Aşağı Əskiparanın adı şenlik içrə uca tutulan bəndələrindən Ocaq Məhəmmədin adının əvvəlindəki kəlməni bəlkə də Coğaz çayı söndürmüşdü. Uşaqdan-böyüyə şenliyin simsarı olan həmin adam başına gələn müsibət sonrası göz açıb boya-başa çatdığı kənddən, onun uşağından, böyüyündən üz çevirib Coğaz çayını keçmişdi.
...Birinci dəfə (Birinci Dünya müharibəsi zamanı) Ocaq Məhəmməd, Ballı Namazla bir ağız olub Coğaz çayını atla keçmişdi. Onlar Osmanlı torpağına keçib Çanaqqala döyüşlərindəki can və qan qardaşlarının sırasına qoşulmuşdu. Tək Əskipara dərəsində deyil, Ceyrançöldə, Gəncəbasarda hamı həmin kişilərə qəhrəman gözüylə baxırdı. Ta erməni Anastas 8-ci ordunun atlılarının yüyənindən tutub Azərbaycana gətirənə qədər. Həmin sarıqulaqlar da özlərinə yer eləyənə kimi yerli camaatı "Yaşasın Azərbaycana gələn" (gətirilən yox) Şura hökuməti deyə bağırtmağa başlatmışdı. Cavanların da Sarı Şəmistanlar beyinlərini qızdırıb komsomola yazdırmışdı. Onların biri də Ceyrançöl "Seminariyası"nın axırıncı sinfində oxuyan, kəndlərində dərs deməyə hazırlaşan Cəlal Məhəmməd oğlu olmuşdu.
Ocaq Məhəmməd döşünə komsomol nişanı taxıb gəlmiş oğluna bir şey deməyib, xeyli müddət gözünün altına salmışdı. Axırda oğlu Cəlal həmin baxışlara tab gətirməyib dillənəsi olmuşdu.
- Qələt ha eləmirik, sinifsiz cəmiyyət quranların cərgəsinə qoşuluruq.
Əvvəlcə kişi ağzından iki kəlmə çıxarıb oğlunun ürəyini qırmaq istəmədi.
- Quranların yox, qurduranların.
Sonra ondan ata nəsihəti gözlədiyini hiss eləyib oğlunun gözünün üçinə baxa-baxa sözünü davam elətdirdi (Ocaq Məhəmməd həmişə sözünü qarşısındakının gözünə baxa-baxa deyirdi. Gözləri, birinin ürəyin, o birinin ağlın yolu olduğunu hesab eləyirdi. İstəyirdi öyrənə ki, dedikləri həmin gözlərdən girib ürəyə yatır, ağla batırmı);
- Komsomola haqq eləyib keçmisən, amma bir az tələsmisən.
Bir az səbr eləyəydin, görəydik həqiqimi bizə birlik, bərabərlik həyatı gətiriblər, yoxsa həmişəlik özlərinə bağlamağa qırmızı çatımı (kəndir demək istəyirdi).
Gəncəbasar əhlinin rus ordusu ilə vuruşub, döyüş meydanında "Səndən ötrü can verməyə cümlə hazırıq" - oxuyanlarının sağ qalanları meşələrə, dağlara çəkilib qaçaqlıq ömrü yaşamağa başlamışdı (onlar fusrət düşdükcə Qümrüdən Başkeçiddən yol tapıb Türkiyəyə sığınırdı).
Əskipara meşəsini də qaçaq bürümüşdü. Ocaq Məhəmmədin qaynı Əmiraslan da onların arasında idi. (Həmin qacaqları da el-oba dolandırırdı. Meşədə manşır yerə hamı növbə ilə aparıb azuqə qoyurdu. Komsomola keçməmişdən Cəlal özü də anasının tədarükünü həmin yerə aparıb qoymuşdu).
