Son zamanlar Bilman müəllimin kefi ala buludda sərçə ovlayırdı. Çəkələk xanımı müavin vəzifəsinə təyin etmişdi və tapşırmışdı ki, məktəbin "maliyyə" işlərinə özün nəzarət edərsən.
Kişi həmin gündən demək olar ki, əməlli-başlı ağ günə çıxmışdı. Gündə bir-iki saat dərsini deyib girirdi kabinetə və əyləşirdi kompüterin qarşısında.
Çəkələk xanım da tənəffüsdən-tənəffüsə dəhlizləri hərlənir, müəllimlərin dərsə getməyinə nəzarət edir, sakitlik yaranandan sonra kabinetə qayıdır, təzə dəmlədiyi çaydan fincana süzüb stolun üstünə qoyurdu.
- Bilman müəllim, bir çay için. Səhərdən işləyirsiniz. Bu şokoladla için. Dünən almışam. Elə qəşəngdir, tamı da yaxşıdır. Çəkələk xanım müxtəlif çeşidli şokoladlarla dolu vazı stolun üstünə, fincanın yanına qoyur.
- Çox sağ olun, müəllimə. Yaman əziyyət çəkmisiniz. Bilman müəllim şokoladlardan birini götürüb soyub ağzına qoyur və çaydan bir-iki qurtum içib, "bəh-bəh! Həqiqətən də çay da gözəldi, şokolad da. Əhsən zövqünüzə", - deyərək boş fincanı stolun üstünə qoyar və sonra da təşəxxüslə əlini keçəl başına çəkib kresloya yayxanardı.
- Sağ olun, Bilman müəllim. Heç bir əziyyəti yoxdur. Günortaya beçə bişirib gətirmişəm.
- Bu olmadı. Hər gün mənim üçün yemək gətirirsən. Xəcalət verirsiniz, vallah.
- Heç bir xəcaləti, filanı yoxdur. Uzaqdan gəlirsiniz. Ac qalmayacaqsınız ha.
- Çox sağ olun, müəllimə. Razı deyiləm ki, əziyyət çəkəsiniz.
- Bilman müəllim, nə əziyyəti var? Siz Allah, elə deməyin, onda xətrimə dəyirsiniz. Günorta bir loxma çörək yemək üçün bir elə yolu basa-basa evə gedəcəksiniz. Bəs bizim mərifətimizə, qanacağımıza nə gəlib? Xahiş edirəm, bir də bu barədə danışmayın. Çəkələk xanım özünü incik kimi göstərdi.
- Yaxşı, yaxşı inciməyin. Bir daha bu barədə danışmaram.
- Bu, başqa məsələ. Çəkələk xanım bozarmış dodaqlarında və qurumuş sifətində güclə seziləcək bir təbəssüm fırladaraq divardakı saata baxdı. "Zəngin vaxtıdır" deyib kabinetdən çıxdı.
***
Çəkələk müəllimə yayı, qışı məktəbə çəkələklə gələrdi. Ata-anası qoyduğu ad çoxdan unudulmuşdu. Məktəbə gələn direktora yaltaqlanmaqla, quyruq bulamaqla savadsızlığını məharətlə gizlədərək uzun illər idi ki, müəllim işləyirdi. Həyasızlığına görə məktəbdə hamı ondan çəkinirdi. Fərasətli direktor kollektivi dişinə vurandan sonra Çəkələk xanıma "xüsusi qayğı" göstərməyə başlayırdı. Göstərilən qayğının müqabilində Çəkələk xanım direktorun kollektivdə eşidən qulağına, vuran əlinə və vəzifə kreslosunun müdafiəçisinə çevrilirdi. Kollektivdə bir adam Çəkələk müəllimənin qorxusundan direktorun arxasınca danışmaq nədi, dodağını belə tərpədə bilməzdi.
