Torpaqdan ölüm qoxusu gəlirdi. Ölüm qoxusu gələn torpağın üstündə büzüşərək üzbəüz oturduğu əsgər yoldaşına baxır və hərdən də yanıqlı bir ah çəkirdi. Onun tez-tez ah çəkməsi üzbəüz oturduğu əsgər yoldaşında da, o biri əsgərlərdə də qıcıq yaradırdı.
Cəmi dörd nəfər idilər. Dördü də köstəbək kimi torpağı eşib bir təpənin altında gizlənmişdilər. Nə edəcəklərini bilmirdilər. Düz üç gün idi ki, köstəbək kimi qazıb gizləndikləri yerdən bayıra çıxa bilmirdilər. Bayırda da havadan ölüm qoxusu gəlirdi.
Ölüm onları addım-addım izləyirdi, amma onların heç biri ölmək istəmirdi. Ölmək istəmədiklərini dilə gətirməsələr də, bu onların dovşan kimi titrəmələrindən hiss olunurdu.
Tez-tez ah çəkərək o biri əsgər yoldaşlarının zəhləsini tökən Artur Qriqoryan birdən-birə sağ tərəfındə büzüşüb oturan Samveli dümsükləyərək xırıltılı bir səslə soruşdu:
- Bu gün ayın neçəsidir?
Samvel güclə eşidiləcək bir tərzdə suala sualla cavab verdi:
- Niyə soruşursan?
Artur onu nifrətlə süzərək dodağını büzdü və yenidən ah çəkərək başını aşağı dikdi.
Köstəbək kimi eşdikləri yerin eni bir, uzunluğu iki metr olardı. Bu qaranlıq, darısqal yerdə bir-birlərinə qısılaraq bayıra çıxmağa qorxurdular. Bayırda yer-göy silkələnirdi. Topların səsi hər yanı lərzəyə salmışdı. Düz üç gün bundan əvvəl onlar uzaqvuran toplardan Tərtərin kəndlərini atəşə tuturdular. Onda 12 nəfər idilər. Bir az aralıda hərəkət eləyən tankın qəflətən səmadan vurularaq alışıb-yanması ilə onlar bir göz qırpımında özlərini kostəbək kimi qazdıqları yerə soxmuşdular. O biri döyüşçü yoldaşları isə göz qırpmağa belə macal tapmadılar. Şar kimi göyə uçdular. Yaxşı ki, bu qaranlıq, darısqal yerdə su da vardı, İran konservləri də... Ərzaq ehtiyatlarını bu qaranlıq yerdə saxlayırdılar.
Əslinə qalsa bu yer onlar üçün qaranlıq deyildi, çünki gözləri qaranlığa alışmışdı. Və qaranlıqda onlar bir-birlərinin üzündə gəzən ölüm qorxusunu da yaxşı görürdülər. Həm də hiss edirdilər ki, bu qaranlıq yer onlar üçün məzarlıq olacaq. Amma onlar ölmək istəmirdilər. Niyə də istəsinlər axı? Arturun 26 yaşı vardı. Təzəcə nişanlanmışdı. Özü dediyi kimi, Anyuşa Livanda onun yolunu gözləyirdi. Onun sol tərəfində büzüşərək oturan Stepanın isə on beş yaşı vardı. Orta məktəbdə oxuyurdu. Zorla avtobusa mindirib Yerevandan bura gətirmişdilər. O, yeşikləri açıb toplar üçün mərmi gətirirdi. Arturla üzbəüz yaşı altmışı haqlamış pəzəvəng bir saqqallı oturmuşdu. Ağarmış saqqalını sığallaya-sığallaya nə barədəsə düşünürdü. Düz üç gün idi ki, danışmırdı. Sanki ağzına su almışdı, amma üç gün əvvəl o, belə deyildi. Elə bil dilotu yemişdi. Ara sakitləşən kimi dil-boğaza qoymurdu. Bir yandan hüdüləyib tökürdü. Böyük sevinclə əllərini bir-birinə sürtərək deyirdi: - Düz on yeddi nəfər türkün boğazını bu əllərimlə kəsmişəm. Uf da deməmişəm. Xocalıda üç körpə uşağı diri-diri yandırmışam. On beş gündür ki, buradayam. Tərtərin, Ağdamın... kəndlərini top atəşinə tuturam. Bu məni ruhlandırsa da, türkün boğazını bıçaqla kəsməyin öz ləzzəti var. Bu on beş gündə əlimə nə bir uşaq, nə də ki, bir qoca düşüb. Ötən illər yadıma düşəndə gözlərimdən axan sevinc yaşlarını saxlaya bilmirəm. Xocalıda daşı-daş üstündə qoymadıq. Uşaqları, qocaları öldürdükcə gücümüz daha da artırdı. Gözəl günlər idi. Onda mənə böyük yazıçımız Zori Balayan təşəkkür məktubu göndərmişdi. Məktubda yazırdı ki... - Elə bu zaman güclü partlayış səsi eşidildi. Yaxınlıqdakı tank alışıb-yananda o da özünü bu qaranlıq yerə dürtmüşdü.
