Ömrün qürub çağı - Əlövsət Bəşirlinin hekayəsi

 

Günəş qüruba endikcə sönməkdə olan tonqal kimi közərir, qızılı şüaları ilə səmaya, dənizin mavi sularına bənzərsiz naxışlar vururdu.

Eyvanın məhəccərinə söykənib qürub yerinə tamaşa edən ahıl kişi dərindən köksünü ötürdü.

- Ahın dağlara, Fəxri!

Qanrılıb ona sarı gələn xanımına yanpörtü nəzər saldı:

- Dağlar uzaqlarda qalıb, yadıma başqa şey düşdü. Qadın sual dolu baxışlarını ərinə zillədi.

- Adam inana bilmir ki, o vaxtdan 50 il keçib. Pah atonnan, - kişi vaysındı, - elə bil dünən olub. Rəhmətlik Əli müəllim deyərdi ki, ahıllıq insanın qürub çağıdır. Hər dəfə qüruba baxanda onun sözü yadıma düşür. Yeri behiştlik olsun, böyük alim, nəcib insan idi. Mənə yetim, imkansız çağımda nələr eləmədi? Universiteti bitirən ili aspiranturada saxlatdırdı, elmi rəhbərim oldu. Tək mənim yox, çoxlarının pənahı, xüsusən arxasızların dayağı idi. İndi söz düşəndə, cavanlar mənə təəccüblə baxırlar, elə bilirlər nağıl danışıram. İnsan necə xeyirxah, alicənab olarmış, İlahi, şükür kəramətinə!

Kövrəldi, boğazında düyünlənən qəhərini boğsa da, çuxura düşən, nuru öləzimiş sönük gözləri nəmləndi. Ona diqqətlə göz qoyan xanımı əl-ayağa düşdü, üzünün ifadəsi ciddiləşdi:

- Dərmanı içmisən?

Kişi günahkar kimi baxışlarını qaçırıb başını buladı:

- Tamam yadımdan çıxıb.

- Daha sözüm yoxdur, 50 il bundan qabaq olanları bircə-bircə danışırsan, bəs həkimin dediklərini niyə yaddan çıxarırsan?

Qadın deyinə-deyinə yan otaqdan təzyiqölçəni gətirib onun qoluna bağladı, rəqəmlərin üzərilə qaçan əqrəbə baxa-baxa dedi:

- Heç özündən xəbərin var, 180-ə qalxıb. Al bunu qoy dilinin altına. Telefon zəng çaldı. Qadın dəstəyi götürüb dinlədi. Xırda qırışlar düşsə də, əvvəlki təravətinin izi qalan ağ sifətinə təbəssüm qondu. Danışan yaxın dostları idi. Salamlaşıb hal-əhval tutandan sonra:

- Necə olacaq, yaş öz işini görür, - dedi. - Hər işə qarışır, hamıya məsləhət verir. Özünə gələndə dərman içməyi yadından çıxarır. Deyirəm, keçmişdə olanları yadına sala bilirsən, dərmanlarını yox? Zəhmət çək vaxtında iç, çörəyini ye, hər ayın axırında pensiyanı al, Allahına şükür elə. - Qadın sözünə ara verdi. Azacıq sükutdan sonra, - hə, elə o da sən deyəni deyir. Deyir Allahıma şükür edən bəndəyəm, ancaq pensiya məsələsində yox. Belə pensiya olar, 50 il işləyəsən, indi pensiya adına qəpik-quruş verələr? Özü də eləməyib tənbəllik, bunların hamısını yazıb göndərib idarələrə, qəzetlərə, hələ üstəlik, televizorda danışıb. Eh, sən də deyirsən düz eləyib. Nə faydası, heç gör qımıldanan, saya salan var. O dəfə eşitdik artırıblar pensiyaları. Alanda gördüm ki, əvvəlkindən 10 manat artıqdır. Getdim aptekə, bəlli oldu ki, həmişə aldığım dərmanlar ikiqat bahalaşıb.