Məktəbə hər təzə təyin edilən direktora çay dəmləyə-dəmləyə, beçə bişirib gətirə-gətirə, müəllimlərdən müxtəlif bəhanələrlə pul yığa-yığa başı necə qarışdısa, bir də onda ayıldı ki, tay-tuşları çoxdan ailə həyatı qurub, oğul evləndirib, qız köçürüblər. Bu isə hələ də elçi yolu gözləyir. Həyatda uduzduğunu başa düşən Çəkələk xanım içərisində baş qaldıran kin-küdurəti cilovlaya bilməyəndə daha da quduzlaşaraq yan-yörəsini, qohum-əqrəbanı, iş yoldaşlarını dalamağa başlayırdı.
Müəllimlərdən bəzilərinin dediyinə görə, sovetlər birliyi zamanı məktəbdə direktor olan Gülağa müəllim müəllimlərin əməkhaqlarını paylayanda həmişə Çəkələk müəllimi çağırtdırırmış ki, yanında otursun. Bir neçə cüvəllağı müəllim Gülağa müəllimi əsəbləşdirməkdən zövq alırlarmış. Gülağa müəllimin də ürəyi xəstə imiş. Elə ki, Gülağa müəllim Çəkələk xanımdan qalxan kimi istifadə etməyə başlayır, ondan sonra cüvəllağı müəllimlər Çəkələk xanımın qorxusundan direktorla "bəli", "xeyr"lə danışırlarmış.
Gülağadan sonra vəzifə kürsüsündə əyləşən Müslüm müəllim Çəkələk xanımın hesabına məktəbi xoruza yükləyə-yükləyə uzun müddət işlədi. Çəkələk xanım harda söhbət düşəndə deyirdi:
- Mənim nə vecimə, Müslüm kimi qardaşım var. Müslümün çiynində gora gedim.
Çərxi-fələyin təkəri fırlanaraq Bilman müəllimi vəzifə kürsüsünə otuzdurdu.
***
Hər ayın başında Çəkələk xanım əlində siyahı bir-bir siniflərin qapısını döyərək Bilman müəllimin gələn yoxlamalara çıxan xərcinə kömək etmələrini deyirdi. Müəllimlərdən bəziləri abır-həyasına qısılaraq Çəkələk xanımın arzusunu o saat yerinə yetirirdi, bəziləri isə "sabah gətirərəm" deyib bir gecə də olsa verəcəyi pulun cibində qalması ilə təsəlli tapırdı. Zor-güc hamını "stanok"dan keçirən Çəkələk xanım qürrələnə-qürrələnə özünü kabinetə salar, cibindəki pulu stolun üstünə töküb siyahını çıxardaraq şəstlə oxuyar və sonda deyərdi:
- Bilman müəllim, bircə o iki nəfərdən savayı heç kim qalmayıbdı. Meyitlərini gördüyüm o ər-arvad. Onlara da sözümü eşitdirdim. Dedim ki, çox adamın adı qulağına dəyibdi. Guya yaxşı müəllimdi. Elə şey yoxdu. Onun-bunun kölgəsində az gizlənsinlər. Ayda bir ətək müftə pul alırlar. Hamı nətəri, onlar da elə. Qaşı-gözü qara deyillər. Elə eləməsinlər ki, abırlarını ətəklərinə büküm.
- Yaxşı demisən, lap əlinin içindən gəlib. Onlar hələ bir işə "kömək" etməyiblər. Bilman razılıqla gülümsündü.
***
Qışın oğlan çağı idi. Qəflətən Bilman müəllimi rayona çağırdılar. Dərs qurtarana yaxın rayondan qayıdan Bilman müəllim katibənin yanında əyləşmiş Çəkələk xanıma başı ilə salam verib kabinetə keçdi. Elektrik sobasını cərəyana birləşdirib əllərini hovxurmağa başladı. Bu zaman qapı açıldı və Çəkələk xanım içəri daxil olub qapını örtdü.
- Deyəsən, yaman üşümüsünüz. Bu dəqiqə sizə bir yaxşı çay dəmləyim, içib qızışarsınız. Ürəyim qırıldı, siz gələnə kimi. Nəyə çağırmışdılar?
- Heç, elə belə. Bilman müəllim sualdan yayınmaq istəsə də Çəkələk xanım əl çəkmədi.
- Bu qarda, yağışda boş şeydən ötəri adamı çağırmazlar. Sirr deyilsə, bilmək olmaz nə üçün çağırmışdılar?
