Söz-süz
Nazirin bir kəlmə sözü lazım idi ki, çoxdan bəri boş qalan şöbə müdiri vəzifəsinə təyin olunam. Mən idarənin aparıcı mütəxəssisi idim, iş stajım, təcrübəm əsas verirdi ki, bu vəzifəni icra edəm. Bu şöbədən yüksək vəzifəyə irəli çəkilən Fuad Barxudarlı ixtisasca maliyyəçi idi, yəni Kənd Təsərrüfatı Nazirliyinin şöbələrində işləməyə qadir deyildi. Bir problem ortaya çıxan kimi məni yanına - məsləhətə çağırır, əlaqədar təşkilatlara arayışlar, məlumatlar, izahatlar yazdırırdı.
İşin gedişindən mənə yüz faiz aydın idi ki, mən Miçurin olsam belə, nazir mənə icazə verməz ki, layiq olduğum vəzifəyə keçim. Bunun üçün yüksək yerdən tapşırıq lazım idi. Çoxdan tanıdığım, səmimi münasibətimiz olan zavod direktoru Şamil Familov məsələdə mənə yardımçı ola bilərdi. Baxmayaraq ki, Şamil Familov nazirdən aşağı səviyyədə idi, ancaq tanıyanlardan eşitmişdim ki, əvvəla nazirlə Şamil müəllim bir kənddən idilər, təbii ki, qohumluqları vardı və on il orta məktəbdə bir sırada oturmuşdular. Bir-birlərinin xətrini dünyalar qədər istəyirdilər. Əgər Şamil müəllim razılıq verib nazirə bircə kəlmə desəydi, məsələ göydə həll olunacaqdı.
İşdən bir saatlıq icazə alıb Şamil müəllimin qəbuluna getdim. Məni çox səmimi qarşıladı, hətta katibəyə çay gətirməyi tapşırdı. Vəziyyəti ona danışdım, diqqətlə sona qədər qulaq asıb kreslosunda o yan-bu yana yırğalandı.
- Bilirsən ki, - dedi - sənin xətrini dünyalar qədər istəyirəm. Ayrı adam olsaydı, düz otağına gedərdim. Sən bacarıqlı, qabiliyyətli, savadlı mütəxəssissən. Bu naziri tanımağına tanıyıram, ancaq çox kobud, söz eşitməyən, eqoistin biridir. Desəm də, sözümü yerə salacaq. Sən istəyirsənmi, mənim sözüm yerə düşsün. Bu getsin, başqasına gözüm üstə. Ağız da açaram, xahiş də eləyərəm.
Mən Şamil Familovun qeyri-səmimiliyini o dəqiqə hiss etdim. Yalan deyirdi, gözünün içinə kimi. Məcbur edəsi deyildim ki? Otağından çıxıb suyu süzülə-süzülə işə qayıtdım.
Kənardan bir cavan kadrı şöbəyə müdir qoydular. Bura elə bil tramplin idi, o da bir il keçməmiş məsul işə aparıldı.
Və o gün oldu ki, naziri işdən çıxartdılar. Yeni nazir işə başlayan kimi struktur dəyişikliklərinə başladı, Əlinin papağını Vəlinin, Vəlinin papağını Əlinin başına keçirdi. Mən yerimdə sayırdım. Yadıma Şamil Familov düşdü. Başqası olsaydı, məndən ötrü ağız açardı. Bu da başqası. Onu yoxlamaq üçün qəbuluna getdim.
- Şamil müəllim, nazir təzələndi. Demişdiniz ki, başqası olsa, xahiş edərsiniz.
- Sən bilirsən ki, aramızda səmimiyyət var, xətrini dağlar qədər istəyirəm. Sən çox bacarıqlı, qabiliyyətli, savadlı mütəxəssissən. Bu nazir bilirsən kimdir? Çox kobud, söz eşitməyən, eqoistin biridir. Sən niyə bundan qabaq mənim yanıma gəlmirdin? Keçmiş nazirə bircə kəlməm kifayət idi ki, səni ürəyin istəyən vəzifəyə qoysun. Çox təəssüf!
- Çox təəssüf! - Mən ayağa qalxıb onun gözlərinin içinə baxdım. İlahi, o gözlər necə də tülkü gözlərinə bənzəyirdi.