Arturla üzbəüz əyləşən erməninin adı Suren idi. Suren Rusiyada, Hərbi Akademiyada oxumuşdu. Müharibədən bir ay əvvəl ona mayor rütbəsi verilmişdi. O bununla çox öyünürdü. Sinəsinə döyüb lovğa-lovğa deyirdi ki, Tərtəri tamamilə işğal eləyəndən sonra general-mayor rütbəsi alacaq. Amma onun bu arzusu gözündə qaldı. Düz üç günüydü ki, qorxusundan başını bayıra çıxara bilməz. Surendən həm də pis qoxu gəlirdi.
Deyəsən, şalvarını batırmışdı. Amma bu, onun vecinə deyildi. Əsas məsələ onun sağ qalması idi və o, buna görə taleyindən çox razı idi. Onun taleyindən razı olması qaranlıqda işıldayan gözlərindən də hiss olunurdu.
Artur Qriqoryan yenə də ah çəkərək ufuldamağa başladı. O, yaralı əsgər kimi inləyirdi. Amma o, yaralı deyildi. Ürəyindən qara qanlar axırdı. Birdən o, nə fikirləşdisə, üzbəüz əyləşən Surenə baxaraq soruşdu:
- Həmişə deyirdin ki, türklərə qan uddurmuşam. On yeddi nəfər türkün boğazını kəsmişəm. Bəs indi nə oldu? Niyə bu qaranlıq yerdə gizlənmisən? Gəlin dördümüz də bayıra çıxaq. Burada oturub ölməkdənsə, açıq səma altında ölmək daha yaxşı deyilmi?
Suren ona tərs-tərs baxıb heç nə demədi. Bir siqaret yandırıb acı tüstünü ləzzətlə ciyərlərinə çəkib təəssüflə başını buladı və dedi: - Ah keçən günlər, keçən günlər. İndi hardadı o günlər? - Sonra o, dəli kimi bağıraraq özünü bayıra tulladı və bayırdan hökmlə bildirdi:
- Çıxın bayıra! - Sonra da üzünü Şuşa tərəfə çevirib dedi: - Şuşanın işıqları yanır. Gəlin işıq yanan tərəfə gedək. - O, bu sözləri deyib heyranlıqla Şuşa tərəfə baxmağa başladı. Elə bu zaman havada uçan snayper gülləsi onun sol gözündə ilişib qaldı. O, dəli kimi bağırmağa belə macal tapmadı. Köksüz ağac kimi yerə sərələndi və bir anın içində hərəkətsiz qaldı. Kimsə "Samvel" - deyə çağırdı. Bu, Samvel idi. Artur əlilə onun ağzını tutub pıçıltılı bir səslə dedi: - Kiri, eşidərlər. - Samvel onun əlini ehmalca geri itələyərək dedi: - Əcəlimiz çatıb - Ağlamsındı. Artur əsəbiləşən kimi oldu.
- Bəsdi, sən Allah! Zəhləmizi tökmə. Bunu əvvəlcədən fikirləşərdin. Fikirləşərdin ki, hara gedirəm, niyə gedirəm. Mənim Azərbaycan torpaqlarında nə ölümüm var? - Sonra o, əlini cibinə salıb "Malboro" qutusunu çıxartdı və bu dəfə mülayim səslə bildirdi: - Biz "Böyük Ermənistan" uğrunda vuruşuruq. İrəlidə çox işlərimiz var. Möhkəm olmaq lazımdır, - onun bu sözləri, deyəsən, Samvelin xoşuna gəlmədi.
- Bu qaranlıq yerdə - porsuq yuvasında gizlənməklə "Böyük Ermənistan uğrunda" vuruşuruq, eləmi? Əcəb gülməlidir. - Əlilə başınının - dazlaşmış ortasını qaşıyaraq gülməyə başladı.
- Hırıldama, - Artur cin atına mindi. İndicə "Kalaşnikovu" qarnına boşaldacağam.
- Boşalt. Samvel yaxasını açaraq yenidən gülməyə başladı. Az sonra o, gülə-gülə dedi:
- Ay yazıq, indi "Kalaşnikov" zamanı deyil. Görmürsənmi ki, başımıza göydən od yağdırırlar. Məgər yerin-göyün titrəməsini hiss eləmirsən? - Daha bərkdən gülməyə başladı, - Sənə demirəmmi ki, səsini kəs. - Artur onun yaxasından yapışıb özünə tərəf çəkdi. Amma Samvel daha bərkdən gülməyə başladı. İndi o, arxasıüstə yıxılıb gülürdü. Gülə-gülə hər iki qıçını göydə oynadırdı.
- Yazıq dəli olub. - Stepan qəhərlənən kimi oldu. - Nədən bilirsən? - Artur ciddiləşdi.
- Bunu bilməyə nə var ki? - Stepan dərindən nəfəs alaraq dilləndi: - Ağlı başından çıxıb. Görmürsənmi, gözləri buz üstünə çıxmış dana gözləri kimi hədəqəsindən çıxıb.
