Kövrək xatirələrin krimatoriyası - Sənədli kollaj hekayə. Hacı Firudin QURBANSOY

 

 

Uşaqları Siddiqə xanıma xəbər verəndə ki, Bakıdan qış tətilinə İrəvana qayıdan tələbə qohumu onu görmək istəyir ürəyi tez-tez döyünməyə, nəbzi sürətlə vurmağa başladı. Özünü ələ alıb kövrəkliyini gizləmək üçün bir az quru, hətta biganə səslə soruşdu:

- Salam! İmtahanları necə verdin?

- Yaxşı oldu.

- Tələbə qiyməti də var?..

- Onsuz olmur ki...

- Ay səni, şuluqçu... dərslərini yaxşı oxu. Vaxtını bihudə keçirmə.

- Baş üstə! Səda xanım, buyurun, tapşırdığınız kitabdır. Müşfiqin ikinci cildidi.

- Sağ ol, Allah səndən razı olsun. Gəlib səndən qəzet üçün müsahibə alacağam. Tələbəlik illəri haqqında. Bax, qaçıb gizlənməyəsən a...

- Yaxşı... İcazə verin, gedim.

- Məndən evdəkilərə salam de.

Mikayıl Müşfiqin bəraət alandan sonra əsərləri çap olunurdu. Üç il əvvəl nəşr olunmuş yasəmən rəngli birinci cildi o qədər vərəqləmişdi ki, kitabın qalın qabığı yumşalıb süzülmüşdü... Yasəmən rəngi Bakıda sevinc rəmzi idi, aprelin otuzunda ağac çiçəkləyir, bir mayda hamının əlində bir budaq yasəmən nümayişə çıxırdılar. Birinci cilddə ona ünvanlanan şeirləri görüb fərəhindən ağlamışdı... Bəzi şeirlərin yazılma tarixi bilərəkdən dəyişdirilib, şairin evlənmə vaxtına uyğunlaşdırılmış, hətta xanımının adı da əlavə olunmuşdu... Onda qısqanclıq duyğuları Sədanı incidir, ürək sirrini heç kəslə, hətta anası ilə də bölüşə bilmirdi.

Heç kəsin görmədiyinə arxayınlıqla indi verilən kitabı bağrına basdı, sonra iyləməyə, öpməyə başladı. Mətbəə qoxusu gəlirdi kitabdan. Kövrəldi, gözündə yaş gilələndi.

Ay Müşfiq, bəs niyə belə oldu? Tale niyə belə amansız oyun oynadı?

Gözünün yaşını sildi. Gözlüyünü taxıb kitabı birnəfəsə oxudu. Onsuz da, kitabı birinci cilddə olduğu kimi əzbərləyəcəkdi, indi, elə-belə, ilk tanışlıqçün oxudu. Ötən günlərin xatirəsi həzin film kimi canalandı... Anası Fatma müəllimənin zabitəli səsi qulaqlarında cingildədi:

- Səda, qızım, mənə sənin sinif yoldaşın, anasıyla keçənlərdə bir söz çatdırıb. Xeyli araşdırdıq, bir rəyə gəldik. Dediyi düzdür? Bəlkə də, qızlar arasında olur, paxıllıqdan deyib?

Söhbətin hansı mövzuda getdiyini bilsəm də, özümü sakit apardım. Dərslərimi yaxşı oxuyuram, keçdiyimiz bütün şeirləri əzbərdən bilirəm. Müəllimlərimin hamısı məndən razıdır, - cümlələrini birnəfəsə deyəcəkdim, anamın sınayıcı əda ilə verəcəyi sualı qabaqladım:

- Ana, sən nə barədə danışırsan? Nə söz deyib otaq yoldaşım Lətifə?          

- On yeddi yaşın var, əlbəttə ki, sənin hisslərinə hörmət eləyirəm... Ancaq qızım, bu təhlükəli yaşdı. Hissləri adamı aldana bilir. Səhvləri düzəltmək üçün isə vaxt çatmır. Kimdi o? Kimlərdəndi? Atası-anası kimdi? Nə işin sahibidirlər?

- Şairdir. Adı Mikayıldır, təxəllüsü Müşfiqdir. Hamı ona Müşfiq deyir.

- Hmm, görürsən? Adını da demirlər.

- O, gözəl şairdir...

- Özü gözəldir, yoxsa sözü?

- Həm özü, həm də şairliyi gözəldir.

- Hmm. Deməli, Lətifə düz deyib, dəli kimi sevirsən onu.

- Hə, ana! Dəli kimi... yox, Leyli kimi...

- Sən sualıma cavab vermədin.

- Dedim də, hamısını...

- Bəs atası-anası kimdi? Nə işin sahibidirlər?

- Ata-anası yoxdu.

- Necə yəni yoxdu? Göbələkdi, yerdən çıxıb?

- Vəfat eləyiblər. Altıaylığında anası, altı yaşında olanda atası ölüb.

- Hmmm... deməli, yetimdi? Neçə yaşı var?

- Məndən dörd yaş böyükdür. Tələbədir, dil-ədəbiyyat müəllimi olacaq. Atası da müəllim olub, sizin kimi...

- Müəllimliyinə bir sözümüz yoxdur, ancaq şairliyi...

- Şairliyinə iradınız var?

- Yox, şairliyinə iradım yoxdur, ancaq onu yuxarılarda sevmirlər...

- Cəhənnəmə sevsinlər. Onu bütün xalq sevir. Bir bölük məmur sevmirsə nə olasıdı ki?

- Ooo, yox, o bir bölük məmur adamı sevməsə, aradan götürərlər. Xalqın yaddaşından da silərlər.

- Adam pul deyil ki, onu hamı sevsin. Bir də, bunu haradan bilə bilərsiz ki?

- Qızım, lap dürüst yerindən öyrənmişik. Sənin atanın yuxarılarla işbirliyi var. Yoxsa, dədə-baba sərvətimizi əldə saxlaya bilməzdik, ermənilərin içində işdən baş çıxarmaqmı olardı? Bilirik ki, Müşfiqin ipə-sapa yatmayan xasiyyəti, ürəyindəkilərinin dilində olması vərdişi, sərhədsiz azadlığı hökumətin xoşuna gəlmir... Belə adamın gələcəyi olmaz. Özünü bəladan qurtara bilməyəcəyi bir yana, ailəsini də güdaza verər...