Qadın telefonda danışdıqca gözaltı ərinə baxırdı. Hiss edirdi ki, dərman təsirini göstərir, kişinin avazıyan rəngi özünə gəlir. Dəstəyi ona verib, yan otağa keçdi. Kişi gümrah səslə yaxın dostu, həmkarı ilə hal-əhval tutdu:

- Mən də babatam. O ki qaldı təzyiqə, gərək dərmanımı yaddan çıxartmayım. Qardaş, boynumuza alaq ki, yaş öz işini görür. Adam əliynən qoyduğunu tapa bilmir. Dünən gözlüyümü itirmişdim. Evi ələk-vələk elədim. Nəvəm soruşdu ki, baba, nə axtarırsan? Dedim gözlüyümü, uşağı gülmək tutdu. Sən demə, eynək gözümdə ola-ola axtarıram. Öz-özümə güldüm, amma pərt oldum, üzə vurmasam da içimdə əsəbiləşdim. Həkim də deyir ki, çalış əsəbiləşmə, səni həyəcanlandıran şeylərə fikir vermə, üzünü yana çevirib uzaqlaş. Mən bunu bacarmıram. Keçən şənbə qəzet alıb evə qayıdanda gözüm tindəki zibilliyə sataşdı. Kaş görməyəydim. İki nəfər zibil qutularını eşələyirdi. Elə bu vaxt əynində nimdaş qara kostyum, başında bozarmış şlyapa, boynunda əzik qalstuk olan arıq, üzgün ahıl kişi onlardan aralı dayanıb burnunun üstünə sürüşən çeşməyinin arxasından yan tərəfdəki qutuya nəzər saldı. Əlini uzadıb çörək qırıqları ilə dolu sellofan torbanı götürdü və ətrafına ötəri baxıb tez də uzaqlaşdı. Mən onu güclə tanıya bildim. Heç tanınmalısı qalmamışdı. O boyda kişi elə bil yerimir, kölgə kimi sürünürdü...

Birdən nəvəsinin onu köməyə çağıran həyəcanlı səsini eşitdi:

- Ay baba!..

Dostuna üzrxahlıq edib, dəstəyi yerinə qoydu və yan otağa keçdi:

- Nə olub, a bala?

- Babası, gül kimi xörək bişirmişəm, yemir, - gəlini şikayətləndi, - daraşıb yavan çörəyə!..

Babasını görcək ürəklənən balaca əlindəki tikəni xırda-xırda dişləyərək:

- Mənim nənəmin çörəyindən xoşum gəlir, - dedi.

Onlar mağazadan çörək almırdılar. Rayonda yaşayan qohumları arabir yerli buğda unu göndərirdi. Nənə elektrik sobasında çörək bişirirdi. Nəvəsinə məxsusi süddə yoğrulan balaca, yumru kökə hazırlayırdı.

Baba nəvazişlə uşağın başına sığal çəkdi:

- Nuş olsun, mənim balam, - dedi, sonra gəlininə üz tutdu, - ot kökü üstə bitər, qızım. Nəvəm elə özümə çəkib.

Onun qar kimi ağarmış qaşları çatıldı, gözləri yol çəkdi. Uşaqlığı, müharibə illəri yadına düşdü. Çörək qəhətə çıxmışdı. Atası cəbhədə idi, qayıtmadı, əvəzində əl boyda "qara kağızı" gəldi. Anası yayın boğanağında, qışın şaxtasında dan yeri ağarandan qaş qaralanadək çöldə, tarlada işləyirdi. Evə buğda gətirəndə, nənəsi "əl daşında" üyüdür, təndir qalayırdı. Elə bil nəvəyə dünyanı verirdilər. Axı, nənəsinin təndir çörəyindən ləzzətli nə ola bilərdi? Üstündə də Sarı inəyin nehrədə çalxanan yağı...

İllər quş olub uçdu, o böyüdü, sayılıb-seçilən savadlı, bacarıqlı, çörəkli kişilərdən oldu. Amma rəhmətlik nənəsinin təndir çörəyinin dadı damağından getmədi. İnsafən xanımının evdə bişirdiyi çörək, o vaxtın çörəyinə çatmasa da, indi mağazada satılandan çox-çox dadlı idi.