Bir müddət sonra təhlükənin artdığını görən Şuranı gətirənlər onu arıtlamağı qərarlaşdırdılar. Həmin əməliyyata cavanları da cəlb elədilər. Təəssüflər olsun ki, ata məsləhətsiz Cəlal Məhəmməd oğlu da onlara qoşuldu. (Fəalların çoxuna çekistlik vəd olunmuşdu. Cəlal da sevgilisi Sənəmin sözünü sındırmayıb müəllimliyini poqonlarla əvəzlədi).
...Axır ki, içərisində Cəlal da olan dəstənin yolu Əskipara meşəsi tərəfə düşdü (başçıları kənd duyuq düşüb qaçaqlara xəbər verməsin deyə yollarını Coğazın üst yanından, Qazançı dağı ətəyindən saldı).
Toy xəbər yelini qara zurnadan, vay xəbəri sürətini ildırımdan alır.
Əskiparanın bir ocağına kösöv qarasından qara, ilan zəhərindən ağılı Qazançı dağından ağır bir vay xəbəri gəldi. Ocaq Məhəmmədin oğlu, komsomol Cəlalı qaçaqlar qızıl gülləyə gətirib. Həm də ömrünü qızıl ilan kimi çalan öz dayısı Əmiraslan olub.
Cəlal adlı bir ailənin gözünün işığı, ömrünün yaraşığı cavan ömrünü hələ yerini bərkitməmiş bir quruluşa qurban verdi. Ata, ana sinəsinə çarpaz dağ çəkildi (anası törə Qəfərin qızı Səyalı qardaşına görə əriylə göz-gözə gəlməmək üçün atası evinə daşındı. Ocaq Məhəmməd də adının əvvəlindəki kəlməni Coğarda axıdıb o taya adladı. Sinələrindəki dağların əski viran qalmış ocaqlarının pəncərələrinə düşdü, onlara çal-çarpaz taxta vuruldu).
Cəlalı aparıb Ceyrançöldə qəhrəman kimi Şura şəhidlərinin böyründə torpağa tapşırdılar. Üstündə yaşı qədər yaylım atəşi açıb ətrafdakı qurdları, quşları hürkütdülər.
Bir ata, ana sinəsi də
qırmalandı...
Yandı, nə yandı...
Vaxtsız ölmüş bir övladını qoynuna ala bilməyən Əskipara qəbiristanlığının Cəlalın boy boyda torpağı üyüşdü, nə üyüşdü.
Görmədikləri bir məzarın üstə kənddə bir ana, Ceyrançöldə bir sona gözündən dünyanın ən ağır damçıları süzüldü...
Ocaq Məhəmməd Cağazı keçməmiş yolunu kəndin iki ocağına salmışdı. Birinci bir zamanlar ata-anasını elçi göndərdiyi Tösü Qəfərin evinə.
Səyalıya da bu dəfə gözünün içinə baxmaya-baxmaya sözünü demişdi.
- İkimizin elə sinəmizə Camalımız eyni çarpaz dağı çəkib. Mən günahı qardaşın Əmiraslanda görmürəm. Rusların atının yedəyindən çəkib yurda gətirmiş Anastaslarda, onlara ağı verənlərdə görürəm.
Bir müddət susub ilk dəfə baxmadığı gözlərdən sözlərinin ürəyə, beyinə süzülüb çatmasını gözləmişdi.
- Yaran qaysaqlayandan sonra öz evinə-eşiyinə qayıt. Orda böyütdüyün Camalın ruhunu yaşatmaq üçün pəncərələrin çal-çarpaz taxtalarını aç, evin qaramatını qaçırt. Qardaşının qız balasını da özünlə götür, qoy dil-ağıza qoymayan Nüşü bala sənə tüstülənməyə macal verməsin.
Yenə Səyalının gözlərinə baxa bilməmişdi:
- Mən də ahımı, zarımı dağlara, daşlara səpələməyə gedirəm. Özümə gələn kimi qayıdacağam.