Buğlanan pürrəngi çaydan bir stəkan içib özünə gələn Bilman müəllim:
- Yenə yazıblar.
- Kim yazıb?
- Bilmirsən. Kim olacaq? Naznaz.
- Nə yazıb? Çəkələk müəllimə əsəbi halda soruşdu.
- Həmişəki kimi, direktor satıb yeyib, dərslər keçilmir. Tapdıq müəllim işə gəlmir, Firdovsi müəllimin, Cəmilə müəllimin diplomları saxtadır, Çəkələk müəllimin təqaüd yaşı çoxdan keçməsinə baxmayaraq direktor hələ də onu işlədir, nə bilim, belə də... Ağlına gələni, gözünə görünəni yazıb.
Öz adını eşidən Çəkələyi sanki ilan vurdu.
- Yaxşı, sabah onun cavabını elə verim ki, ömürlük ona dərs olsun.
- Əsəbləşməyin, Çəkələk xanım. Nə qədər yazsa da, heç bir şey eliyə bilməyəcək. Gəlib-gedəni yola salmaqdan bezirəm. Nə xeyri var. Desən də bir cəhdlə altından sıxacaqdır. Havayı yerə ona buqələmun adı qoymayıblar ki!
- O nədi elə, Bilman müəllim? Çəkələk xanım soruşdu.
- Buqələmun kiçik heyvandır. Hansı mühitə düşürsə o saat həmin mühitə uyğun rəngini dəyişir. Naznaz da buqələmun kimi tez-tez rəngini dəyişir. Elə deyil ki, onu tanımıyasan?
- Bilman müəllim, səhər ona öz yerini göstərərəm.
- Nə desən də xeyri yoxdur. Eşitmiş olarsan, atalar deyib ki, qozbeli qəbir düzəldər.
- Qəbir lazım deyil, onun qozbelini mən düzəldərəm, - deyən Çəkələk xanım özündən razı halda gülümsünərək qapıdan çıxdı.
***
Bütün gecəni çimir edə bilmədi. Naznaza nə deyəcəyini götür-qoy etdi. Səhər açılar-açılmaz əl-üzünü yudu və bir stəkan çay içib yola düzəldi. Müəllimlər otağına daxil olanda gördü ki, heç kim yoxdu. Divardan asılmış saata baxdı. Dərsin başlanmasına yarım saatdan artıq vaxt var idi. Əsəbilikdən içini gəmirən Çəkələk müəllimə dərs cədvəlinə baxdı. Naznaz müəllimin dərsi üçüncü saat idi. "Üçüncü saat yaxşıdı. Müəllimlərin gur olan vaxtıdı. Ona elə toy tutum ki, dədəsinin toyu da yadına düşsün" fikri ilə dəhlizə çıxdı və səs salan uşaqlara təpindi.
Zəng vuruldu. İkinci saatdan çıxan müəllimlər müəllimlər otağında əyləşib zəngin içəri vurulmasını gözləyirdilər. Qapıdan içəri girən Çəkələk müəllimə pəncərənin önündə əyləşmiş Naznazın qarşısında dayandı və gözlənilmədən yumdu gözünü, açdı ağzını:
- Az, bəs deyil, bu mundarlığından əl çəksənə.
Gözlənilməz hücumdan əvvəl çaşan Naznaz özünü düzəldərək oturduğu stuldan tez ayağa qalxdı və heç bir şeydən xəbərsiz adamlar kimi sərin-sərin:
- Mundarsan da, çirkabsan da, nə bilim daha nəsən də. Səni kimin iti tutub, bir desənə - deyən Naznaz otaqda əyləşmiş müəllimləri nəzərdən keçirtdi. Bu o demək idi ki, baxın, görün. Məndə heç bir günah yoxdu.
- Məni heç kimin iti tutmayıb. Sən tutmusan, ey, sən. Guya bilmirsən?
- İt özünsən, yekə adamsan, ağzından çıxartdığın sözün məsuliyyətini başa düşürsənmi? Bu yoldaşlar şahiddir ki, durduğum yerdə sən məni təhqir edirsən. Buna görə lazımi yerdə cavab verə biləcəksənmi? - deyən Naznaz yenidən müəllimləri gözünün ucu ilə süzdü.
