Gizli sevginin həzzini və iztirabını yaşayanlara
Mən əbədi gənc, bənzərsiz şair Mikayıl Müşfiqi çox sevirəm. Xüsusilə, "Küləklər", "Yenə o bağ olaydı" şeirlərini dönə-dönə oxuyuram. Yaddaşımda bir misra ilişib qalıb: "Sən, ey əsmər bənizlim". Bir də etiraf edim ki,
"Əndamını həvəslə qucaqlarkən dalğalar
Qəlbimdə qasırğalar" qopur ürəyimdən.
Onu ilk dəfə görəndə heç bir xüsusi zahiri əlaməti ilə diqqətimi cəlb etməmişdi. Hətta, adını deyəndə, bu ad məndə xoşlamadığım bir adamın adına bənzədiyi üçün heç fərli-başlı eşitməmişdim. Şakərimdi, xoşlamadığım adamların adını, lap əziz qohumum da olsa, yadda saxlamıram.
Bir həftə beləcə ötdü. Birinci onun işgüzarlığı diqqətimi cəlb etdi, yorulmadan zarıyan qoca xəstələrə qulluq edirdi. İkincisi, saçının iki rəng olması gözümə sataşdı. Onda susa bilmədim, yaxınlaşanda dedim: - Qubada ala-bula saç dəbdədi?
Sözüm zarafatla deyilsə də, bir az kobud səsləndi. Amma o, yalnız ona məxsus tərzdə təbəssümlə gülümsədi, çevrilib getdi. Elə bu bəs idi. Səmimi təbəssüm və hər kəsin vurula biləcəyi mütənasib əndam.
Dostum, Xalq yazıçısı Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanından bir cümləni xatırladım: "Gözəl qadın da milli sərvətdi; nadir ağaclar kimi, faydalı qazıntılar kimi". Mən onun mütənasib əndamını "Milli sərvət" adlandırdım.
Mən maraqlı xəstə - məşhur alim, yazıçı, bir az da şair, o isə öz işini gözəl bilən sadə tibb bacısı. Yox, adını deməyəcəyəm. Başqa ad qoyacağam ona. Əsmər! O, mənim Əsmər bənizlim olacaq. Həqiqətən də onun üzünün rəngi, bənizi qeyri-adidi: az qala bənövşəyi, yasəmən rəngində. Şəhər qızları bu rəngi almaq üçün xüsusi qaydada özlərini qaraldırlar. Onun hər şeyi təbii idi. Təbii olan gözəldir. Əsmər adından xoşu gəlmədi. Neyləyək! Milli sərvəti deyəndə dili açıldı: "O əndam dediyini, milli sərvət adlandırdığın - ürəkdən gülüb dedi, - eh, mənim başıma elə oyunlar açıb ki! İkimiz də güldük. Bu gülüşə ona şeir həsr etdim. "Bu gəlin" şeirində belə bir misra yazdım: "Dodağında Günəş gülür güləndə". Yazıq ustad Aşıq Ələsgər belə yerdə deyib: "Güləndə qadası canıma düşdü". Dünyanın hər üzünü görmüşəm, saysız-hesabsız əsərlər yazmışam, təbəssümlər görmüşəm, amma belə gülüş görməmişəm.
Bütün bu möcüzələr azmış kimi, daha bir cazibədar aləm açıldı:
O, axırıncı dəfə kametrmin sarğısını dəyişəndə, artıq zalda xəstələr seyrəlmişdi.
Əlcək geyməyi unutmuşdu. Əlləri bədənimə dəyəndə hiss elədim ki, əlləri, qubalılar demiş, Şahdağın qarı kimi soyuqdu. Özü də tir-tir əsir. Xəstələrlə ünsiyyətdə olmağı sevmir. Soruşdum ki, nə olub, xəstələnmisən. Yox, dedi, həyəcandan özümü idarə eləyə bilmirəm. Bu yaşımda qoca və xəstə bir kişiyə vurulmuşam. Desəydilər inanmazdım, deyərdim ki, ola bilməz. Cəmi otuz neçə yaşı olan bir qadın özündən iki dəfə artıq yaşda adama vurulsun.
