Kater yarım saat idi ki, suyun üzərində yırğalanırdı. Qürub edən günəşin şəfəqləri suyun rəngini qırmızıya boyamışdı. Ömrünün yarısını səyahətlərdə keçirsə də, ilk dəfə belə füsunkar mənzərə görürdü, görmək bir yana, o, məhz bu gözəlliyin mərkəzində idi. Özünü bir anlıq film qəhrəmanları kimi hiss etdi, okean sularında çarəsiz qalmış gənc adam üzüb adaya çıxır və orada həyəcan dolu anlar yaşayır. Xəyalların dərinliyinə elə dalmışdı ki, qayıqda köməksiz qaldığını, hətta onunla bərabər olan oğlanı belə unutmuşdu. Həyatının hər anını maraqlı, adrenalin dolu keçirməyi sevirdi, özünü darıxmağa qoymazdı. Bunu başqalarına ziyan vurmaq müqabilində olsa belə, həyata keçirməkdən zövq alırdı. Hətta bir dəfəsində liftdə qaldığı zaman şirkətdə yeni işə başlamış gənc qız ilə "eşq" yaşamaqdan belə çəkinməmişdi. O, olub-bitənləri elə ordaca unutsa da, bu yaraşıqlı adamı unuda bilməyən qız işdən ayrılmaq məcburiyyətində qalır.
Onu müşayiət edən və kateri idarə edən gənc quyruğu qapı arasında qalmış pişik kimi çabalayırdı. Yolun ortasında avtomobili xarab olan taksi sürücüsü təkəri yoxlamaq üçün necə boylanırsa, o da katerin yan-yörəsinə baxır, hərəkətinin anlamsız olduğunu belə dərk etmirdi. Ona ağır nəzərlərlə baxan sərnişinin qarşısında pis vəziyyətdə qalsa da, özünü sındırmamağa çalışırdı. Nəhayət, əlaqə yarada bildi və ona məlumat verildi ki, katerdə olan qayıqla geri qalan yol qət olunsun. Çünki artıq axşam düşürdü və vaxt itirmək olmazdı. Ada uzaqdan görünürdü, hər ikisi avar çəkməyə başladı. Gənc oğlan bu işdə təcrübəli olsa da, sərnişin heç alışıq deyildi. Sanırdı ki, qolları indicə qırılıb suya düşəcək. Bu dəfə rollar dəyişmişdi, gənc oğlan az öncə baxışları ilə onu əzən adamın zəif cəhətini tutub, qisas alırmış kimi gözlərini ona zillədi. O isə özündə güc tapıb var gücü ilə avar çəkməyə başladı ki, gülüş hədəfi olmasın. Axşamçağı olduğundan adadakı evlərdən işıq görünməyə başladı. Sanki göy qübbəsi dənizin içinə düşmüşdü və ulduzlar hava qaralınca bir-bir yerə enirdi. Qısa müddətli iş səyahəti üçün gəldiyi bu adada qala biləcəyinə heç əmin deyildi. Amma bir əyləcə tapıb bura bir müddət dözmək olardı. Artıq adaya yan alırdılar, baxışları ilə onu yoran gəncdən intiqam almalı idi. Nə yolla olur-olsun, bunu edəcəkdi və anidən ağlına gözəl bir ideya gəldi. Adaya yaxınlaşıb avarı əlindən qoyarkən ani bir hərəkətlə avarı fırlatdı və oğlan yıxılıb suya düşdü. Əlini uzadıb ona kömək edirmiş kimi göstərsə də, hər dəfəsində son anda əlini buraxırdı. Oğlan isə, görünür, adaya gələn bu insanın "vacib adam" olduğu barədə göstəriş almışdır ki, səssizcə olub bitənlərə səbir edirdi. Nəhayət, əlini atıb gənci dartıb sudan çıxartdı. Paltarı bədəninə yapışmış oğlan suyu süzülə-süzülə irəliyə doğru yeridi.
- Burda otel yoxdu, cəmi 11 evdən ibarət "kənd"dir bura. Gedək, sizi qalacağınız evin sahibi ilə tanış edim.
Qabaqda addımladıqca yekəpər, yöndəmsiz bədəninə yapışmış paltarı ilə çox gülməli görünürdü və bu mənzərə qonağı əyləndirdiyi üçün vaxtın necə keçdiyini hiss etmədi. Cansıxıcı olacağını düşündüyü ada həyatına artıq rəng qatmışdı.