Qəribədir, anam bunları haradan bilir? Cahana sığmayan azadlığı barədə haradan xəbər tutub?

Hə, yadıma düşdü, Əhəd dayı bir gün mənə dedi ki, qızım, sizin tərəflərdən bir burnuəyri cavan oğlan gəlmişdi, səni soruşdu. Dedim: neyləyirsən onu? Dedi ki, qardaşıma nişanlamaq istəyirik. Mən də dedim ki, get bala, başqa qız axtar. O, Müşfiqin nişanlısıdır...

- Əhəd dayı, bəs adını demədi? Görünüşü necəydi?

- Qızım, neylirsən onu? Müşfiqin adını nahaq demişəm? Onu ehtiyatda saxlamaq istəyirsən? 

- Eh, Əhəd dayı, sən nə danışırsan? Mənə Müşfiqdən başqa bu dünyada heç kəs gərək deyil. Sadəcə, bilmək istəyirdim ki, onu kim göndərib? Niyə gəlib?

- Dedi də niyə gəldiyini...

- Yox, başqa məqsədçün də gələ bilərdi...

- Məsələn?

- Evimizdən maraqlanarlar ki, mənim burada onlardan gizli saxladığım kiminlə dostluğum var...

- Hə... bu heç mənim ağlıma da gəlmədi. Bağışla, qızım, sirrini faş elədim, bir də, elə iyrənc gözləri vardı ki oğlanın, elə birinci baxışımdan zəhləm getdi ondan, istəmədim bir də buralara gəlsin.

Hə, deməli, onun vasitəsilə Müşfiqlə də maraqlanıblar, hətta hansı dairələrin narazılığını da bilirlər. İndi mən nə eləyim?

- Qızım, nə fikrə getdin? Bu sövda baş tutan bir iş deyil.

- Ana, sən dərsdə Leyli-Məcnunu necə keçirsən bəs? Heç özün sevməmisən? Atama səni zorla veriblər? Mən sevdiyimdən başqasına getməkdənsə, özümü yandırardım...

- Sənin atan Mirzə Rza indi mənə dediklərini eşitsəydi, narazı qalardı... Əgər təhsilini tamamlamaq istəyirsənsə, ağlını başına yığ, şairi unut. Şeirlərini sevirsənsə, əzbərlə, ancaq özünü unut!

- Müşfiqin atası da şair olub. Mirzə Əbül-Qadir Visaqı imzası ilə yazıb.

- Hmm... tətildən qayıdanda onunla haqq-salamı kəsirsən. Eşitdin?

- Ay ana, niyə axı?

- Niyə? Bir gör sənin atan-baban kimdir? Qədimbəyovlar...

- Nə olsun? O da Müşfiqdi! Bir də, onun arxadönəni bizdən əskik deyil ki, artıqdır!

- Söhbəti burada bağladıq! Sən Leylini də keçmisən məcnunluqda. Bax, dərsə qayıdanacan onu unutmağa çalış... Bil ki, bu günəcən üstündən nəzarətimiz əskik olmayıb, indən daha da artacaq.

- Necə, ay ana? Axı o mənim ürəyimdədir, necə çıxarım oradan?

- Qızım, adam da şairi sevər? Onların sözdən başqa nəyi olur ki? Başa düşmürsən? Adamı sözlə məftun eləyib məqsədlərinə çatandan sonra, elə aradan çıxırlar ki, heç günün günorta çağı çıraqla da onları tapa bilməzsən.

- Sən nə danışırsan, ay ana? Axı sən müəllimsən!

- Söhbət burada bitdi. Əgər onun təsadüfən tramvay altına düşmək xəbərini eşitmək istəmirsənsə, dediyimi qulağında sırğa elə... Adamı aradan götürməyin min növü var...

Aman Allah, mən nə eşidirəm? Bunları mənə anam deyir? Onu itələyib tramvay altına sala bilərlər? Yəqin ki, hə, axı yolu keçəndə də öz aləmində, dalğın olur... Onda mənim halım necə olar? Yox-yox, təki mən ölüm, Müşfiqimə heç nə olmasn!..

Soyuq qış günü idi. Atam məni qatarla Bakıya yola salanda gözlərimin içinə amansız nəzərlərlə baxıb qəddar səslə dedi: - Qızım! Elə elə ki, sənə həmişə belə xitab eləyim. Anan mənim sözlərimi deyib sənə. Unutma onları!

Qatar Bakıya çatanacan gözümə yuxu getmədi, Müşfiqlə son görüşdə nə deyəcəyimi fikirləşir, ağıllı bir söz tapa bilmirdim. Axı niyə? Ona görə ki, Müşfiqin qızılı, daş-qaşı, pulu yoxdu? Bəs bizim qarışılıqlı pak məhəbbətimiz necə olsun? Bu hissləri hansı pula satın almaq mümkündür?..

O qədər də ağır olmayan yükümlə dar ül-müəllimata gəlib çatdım. Gözətçi Əhəd dayı sevinclə məni qarşıladı, taxta çamadanları əlimdən alıb otağımın qapısınacan apardı. Pillələrin üstündə dedi:

- Qızım, necə istirahət eləmisən?

- Sağ ol, Əhəd dayı, yaxşılıqdır.

- Onda nədən belə soluxmusan? Azarlayıb eləməmisən ki?

- Yox, Əhəd dayı, xəstələnməmişəm.

- Hə, başa düşdüm. Şairin xiffətini çəkmisən. Hər gün buradaydı, günləri sayırdı. Bilsə ki, qayıtmısan uçaraq gəlib çıxar.

Nə deyəcəyimi bilmədim. Atamın amansız baxışlarını xatırlayıb boğula-boğula dedim:

- Əhəd dayı, zəhmət olmasa, bir də onun adını mənim yanımda çəkməyin.

- Müşfiqin? Niyə, ay qızım? Axı sən... Yaxşı-yaxşı, ağlama. Mənim kövrək balam... 

Otağımızın qapısı açıq idi. Yoldaşlarımın çoxu qayıtmışdı. Sevincək öpüşüb görüşsək də, özümə yer tapa bilmirdim. Bizi yeməyə, çay içməyə çağırdılar. Mənim və aşağı siniflərdə də oxuyan bir bölük irəvanlı qızlara görə aşpazımız Əli dayı biz tərəfin sevimli yeməyini bişirmişdi.   Yeməkxanaya endik. "İmam bayıldı" xörəyinin iştahaçan ətri məni həmişə məst edirdi, ancaq indi burnumun ucunu qaşıdı. Qızlar deyib-gülür, məsələdən bixəbər olanlar mənə həsədlə baxır, ancaq mənim ürəyimdən qara qanlar axırdı. Müşfiqə nə deyəcəyəm?!

