Aydın Tağıyev Şabranda yaşayır. Hal-hazırda Yazıçılar Birliyinin Şabran filialının rəhbəridir. Amma Aydın Tağıyevi biz ədəbi ictimaiyyət müasir Azərbaycan nəsrinin istedadlı bir nümayəndəsi kimi tanıyırıq.
O, lap əvvəldən hekayə janrına xüsusi meyil edib. Deyim ki, müasir nəsrimizdə Aydın mikro hekayələr ustası kimi tanınır. Bu barədə Bəkir Nəbiyev, Mövlud Süleymanlı, Əlibala Hacızadə, Sadıq Elcanlı kimi söz adamları fikir söyləyiblər. Təvazökarlıqdan uzaq, mən də Aydının hekayə və povestləri barədə vaxtilə bir neçə məqalə yazmışam. Hər dəfə qəzet və jurnal səhifələrində onun təzə çıxan hekayələrini oxuyur, daxilən sevinirəm ki, Aydın yaradıcılıq tempini itirməyib, yenə əvvəlki kimi sadə və təbii yazır, yenə də həyatın, gerçəkliyin adiliklərinə üz tutur, amma bu adiliklərdə qeyri-adi nəsə tapır, lap kiçik bir hekayədə öz xarakterik cizgiləri ilə seçilən obraz yaratmağa səy göstərir.
Onun hekayələri, ilk növbədə, təhkiyə tərzinin şirinliyilə diqqəti cəlb edir. Təsvirləri real və inandırıcıdır. Elə ilk cümləsindən oxucunu ardınca çəkib aparır. "Çiçəkli çölün sarı gülləri solmuşdu" - "Kazım kişinin əziz-xələf bir oğlu ağacdan alma dərərkən bir ilanın ona tərəf süründüyünü görür və uşaq qorxudan özünü o ağacdan yerə atır. Və bu, Kazım kişiyə dərd gətirir. "Bir il sonra bağdakı bütün ağaclar yazda çiçəkləyib meyvə gətirsələr də, alma ağacı nə çiçək açdı, nə də bar verdi".
Aydın Tağıyevin bütün hekayələri hadisədən, mətləbdən obraza doğru hərəkət edən hekayələrdir. Hadisə tipik və səciyyəvi olduğu kimi, obraz da bədii ümumiləşdirmə gücündədir. Ancaq mən deməzdim Aydın bütün hekayələrini bu üsulla qurur, yəni real həyat hadisəsini və gerçəkliyin bu reallığını özündə əks etdirən obrazları süjetə gətirir. Psixoloji anların təsviri, mahiyyətə, alt qata enmək məharəti, dilin, təhkiyə tərzinin təbiiliyi və özünəməxsusluğu da burada mühüm rol oynayır.
Budur, Aydının "Tanışlıq" hekayəsi… Hekayə belə başlayır: "Böyükağa müəllim ilə Məmməd tanış deyildilər".
Hekayə belə qurtarır: "Böyükağa müəllim ilə Məmməd beləcə tanış oldular".
Bu iki cümlə arasında isə iki ömrün - Böyükağa müəllimin və Məmmədin ömür yolunun qısaca, amma şirin təhkiyə üsulu ilə nəqli durur. Təsadüfən Məmmədin anasının döşlərindən süd əmən Böyükağa çox imkanlı bir ailənin övladıdır. Ona görə də bir-birindən tamam fərqli, bir-birinə zidd insan olurlar. Bu hekayədə Aydın demək olar ki, heç bir hadisə təsvir eləmir, yalnız iki ömür yolunu gözlərimiz qarşısında canlandırır.
"Əgər Böyükağa müəllimi əsgər aparsaydılar və o, təsadüfən Məmmədlə bir hissədə qulluq etmiş olsaydı, heç şübhəsiz, Məmmədlə tanış olacaqdı, ancaq Böyükağa müəllimin "bronu" vardı və heç vaxt ondan əsgər olmayacaqdı.