Dedim, kimdi o xoşbəxt, sənin kimi əsmər bənizli, olduqca sadə və səmimi bir gözəlin sevgisinə layiq olub. Diqqətimi gözəl bir jesti cəlb elədi, "Vurulmuşam" deyəndə, utanıb başını aşağı saldı, dəcəl uşaqlar kimi gözlərini ovuşdurmağa başladı. Dedim ki, Əsmər, az ovuşdur, yoxsa gözlərin yerindən çıxacaq, nə düşmüsən bu iki gözün üstünə?
- Onlar elə çıxmalıdı, lazım olmayana baxmayaydılar - dedi.
Gördüm ki, mən Əsmərdən bərk əsirəm, canıma həyəcandan üşütmə düşüb, öz halıma güldüm. "Qoca kaftar - dedim, - özüvü yığışdır. Onun sözləri sənə aid deyil".
Özümü toparlayıb soruşdum ki, bəs indi necə olacaq? "Özündən soruş" deyib getdi.
Günaşırı, I-III və V günlər dializə gəlirdim. Hiss edirdim ki, xəstəxanaya sevinə-sevinə gəlirəm. Əslində, öz-özümə deyirdim, qoca qartal, özünü aldatma, sən görüşə gedirsən, dializ-filan bəhanədir.
Yaşasın belə bəhanə!
Çox astadan - pıçıltı ilə danışır, mənsə ağır eşidirdim.
- Danışanda üzümə baxma, özüvü xəstə kimi apar.
Əsmər hər dəfə ərklə mənə çımxırırdı. Bir dəfə sarğını dəyişəndə bədəninin təmasını hiss etdim, içimdə od qalandı.
O, nəsə deyirdi: - Sənin sözlərin məni yaşamağa qoymur, az qala öz evimin yerini itirirəm, uşaqlarımın üzünə baxa bilmirəm.
Söz verdim ki, heç nə danışmayacağam.
- Danış, içimdəki xoşbəxt musiqini qırma, yarımçıq qoyma - dedi.
- Sən nə istəyirsən, sənə nə alım?
"Plitka şokolad" - dedi, - bir də çalış məni vamnan salma.
Bu da axırıncı gün, özünə yer tapa bilmir, sarğımı dəyişərkən, puçur-puçur tər tökür, onun həyəcanı mənə də sirayət edirdi. Gedib kənarda oturdu. Ayrılığa dözə bilmədi. İlahi, üzündəki ifadədə dünyanın bütün çətinliklərinin iztirabı əks olunmuşdu. Yerimdən tərpənməyə taqətim yox idi. Həsrət və nigaranlıq Əsməri üzürdü. Səfeh-səfeh bircə bunu deyə bildim: "Zəngləşərik!".
Çox qızmar avqust günündə - Qubadan Bakıya gələrkən taksidə yaşımdan utanıb Əsmərə deyə bilmədiyim sözlər duyğularımın ətrinə bələnib misralara çevrildi:
İlk baxışdan məni saldı kəməndə,
Bir mələkdi, deyil adicə bəndə,
Dodağında Günəş gülür güləndə,
Gündü-Aydı, asimandı bu gəlin!
Ala gözlü bir ceyrandı bu gəlin!
Açılıbdı yaxasının düyməsi,
Alçı durub sinəsində məməsi,
Ətir saçır hər gələndə nəfəsi,
Gündü-Aydı, asimandı bu gəlin!
Sevgi dolu bir ümmandı bu gəlin!
Bir söz dedim, kövrələrək ağladı,
Göz yaşları ürəyimi dağları.
Könül açdım, o, məsafə saxladı,
Gündü-Aydı, asimandı bu gəlin!
Mələk kimi mehribandı bu gəlin!
Radioda mənim sevdiyim türk müğənnisi Kayahan bas səslə məşhur romantik mahnısını oxuyurdu:
"Bizim kimi roman kimi bir az"
Bizimkisi də hekayə kimi bir az...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!