...Sonra da Çanaqqala silahdaşı Ballı Namazın evinə üz tutmuşdu. Həmişə itini açıq saxladığını bildiyində alaqapısından haraylamışdı.
- Ay gizir, ay gizir...
- İçəri gir, itin başı özünə qarışıqdı. Dişini yox, dilini işə salıb balalarını yalayır.
Ocaq Məhəmmədin bu dünyasının cəhənnəm odunda yandığını bildiyindən Namaz onun dişi altından paxlasını çıxarmasını gözlədi.
- Berdonkamı çıxar mənə ver. Bir müddət o toydakı damımda qalacağam.
(Şura gələndən hər ikisinin Türkiyədən yadigar gətirdikləri tüfəngi Namazın zirzəmisində gizlətmişdilər. Qapısı ağzında Ocaq ilanı yuva qurduğundan Namazdan savayı naməhrəm ora girə bilməzdi).
- Çörək sarıdan narahatlığın olmasın. Səhnə (Səkinə) bacına iki təknə bişirtdirəcəyəm. Hərəmin üstəki oyuq daşın içinə qoyacağam.
Di uğurun xeyir olsun, öz patronlarımı da bala gizirə peşkəşləyirəm. Bilirəm qarnını qurd-quşla doyuracaqsan.
Başqa vaxt olsaydı ağlına başqa şey gətirib Namaz dostuna güllə peşkəsləməzdi. Bilirdi ki, hayıf almaq yoxdu, həm də qaçaqlar Ağbaba tərəfə götürülüb, ordan Türkiyəyə keçmək istəyirlər.
Ocaq Məhəmməd qapıdan aralanmamış arxasından əvvəl küçük, sonra da Namazın səsini eşitdi. Hər iki avazdan özünə qarşı bir həyanlıq duydu.
- Bir ləngi görüm Alapaça küçükləyib. Balalarından birini apar əlinə öyrət. Adını da özün yaraşdırarsan.
Beləcə, Coğazın kənd səmtində bir ana, o tayında bir ata yaralarının qaysaqlanmasın gözlədi.
Çöldə birinci axşamı Ocaq Məhəmməd bərk qəribsədi. Özündən aslı olmayaraq zarımağa başladı. Camal heç cürə gözündən kənarlaşdıra bilmirdi. Başa düşürdü ki, oğlunun ağıllı gözləri səhərə kimi ona dikilib yatmağa qoymayacaq. Yuxusunu kotan kimi eşəcək, şumlayacaq.
Zarıltısından özü də diksinən kimi oldu. Ətrafında çöl heyvanlarının səsi bir-birinə qarışmışdı. Çöl onunkunu da onlarınkına uyğunlaşdırıb öz canlı xorunun bir səsini artırmışdı.
Özündən aslı olmayaraq səmaya bir güllə atdı. Elə bil ulduzlardan hansınısa vurmaq istəyirdi. Ürəyindən keçirdi. Hansı bədgur ulduzunuzun altında doğuldum, görəydim. Sonra Şura hökumətinin qırmızı ulduzunu yadına saldı.
- Mənimki şuranınkıdı.
Sözünə qüvvə vermək üçün bu dəfə üzü Ceyrançöl tərəfə, Şuranın qərargahı səmtinə ikinci gülləni atdı. Bu dəfə kallaşmış səsiylə Şuranın dəymişini kallamağa başladı.
- Sənin o qırmızı bayrağın görüm qara gəlsin, a Şura. Ora Camalımın da qanını sıçratdın...
...İkinci gecəsi yenə oğlunun qanını bayrağına sıçratmış Şuranı lənətləməyi ilə başladı. (O, nərildədikcə danışanda yaxındakı çöl heyvanları səsini kəsirdi. Tanış olmadıqları "böyürtüdən" elə bil hürkməyə başlayırdılar).