- Narahat olma, burda heç kim sənin sözünü təsdiq edən deyil. Ona görə ki, bu məktəbdə xidmətçidən tutmuş, müəllimə kimi dalamadığın adam qalmayıb. Bu boyda kollektivdə sənə salam verən yoxdur. Özünü niyə qanmazlığa qoyursan?
- Mən başa düşmürəm sən nə deyirsən? Naznaz Çəkələyin üzünə bozardı.
- Niyə başa düşmürsən. Yaza-yaza neçə direktor çıxartmısan. İlin altı-yeddi ayını Rusetdə alver eləyirsən, gələndə də yalandan bir kağız gətirirsən ki, xəstə idim, müalicəyə getmişdim. Rayon Təhsil Şöbəsi müdirinin ağzına üçdən-beşdən atırsan, bununla da çıxırsan təmizə, başlayırsan məktəbdə ona-buna qanun oxumağa. Bir soruşan yoxdur ki, sən müəllimsən, yoxsa alverçi? "Uşaq gəlmir" deyə-deyə məktəbdə paralel sinif də qalmadı, hamısını bağlatdırdın. Utanmaz-utanmaz alverdən gələn kimi dərs davası döyürsən. İndi də yazırsan ki, filankəsin yaşının keçməsinə baxmayaraq hələ də işləyir.
- Az, yalan deyirlər. O bir balamın başı haqqı, yalandı. Bilmirsən, mən sənin xətrini nə cür istəyirəm. Az, Bilman özü yazır, altından da mənim adımı qoyur ki, qoy yerlilərin başı bir-birinə qarışsın. Sənin namını heç kənardan gələnə verərəm? - deyən Naznaz qəflətən Çəkələyin boynunu qucaqlayıb üzündən öpdü.
İlıq münasibətdən deyəcəyi sözləri tez yaddan çıxaran Çəkələk gülümsünərək: "Yaxşı, burax... burax..." deyib Naznazın qolları arasından çıxaraq qapıya doğru yönəldi. Otaqda olan müəllimlər isə bir-birinə mənalı baxışlar fırladaraq jurnalı götürüb sinfə yollandılar.
***
Ayın axırına iki-üç gün qalmış həmişəki kimi Çəkələk əlində siyahı müəllimləri bir-bir yaxalayır "Gəlib-gedənə xərc çıxır, kömək edin" adı ilə hərədən 20 manat alır, dərsi az olan isə 10 manat verirdi.
İbtidai sinif müəllimləri Çəkələyin əlində siyahını görən kimi bir-birinə pıçıldayırdı:
- Evin yıxılsın, fələk. Pulu almamış Nəzir qutusu sinfin qapısını kəsir.
Çəkələk xanım sinifləri hərlənib əlindəki siyahıya baxdı.
- "Demək, qalanlar kimlərdir. Nüsrətdi, xəstədi, gəlməyib, Güllüdü, analıq məzuniyyətindədi, Kamildi, kursdadır, Pərvin... - necə də yadımdan çıxıbdı. Neçə dəfə sinfinin ağzından keçmişəm. Gör heç yadıma düşüb? Hər dəfə 20 manatı verəndə elə bil canı çıxır. Gedim Pərvindən də alım", - fikri ilə geri qayıtdı və sinfin qapısında dayanıb qapını döydü.
- Buyurun!
Qapının təkrar döyülməyinə qapını açan Pərvin müəllimə Çəkələk müəlliməni görcək qapını örtüb çölə çıxdı.
- Xətrinizə dəyməsin, Çəkələk müəllimə, əməkhaqqını almamış qapını kəsirsiniz. Axı belə olmaz. Özümüzün o qədər problemimiz var ki! Hələ pulu almamışam. Dərsdən sonra gedib alacağam. Səhər gətirərəm, dedi.
- Pərvin, Naznaz gündə yazır, gözünün qabağında komissiyanın biri gedir, biri gəlir. Bunlar havayı gedib-gəlirlər? Allah Naznaza elə dərd versin ki, başı özünə qarışsın. Neyləməli? Gərək biz də kömək eliyək də. Yaxşı, səhər gətir. İkinci saat gələcəyəm. Bir sən qalmısan. Çəkələk siyahını cibinə qoyub pilləkənə doğru getdi.