Deməyə söz tapmadım!
2012
Çürümüş meyvə satan qoca
Qocanın piştaxtası şəhərdəki ən böyük bazarın çölündə, çınqıl daşlar döşənmiş, səliqəsiz taxta və dəmirlərlə hasarlanmış yerdə, üçüncü sıranın sonunda idi. Qabaq və yan tərəfləri yeşik taxtaları ilə yamanmış, içərisinə iki rəf düzəldilmişdi. Bura əsl anbarı xatırladırdı. O, saxlanclarını qəzet və kağız parçalarını, işlənməkdən üstünün gülü silinmiş ferması, armudu stəkan və nəlbəkisini, qəndqabını, bir də oturacaq əvəzi yeşiyini burada saxlayırdı. Piştaxtanın üstü üç gözə ayrılmışdı, qoca meyvələri çeşidləyib növlərlə bura yığırdı. Hər səhər bazara gələn qoca əvvəlcə çox da uzaqda olmayan və fasiləsiz axan krandan su gətirib ətrafına su çiləyir, rəngi itmiş dəsmalla piştaxtanın tozunu alır, dünəndən qalmış meyvələri gözlərə düzür, yeşiyini çıxarıb döşəkçənin üstünə sərir, sonra oturub çəliyini iki qılçasının arasına qoyandan sonra "Avrora" qutusundan bir gilə götürüb sığallayır, qapqara müştüyünə keçirib yandırır, iştahla acı tüstünü ciyərlərinə çəkirdi. Paltarları köhnə olsa da, səliqəli geyinir, ayaqqabılarını gündə bir neçə dəfə dəsmalla qaraldır, üzündə ağarmış tük saxlamırdı.
Xalam bazarda onunla yanaşı meyvə satırdı. Mən arada ona baş çəkməyə gələndə Əlləz kişi ilə tanış olmuşam. Bəzən xalam vacib iş dalınca gedəndə yerini mənə tapşırırdı və onda biz onunla söhbət etməyə imkan tapırdıq. Xalamın piştaxtası nisbətən böyük idi, ona görə ki, o meyvələrin çeşidini çox edir, həm də evdə hazırladığı, bazarda ucuz aldığı gündəlik tələbat mallarını satırdı, Əlləz kişi isə almadan başqa piştaxtaya heç nə qoymurdu. Qəribəydi, onun satdığı meyvələrin biri də salamat deyildi! İlk vaxtlar - onda mən Əlləz kişini yaxşı tanımırdım - mənə elə gəlirdi ki, bu kişi ağlını itirib, camaata iylənmiş, çürük meyvələr satır, ancaq onu yaxından tanıyandan sonra gördüm ki, onun piştaxtasındakı meyvələr par-par parıldayan qırmızı, sarı, yaşıl almalardan daha dadlı, daha göz oxşayandı.
- Bazara çıxan mal satılır. Hamısı. Hər malın öz müştərisi var.
Sən demə, xalam kimi onun da öz müştəriləri varmış və hamıdan fərqli olaraq Əlləz kişi meyvələrin üstünə qiymət kağızı qoymazdı. Məcbur eləsələr də, o bunu etməmişdi, bazarkoma nə demişdisə, nəzarətçilər daha ondan yan keçirdilər.
- Mənim müştərilərim mənim malımın qiymətini özləri bilirlər!
Təsadüfi alıcılar ondan qiymət soruşanda bəzilərini eşitməzliyə vurur, bəzilərinə isə astadan ixtiyari qiymət deyirdi.
- Bu nədir satırsan? - Hirslə deyilən sözləri Əlləz kişi soyuqqanlıqla qarşılayır, "kasıbın olanından" deyirdi.
- Qoca kişidən, get otur evində! - deyənlər hardan biləydilər ki, Əlləz kişi tək-tənhadır, tək-tənha evdə oturmaq isə yaşlı adamlar üçün ən ağır yükdür. Əlləz kişini yaşadan bazar idi, bazarda üzü günün döydüyü, yağışın islatdığı, küləyin toza bürüdüyü piştaxta, bir də insanlar idi. Hər axşam satıcıların satışdan çıxdaş etdikləri meyvələri Əlləz kişi anbarına yığırdı. Çoxusu da özləri o meyvələri Əlləz kişiyə gətirib verirdilər.