Balaca evin zalında oturub axşam yeməyi yeyərkən adanın taleyi barədə uzun-uzadı danışdılar. Onu adaya gətirən gənc, ev sahibi, adanın sayılıb seçilən iki orta yaşlı sakini nar şirəli ördək qovurması və manqalda bişirilmiş balığı yeyib, ev sahibinin hazırladığı qırmızı çaxırı içə-içə ada ilə bağlı bir çox problemli məsələlərə toxundular. Xudmani bir ev idi, qapıların sayı nəzərə alınarsa, yəqin ki, bu otaqdan əlavə iki otaq və bir mətbəx də var idi. Elektrik alternativ yollarla əldə edildiyindən qənaət məqsədi ilə otağın rəflərində iki-üç yerdə neft lampası yanırdı. Hər dəfə süfrəyə mətbəxdən nəsə gəlməsi tələb olunanda otağın qapısı döyülür, gənc oğlan qapıya yaxınlaşır içəridən ona doğru uzanan əl yeməkləri verir və yenidən qapı bağlanırdı. Gecə saat üçə kimi məclis davam etdi. Süfrədə yeyəcək, içəcək heç nə qalmamışdı. İçkinin təsirindən bayaqdan qapıdan içəri girməsinə icazə verilməyənlər indi bağıraraq içəri çağırılırdı. Beş-altı çağırışdan sonra nəhayət, qapı açıldı və əlində məcməyi olan ürkək bir qız içəri girdi. Əynində dizdən aşağı qat-qat ətəyi, mavi toxunma köynəyi olan bu qızın başına yaşına uyğun olmayan bir tərzdə örpək atılmışdı. Buna alışıq olmadığı davranışlarından aydın görünürdü: başından düşməsin deyə, başını tez-tez geri atmaqla sanki onu başında saxlamağa çalışırdı. Əlindəki qabı masanın üzərinə buraxıb tələsik addımlarla otaqdan çıxmağa çalışdı. Ayağı yerə sərilmiş köhnə kilimin bayıra qatlanmış ucuna ilişib büdrədi. Elə bil otaqdan vəhşi bir at keçirdi - kobud davranışları, uzun saçları, yerişi insanda bu təəssüratı yaradırdı. Hər kəsin gözü qıza zillənmişdi. O isə tez özünü ələ alıb otaqdan qaçaraq çıxdı və ardınca qapını bağladı. Heç qıza tərəf baxmasa da, ona elə gəlirdi ki, qız ondan həyəcanlanıb belə bir hal keçirdi. Bəlkə də bunu özündən uydururdu. Amma bədənindən bir istilik keçdi, nələr baş verdiyini anlamasa da, narahatlığını heç cürə gizlədə bilmirdi. O gedəndən sonra ona bir sıxıntı gəldi. Ürəyindən 1daş asıldı, keçirdiyi gün çox ağır gəldi ona, anidən vücudu süstləşdi və ev sahibinə yatmaq üçün ona yer göstərməsini xahiş etdi. Məlum oldu ki, o elə bu otaqda - yerdə açılacaq yataqda yatacaq. Yavaş-yavaş hər kəs dağılışdı, ev sahibi isə ondan otaqdan çıxıb bayırda hava almasını istədi: bu müddət ərzində də evin qulluqçuları onun üçün yataq açırdılar.
Dənizin küləyi adaya hakim kəsilmişdi. Düşünəndə ki, hər tərəfi dənizlə əhatələnmiş balaca bir torpağın üstündədir, qəfil onu vahimə bürüdü, bir anlıq ona elə gəldi ki, ada bayaq kater yırğalanan kimi dənizin üzərində yırğalandı. Başı dumanlandı. Dənizin küləyi üzünə vurduqca özünə gəlməyə başladı. Hətta burda qalmaq fikri ona xoş gəlməyə başladı. Ard-arda iki-üç siqareti yandırıb yenə adanın süni şəkildə quru ilə əlaqələndirilməsinə nə ehtiyac olduğu barədə uzun müzakirələr apardılar. Ev sahibinin emosional halda danışdığı maraqsız söhbətləri anlamaq üçün fikrini toplamaqda əziyyət çəkir, bəzən özünü ələ verirdi. Bunu anlayan ev sahibi soyuğu bəhanə gətirib evə dönmələrini təklif etdi.