- Yeməkxanadan çıxanda onu dəhlizin başında gördüm. Mənim Müşfiqim gəlmişdi. Qızlar bizi tək qoymaq üçün onunla salamlaşıb sürətlə uzaqlaşdılar. Başımı aşağı salıb onun yanından keçmək istəyəndə kövrək səsilə dedi:

- Səda, salam! Xoş gəlmisən!

Mənə "Səda" adını Müşfiq demişdi. Ad ikihecalı olanda onu asan demək olur. Qədim türk adlarına bax, hamısı ikihecalıdır. İnciməsən, sənə Siddiqə yox, Səda deyərdim. İndi mənə Səda deyə verdiyi suala bilmədim nə cavab verim. Danışa bilmirdim, qəhər məni boğurdu.

...

- Məndən niyə incimisən, Siddiqə? Hansı sözümlə xətrinə dəymişəm?

- Müşfiq, bəlkə daha görüşməyək?

- Sən necə desən, eləcə də olacaq. Sualımı təkrar eləyim?

- Sənin sözündən kim inciyər ki?

- Bəlkə hansı hərəkətimdən xoşlanmamısan?

- Sən nə danışırsan? Mən sənin bütün hərəkətlərini ən əsil-nəcabətli adamlardan üstün görürəm.

- Aydındır. Valideyn müdaxiləsi. Məni onlara pis tanıdıblar yəqin.

- Əksinə, səni yaxşı tanıyırlar. Elə ona görə də...

- Onda bəs niyə?

- Mikayıl, Səni mənə görə öldürəcəklər!

- Ay qız kim? Kim məni öldürə bilər? Səninçün bütün dünyanın altını üstünə çevirərəm!

- Bizi güdürlər. Səni istəməyənlər hər sözünə əksinqilabçı, xırda burjua damğası vurub yuxarılara xəbər verirlər.

- Versinlər də...

- Mən qorxuram. Səni itirməkdən qorxuram.

Səni itirməkdən qorxduğum üçün səni itirmək istəyirəm. Əcəb məntiqdir...

Elə bil dəryazla gülləri biçirsən...Yalvarıram, mənə yazığın gəlsin, səbəbini soruşma - boğula-boğula deyə bildim. Hıçqırtı boğazımın yolunu tutmuşdu, nəfəs ala bilmirdim. Nəhayət, dərindən ah çəkdim, nəfəsim açıldı. Astadan ağlamağa başladım. Müşfiqin də gözləri dolmuşdu. Ancaq mənim eşidə biləcəyim səslə dedi:

 

Bu qədər baş vermə, Səda, dəryaza,

Düşərsən ayağa, başına qurban.

Yazığam, ömrümü vermə güdaza,

Qəmzəli gözünə, qaşına qurban.

 

Bir qara buludam uca göylərdə,

Bu qara baxtımla bizim ellərdə.

Sən neçin ağlarsan mən duran yerdə,

Nərgiz gözlərinin yaşına qurban?

 

Sinən büllur kimi, altında daş var,

Bilməzsən könlümdə nə iğtişaş var.

Nə qədər ki, mənim gözümdə yaş var,

Sənin ürəyinin daşına qurban!

 

Yox, mənim ürəyim daş deyil, Müşfiq, özün bilirsən axı... demək istədim, ancaq göz yaşları məni boğdu. Ağlaya-ağlaya, qaça-qaça otağımıza qalxdım. Müşfiq donub qalmışdı. Bilmirəm niyə, indi də həmişə onu yola salandan sonra, pəncərənin qabağına keçdim. Yenə oradan küçəyə baxdım, onun hansı istiqamətə yönələcəyini təyin etmək istəyirdim. Qapını örtüb küçəyə çıxdı, siqaret yandırıb küçədə bir müddət dayandı, hara gedəcəyini təyin edə bilməyən adam təsiri bağışlayırdı. Nəhayət, başını aşağı salıb hüzünlü addımlarla küçənin üzüaşağı istiqamətilə yeriməyə başladı. Onun bu halını görüb özümü saxlaya bilmədim, ucadan hönkürə-hönkürə ağladım... Otaq yoldaşlarımın suallarına cavab kimi yaxın qohumumun öldü xəbərini eşitdim - dedim.

 

***

İndi üstündə redaktə işi getmiş şeirlərini təkcə mən yox, o vaxt bütün qızlarımız əzbərləmişdi.

 

Mən Sədanı sordum gəlib-gedəndən;

Dedilər, barışmır, küsübdü səndən.

Mən iltifat etdim, o qaçdı məndən,

Qaçqın ədasına qurban olduğum...

 

Onu görməyə gözlərim həsrətdi, ancaq Müşfiqi görəndə özümü elə aparırdım ki, guya ona biganəyəm. Canımın cızdağı çıxırdı, dözürdüm. Axı niyə dözürdüm? Hər iş başqa cürə də ola bilərdi... Onu itirməkdən qorxurdum, çox qorxurdum! Mənimçün olmasa da, qoy el-obamın şairi çox yaşasın! - deyirdim, özümü sakitləşdirirdim.

Naxçıvanda müəllim işləyirdim. Yaxşı oxuyan qız şagirdlərimin partasının üstündə nazik bir kitabça gördüm. Kağızqabıq kitabın üstündə "M.Müşfiq, "Küləklər" Azərnəşr, Bakı 1930". Boğazım tutuldu, danışa bilmədim. Sinifdə var-gəl edə-edə birinci partaya yaxınlaşdım, kitabı götürdüm. Vərəqlədim, Müşfiqin şəklini gördüm. Qısqanclıq məni boğdu:

- Bu kitab səndə haradandır?

- Anam kitabçıdan alıb gətirib.

- Kitabını həbs eləyib götürürəm. Anana de, səhər gəlsin məktəbə.

- Axı, ay müəllimə, niyə belə eləyirsiz?

- Sənin elə bir vaxtındır ki, gərək dərslərini oxuyasan, qəşəng kişi şəkillərinə baxmayasan.