Çəkələyin arxasınca baxan Pərvin:
- Yox, belə olmaz. Beş manat pul alıram, onu da haram eləyib bu bürüşmüş. Mən sənin başına elə oyun açım ki, ömürlük dərs olsun, - öz-özünə razılıqla gülümsünən Pərvin müəllimə sinfə girib dərsinə başladı.
Səhər Pərvin müəllimə birinci saat dərsini keçdi və zəng vurulan kimi şagirdləri idman zalına göndərdi. Dəhlizi nəzərdən keçirib heç kimin olmadığını görən kimi çantasından günəbaxan yağını çıxarıb sinfin qapısının ağzına, döşəmənin üstünə töküb tələsik yayalamağa başladı. Kafelin üzərində heç bir şey hiss olunmadığına əmin olan Pərvin müəllimə jurnalını götürüb qonşuluqda olan idman zalına keçdi.
Zəngdən 10-15 dəqiqə keçmişdi. Dəhlizdə "Ay Allah, öldüm!" çığırtısına xidmətçilər özlərini çatdırdı. Qulağı səsdə olan Pərvin müəllimə səsə qapını açıb dəhlizə baxdı. Xidmətçilərin yığışdığını görən kimi "hövlnak" özünü hadisə yerinə yetirdi və Çəkələk müəlliməni yerdə özündən getmiş vəziyyətdə gördü:
- Buna nə olub? - deyərək Çəkələyin başını dizi üstə aldı və canıyananlıqla "Tez, su gətirin!" - dedi.
Üzünə su çilədilər, əl-ayağını ovuşdurdular, handan-hana Çəkələk gözlərini açdı. Bilman müəllimə xəbər verdilər. Bilman müəllim gəldi:
- Kömək eliyin, maşına otuzduraq.
Müəllimələr və xidmətçilər Çəkələyi maşına otuzdurdular və iki nəfər müəllimə də xəstənin yanında əyləşdi. Bilman müəllim tələsik maşını işə salıb xəstəxanaya yollandı.
Hamının başı Çəkələyə qarışdığı üçün sinfin qapısında yiyəsizlik yarandı. Pərvin pilləkənin altında xidmətçilərin qoyduğu vedrələrə yaxınlaşdı, döşəməni silmək üçün olan dəsmalı gətirib sinfin qapısını təmiz-təmiz sildi və xəlvət aparıb yerinə qoydu.
Çəkələk müəllimə üç aya yaxın xəstəxanada beyin silkələməsindən müalicə olundu. Xəstəxanadan çıxanda həkim dedi ki, buna işləmək olmaz. Yaddaşında pozğuntu var. Silkələnmə güclü olduğu üçün heç cür tam sağaltmaq mümkün deyil. Az-maz çatışmazlıq özünü göstərəcəkdir. Yaşlı adamdı.
***
Naznazın şər-böhtan dolu ardıcıl şikayətlərinin əlindən Bilman müəllim başqa məktəbə direktor vəzifəsinə dəyişdirildi.
Çəkələk müəllimə isə həmişəki kimi yenə ayda bir dəfə əlində ağ vərəq məktəbə gəlir və müəllimlərin bir-bir qapısını döyərək:
- Bilman müəllimin bu ay çox xərci çıxıbdı, kömək etmək lazımdı - deyir.
Çəkələk müəllimə "Bilman müəllim başqa məktəbdə işləyir" cavabını eşitsə də, inanmır və israrla təkrar edir:
- Yox, yox, siz yalan deyirsiniz. Heç hara getməyibdi. Odey, səhərdən kabinetində oturub işləyir. Bu saat gedib çay dəmləyirəm. Onun çiyinlərində gora gedim.
Hər dəfə Çəkələyin əlində siyahı məktəbdə görünən kimi Naznaz qaş-gözünü mənalı-mənalı süzdürərək acı istehza ilə deyir:
- Görəsən, Bilman gedəndə Nəzir qutusunu özü ilə aparmağı niyə yadından çıxarıbdı?
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!