- Özünüzünkülərdən üç güşəsi də artıq olan ulduzumuzu söndürdünüz. Görüm o qızıl ulduzunuzun kömürü çıxsın. Gələr-gəlməz Şah Abbas məscidimizə it bağladınız...
Hər ağzı açılanda ona isinişməyə başlayan küçüyü də böyrünü kəsdirib, səsinə səs vermək istəyirdi. Neçə gün idi ona bir ad tapmağa çalışırdı. Dərdinin ağırlığı başını dəyirman daşı kimi fırladıb ad üyütməyə imkan vermirdi.
- Üstü ulduzlu çalpapaqlardan köpək sürüsüsən.
A şura, o it oğlu şura...
Bir-iki dəfə a şura deyəndən sonra yadına Kərbəla müsibətini saldı. Onun da ən ağır, qətl günü aşuranı. Bu dəfə küçük üçün dəyirman daşlarını isə sala bildi. Küçüyünə ad tapa bilmişdi. Həm də özünün Çanaqqala yadigarıyla iki ov vurmuşdu. Küçüyə A şura adı qoyub şuranı it yosunlu edəcəkdi. Həm də Aşura müsibəti mənasıyla özünü sığortalayacaqdı.
Ocaq Məhəmmədin şenliyə arxa çevirib Arançıdakı komasına sığışdığından xəbər tutuldu. Bunu əskiparalılar qonşu erməni kəndindən ovçu Ardaş Ceyran Əliyə söylədi.
- Sizin Məmməd, oğlundan sonra havalanıb eləməyib?
- Nədi ki, ilim-ilim itib, yeri-yurdu bilinmir.
- Yeri əvvəlki koması, axşamlar çığır-bağır salır, sonra da göyün ulduzuna güllə atır.
Kənd adamı da həmin xəbər sonrası yolunu Arançı səmtdən salıb Ocaq bildikləri adamdan hal-əhval tutmağa çalışdı. Onların Ocaq Məhəmmədin son günlər içərində gedən yanğınlardan xəbəri yox idi. Camalı gözündən kənarlaşdırıb heç cür özünə gələ bilmirdi. Ətrafında nə varsa onlardan oğlunun get-gedə qaymaq çiçəyi sarısına çəkilən siması canlanırdı. Bir insan kimi ocağı keçməyə başlayırdı. Görüşünə gələnlər nə qədər özlərini yaxınına verdilərsə özgə vaxt gözlərinə baxa-baxa hal-əhval tutan kişinin gözünə görünmədilər. Salamlarına "Əleyk" alanmayanlar kəndlərinin ən simsar adamının başını itirdiyi qənaətinə gəldi. Hamısının da ürəyindən eyni şey keçdi. Bu fağır Ocaqlığından çıxıb salamsız Məhəmməd olub.
Son günlər Məhəmmədin gözünə Aşurası görünürdü. O küçüksüz, küçük də onsuz dura bilmirdi. Əvvəl-əvvəl bir şenliyin, sonra Ceyrançölün lap dünyanın ağsaqqallarından biri də ola biləcək bir adamın tərkidünyalığı başlamışdı. Bu da əvvəlcə Əskipara camaatından üz döndərmişdi: niyə bir ağız olub Şuranın başbilənlərinə dirənmədilər. Niyə Cəlalı Şuranın qəhrəmanı kimi çoxu xaçpərəst olanların böyrünə basdırdılar.
Meylini Aşuraya salıb bütün günü dünyanın bir küçük canlısıyla ünsiyyətdə durdu. Hərdən ondan nəsihətini də əsirgəmirdi: Məndən olsa heç böyüyüb Namazın Alapaçası kimi it də olmazsan. Neynəyirsən it olub. Kiminsə əlinə baxıb yallanmaqdansa, canavar kimi böyüməyə çalış. Siz heyvan yosunlarının ən şəstlisini ipə-sapa yatmayanını mən Canavarı hesab eləyirəm. Arançıda bir-iki qoyunumu sürüyüb aparmağını da bağışlayıram. Ona güllə atmağımdan da it peşmanıyam.