Müşfiqin şəkli olan səhifəni ona və bütün sinfə göstərdim. Şagirdim ağlaya-ağlaya otaqdan çıxdı. Başa düşdüm ki, o da Müşfiqin vurğunu imiş. Bir də, Müşfiqin vurğunu olmayan vardı ki? Səhər şagirdimin anası gəldi, yalvarıb bir daha qızına göstərməyəcəyi şərtilə kitabı məndən aldı. Müşfiq vurğunlarından biri də elə şagirdimin anası imiş... Kitabçıdan mən də o kitabı aldım.

Mətbuatı oxumaq üçün gərək kitabxanaya gedəydim. Hərdən buna vaxt tapırdım. Dərslərdən çox yorğun gəlirdim, üstəgəl, hər həftə şagirdlərin qalaq-qalaq dəftərlərini yoxlamaq... Atam hər həftənim cümə günü gələr, evə aparardı. Şənbə də dərsim olmadığı üçün iki günü İrəvanda keçirirdim. Burada olanda bir gün anam ağzından qaçırdı ki, dərs dediyim məktəbdə işləyən çuğul mənə ünvanlanan məktubları yığıb gizlicə atama göndərirmiş. Bunu mənə anam 1932-ci ildə Müşfiqin Dilbərlə evlənmə xəbərini eşitdiyim gün dedi. Bir böyük topa məktubu göstərdi. Nə qədər yalvarsam da, məktubları mənə vermədi, sobaya atdı. Qaçıb yaxına gəldim, əlimi yanar sobaya soxdum ki, heç olmazsa, bir məktubunu, bir cümləsini, bir sözünü alovdan xilas eləyə bilim, olmadı. Əlim sobanın küncünə çatmadı, isti güc gəldi, geri çəkildim. Gözlərimin qarşısında kağızlar yox, kövrək hisslər yanıb külə döndü. İlk dəfə olaraq anama nifrət elədim... Bir azdan ağlaya-ağlaya mənə yaxınlaşdı, başımı tumarlayıb dedi:

- Mənim qəşəng balam, elə bilmə zalımam, ürəyim yoxdur. Bunları sənin gələcək xoşbəxtliyin üçün elədim. Məktubları əvvəl yandırmağa əlim gəlmədi. Hər vərəqini göz yaşlarımla isladıb oxumuşam. İlahi, bir adamda bu qədər də eşq olarmı? Müşfiqin məktublarını o qədər oxumuşam ki, hamısını əzbər bilirəm. Ancaq qızım, incimə, onları özümlə qəbir evinə aparacağam, birini də sənə deyən deyiləm. İndi onun ailəsini dağıtmayacaqsan ki, yox? Ona görə məktubları sənin yanında yandırdım. Zalım ananı bağışla, mənim qəşəng balam!

Anama nə deyə bilərdim axı? Hər ikimiz ağlayırdıq. Məni göz yaşları içində boğula-boğula öpür, əfv diləyirdi. Mən də anamı öpdüm, hər bəlanın taledən gəldiyini, taleyimlə çoxdan barışdığımı dedim.

Müşfiq mənim gözlərimə ovsunçu deyir, bədahətən şeirlər qoşurdu. Xahiş eləmişdim ki, mənə həsr elədiyi şeirləri kağıza yazıb versin özümə. Böyük çantaya sığmayan şeirlər yığılmışdı. Hər gün ən azı 5-6 şeir yazıb gətirirdi... Sonra o çantam yoxa çıxdı. Tapa bilmədim. Yaxşı ki, yadımda qalmışdı... Sonra, qohum qızların köməyilə kələk qurub gözləri gözlərimə oxşayan, Gəncədə yaşayan uzaq qohumum Dilbərlə onu tanış eləməyə nail oldum. Axı niyə, niyə bu axmaq işi gördüm? Bilmirəm! Kimdən intiqam alırdım? Valideynimdən? Özümdən? Müşfiqdən? Bilmirəm. Bu hərəkətin məntiqi cavabını indi də tapa bilmirəm, bəlkə də cavab ümumiyyətlə yoxdur?! Bəlkə də, istəyirdim ki, məni arvadı ilə müqayisə etsin, kimi itirdiyini anlasın... Bilmirəm... Toyum oldu, uşaqlarım dünyaya gəldi. Həyatıma sevinc axdı... amma köhnə yaram köz bağlamamışdı...

Bilmirəm, paxılları, bədxahları nə istəyirlər Müşfiqimdən? Nə qədər onun əleyhinə yazmaq olar? Özü də insafsızcasına, böhtan dolu yazılar?..

Sonra, 4 iyun 1937-ci ildə onun həbs olunduğunu eşitdik. Anam qaçaraq mənə xəbər verdi. Dedi:

- Qızım, görürsən, bu günlərçün deyirdik. İndi sən azadlıq dərdi çəkmirsən, öz ev-eşiyin, ailən... Atan uzaqgörən kişidir... Müşfiqin səndə olan yazılarını, kitabını da yandır, çuğullar görsələr yerinə xəbər verərlər, səni də incidərlər.

O vaxt, xalq düşməni kimi həbs olunanların qadınlarını da tutub Qazaxıstanın Karaqanda vilayətindəki Akamola, 17-ci xüsusi qadın həbs düşərgəsinə göndərirdilər. Bura, rusca "Akmolinskiy laqerğ jёn izmennikov Rodinı (ALJİR)", Vətən xainləri qadınlarının Akamola düşərgəsi adlanırdı. Nə danım, atamın uzaqgörənliyinə, Müşfiqə görə həbs olunmadığıma görə əbləhcəsinə sevindim, ancaq anama, yaxşı, yandıraram desəm də, məndəki yadigarları yandırmadım.

Siddiqə xanım gözlərini açdı, xəyalət aləmindən ərinin evinə qayıtdı. İkinci cildi yenidən vərəqlədi... Müşfiqin ona həsr etdiyi, öz xəttilə xatirə dəftərinə yazdığı şeiri kitabda tapmadı. Nə birinci, nə də ikinci cilddə o şeir yoxdu. Qısqanclıqla əlinə qələmi alıb, Müşfiqli anları yazmağa başladı. Birnəfəsə yazdı. Evdə maraqlandılar ki, niyə yatmırsan?

- Qəzetə təcili material hazırlamalıyam.

