə etibarlı mənbə idi Atababa müəllim.

Ailəsini çox sevirdi. Mən onu yer üzünün ən qayğıkeş valideyni, öz sənətinə, iş yerinə qəlbən bağlı ziyalı kimi tanıdım. Hədsiz dərəcədə məsuliyyətliydi. Hətta o qədər məsuliyyətli ki, çox vaxt məhz bu xüsusiyyətinə görə haqsız qınağımıza belə tuş gəlirdi. Məsul olduğu işin layiqincə yerinə yetirildiyinə əmin olmayınca onun fikrini başqa səmtə yönəltmək mümkünsüz idi. Çox olurdu ki, qəzet çapa gedən dəqiqələrdə, əksər hallarda gecə saat 3-4 radələrində belə o, iş başında olar, çap prosesinin nə vəziyyətdə olması barədə baş redaktor Azər Turanın narahat suallarını cavablandırardı. Gecədən keçməsinə, əməkdaşların narahatlığına məhəl qoymadan çap prosesini diqqətlə, sonacan izləyərdi. Onun işə bu cür bağlılığı bir örnək idi.

"Cavansan, gözlərini qoru" xəbərdarlığı edərdi mənə. Xarici ölkələrdən birindən geri dönərkən eynək alıb gətirmişdi mənim üçün...

İndi həmin eynəklə yazıram.

İşə hər gəlişində yoldan mənə zəng edərdi: "İgid, gəlirəm. Qutab da almışam sənin üçün".

Ərkli cavabım dilimin ucundaydı: "Gəl çıx də!"

Bilirdim ki, cavabımı hədsiz təbəssümüylə qarşılayır, bığaltı gülümsünür.

Gəlirdi, adəti üzrə kompüter otağına baş çəkirdi, özünün düzüb-qoşduğu bir lətifəni əvvəl-əvvəl Südabəyə və Elçinə danışırdı. Eyni xoş ovqatla iş otağının qapısını açırdı, az keçməmiş elə oradaca mənə səslənirdi: "Gəl də, çay da hazırdı... İyirmicə dəqiqə vaxtım var..."

Bilirdim ki, nəyə işarə vurur, nədən tələsdirir məni; dama oyununu çox sevirdi. Hər dəfə də uduzurdu. Və nəyi uduzduğunu bildiyindən dodaqaltı gülümsünürdü.

Bütün problemlərimin, problemlərimizin yanındaydı. Sirr yerimiz idi. Ötən əsrin 90-cı illərində "Ədəbiyyat qəzeti"nin maliyyə sıxıntısı yaşadığı vaxtlarda Atababa müəllimin fədakarcasına çabaları bütöv bir kollektivi maddi və mədəni sıxıntılardan xilas etmişdi. Özü üçün açılan qapını o, qəzetin və kollektivin probleminin yoluna qoyulmasına yönəltmişdi. Bunu mənə rəhmətlik Xeyransa xanım, Elmira xanım danışardı.

İndi iş yoldaşımız Südabə göz yaşını tuta bilmir. Dönüb-dönüb məni Atababa müəllimə qarşı etdiyim hansısa diqqətsizliyə görə danlayır. Kirimişcə üzünə baxıram. Sövq-təbii iş yoldaşımız Xəyyamın qayğısına qaldığı anları xatırlayıram. Balası kimi sevirdi Xəyyamı. Aydın Xanın koridor boyu eşidilən səsi gələn kimi gülümsünür, növbəti lətifəsinə başlayırdı. Fotoqraf Yaquba zarafat edirdi ki, şəklimizi elə çək, özümüzü tanıya bilək. Yazdığı yeni hekayələri Elnarə Akimovaya verər və növbəti həftə fikir mübadiləsi edərdilər. Mühasib Kəmalə xanıma məni tapşırırdı ki, bu fağırın maaşını qabaqcadan yaz. 

Vəfatından öncəki gün adəti üzrə doğma təbəssümüylə gəldi redaksiyaya. Yenə də kompüter otağında sevimli lətifələrindən bir neçəsini söylədi. Sonra adəti üzrə mənim də "dərsimi verdi". Saat 19-da qəzetin yığıcısı Südabə xanım bizimlə sağollaşıb çıxdı. Atababa müəllimin masası üstündə Adil Cəmilin şeir səhifəsinə işarə edib "nə məsələdi?" - deyə soruşdum. "Heç, Adilin şeirləriylə bağlı fikirlərimi yazacam - dedi, - gələn nömrə üçün".

- Yazarsan də, hələ bir həftə vaxt var - dedim, - əsas iş tökülüb qalıb...

Gülümsündü. Həmişəki təbəssümüylə dama qutusunu ortaya qoydu. Bu dəfə uduzdum və cəld də ayağa durdum ki, halal xoşun olsun... Nəyə işarə etdiyimi bildirdi. Razılıqla gülümsündü.

Vur-tut yarım saat sonra hədsiz dərəcədə pəjmürdə gördüm Atababa müəllimi. Halı dəyişmişdi. Zarafata saldım ki, ustad, deyəsən qələbədən sevincək olubsan? Əlini yellədi: "Halım yaxşı deyil..."

Əlimi alnına qoydum. İstiliyi vardı. Su gətirdim. Çantasından dərman çıxarıb içdi. Oynaqlarını, alnını nəm dəsmalla sildim. "Təcili yardım çağırım" - dedim. Razı olmadı. Bu vəziyyətində belə o mələk təbiətli Atababa müəllim kiçik oğluna zəng edib durumu bildirməyə razı olmadı; "Bir bölük külfət saxlayır. Səhərdən axşamacan canıyla əlləşir, işləyir, narahat eləməyin..." - dedi. Axır ki, böyük oğluna zəng etməyə razı sala bildim... Telefonunu mənə verdi ki, sən danış... Danışdım. "Yolüstü aptekdən termometr də götür" - dedim...

Ertəsi gün saat 12-də zəng etdim. Halını soruşdum. Yeni bir lətifə söyləyə-söyləyə yaxşı olduğunu bildirdi.

Ertəsi gün kiçik oğlu Elşən zəng etdi...

Bu, son idi...

İllər öncəsi zarafat edə-edə mənə bağışladığı eynəyin şüşələri göz yaşında boğulurdu...

...Eyni zamanda təbəssümü gözlərim önündə idi. Bilirəm ki, məni çox istəyirdi. Tezliklə mənsiz darıxacaq, həminki ərkli və təbəssümlü səsi ilə "gəl çıx də, ay əclaf" deyəcək...

 

Sərvaz Hüseynoğlu 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!