Türkiyə ədəbiyyatında proses necə gedir?
Bu suala cavab axtararkən iki şad xəbərə rast gəldim.
Biri hələ tanımağa yeni başladığım Ahmet Ümitlə, digəri isə Orhan Pamukla bağlıdır.
Ahmet Ümitlə bağlı xəbər məni xüsusən sevindirdi. Çünki özüm də hal-hazırda onun seçdiyi mövzunun, cavab tapmaq istədiyi iki sualla həşir-nəşirəm.
"Sevgidən güclü inanc yoxdur. Nə qədər xəyal qırıqlığı yaşasaq da, əgər mənliyimizi həqiqi sevgi ələ keçirsə, o yanan hiss bizi heç vaxt tərk etməz".
Ahmet Ümitin yazdığı "Bir Sevgi Hikayəsi" insanın ən təhlükəli duyğusu olan sevgidən bəhs edir, böyükləri xəyala dəvət edir.
Sayım Çınarın verdiyi spoylerdən anladığım qədər beş şahzadənin sevgi səyahətindən bəhs edilən kitabda "Min bir gecə" nağıllarına, Herman Melvilin "Mobi Dik", Cek Londonun "Ağ diş", Bomontun "Gözəl və Çirkin", Servantesin "Don Kixot" kimi əsərlərinə göndərmələrlə doludur.
Müəllifin ortaya qoyduğu və məni cəlb edən həmin iki sualı isə budur: "Sevdiyin insanın cangüdəni olmaq istəyirsən? Yoxsa itirmək naminə belə olsa onun azadlığını müdafiə edərdin?"
Kitab hələ çapdan çıxmasa da, maraqla gözləyirəm.
Gələk Orhan Pamukla bağlı müjdəyə...
Orhan Pamukun xüsusi gündəlik kitablarından illüstrasiyalı seçmələr gəlir.
Orxan Pamuk 14 ildir ki, hər gün kiçik dəftərlərdə qeydlər aparır və şəkillər çəkir.
Pamuk gündəlik həyatından, mövcud inkişaflarından, hisslərindən, yazdığı romanların problemlərindən danışır və müzakirə edir. O, gah roman qəhrəmanları ilə söhbət edir, gah yuxudan, ya da səyahətdən danışır, gah da mənzərə rəsmindən, xoşbəxtlikdən bəhs edir.
Pamuk səhifədəki şəkil və ya mətnə aylar, hətta illər sonra yeni rənglər və sözlər əlavə edir. Beləliklə, dəftər vərəqləri yazıların, rənglərin və formaların bir-birinə qarışdığı, yeni mənaların araşdırıldığı sıx, zəngin və bənzərsiz təsvirli səhifələrə çevrilir.
Pamuk dəftərindəki minlərlə vərəqdən "Uzaq dağlar və xatirələr" adlı bu seçməni tərtib edərkən, xüsusi yaddaşı olan bir yuxu vasitəsilə həyatını bütün aydınlığı ilə həm sözlə, həm də şəkillərlə ortaya qoyur.
Bu kitab Pamukun türk oxucularına məlum olmayan rəssamlıq tərəfini, gündəlik həyatını, təəccüblü xəyallarını çatdıracaq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!