Hüqonun sevgilisi Adeleyə yazdığı məktuba ithaf - Rəvan CAVİD

 

Məncə, dünya mavi rəngdədir və adamların hamısının qanadı var. Bütün adamlar uça bilir, məncə. Səncə?.. Hər kəsin içində qoruyub saxladığı bir qağayısı var. Yerin cazibə qüvvəsinə tabe olan ölüm kimi onu da qoruyub bir ömür dənizə atırıq. Dənizə atdığımız qağayılardır, indi səmaya tərəf uçmaq istəyirlər. Heç fikir verdinmi, onlar - qağayılar sadəcə dənizin üzərində, sahilə yaxın tərəfdə uçurlar. Onları orada uçmağa vadar edən hadisəyə mən ümid deyirəm. Qağayılar sahildən və dənizdən ümidini üzmür. Onlar bir gün bu iki sevgilinin qovuşacağına inanırlar. Lakin onlar çoxdan qağayılara aşiq oldu. Bilirsən, qağayı dənizin uçmaq arzusudu. Dənizin səmaya çatmaq istəyi, həsrəti. Sənə arzuların nə qədər böyük, nə qədər ağır, nə qədər xoşbəxt edən halından danışmaq deyil fikrim. Sənə arzuların bir gün qanadlana bilməsindən danışmaq istəyirəm. Səninlə mənim nə qədər böyük arzularımız ola bilər ki..? Bir az sənin istədiyin həyat, bir az mənim bu nəfəskəsici ağrılardan qurtulmağım. Bir az sənin bəyaz, çəhrayı yuxuların, bir az mənim içində özümü itirib-tapdığım yazılar, yazılar. Biz bu mavi planetdə ikiotaqlı, içi taxta qoxuyan, pəncərəsi yaşıllıqlara, ya da sarı yarpaqlarını yavaş-yavaş torpağa əmanət edən, ya da qar örtmüş budaqlarını səssiz çöllərin qucağına verən ağaclara açılan balaca bir ev istəyirik. Nə qədər xəsis ola bilər ki Tanrı? Ümid edirəm, sən də, mən də, lap elə küçənizin tinində dayanıb siqaret çəkən dayı da, sən universitetə gələndə sənə baxıb öz qızını fikirləşən, əlində süpürgə tutan xanım da, onun balaca, yaşıl gözlü qızı da layiq olduğu, yaşamalı olduğu taleyi yaşayacaq. Hər kəsin bir günah payı varsa, həm də bir ümid payı var. Ümid etməlidi insan. Gözləməlidi. Dayandığı yerdən çoxdan getmiş olsa belə, ümid edib gözləməli. Bir gün bir qağayının, nəhayət, şəhərə tərəf uçduğuna baxıb sevinməli, gülümsəməli. Bir gün dənizin sahildən əl çəkib öz kiçik adalarının qayğısına qaldığına tamaşa etməlidir insan. Saatlarla Xəzərin, Narginin, bir də arxadakı Bakının rəsmini çəkməlidir ağlına, yaddaşına. Yaddaş qocalmır çünki. Qocalıb özümüzü Tanrı amanına buraxdığımız vaxtda yaddaş bizə parta arxasında oturub saçlarını lentlə yığmış qızın gülüşünü xatırladır. Rəsm çəkmək bacarığımızdan və ya bacarmamağımızdan bizə saatlarla mühazirə deyir. Gözlərimiz yaşarır. Və biz islanırıq xatirələrin ilıq yağışında. Sağımız-solumuz çobanyastığı olan bir uşaqlıq da yaşamadıq düzü. Amma olsun. Kim arzu etməkdən yoruldu ki..? Mən elə birisini xatırlamıram. Sən? Dünyanın ən asan işidi arzu tutmaq. Gözlərini yumub, əllərini birləşdirib sakitcə pıçıldayırsan və elə düşünürsən ki, bu qədər uğultunun içindən sənin pıçıltıların Tanrıya daha aydın çatdı. Bəlkə də ən gözəl çağırışdı arzularını birinə pıçıldamaq. Sükutun içində dodaqlarının arasından çıxan iki cümlə kəpənək effekti kimi qarşındakı adamın ürəyinə zəlzələ salır. Onun içində səslər qarışır bir-birinə. Anlaşılmaz duyğudur. Mən yaşamışam. Yaşayıb qağayıları başa düşmüşəm. Onların arzu halında olmaları qəribədi. Heç düşünmüsən, arzu halındasan? Kiminsə, nəyinsə arzususan. Əllərini açıb dua edirlər, sonra xəlvətcə sənin də adını o duaya əlavə edib səmaya üfürürlər dualarını. Kaş yaşamaq dua etməkdən və sevməkdən ibarət olaydı. Hər kəs salamlaşandan sonra öz dualarının necə eşidildiyindən, öz sevgilərini necə onları xoşbəxt etməsindən danışardı. Məncə, bu dünyanın elə bir halı olub. İndi inanmasam da, ümid edirəm, ümid edirəm ki, yenə elə bir dünyada yaşamaq bizə hədiyyə olunacaq. Saatların bir o qədər önəmli olmadığı bir həyat. Kitabların bir məktub halında ev-ev öz ünvanlarına çatdığı bir şəhər. Və piano ilə üzərində dolma qələm, sarı kağız olan masanın yan-yana dayandığı fısdıq yaşılı rəngli otaq. Dəstələnib ağ iplə bir-birinə sarılan çiçəklər, məktublar və telefon nömrələrinin qeyd olunduğu balaca bir dəftər. İcazə ver sənə həmişə arzularımdan danışım. Və icazə ver sənə həmişə ümidlərimi göstərim. Mən kədərin arzulandığı adamam. Sən gülüşün ümid halı. Bir az müqəddəs düşünək, biz necə yaradardıq kosmosu?!