İki dəfə avtoqələmi mürəkkəblə doldurdu, sarımtıl kağız vərəqləri qaraladı. Yazdıqlarını qovluqda, köhnə yazılarının arasında gizlətdi.   Sübhün zərrin şəfəqləri göy üzünü narıncı rəngə boyayıb yeni günün başlanmasından xəbər verirdı.

Təcili bir işi yoxdu, başağrısını bəhanə edib redaksiyadan evə qayıtdı. Çarpayıya uzanmağı ilə yuxulamağı bir oldu. Neçə saat yatmağının fərqində olmadı. Durub ev işlərilə məşğul oldu. Xörək hazırladı. Qovluqdan yazdıqlarını çıxardı, oxudu. Öz-özünə dedi:

- Seda, on səkkiz yox ey, qırx səkkiz yaşın var, ailəli adamsan, oğul-uşaq sahibisən. Gör bir nə yazmısan? Qohum-qonşu sabah sənə nə deyər? Qələmi götür, yazına əl gəzdir, yaz ki, o səni bir bacı kimi, sən də onu bir qardaş kimi sevmisən. Başa düşdün?

Qızıl qələmuclu Çin avtoqələmini qara mürəkkəblə doldurub yazdıqlarını kəskin redaktə elədi. Bir neçə səhifəni tamamilə pozub çıxardı. Ovcunda əzdi, tullamağa əli gəlmədi. Vərəqləri hamarlayıb oxudu, həsrətlə o günlərə döndü.

Qorxa-qorxa qanunsuz sərhədi keçmək istəyənlər kimi duruxdu, özünə gəldi, geri qayıtdı. Siddiqə tumarlayıb hamarladığı vərəqləri təzədən ovcunda əzdi, sobaya yaxınlaşdı, kiçik top kimi yumruladığı vərəqləri ocağa atdı. Kağızlar sobaya düşən kimi alışıb yandı, bozarıb yumru külə döndü, sonra girdə bir dünya kimi dağılıb heçə çevrildi.

Siddiqə: - Ey kövrək xatirələrimin krimatoriyası, niyə Müşfiqimlə bağlı anlarımı yazdığım kağızları yandırdın? Sən nə zalımsan? - deyib sobadan uzaqlaşdı. Kağızların yanmağından sanki otaqda hərarət bir az da artdi, hərarətdən alnında tər damlaları muncuqlandı. - Axı mən niyə sobanı yamanlayıram? Kövrək hisslər ürəyimizdə yaranır, sonra övladını öldürən ana kimi biz oları boğuruq, hətta yandırıb kül eləyirik. Kövrək hisslərin krimatoriyası soba yox, elə bizim his basmış ürəyimizdir.

Yazısını nəşrə hazırladı. Xatiratı 1960-cı ildə "Ədəbi Ermənistan" almanaxının üçüncü sayında, 252-261-ci səhifələrdə bu şəkildə nəşr olundu: ÖTƏN GÜNLƏRDƏN BİR XATİRƏ (M.Müşfiq haqqında bir neçə söz).

1925-26-cı dərs ilində Azərbaycan SSR Xalq Maarif Komissarlığı Bakı Pedaqoji Texnikumu (Darülmüəllimat) üçün Ermənistana iki yer ayırmış və birinci növbədə müəllim uşaqlarını göndərmək qərara alınmışdı. Avqust ayının sonlarında təhsili davam etdirmək üçün mən Mirzə Hüseyn Mirzənin qızı Lətifə ilə Bakıya yollandım. O zamanlar Bakıda bir neçə internat ("leyli-pansion") məktəb işləyirdi.

Sonralar oğlanların təhsil aldıqları Darülmüəllimeynlə birləşərək pedaqoji texnikumuna çevrilən bizim darülmüəllimat da belə "leyli" məktəblərindən biri idi. Burada nizam-intizama ciddi fikir verilir, qayda-qanuna çox dərindən riayət olunurdu. Müxtəlif şəhər və rayonlardan gəlmiş müdavimlərlə birlikdə

Bakının özündən də çoxsaylı oğlan və qız pansionda qalırdı. Dərslərimiz, iclaslar, dərnək məşğələləri, müsamirələr oğlanlarla birlikdə darülmüəllimatın binasında keçirilir, yeməkxana, yataqxana, dərsləri hazırlamaq üçün otaqlar isə ayrı-ayrı binalarda yerləşirdi. Qızların Fatma xanım və Emiliya Karlovna adlı mürəbiyyələri hər gün növbə ilə pansionda qalır, oğlanların binasında isə müəllimlər növbətçilik edirdilər. Bizim bütün xərcimiz, hətta hər gün opera və dram teatrları üçün verilən iyirmi bilet də dövlət hesabına idi. Qızlar hər gün mürəbiyyələrdən birinin müşayiəti ilə siyahı üzrə teatra gedirdilər. Bakının özündə evi-ailəsi olan müdavimlər cümə axşamı dərslərdən sonra evlərinə gedir, cümə günü axşamçağı məktəbə qayıdırdılar. Uzaq şəhər və rayonlardan gəlmiş uşaqlar isə müdirimiz Pənah Qasımovun, yaxud müdir müavini Mina xanım Mirzoyevanın icazəsi olmadan şəhərə çıxa bilməzdilər. Nə isə... Bakı Pedaqoji Texnikumunda keçirdiyim dörd il ömür kitabımın ən qiymətli və unudulmaz səhifələrindəndir.

Mikayıl Müşfiqlə də məhz Bakıda təhsil aldığım illərdə tanış olmuşdum.

Mən Azərbaycan Yazıçılar İttifaqı nəzdindəki həvəskarlar dərnəyində iştirak edirdim. O zaman gənc şairlərdən Süleyman Rüstəm, Məmməd Rahim, Mikayıl Müşfiq, Nigar Rəfibəyli və başqaları dərnəyin məşğələləri ilə maraqlanır və vaxtaşırı gəlib-gedirdilər. Mənim dərnəkdə fəal iştirakım, nədənsə, Müşfiqin nəzərindən yayınmamışdı. O, ümumiyyətlə, gənc qələm həvəskarlarına yaxından yardım göstərir, yazılarını oxuyur, məsləhətlər verirdi.

Bir dəfə məşğələdən sonra birlikdə texnikuma yollandıq. Mütaliəyə marağımı, nə kimi ədəbi əsərlər oxuduğumu soruşdu.