Baba nəvəsini qucaqlayıb öpdü:

- Səni görüm çörəkli kişi olasan. - Sonra kövrək səslə soruşdu. - Sən də böyüyüb atan kimi kişi olmaq istəyirsən?

- Hə!

- Onda ananın bişirdiyi xörəyi ye, - gözaltı nəvəsinə baxıb sözünə aramla davam etdi, - Görürsən böyükləri - babanı, nənəni, atanı, ananı. Sən də onlar kimi xörək yesən böyüyüb kişi olarsan.

Gəlinin yaraşıqlı çöhrəsi işıqlandı. Baba təmkinini pozmadan asta, arxayın səslə:

- Sən mənim ağıllı balamsan, - dedi, - xörəyini ye, anan geyindirsin, gedək parka, uşaqlarnan oyna.

- Ura, babam məni parka aparacaq!

 

***

Yaşıllığa bürünən, gül-çiçəyi göz oxşayan park tünlük idi. Yayın nəfəsi təntidən boğanaq bürküsündən baş götürüb bu sərin, səfalı yerdə dincəlməyə gələnlər dəstə-dəstə gəzişirdilər. Babasının əlindən tutub hovuzun kənarında dayanan uşaq gur suyu göyə millənən fəvvarədən ətrafa səpələnən şəffaf damlalara maraqla baxırdı. Əlində tutduğu dondurmanı da bir anlığa unutmuşdu elə bil. Başını qaldırıb ucaboy, arıq babasına baxdı, şirin uşaq ləhcəsiylə: "Nə yaxşıdı, xoşum gəlir", - dedi. Sonra soyuğu balaca əlini üşüdən dondurmanı ləzzətlə yedi. Baba dondurmanın naxışlı şax kağızını nazik çöpü ilə birlikdə ondan alıb yaxındakı ağacın dibinə qoyulmuş qutuya atdı:

- İstəyirsən birini də alım.

- Yox, bəsimdi. Anam deyir çox yesən, boğazın ağrıyar.

- Düz deyir, - baba gülümsündü. - Qnda gedək uşaqlar oynayan yerə, sən də velosiped sür.

Uşaq babasının birovuz aldığı balaca üçtəkərli, yaraşıqlı velosipedə sevincək minib dairəvi, hamar meydançada yaşıdlarına qoşuldu. Baba bir qədər kənara çəkilib uşaqlarına göz qoyan böyüklərin cərgəsində dayandı.

***

Yuxudan ayılanda qulağıma səs gəldi. Deyəsən, onu oyatmasınlar deyə, astadan danışırdılar. Qulaq verdi, oğlu anası ilə dərdləşirdi. Ana həmişəki kimi təsəlli verirdi:

- Səbr elə, keçib gedər, inşallah!

- Nə qədr səbr etmək olar, axı?! Heç insafları yoxdur.

Qapı astaca açıldı. Qadın ərini görcək təəccübləndi:

- Durdun, nə tez?..

- Oğlum da özümə çəkib. Nə qədər asta danışsa da, səsi qayım çıxır.

Oğlu atasının sözlərindən pərt oldu. Fəxri kişi qayğılı, kövrək səslə:

- Axırı nə oldu, - soruşdu, - insafa gəldilər?

- Eh, insaf haradaydı, nə qoyub nə axtarırsan.

Kişi heç nə olmamış kimi sakit, ağayana tərzdə:

- Özünü darıxdırma, - dedi. - O köhnə dostumu tanıyırsan də, deyərəm yoluna qoyar.

Ata-oğul söhbətinə sakitcə qulaq verən ananın üzü işıqlandı. Az qala yarım əsri adlayan ömür-gün sirdaşının xasiyyətini yaxşı bilirdi: "dedi-qurtardı".

O, könülsüz halda həbi dilinin altına qoyub sordu. Sonra arvadının uzatdığı stəkanı alıb bir-iki qurtum içdi.