Neçə gündü səni üzgün və narahat hiss edirəm. Bu məni də eynən sənin qədər üzür. Yanından keçən o adamların üzündən bir az-bir az gülüş qoparıb sənin kirpiklərindən ağzına doğru sallamaq istəyirəm (yelləncək budaqdan asılan kimi). Yanaqlarını qulaqlarına tərəf dartmaq, sonra çənəndən iki barmağımla tutub başını yuxarı tərəfə qaldırmaq istəyirəm. Çünki sən ədalı bir xoşbəxtlik kimi görünməyə layiq olan adamsan... şeirsən. İçində ümid olan bir şeir. İçində oğlunun əlindən tutub məktəbə yola salan bir ana, əsgərlikdən xəbər gözləyən bir ata, sakinləri tətildən qayıdacaq bir ev, bu il yenə çəmənliyində qaça-qaça dilini çıxaran köpəyin gəlişinə hazır olan bağ, ya da payız üçün hazırlıq görən bir şair, ya da pianonun dillərinə toxunub biləyindəki acını hiss edib gülümsəyən bir qız olan şeirsən. Hər kəs bir az şeir olmalıdı, bilirsən..? Bir az musiqiyə çevrilməlidi Yer kürəsi, Mars və s. Əllərimizlə bərk-bərk tutub saxlamalıyıq çəhrayıları, sən, mən, o və s.

Küləyin həzin hənirtisində, maşınların asvalta toxunan şinlərinin uğultusunda, küçədə çiyələk satan ucqar dağ adamının özündənrazı çağırışında, binaların işıq yanan pəncərələrini sayan pıçıltılarımda, küçə pişiklərinin miyoltusunda, bir-birinə dəyən yarpaqların xışıltısında səsini eşitmək, sonra buludlara baxanda gözlərinin dolmasını xatırlamaq çətin olmur. Bir fincan çay, şirin peçenye və film fraqmanı kimi danışdığımız 20 yaşlarında bir həyatımız var idi masada. Bir şəhər bir qızı nə qədər çox kədərləndirə bilər ki..?! Bilmirəm. Bu sözdən sonra yekə bir üzgün smayliki kimi üzümün ifadəsi var.

Hər şeyin günahkarı cazibə qüvvəsidi. Qanadı olanlar da buradan uçub gedə bilmir. Məsələn, elə bilirsən, dənizi sevdiyi üçün qağayılar ancaq sahillərin, limanların, gəmilərin üzərindən uçur?! Başqasına duyduğun acıdan digərinə sığınmaq dünyanın ən böyük işgəncəsidi. Bəs dünyanın ən böyük xoşbəxtliyi nədir, kimdir, haradır, görəsən? Hansı evlərdə gizlənib bizim uşaqlığımızın eynisi, bilirsən? Mən yox!

Düşünsənə...tapırıq o uşaqları. Onlara bir Nazim Hikmət şeiri oxuyub pəncərədən yazın gəlməyini müjdələyən çiçəklərə və arılara baxıb gülümsəyirik:

"Güzel günler göreceyiz, güneşli günler

Motorları maviliklere süreceyiz"

İnanırsan? Mən inanıram.

Özünə yaxşı bax!"


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!