Dil və ədəbiyyat müəllimlərimizin həmin dövrün görkəmli ədib və şairlərindən - Nemət kamal, Emin Abid, Abdulla Şaiq və Hüseyn Caviddən ibarət olması şagirdlərin əksəriyyətində şeir və ədəbiyyata olan marağı daha da artırırdı. (Yeri gəlmişkən, üzərimə silinməz bir təsir buraxmış hadisəni qeyd etmək istərdim: müəllimimiz Hüseyn Cavid naxçıvanlı olduğu üçün məni həmişə "qonşu qızı" çağırırdı. Erməni xalqının böyük şairi Avetik İsahakyan isə "türk qızı", - deyə müraciət edərdi. Hətta bir dəfə SSRİ Xalq artisti B.Bağarşyan bunun səbəbini soruşduqda, o, belə izahat verdi: "Nə üçün yüz il əvvəl Abovyanın türk qızı ola bilərdi, indiki azad dövranda mənim tükr qızım olmasın?!". Xalq şairi Səməd Vurğun isə SSRİ Ali Soveti sessiyaları zamanı Moskvada görüşərkən həmişə "Vətən qızı, necəsən?", - deyə əhval tutardı).

Ədəbiyyat həvəskarı olmağım, digər tərəfdən isə uşaqlıq illərimin ağır və acınacaqlı keçməsi sanki Müşfiqin mənə olan səmimiyyətini qat-qat artırırdı. O zamankı təsadüflərdən biri əbədi olaraq xatirimdə qalmışdır.

Məktəbimizdə təşkil edilmiş bir müsamirədə mən də iştirak edirdim. Qızlarla rəqs edərkən səhnədən salona nəzər saldım. Müşfiq gözümə dəydi. Doğrusu, çox sevindim. Bizim çıxışımızdan sonra dram dərnəyinin hazırladığı tamaşa göstəriləcəkdi. Cəld paltarımı dəyişərək dəhlizə çıxdım. Tənəffüs elan edilmişdi. Mikayıl bir dostu ilə dayanıb söhbət edirdi. Mən Mikayılın dostunu dəfələrlə görmüşdüm. Dostunun qolundan tutaraq mənə tərəf gəldi və üzünü ona çevirib dedi:

- Sən bilirsən ki, mənim kimsəm yoxdur. Bax, bu xanım qızı görürsənmi? Tanışlığımızın ilk günündən çox xoşlamışam. Ata-anadan bir olmamağımız bizim əhdi-peymanla bacı-qardaş olmağımıza heç də mane ola bilməz. Tanış olun!

Necə tanış olduğumu, onun nə barədə söhbət etdiyini, mənim nə kimi cavablar verdiyimi xatırlamıram, yalnız Mükayılın dediklərinin mənə bəxş etdiyi sevinci təsvir etmək mümkün deyildir.

Evdən, ailədən uzaq, yad şəhərə düşmüş bir qız üçün Müşfiqin dedikləri bir növ təsəlli idi. Mikayılın şəxsində qayğıkeş, mehriban bir qardaşım vardı. Fərəhdən qanadlanmış quşa bənzəyirdim.

Müsamirədən sonra məni dövrəyə alan rəfiqələrim sevincimin sirrini öyrənməyə can atırdılar. Məsələni onlara anlatdım.

Gənc qızların və oğlanların adlı-sanlı adamlarla necə maraqlandıqlarını kim bilmir! İndi belə bir görkəmli gənc mənim qardaşımdı. Odur ki. Rəfiqələrim mənə hətta həsəd aparırdılar. Günlər, həftələr bir-birinin ardınca gəlib keçirdi, Müşfiqlə aramızdakı səmimiyyət də artırdı. Görüşə gələ bilmədiyi günlərdə telefonla hal-əhval tuturdu.

Yaxşı yadımdadır, Oktyabr bayramını böyük təntənə ilə qeyd etdikdən sonra uşaqlar evlərinə, qohum-əqrəbalarının yanına getmişdilər. Aşpazımız Əli dayı ermənistanlı olduğundan əziz günlərdə məktəbdə az sayda tələbə qaldığı üçün həmişə yerevanlı qızların zövqünə uyğun xörəklər bişirərdi. Bu gün də o, bütün bacarıq və qabiliyyətini işə salmış və bizi ləzzətli yeməklərə qonaq etmişdi. Yataq otağında bir qədər rahatlandıqdan sonra salona endim. Buradan nəzərləri oxşayan Bakı gecələrini, xüsusən belə təntənəli gündə seyrə dalmağın başqa ləzzəti var idi. Rəngarəng işığa qərq olmuş küçələrə, coşqun Xəzərə, ucsuz-bucaqsız insan axınına bir qədər tamaşa etdikdən sonra pianoya yaxınlaşaraq sevdiyim "Budaqdan-budağa qonan könlümü" mahnısını astadan çalmağa başladım. Salonda kimsə yox idi. Pianodan çıxan həzin səda salonun əsrarəngiz alaqaranlığı içərisində ətrafa yayılır və get-gedə yüksəlirdi. Birdən çiynimə bir əl toxudu. Geri döndüm.

- Bala, sinif otaqlarını, yataq otaqlarını bir-birinə vurmuşam, hardasan? Səni telefona çağırırlar.

Bəs işığı niyə yandırmırsan? - deyə müraciət edən gözətçimiz Əhəd əmini gördüm.

Cəld yerimdən sıçradım. Qəlbimə çökən kədər birdən-birə qeyd oldu. Müşfiqin səsi idi:

- Hazırlaş, gəlirəm, birlikdə kinoya gedək.

- Mikayıl, mürəbiyyələrdən heç biri indi burada yoxdur, mən kimdən icazə ala bilərəm?

- Mina xanıma zəng vur!

- Xeyr, o mənim işim deyil, eyibdir, nə deyər?! Bayram günündə onu narahat etmək yaxşı düşməz.

- Elə isə iyirmi-iyirmi beş dəqiqə sonra yenə zəng edərəm, gözlə, - deyərək dəstəyi asdı.

Aradan yarım saat keçməmiş zəng vuruldu. Bu dəfə danışan Mina xanım idi.

- Qızım, bilirsən ki, mən Müşfiqin xatirini çox istəyirəm, səni də öz doğma balam kimi sevirəm, bir də bu uşağa niyə bu qədər əziyyət vermisən?

Dəstək əlimdə donub qalmışdım.

- Mina xanım, bağışlayın, mən kimə əziyyət vermişəm?