- Yəqin, bir yataq açmaq üçün xidmətçilərə verdiyimiz bu qədər zaman kifayət etmiş olar deyib gülümsədi.
Ev sahibi öz otağına keçdi.
Otaqda hər şey taxtadan hazırlanmışdı: divan, masa, rəflər, evin sütunları, tavanı, hətta divarları belə taxta idi. Görünür, bütün bunları ev sahibi özü burda bitən ağaclardan düzəldib, Çünki hər şey zövqlə ərsəyə gəlsə də, əl işlərində naşılıq gözə dəyirdi. Evin divarlarında xalçalar asılmış, yeri kilimlə döşənmişdi, hüzurlu və eyni zamanda ağır bir aurası var idi. İnsana şəhərdə ömrünü boş keçirdiyi barədə düşünməyə vadar edirdi. Niyə insan belə sakit, təbiətlə iç-içə olan həyatı qoyub səs-küylü, qeyri-təbii yaşama can atır?
Yerinin içində oturub otaqdakı bütün incəlikləri gözdən keçirərkən içkinin təsirindən başı döndüyünü hiss etdi. Amma heç yuxusu gəlmirdi. Səhər görüləcək çox işinin olduğunu nəzərə alıb özünü yuxulamağa məcbur etmək qərarına gəldi. Yerinə uzanmazdan qabaq əlini atıb lampanı söndürdü və pəncərədən süzülən Ay işığını xeyli seyr etdi.
Ay işığı pəncərəyə düşməyə başlayınca pərdənin arxasında bir kölgə yaratdı, əvvəl fərqinə varmasa da, anidən fiqurun tərpənişi onun diqqətini çəkdi. Qadının bədəninin bütün cizgiləri qabarıq şəkildə görünməyə başladı. Pərdə açıldı və bir qız barmağının ucunda mətbəx qapısına tərəf hərəkət etməyə başladı. Görünür, onların otağa döndüyünü görüb otaqdan çıxmağa macal tapa bilməyib və pərdənin arxasında gizlənib.
Ürəyindən gələn bir səs onu qızın otaqdan çıxmasına mane olmaq üçün səslədi. Tez ayağa qalxıb qapıya tərəf getdi. Qız qaçıb otaqdan çıxmaq istəsə də, o, əli ilə qapını tutdu. Üz-üzə qaldılar. Qapının yanındakı rəfə qoyulmuş neft lampasının işığını artırdı, qızın üzü işıqlandı, bayaqdan qaranlığa alışmış gözləri qamaşdı və başını yana çevirdi. Qarşısında ilahi bir gözəllik və məsumluq var idi: uzun müddət görmədiyi, həyatı boyu duymadığı. Gözləri elə məsum və dərin idi ki, nə istədiyini anlaya bilmək üçün günlərlə üzüb ta dərinlərinə enmək lazım idi. Üzünün dərisi şəhərdə rastlaşdığı zərif gözəllərdəki kimi ağ və parlaq deyildi, şaxtadan sərtləşib qaralmışdı, amma yanaqlarındakı qızartı onu mələk kimi zərif edirdi. Kirpikləri dən-dən düzülmüşdü. Bütün gözəlliyi ilə qarşısında səhnə alan bu qız ürkək baxışlarla ona baxdı. Həm qorxmuşdu, həm də yəqin, həyatında ilk dəfə yaşadığı hisslərlə tanış olurdu. Bayaqki kimi başında örpəyi yox idi - qara, uzun dalğalı saçları dizlərindən iki qarış yuxarıda idi, sanki heç qayçı görməmişdi. Gözləri işıldayırdı. O, bir qadından çox, vəhşi bir pələng balasına oxşayırdı. Şəhər qadınlarına məxsus heç bir zərafət, incəlik, naz-qəmzə onda yox idi. Amma möhtəşəm bir enerjisi var idi. Xeyli beləcə baxışdılar. İllərlə qadınları ovsunlamaqda ad çıxarmış bu şəhərli yaraşıqlı adam bu ilahi varlıqla necə davranacağı barədə beynində götür-qoy etdi. Qız onda elə təəssürat yaratmışdı ki, sanki onu dindirsə, o heç danışa bilməyəcək. Sonra özünü ələ aldı, axı o, sadəcə onun yaşadığı şəhərdən dənizin ayırdığı beş-on kilometr uzaqlıqda olan bir adada idi və bu adadakı insanlar qəbilə üzvləri deyildilər.