Bir az sonra da göylərə baxmağını tərgitdi. Molla Oruclu nəslindən olan adam. Həmin fikrə düşəndən özünün ən misilsiz günahına doğru addımlayırdı. Allah-təalayla küsülülüyünü başlatmışdı. Mənim Cəlalıma niyə qıydın, başına bəndəmi qəhət idi. Bu Allahını dananları, məscidinə it bağlayanları yaşadır, bayraqlarını hər yerdən asırsan...
...Qazi dostunun başını itirməsindən (kənd üçün Ocaq Məhəmmədlikdən çıxıb salamsız Məhəmməd olduğundan ən çox daralan Ballı Namaz oldu. Özündən xəbərsiz ayaqları onu Arançıya yetirdi.
Əvvəl-əvvəl dostunu kənardan seyr etməyə başladı. Özünün verdiyi küçüyü Məhəmməd qucağına alıb danışmağında idi. Həmin an Namaz dostunu arvadı öləndən sonra körpələrini böyütmək məcburiyyətində qalan atalara bənzətdi. Ürəyindən keçirəsi oldu. Batmış, deyəsən, doğrudan da, ağlını, huşunu Qazançı dağının yelinə verib.
Namaz dostunun sözlərinə də fikir verdi. Onları da Məhəmmədin başından Qazançının yeli əsdirdiyinə inandı.
- Düzdü, bizlər (yəni insanlar) atınkından da üstün it vəfasını tutur. Bilirəm böyüyüb ən vəfalı da mənə olacaqsan lazım deyil. Allahımız bizlərin çoxunun özünü, nə it, nə də at kimi vəfalı yaratmayıb. Dayısı Əmiraslan qucağında böyütdüyü Cəlala güllə atırsa insanlığa qres (krest). Sən mütləq yavaş-yavaş dovşan ovlamağa başla. Bir azdan da qoyun, quzuya keç. İtlikdən özünü qurtarıb canavar ol.
Namaz dostunun küçüklə söhbətinin uzanacağını hiss eləyib yarıda kəsməyi qərarlaşdırdı.
Üstəlik, qarasına deyinə-deyinə. Bu heç körpəliyində Cəlalı qucağına almırdı, indi bir yamacın küçüyünü balası kimi əzizləyir. Öskürdü, məzəmməti də öskürüyünü bir az da artırıb qatara düzdü.
Məhəmməd gələnlərdən birinin küsü saxladıqlarından biri olduğunu düşünüb özünü görməzliyə vurmaq istədi. Baxıb Çanaqqala silahdaşını tanıdı.
- Boy, boy, olmuya Arançı çölündə Namaz çavuşu görürəm.
- O küçüyü tuylat, get bulaqda üst-başını yu, gəl bir ağız-ağıza verək.
Bir zamanlar Çanaqqalada əsgəri olduğu çavuşun sözündən çıxa bilmədi.
Bulağa sarı gedəndə küçük də arxasınca düşdü. Namaz bundan darılmadı. Yaxşı ki, qancıq anasının gözündən qaçırıb bu küçüyü verdim. Olsa-olsa yarasına məlhəm bu küçük olacaq.
Namaz söhbətinə hələlik nə kənddən, kəsəkdən, nə hər ikisinin it ağzına keçə biləcəyindən danışdı. Söhbətinə bir az əvvəl eşitdiklərindən başladı.
- Qulağım yanlışımı çaldı, bilmirəm bu küçüyü canavar kimi böyütmək istəyirsən?
Xeyli vaxtdı gözünə baxıb danışmağa adam tapmayan Məhəmməd Namazın qənşərinə gəldi. Dünyadan, insanlardan dönüklük imtahanı verməyə hazırlaşdı.