- Yaxşı, indi sən hazırlaş, Mikayıl gələr, hamısını nağıllar. Dəstəyi də bir ver Əhəd əmiyə, yoxsa bilirsən ki, mən deməsəm heç kəsi nə içəri, nə də bayıra buraxmaz.

Biz artıq Kommunist küçəsilə enərək "Vostok" kinoteatrına tərəf gedirdik. Belə bir fərəhli gündə tənhalıq sıxıntısından xilas olaraq izdihamlı Bakı küçələrilə onunla yan-yana getməkdən, könülaçan söhbətini dinləməkdən daha böyük səadət var idimi?

Kinoteatrın binasına çatmışdıq. Bütün ictimai yerlərdə olduğu kimi burada da, necə deyərlər, iynə salsan, yerə düşməzdi. Kassa üzərində bütün seanslara biletlərin satıldığını bildirən elan asılmışdı. Müşfiq bir qədr tutulmuşdusa da, özünü şən göstərməyə çalışaraq "Forum"a getməyi təklif etdi.

Getdik. Orada da eyni izdiham, eyni elan...

- Eh, xanım qız, deyəsən, bu gün bizim kinomuz baş tutmayacaq.

- Elədir ki var. Heç ürəyini sıxma, yəqin, bütün kinolarda da vəziyyət belədir, gəl kino tamaşasından əl çək! Hərçənd hava sərindir, bir az dəniz kənarına enək, təmiz hava alarıq, həm də Mina xanım dedi ki, mən "uşağı" əziyyətə salmışam, danış görək bu nə məsələdir?

- Mikayıl təklifimlə razılaşdı və biz sahilyanı parka doğru irəlilədik. Yolda o mənə izahat verirdi:

- Səninlə danışdıqdan sonra məlumat bürosundan Mina xanımın telefon nömrəsini soruşub zəng etdim, evdə olduğunu öyrənib, birbaşa yanına getdim. Doğrusu, təəccübləndi, məsələni bildikdə isə çoxluca güldü: "A bala, telefonun nömrəsini öyrənmişdin, zəng etmişdin, mətləbini elə telefonla da deyəydin. Daha bu uzun yolu gəlib çıxmazdın; gəldiyinə görə heç olmasa, bir qədər əyləşsəydin yaxşı olardı, amma bilirəm ki, bacını gözlətmək istəməzsən", - dedi.

İki saata qədər parkda gəzdikdən, müxtəlif mövzular ətrafında söhbət etdikdən sonra məmnun halda evə qayıtdıq.

Bir dəfə Bakı kinoteatrlarında italyan filmi - "Florensiyalı kamançı" nümayiş etdirilirdi. "Vostok" kinoteatrının yanında məni gözləyəcəyi haqqında Mikayıl bir gün əvvəl telefonla xəbər vermişdi. Kinoteatra yaxınlaşarkən Mikayılın dostunun mənə tərəf gəldiyini gördüm. Həm sevindim, həm də təəccübləndim. O, Mikayılın nə üçün gələ bilmədiyini və üzr istədiyini bildirdi.

Biz birlikdə salona daxil olduq. Film həqiqətən olduqca maraqlı, tərtibatı zəngin, musiqisi isə məlahətli idi. Filmdən aldığım zövqə baxmayaraq, qəlbimə ağır bir kədər çökmüşdü. İndi özünü "qüruba doğru gedən bir günəş" adlandıran həmin gənc (Mikayılın dostu) o zaman çox məğrur bir gənc idi. Çox yaraşıqlı və buna görə də qızların sevimlisi olduğunu özü də bilirdi. Müşfiqlə yaxın dost olduğuna baxmayaraq, təvazökarlıqda, sadəlikdə ona bənzəmirdi. Nə isə, kinoda yan-yana oturduğumuz və məni məktəb qapısınadək yola saldığı müddətdə mən anladım ki, bu təkəbbürlü cavan dostunun sözünü yerə salmamaq üçün mənimlə birlikdə kinoya getməyə razılıq verib...

Ertəsi gün dərslərdən sonra məni müəllimlər otağına çağırdılar. Mikayıl idi. Ümumi məsələlərdən söhbət açıldı. Dünənki film haqqında bir kəlmə də olsa soruşmadı. Mən də bir söz demədim.

Müşfiq mənim Hüseyn Cavidə və Əhməd Cavada olan rəğbətimi və Cavidin şeirlərinin əksəriyyətini əzbərlədiyimi bilirdi. Çünki bütün müsamirələrdə, ədəbi gecələrdə, təntənəli yığıncaqlarda mən həmişə Cavidin şeirlərindən oxuyardım. Əhməd Cavadın "Unudulmuş sevda" şeirini oxumağım, nədənsə, onun çox xoşuna gəlirdi.

 

Məni pek gənc ikən ağlatdı zaman,

Çəkərək pərdə o xoş mənzərəyə,

Mənim ilk eşqimi, ilk əldə həman,

Gömdülər, bilmədim amma, nerəyə?..

 

- misralarını deyərkən mütəəssir olar, diqqətli nəzərlərlə məni süzərdi.

...O zamanlar xüsusilə gənc qızlar "sandıq ədəbiyyatı" adlandırılan "can dəftəri" saxlayır, sevdikləri şairlərin şeirlərini, oxuduqları romanlardan bəyəndikləri cümlələri həmin dəftərə köçürürdülər. Mənim indi də saxladığım belə dəftərim var idi. Bir dəfə Mikayıl həmin dəftəri vərəqləyərkən içərisindən qurumuş bir bənövşə tapdı və dərhal qələmini çıxararaq rus şairinin şeirindən etdiyi aşağıdakı tərcüməsini yazdı.

 

Qoxusuz, xəstə bir vərəmli çiçək

Görürəm sinəsində bir vərəqin,

İştə afaqi duyğularla demək,

Oldu durğun müxəyyələm daşqın.

Açmış of... hansı yazda, of... nerdə?

Çox zaman parlamışmış kim dərmiş?

Yad, yaxın əllərimi böylə bu iş?!

Niyə saxlanmış ol, bu dəftərdə?!

 

Müşfiq öz şeirlərini oxumağı da çox sevərdi. Qəlbinin tam hissiyyatı ilə yazdığı və həvəslə oxuduğu şeirləri haqqında mənim nə fikirdə olduğum onu çox maraqlandırırdı. Bu və ya digər şeirlərini bəyənib-bəyənmədiyimi mütləq deməliydim, yoxsa inciyərdi.