Çox çəkmədi ki, kişinin rəngi duruldu, çaş-baş qalan arvadına ərklə:

- Sən elə bilirsən ki, kişinin ağlı çaşıb, ağzına gələni danışır? - sual verdi.

- Xeyr, hələ canımda təpər var. Görmürsən rayondan dalımca maşın göndərirlər. Köhnə dostlar kənd-kəsəyi gəzdirib ürəyimi açmaq istəyirlər.

Ahıl atasının sorğu-sualı oğlu üçün gözlənilməz, yetərincə kəskin oldu. O, bir anlığa tutuldu, qaş-qabağını sallayıb, incik halda qətiyyətlə:

- Mən heç yana gedəsi deyiləm, - dedi. Bir qələr susub öz-özünə danışırmış kimi sakit, həlim səslə fikrini tamamladı. - Sıravi həkim işləyərəm, dərs deyərəm, imtahana uşaq hazırlayaram... nə təhər olsa ailəmi saxlayaram. Ancaq ayağımı kənara qoymaram. Əcnəbi ölkələrdə oxumaq, biliyini artırmaq, ixtisasını təkmilləşdirmək, görub-götürmək, irəli getmək, özünə gün ağlamaq, ailənə çörək qazanmaq qəbahət deyil. Mənə gəldikdə isə başqa cür fikirləşirəm. Hansı torpaqda, ailədə dünyaya gəlmək insanın iradəsindən asılı deyil. Tanrının vergisidir bu: vətən, ata, ana... Mən onlara arxa çevirə bilmərəm.

Anaya elə bil dünyanı bağışladılar:

- Qurban olum dilinə, oğul, nə yaman deyirsən.

- Olanı deyirəm, ana. Dostlarım, yaxınlarım içində belələri çoxdur. Elə cavanlar arasında da nə qədər desən var. O gün yaşlı pasiyentim dedi ki, oğlu xaricdə oxuyub. Orada yaxşı iş təklif eləyiblər, razı olmayıb. Deyib, öz ölkəmdə işləyəcəyəm.

- Halal olsun, - Fəxri kişi ürəkdən dilləndi, - yaxşı ki, belə oğullar da var.

- Var, ata, özü də az deyil. Belə ağıllı, savadlı, zirək cavanlarla ünsiyyətdə olanda adamın ürəyi açılır. Onlar deyirlər ki, öz rahatlığın üçün tərk etdiyin yurduna Vətən deyə bilməzsən. Vətən yaşadığın, torpağını qoruduğun yerdir, - oğul dərin düşüncələrə dalan ahıl atasına zənnlə baxıb, - mən də belə düşünürəm, - dedi.

Qocanın çuxura düşüb nurunu itirməkdə olan gözlərinə elə bil işıq gəldi. Qırışlarla dolu üzünə astaca sığal çəkib kövrək səslə:

- Sağ ol, bala, halal olsun, - dedi, - öz övladlarına da belə tərbiyə ver.

 

***

Odu avazıyan tonqal kimi közərərək qızılı şüaları ilə səmaya, dənizin mavi sularına bənzərsiz naxışlar vuran günəş qüruba enib, üfüqdə qaralan dağların arxasına çəkildi.

Eyvanın məhəccərinə söykənib qürub yerinə tamaşa edən Fəxri kişi dərindən köksünü ötürdü.

- Baba, günəş necə oldu, batdı?

Başını əyib yanında şək dayanan nəvəsinin alnından öpdü:

- Günəş batmır, oğlum, heç vaxt batmır, qürub edir. Qürubun nə olduğunu, inşallah, mənim kimi baba olanda biləcəksən.

Baba qanrılıb sağ əlini Şərqə sarı uzatdı.

- Bax, sabah səhər orada günəş doğacaq, sənin günəşin!

- Mənim günəşim? Ay aman, nə yaxşı!..

- Hə, sənin günəşin, - nəfəsini dərib əlavə etdi, - balalarımızın, dünyamızın günəşi!..


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!