- Bəs indi neyləyək?
Stepan cavab əvəzinə çiyinlərini çəkdi.
- Ümid Allaha qalıb. - Artur başını aşağı dikib dərindən bir ah çəkdi.
Elə bu zaman Samvel ayağa qalxaraq özünü bayıra tulladı. Bu elə tez baş verdi ki, nə Artur, nə də ki, Stepan onu saxlaya bilmədilər. Samvel gülə-gülə qaçırdı. Hara qaçdığını özü də bilmirdi.
Stepan onun arxasınca baxıb dedi: - Hərə başını götürüb bir yana qaçır. Bəs biz burada niyə oturmuşuq? Nəyi gözləyirik? Axı türklər silahsız əsgərə toxunmurlar...
- Bunu sən hardan bilirsən? - Artur ona çəpəki bir nəzər saldı.
- Necə yəni hardan bilirəm? Babam danışıb. O deyirdi ki, türklər heç vaxt mülki adamlara, əsirlərə dəymirlər... Amma biz...
- Amma biz neyləyirik? - Artur barmağını avtomatın tətiyinə toxundurdu. Güllələr bir andaca Stepanı aşsüzənə döndərdi. Sonra o, "Kalaşnikov"u nifrətlə bir tərəfə tulladı və Stepanın aşsüzənə dönmüş cəmdəyinə lomba ilə tüpürüb əlini cibinə saldı. Əlləri titrəyirdi. Ona görə də cibindən çıxartdığı siqaret qutusunu aça bilmədi. Bu, onu daha da qəzəbləndirdi. Və qəzəbli-qəzəbli danışmağa başladı: - Atana lənət, Paşinyan!
Livandan, Suriyadan, nə bilim hansı cəhənnəmdən qoyun sürüsü kimi bizi bura gətirtdin. Şirin vədlər verdin. Deyirdin ki, bu istehkamları, yeraltı sığınacaqları erməni generalları ilə fransız generalları düzəltdirib. Onların düzəltdikləri bu "qalaları" atom bombası ilə də dağıtmaq olmaz. Bəs nə oldu? Bu alınmaz istehkamlar darmadığın edildi. - Bir anlıq susub dayandı. İçində vulkan kimi püskürən qəzəbi boşaldıqca əllərinin əsməcəsi də azalırdı. Ona görə də siqaret qutusunu birtəhər açıb yenidən öz-özünə danışmağa başladı: - Ay Paşinyan, köpəkoğlu! Bəs deyirdin ki, Makaron, yox ey, Makron qoşun göndərəcək, nə bilim raket göndərəcək, tank göndərəcək! Bəs niyə göndərmədi? Şalvarını islatdı, eləmi? Ancaq əvəzində əsgərlər üçün otuza yaxın fransız qızları göndərdi ki, döyüş ruhumuzu daha da artırsın. - Artur öz-özünə danışdıqca daha da qızışırdı. Yenə də bir anlıq susub bir siqaret yandırdı. Hamilə qadınlar kimi ürəyi bulandı. Öyüdü, amma qusmadı. Siqareti yerə tullayıb başını əllərinin arasına aldı. Düz üç il əvvəl Şuşada olduğu günləri xatırladı. Cıdır düzündə rəqs elədiyi dəqiqələr gözləri önündən gəlib keçdi. Uşaq kimi kövrəldi. Onda Artur da yeyib-içib keflənmişdi. Kefləndiyinə görə də Paşinyana yaxınlaşıb belə demişdi: - Müsəlmanlar donuz əti yemirlər. Donuz Allahın xoşlamadığı heyvanın adıdır. Erməni əsgərləri isə məsciddə donuz saxlayırlar... Bu, Allahın xoşuna gəlməyəcək, qəzəblənəcək. - Paşinyan da, motal qarınlı bir general da onun bu sözlərinə qəhqəhə çəkib gülmüşdülər. Sonra da Paşinyan gülməkdən yaşarmış gözlərini silərək belə demişdi: - Şuşa Ermənistandır. Biz erməni torpağında donuz saxlayırıq. Bunun müsəlmanın Allahına nə dəxli var? Kefində ol, Arturcan. Daha bu yerlərə quş quşluğu ilə qanad çala bilməz.
Artur qəflətən dəli kimi bağırdı: - Paşinyan, bəs Livandan, Suriyadan, İraqdan gəlmiş hər bir erməniyə üç hektar torpaq verəcəkdin! İndi bu torpaqlarda erməni əsgərlərinin cəsədləri yan-yana düzülüb, üst-üstə qalaqlanıb. Hər yanı üfunət bürüyüb. Nəfəs almaq olmur. - Artur daha nə deyəcəyini bilmədi. Əslində, onun deməyə sözü çox idi. Amma daha heç nə demədi. Əlilə saqqalını sığallayıb dərindən bir ah çəkdi və köksünü ötürüb güclə eşidiləcək bir tərzdə öz-özünə sual verdi: - Mənim burada nə işim vardı? - Sonra o, dizlərini yumruqla döyəcləyərək ağlamağa başladı.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!