"Can dəftəri"ndən başqa, biz qızlar birər albom da saxlayardıq. Bu albomun səhifələrində dost və tanışlar şəkillərini yapışdırar və arzu etdikləri sözləri yazardılar. Mikayıl Müşfiq mənim albomuma öz aşağıdakı şeirini yazmışdı.

 

Sən və mən

Sənin xəndan olur gül dodaqların

Ondakı gözümdən yaşlar saçılır,

Çünki sayəsində gül bulaqların

Çiçəklər açılır, güllər açılır.

Üzün şəfəqlənir mən ah çəkincə,

Çünki od qızarar əsincə rüzgar.

Hər şeyin axırı heçdirsə, məncə,

Sənin gözəlliyin getdikcə artar.

Çevirib üzünü nerəyə dönsən,

Könlümün gözləri düşər ardına,

Çünki təbiətdən öyrənmişəm mən,

Günəbaxan baxar Günəş yurduna.

Qurumuş göz yaşım, o gül üzündən

Axar, daim axar, durmadan axar.

 

Sellər coşqun olur, çünki qəflətən

Doğunca gəncliyin fəsli ilk bahar.

Bir təşnə qaynayan bulaq görüncə.

İtirər özünü mənim də könlüm,

Baxıb gözlərinə vəslə erincə,

Danışmaq istərkən tutulur dilim.

Tikən gül boynuna qanad gərdimi,

Bülbül nalə çəkib fəryadə başlar,

Səni hər yetənlə gəzən gördümü,

Mənim də yazdığım şeir qan ağlar.

İllər keçdi, nəhayət, məktəbi bitirdim. Maarif Komissarlığı məni Naxçıvana işə təyin etdi. Bir çox dəfələr söhbət zamanı texnikumu bitirdikdən sonra mütləq təhsili davam etdirməyi, pedaqoji institutun dil və ədəbiyyat fakültəsinə qəbul olunmağı Mikayıl mənə məsləhət görmüşdü.

Təyinnamələri aldığımız gün biz yenə görüşdük. Ali məktəbə qəbul olunmaq üçün lazım olan sənədləri hazırlamağı mənə tapşıraraq dedi:

- Naxçıvanda yay aylarında uşaq meydançasında işlərkən mənim məktubumu gözlərsən. Ərizəni, tərcümeyi-halı və lazım olan digər sənədləri hazırlayıb mənə göndərərsən, instituta verərəm, qəbul imtahanlarının vaxtını da yazaram. Gələrsən, qəbul olunarsan.

1929-cu il, may ayının sonları... Bakı vağzalı... Dörd il birlikdə mehriban bir ailədə yaşayıb təhsil aldığımız yoldaşlar... Gözəl Bakı, əziz və mehriban qardaşım, əlvida... Xeyr, yenidən görüşənədək... Lakin görüş əbədi ayrılıqla sona çatdı.

Hər bir gəncin həyatında baş verən təbəddülat, ev, ailə, doğma Yerevan, ali məktəb...

Yoldaşları, dostları, odlar yurdunu yenidən görmək mənə müyəssər oldu, yalnız Müşfiqlə bir daha görüşə bilmədim. Xəzər dalğaları qədər coşqun istedadlı bir gəncin qığılcım saçan qartal baxışları, mehriban təbəssümlü dodaqları, həlim xasiyyəti, hər kəsin qeydinə qalmaq vərdişi qəlbimdə silinməz iz buraxmışdır.

 

***

1970-ci ildə Bakıda olarkən əməkdar jurnalist Səda (Siddiqə) Qədimova (1912-1986) Müşfiq bağına gəldi. Qırmızı qranitə dəqiqliklə köçürülmüş Müşfiqin obrazına, büstünə baxdı. Nə qədər vaxt keçdiyinin fərqində olmadı, bir də hiss elədi ki, deyəsən, hava qaralır. Səhər büstün yaradıcısı, heykəltəraş Münəvvər xanım Rzayevanın telefon nömrəsini Rəssamlar İttifaqından öyrəndi, ona zəng vurdu, emalatxanada görüşəcəkləri barədə vədələşdilər. Boz gil və ağ gipsdən hazırlanmış xırda fiqurların bəzilərinin üstünə pərdə atılaraq görünməz edilmişdi.

Bu heykəlcikləri niyə gizlətmisiniz?

Bunlar mənim ideyalarımdır. Heykəltəraşlıqda əsas odur ki, obrazın cilvəsini tapasan. İstəmirəm ki, kimsə görüb məndən öncə reallaşdırsın.

Siz Mikayıl Müşfiqin obrazını yaratmısınız. Gipsdəki eskizlərinizə baxmaq olar?

Əlbəttə, bu daha sirr deyil.

Münəvvər xanım arakəsmə pərdəni çəkdi. Müşfiqin büstü göründü. Səda xanım ixtiyarsız ayağa durdu, büstə yaxınlaşdı, yanaqlarını, dodaqlarını tumarladı, üzünü hamar ağ gipsə sürtdü, burnunu burnuna yaxınlaşdırdı, dərindən iylədi. Münəvvər xanım şaşqın sükutla ona baxırdı. Səda xanımın göz yaşları səssizcə yanaqlarından süzülüb ağ ləkələrlə dolu bozarmış taxta döşəməyə yuvarlandı. Bir an sonra Səda xanım özünü toparladı.

- Münəvvər xanım, əlinizi verin, zəhmət olmasa...

- Buyurun... Siz Allah bəsdi, əlimi niyə öpürsünüz?

Torpağa, gilə dönmüş Müşfiqimi torpaqdan tumarlayıa-tumarlaya çıxarmısınız. Siz mənim əllərimlə onu əzizləmisiniz. Siz mənim hisslərimi daşa döndərmisiniz. Çox sağ olun, əziz bacım! Siz sehrkar xanımsınız!

Qəhər onu boğdu, son sözlərini pıçıltıyla dedi. Münəvvər xanımı bağrına basdı, üzündən öpdü. Yavaş addımlarla ondan ayrıldı, emalatxanadan çıxdı. Münəvvər xanım tilsimlənmiş kimi yerində qalsa da, indi görüb eşitdiklərindən bir sənətkar kimi məmnunluqla gülümsədi.

 

05.06.-05.09.2022


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!