Böyükağa müəllim ilə Məmməd evləndikləri qız tərəfindən qohum olsaydılar, yəqin ki, bir-birlərini tanıyacaqdılar. Amma Məmməd kasıb bir ailədən qız almışdı.
Böyükağa müəllim iş yerinə hər gün avtobus ilə gedib-gəlsəydi, hökmən Məmməd ilə rastlaşardı və çox mümkün idi ki, belə görüşlərin birində tanış da ola bilərdilər. Bəlkə də Böyükağa müəllim yerindən qalxıb Məmmədə oturmağa yer də təklif edərdi, çünki yaşıd olsalar da, Məmməd öz yaşından çox qoca görünürdü".
Diqqət yetirdinizmi, bu hekayədə bəlkə də bir povestə, kiçik romana sığa biləcək hadisələr, talelər işıqlandırılır. Deməli, damlada dəryanı, anda zamanı əks etdirmək mümkündür və bunu istedadlı yazıçı Aydın Tağıyev bacarır. Həmin hekayədə bir-birini görməyən Böyükağa müəllimlə Məmməd, nəhayət, gözlənilmədən "tanış olurlar". İşdən yorğun qayıdan Məmməd avtobus dayanacağında maşın gözləyir. Elə bu vaxt qarşıda bir "Volqa" dayanır, onun sahibi Böyükağa müəllim Məmmədə müraciət edir ki, maşının təkərini dəyişsin. Məmməd bu işi sevinə-sevinə görür. Maşın yiyəsi isə "budur, bu da zəhmət haqqın" deyib ona bir "Şirvan" uzadır.
Vəssalam! Hekayə beləcə başa çatır. Xatırladaq ki, hekayənin əvvəlində də bu pul haqq-hesabı vardı, sonunda da və bunun, əlbəttə, simvolik bir mənası var.
"Yay gününün uzun gecəsi" hekayəsində biz başqa bir mətləblə tanış oluruq. Aydın gözlənilməz situasiyaları hekayələrində əks etdirməyi çox sevir və bunu bacarır. Bu onun hekayələrinə novella rəngi qatır. Hekayədə otuz il öz doğma kəndindən aralı düşmüş, əvvəl dustaq həyatı keçirib sonra uzaq-uzaq şəhərlərdə ömrünü çürüdən bir adamın - Aslanın kəndə gözlənilməz gəlişindən söz açılır. Aslan arvadına teleqram vurur ki, gəlirəm. Amma bilmir ki, arvadı başqasına ərə gedib. Çünki ərə getməsəydi, Aslanın namus üstündə qətlə yetirdiyi Mədətoğlular fitnə-fəsad törədəcəkdilər. Otuz il. İndi onun otuz üç yaşlı oğlu var. Təsirli bir görüş: "Oğlu da ilk dəfə görsə də, adından yalnız bu gün sübh çağı xəbər tutduğu atası olan kişiyə sarıldı. İkisinin də gözünün yaşı sel kimi axırdı". Bəs qadın? "Düşən sərnişinlərdən sonra qatara yeniləri minməyə başladı, yaşı otuzu keçmiş cavan oğlan uzaq vaqonların birinə sarı boylandı və bir ayağı yerdə, biri vaqona qalxan bir qadının göz yaşlarını gizlətməyə çalışsa da, xısın-xısın ağladığını gördü". Fikirləşirsən ki, bu hekayə başqa cür də bitə bilərdi. Kişi xəbər tuta bilərdi ki, arvadı ərə gedib və ortaya böyük bir qanqaraçılıq düşərdi. Kişi gəldiyi kimi də geri qayıda bilərdi. Amma Aydın bundan sonra nə baş verə biləcəyini oxucunun ixtiyarına buraxır.