- Xalanın stəkanını ver, sənə bir çay süzüm. Heç mənim dəmlədiyim çaydan içməmisən. - Özü gəlib xalamın stəkanını götürüb təmizləyir, termosdan çay süzüb məni yanına dəvət edirdi.
- Əlləz əmi, gündəlik qazancın olurmu?
O, bir xeyli fikirləşib sonradan təmkinlə dilləndi.
- Qazancım çox olur. Sən heç təsəvvür edə bilməzsən, mənim qazancım bu bazardakı satıcıların hamısından çoxdu.
Mən heyrətlənib piştaxtanın üstündəki iylənmiş meyvələrə baxır, onların cəmini ən yüksək qiymətə vurur, qazancı hesablayırdım.
- Gündə nə qədər qazancın olur? - O mənim sadəlövhlüyümü səbrlə qarşılayır, bir yerə, bir göyə baxırdı.
- Həyat qədər! - Bu vaxt saçları ağarmış, beli azca əyilmiş qadın ona yaxınlaşdı. Əlləz kişinin üzü güldü.
- Hardasan? Neçə gündü görünmürsən?
- Qocalıq bir köpəkoğluluq döymüş. Yel əsən kimi xəstələnirəm.
- Malını saxlamışam.
- Yoox! Hamısını apara bilmərəm. İki kilo ver, qalanını uşaqlar apararlar.
- Lap yaxşı. Özünə fikir ver.
Qadın üzü yeyilmiş palıdı pul qabından sarı manatlıq çıxardıb ona uzatdı.
- Qoy qalsın, sonra verərsən.
Qadın güldü.
- Birdən ölüb eləyərəm, onda sənə borclu qalaram. Al, götür!
- Borclu borclunun sağlığını istər! - Əlləz kişi qadının əlini qaytardı. Sonra "anbar"dan armudu stəkanı çıxartdı. - Bir stəkan çay!
- Yoox! Sağ ol!
Qadın aralandı, Əlləz kişi xeyli onun dalınca baxdı, sonra "Avrora" qutusunu açıb giləni müştüyə keçirib alışdırdı. Qadın onun cəbhə yoldaşı imiş! Əlləz kişinin sifəti açılmış, hərəkətləri itiləşmiş, əhvalı dəyişmişdi. Sonra o dil boğaza qoymadan ötənlərdən danışmağa başladı. Danışdı, danışdı, heç yorulduğunu hiss etmədim.
- Başqa müştəriləriniz də varmı?
- Var, var! Hərəsinin öz gələn vaxtları var! Gələcəklər, Allahın köməkliyi ilə...
***
...Gənc ər-arvad Əlləz kişinin piştaxtasının qabağında dayandılar, əvvəlcə ona, sonra iylənmiş almalara baxdılar, aralanmaq istəyəndə oğlan kobudluqla qolundan tutan qadından aralanıb "Bu kişini xoşbəxt edəcəm" dedi. Qoca onları sınayıcı nəzərlərlə süzdü, sonra laqeydcəsinə yönünü yana çevirdi.
- Kişi, bu almaların hamısına nə verim? - Cavab gözləmədən iki sarı manatlığı qırmızı onluğun arasından sivirib piştaxtanın üstünə tulladı.
"- Kişi, bu meyvələrin hamısını yığ! - Qadın ona təpindi.
- Bu iylənmiş almaları neyniyəcəksən?
- Odey, zibilliyə atacam, qoy yazığın canı qurtarsın, bir anlıq sevinib xoşbəxt olsun.
- O malların sahibi var, behini də veriblər. Əziyyət çəkməyin.
- Bunun a...a!
- Bəli. - Oğlan heyrət içində donub qalmışdı, bir gözü piştaxtada, bir gözü qadında idi. - Məni xoşbəxt eləmək istəyirdin? Heç xoşbəxtliyin nə olduğunu bilirsənmi?
Oğlangil gözəgörünməz oldular. Mən Əlləz kişinin sualının sadə olduğunu düşünürdüm, amma fikirləşəndə gördüm ki, onun cavabını mən də bilmirəm.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!