"Nikita yavaşca divandan düşdü, atasının stolunun üstündən bir parça kağız götürüb iri hərflərlə belə bir şeir yazmağa başladı:
Meşəm, meşəm, ay meşəm,
Sən sehrlisən, ay meşəm,
Səndə çoxdur quşlar, heyvanlar,
Azad ömür sürür qoynunda onlar.
Səni çox sevirəm, ay meşəm,
Bilsən necə sevirəm, ay meşəm...
Ancaq Nikita bu kağızı büküb cibinə qoyur, əli cibində tərləyir və onu Liliyaya göstərməyə cürəti çatmır.
L.N.Tolstoy sadə, adi həyat sürən bir yazıçı deyil ki, uşaqlıq haqqındakı həzin povestində bəsit görünən bu şeirin yerinə lirik sevgi şeiri versin. Yeniyetməlik böhranı keçirən bu məktəbli oğlan ilk dəfə aşiq olur, lakin bu hissin nə olduğunu qavraya bilmir, onu yaxşı bir yuxuya bənzədir. Ürəyinin niyə döyündüyünü, birdən-birə hər gün içindən keçdiyi meşəni niyə bu qədər sevdiyini anlamır. Balaca oğlan eşqə düşüb və bütün ağacları, quşları görməyə, duymağa başlayıb, onların öz evlərində - meşədə azad olduqlarını düşünüb sevinir. O bu meşə şeirini niyə yazdığını da anlamır. Amma saf məktəbli sevgisi bu yeniyetməni necəsə özünü ifadə etməyə vadar edir. Hər kəs sevəndə ətrafındakı fikir vermədiyi nəsnələri birdən-birə görməyə başlayır. Meşənin yanında yaşayan oğlan meşənin necə ecazkar bir yer olduğunu eşqə düşən zaman duyur. 10 yaşına yenicə qədəm qoyan Nikitanın ürəyi sıxılır, o bunun səbəbini bilmir, Liliya uzaqdadır və indi bu meşə ona düşmən kimi görünür. Oğlan təkbaşına yuxulu-yuxulu gəzir və tarladakı təkərli bir evciyə girir. Bu dünyada özünü tənha hiss edən oğlan dua edir: "Ey Allah, sən elə et ki, yenə hər şey yaxşı olsun. Anam məni sevsin, müəllimin sözünə baxım... dolaşalar belə qorxulu qışqırmasınlar... yenə də ürəyim açılsın...
Bu ekzistensial səhnə yeniyetmənin artıq sərbəst həyatla üz-üzə gəldiyini göstərir. Oğlan dünyanın ən saf duasını edir və evə qayıdanda anasının onu mehribanlıqla qarşılaması oxucuda əsərin yaxşı sonluqla bitəcəyinə ümid yaradır. Mən bu əsəri oxuyanda bir uşağın şəxsiyyətə çevrilməsini izlədim. Anlamaq olur ki, insan vətəndən kənarda tam formalaşa bilmir, o, təbiətlə, ənənələrlə vəhdətdə formalaşır. Oxucu özü də çoxdan heç kimə deyə bilmədiyi sözləri Nikita kimi yavaşca Tanrıya pıçıldadığını xatırlayır. Tanrıdan nəyi necə istəməli olduğunu başa düşür. Nikitanın duası ona görə safdır ki, burada heç bir təmənna güdülmür, sadəcə, narahat insan qəlbinin rahatlıq tapması istənilir. Sehr də məhz buradadır, bu sadə cümlənin özündə: "Ay Allah, elə et ki, hər şey yaxşı olsun".
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!