Aydın Tağıyevin hekayələrində hiss olunacaq dərəcədə duyumlu, görümlü milli kolorit naxışları nəzərə çarpır. Təsadüfi deyil ki, onun hekayələrinin qəhrəmanları - qocalar, qarılar, el ağsaqqalları-ağbirçəkləridir, kənd müəllimləri, çobanlar, müharibə veteranları bu hekayələrdə rəğbətlə təsvir olunur. Ancaq Aydın Tağıyev öz yazılarında ştampdan, stereotipdən qaçır, yeri gələndə ağsaqqalın da, zəhmətkeş çobanın da bir insan kimi xarakterini mürəkkəbliyilə təsvir edir. "Çörək" hekayəsində Mədət kişi ilə Səməd kişi arasında uşaq üstündə başlamış dava-dalaş onların ata-baba dostluq, qonşuluq münasibətlərini az qala heçə endirəcəkdi. Mədət kişi əziz-xələf oğlunun döyülməyinə daralıb onu qabağına qatır, şikayətə gedir. Ancaq mənzil başına çatmamış əməlindən peşman olur. Aclıq onlara güc gələndə oturub çörək yeyirlər.
"- Bu çörək nə yumşaqdır, - deyə oğlundan xəbər aldı, - bəyəm anan bu gün təndir qalamışdı?
Uşaq ağzındakı tikəni aşıra-aşıra:
- Yox, - dedi, - səhər Püstə xala Cavadla yollamışdı ki, isti çörəkdir!
Çeynədiyi loxma az qala Mədət kişinin boğazında qalmışdı, kişi ağzındakı tikəni güclə uda bildi. "Lənət şeytana!..". Sonra da Mədət kişi özünü də, arvad-uşağı da söyüb ölü-diri qoymadı.
- Əl-üzünü yu! Düş qabağıma, geri dönürük!".
Dəlisov ağlın, qızmış ürəyin hirsini-hikkəsini eldə müqəddəs sayılan çörək yumşaldır və Aydın Tağıyevin hekayələrində belə ibrətli və təsirli səhnələr çoxdur.
Aydının hekayələrində çox zərif və işıqlı bir yumor hissi də var və dərindən fikir verəndə bu yumorun içində güclü bir ironiya duyulur. Məsələn, Aydının həcmcə ən kiçik hekayələrindən biri olan "Çəpik" bu cəhətdən çox ibrətlidir...
Bu növbəti çəpik səhnəsində Nağının qolu sınır və məcbur olub onun qolunu dirsəkdən aşağı kəsib atırlar. Beləliklə, iclaslar, tədbirlər çəpiksiz qalır, Nağının gələcəkdə deputat olmaq arzusu ürəyində qalır. Çünki "Nağı yaxşı dərk edirdi ki, çəpik bilmədən bu dünyada yaşamaq çətin olacaq".
Aydın Tağıyevin digər hekayələri barədə də belə ürək açıqlığı ilə söz açmaq olar. Bu hekayələrdə də Aydın özünə sadiqdir, yenə də həyat həqiqətindən çıxış edir, yenə də müasiri olduğumuz insanları bədii sözün işığına çəkir. Və yaxın illərin ağrıları, məmləkətimizin düşdüyü çətinliklər, yurddaşlarımızın keçirdiyi sarsıntılar bu hekayələrin əsas qayəsini təşkil edir.
İstərdim ki, Aydının bundan sonra yazacağı hekayələrdə həyatın, gerçəkliyin daha mühüm problemləri əks olunsun. Onun gözləri qarşısında bəlkə bizim hiss etmədiyimiz, mahiyyətinə varmadığımız hadisələr, olaylar baş verir, o, əyalətdə yaşayan, müxtəlif qayğılarla, çətinliklərlə üzləşən insanlarla üz-üzə gəlir. Onların sevincini də, fərəhini də duyur. İstərdim ki, Aydın öz hekayələrində daha böyük mətləblərdən söz açsın.
Aydın Tağıyevin bu avqust ayında 70 yaşı tamam olur. Şabranın Dəvəçi qəsəbəsində dünyaya gəlmiş Aydın Tağıyev, zənnimcə, müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biridir.
V.YUSİFLİ
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!