- Hər gün qanlı quş, dovşan əti yedizdirirəm. Ona hayıfım gəldiyindən it olmağını istəmirəm...
Sözlərindən hələlik qabağındakının ağlının bir şey kəsmədiyini anlayıb sözünə haqq qazandırmağa başladı.
- Kəndin baş tərəfi, alışma heyvanları kəsilən Hüseynalı bulağının üstü səmə itlərlə dolu deyilmi. İçi sən, mən qarışıq hamımız o vəfalı köpəklərimizi qocalanda, xaltasını açıb gənitmirikmi? Bu yaşına kimi yolda, yamacda səmə canavar sürüsünə rast gəlibsənmi. Bir də zəmanə bəndələrin özünü canavara çeviribsə o yazıqların əməllərinə şükür eləmək lazımdı.
Namaz bu söhbətin xalçaçıların rəngli yumaqları kimi uzanacağını başa düşdü. Bircə ona yüngülləşdi ki, dostunun ağlı başında idi. Sərrast danışdıqlarının arasına yanlışdı deyib iynə də batırmaq olmazdı. Bunu dərdi və tənhalığı tərəfə yozdu. Yəqin etdi ki, sinəsinin çal-çarpaz dərdi, özünü yalqız canavara döndərib küçüyünü də o cür böyütmək istəməsi hələlik dünyaya çaşbaş baxmasındandı. Odur ki, söhbətin ağzını qırmızı kirəmidli damları görünən kəndə tərəf saldı.
- Ayə, a gizir, gödək Qəfərin qızı səndən möhkəm imiş. Arvad xeylağının dəmirqara ağasına bənzəyənini görməmişdim. Ocağınıza qayıdıb, şenləndirib. Haqq eləyib o yandırdığı çirayla Camalının ruhunun şadlandığını başa düşür.
Dostundan fərqli Namaz gözlərini yerə dikib danışırdı. Həmin xasiyyətinə görə onu tənbehləyənlərə də cavab eyni olurdu. Hər şey yerdən bitir, torpaqdan boy göstərir. Allah yaradandan bəri bütün nəsil-nəcabətimiz də ordadı. Onlar da bizlərlə nərgizlərlə yasəmənlər danışmaq istəyir. Dərdimiz sərimiz üçün dərman otları bitirir.
- Nüşünü də özüylə aparıb. Təskinliyini küçüklə yox, adam balasıyla tapır...
Həmin kəlmələr Məhəmmədin üzünü yana çevirdi. Namaz onun üzünü-gözünü acılaşdırdığını anladı.
- Bir badya bal aparıb getmişdim. Özü də ocağınıza gətirəndən hamı kimi ona Nüşü də demir...
Məhəmmədin sualını gözləməmiş cavabını verdi.
- Noğul deyir, a noğıl, a noğul bala. Hərdən də dilini yanıldır, ay oğul bala söyləyir.
...Sonra ötən günlərə baş vurdular. Bir də Namaz göz açıb gördü ki, Qazançının buludları enib başlarının üstünü alır.
- Sən ocaq adını havayı almamısan. Bir buludların əmcəyinə bax gör leysan tökəcəklərmi.
Həmin kəlmələr, Məhəmmədi odla, su arası qoydu. Son, ən böyük küsülülüyünü Namaza deyib, deməməyi fikirləşdi. Ondan yaxın adamının bu göy qübbəsi altında olmadığını yadına salıb göyə baxmamağının səbəbini də anlatdı.
- Nə müddətdi başımı qaldırıb göyə də baxmıram.
- Elə niyə...
- Camalımı əlimdən aldığından sonra əvvəl bütün insanlıqdan, axırda da ondan küsmüşəm.
Namaz həmin kəlmələrindən sonra Məhəmmədin kəndə dönəcəyindən əlini üzdü.
Sözgəlişi söylədi:
- Barışıq yarada bilsən ayağını kəndə qoy.
- Hələlik bu Aşuranı canavar eləyib sürüsünün yanına yollayım. Sonra insan sürüsünə ayaq açmaq barədə fikirləşirəm...
Əvvəl yol boyu, sonra da kənddə Namaz dostunu yadına salıb fikirləşirdi. Görəydim Məhəmmədi dağ başından endirib insan mərəkəsinə qarışdıra bilən bir səbəb tapılarmı?
Amma Canaqqala təltifindən məhrum biçarə Namaz hardan biləydi ki, dostunun dağ başından enməsinə elə özü səbəb olacaq...
Otuzuncu illərin müharibə qoxusu gələn zamanlarında erməni enkevedi içşiləri meydan sulamağa başlamışdı. Azərbaycanda gizli pantürkist təşkilatının fəaliyyətindən yuxarılara xəbər verilmişdi. Ölkənin üzünün qaymağı ziyalılarla bərabər Canaqqala qazisi Namaz da onların qara dəftərinə düşmüşdü. Ağacı qurd içindən yeyər deyiblər. Keçəl oğlu deyilən kəndiləri kişi barədə hər şeyi poqonunun bir ulduzun artması naminə erməni rəisin ovcuna qoymuşdu. Zirzəmiyə girməmişdən qabaq fısıltıyla üstlərinə sürünən ocaq ilanını ulduz görməmiş qızıl gülləyə gətirdilər. Gizlətdiyi Osmanlı tüfəngini əşyayı-dəlil kimi götürdülər.
Namaz tamaşasına yığılan kəndlilərinə macal tapıb dedi: Məhəmmədə xəbər verin başının çarəsinə baxsın.
Məhəmmədə Namazın güllələnməsindən xəbər çatdırdılar.
Küçüklükdən çıxmaq üzrə olan itini (artıq ov elənməyi də öyrətmişdi) Qazançı yalına (axşamlar qurd ulaşması gələn yerə) apardı. Oranın bir-iki ağacı bir insan bəndəsiylə yarı canavar bir köpəyin qucaqlaşıb vidalaşmasının şahidi oldu.
Ayağını kəndə qoydu Çavuş Namazın giziri Məhəmməd. Ceyrançölə getməyə hazırlaşdı.
Arxasınca gələn tapıldı. Oğlunu qəhrəman kimi təltif eləmişdilər. Yüksək dövlət ordenini qəhrəmanın atasına verəcəkdilər.
Onu rəis səmimi qarşıladı. Üz-gözündən nifrətini gizlədə bilmirdi. Məhəmməd onun ürəyindən keçənləri az qala eşidirdi: Allahına şükür elə, oğlun qəhrəman olub, yoxsa başına gülləni özüm vuracaqdım.
Sözgəlişi söylədi də:
- Bizdən bir xahişin?
- Mümkünsə, Namazın cəsədini verin aparıb ata-anasının böyründə torpağa tapşıraq.
- Bu mümkün deyil, Namaz kimi xainlər gizlin dəfn olunur. Qəbirləri də nömrələnir. Sənə hörmət eləyib onun gorunu göstərərik.
...Kol-koslu bir irəmədə torpaqdan təpəciklər var idi. Taxtalarının üstlərində qara tuşla nömrələr yazılmışdı...
...Bir neçə gündən sonra paqonunun ulduzu artmış Keçəl oğlu rəisə məlumat verdi.
- O biri Çanaqqala qazisinin özü də özünü cəzalandırıb. Kəndə aparaq, ya.
- Dostunun böyründə...
- Namazın böyrünə...
Bir müddət sonra itlə-canavar arasında qalmış bəslədiyi küçük gəlib qəbrini tapmışdı.
Məhəmmədin xətrinə it olmaq istəmişdi.
...Ceyrançöl camaatı bir müddət bir itin bir kimsəsizin qəbrindən ayrılmadığından danışdı.
Sonra da it də getdi, ip də...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!