- Mən çıxmalıyam - nəhayət, ondan daha cəsarətli olan qız dilləndi.
- Kimsən?
- Ev sahibi mənim əmimdi.
- Bəs harda yaşayırsan?
- Burda.
- Ailən hardadı?
- Burda.
- Getmə.
- Getməliyəm, əmim...
Bayırdan əmisinin səsini eşidib tez otaqdan çıxdı. Əmisinin əsəbdən titrəyən səsi gəldi.
- Sənin yad kişinin otağında nə işin var.
- Mən... qablar... o yatıb...
- Rədd ol yatağına!
Hər şey düşündüyü kimi rahat olmadı, işləri uzandı. Əyləncə üçün vaxtı qalmadı. Həftələrlə başı işinə elə qarışdı ki, heç bir dəfə də qızı görə bilmədi, amma bəzən onun barədə düşünürdü. Baxışlarına xatırlayanda dodağı qaçırdı. Şəhərdən layihə rəhbərləri, mühəndislər, tikinti briqadası gəldi. Daha bir həftə də ağır iş rejimindən sonra adanın taleyi həll olundu. Və qərara alındı ki, ada süni şəkildə yarımadaya çevriləcək, burada otel tikiləcək. Artıq burada ona aid bir iş qalmamışdı, geri dönmək məqamı çatmışdı. Şəhərdən gələnlərdən yalnız o, hələ də adada qalırdı və bu halından məmnun idi, mücərrəd bir qüvvə onu bura bağlayırdı.
- Yəqin ki, bizdən narazı qalmamısız? - Sahildə oturub son dəfə dənizi seyr edərkən ev sahibi ona yaxınlaşıb gülərüzlə soruşdu.
- Hər şey gözəl idi, İnşallah, sabah getsəm də, bir gün yenə dönəcəyəm.
- Bu axşam sizə gözəl bir balıq qonaqlığı verəcəyik, xanımım və qız bütün hazırlıqları görüb. Bunu deyərkən sınayıcı nəzərlərlə kişinin ona baxdığını hiss elədi və özünü pis vəziyyətə salmamaq üçün tez dedi:
- O ki körpədi, yəni belə işlər bacarır? Bəs bu adanın uşaqlarının məktəb məsələsi necə olur?
"Körpə" ifadəsini məqsədli şəkildə dedi, çünki kişinin nədən onun barədə söz açdığını anlayırdı.
- O, məktəb yaşını keçirib, 19 yaşı var, təhsil almayıb.
- Mən onu körpə sandım.
- Mənim övladım olmadı. Yoxsa hamısını yığıb hər gün şəhərə aparardım ki, təhsil alsınlar. Tək onu isə apara bilməzdim, gözəl qız idi. Qoruya bilməzdim. Həm də əxlaqda anasına çəkəcəyindən narahat idim.
- Anasına?
- Hə, anası illər öncə bu adaya gəldi. Gözəl bir şəhərli qızı idi. İşi ilə bağlı araşdırma aparmalı idi. İyirmi beş gün bizim evimizdə qaldı, o gedəndən beş ay sonra qardaşım dənizdə batdı. Dəniz onu uddu, buna başqa ad verə bilmirəm, çünki dənizə girdi və çıxmadı. Və bir gün qapı döyüldü, o qadın geri döndü. Qucağında isə bir körpə, uşağı bizə verib getdi. Bir daha onu görən olmadı. Sən demə, qardaşımdan hamilə qalıbmış və uşaq olandan sonra onu istəmədiyini anlayıb. Beləcə, onu mən böyütdüm. Əxlaqsız anasından qorumaq üçün gözümdən qoymadım.
Artıq bir saniyə belə bu adada qalmaq istəmirdi. Vəhşi təbiət artıq onu boğurdu... Gecə olduğunu xatırlayıb özünə təskinlik verirdi. O, yalnız səhər geri dönə bilərdi. Adada yaşayan bütün kişilər məclisə dəvət olunmuşdu, bu bir vida yeməyi idi. Hər kəsə oturacaq çatmayacağından yerdə süfrə açılmışdı. Digərləri rahatca bardaş qurub otursa da, o buna alışmadığından yerində qurcalanırdı. Nəhayət, bir yolunu tapıb oturdu. Bu sadəcə balıq qonaqlığı idi: balıq buğlaması, qızartması, kababı... Balıq yeməkdən burnuna hər yerdən balıq iyi gəlirdi, onda belə bir hiss var idi ki, bədəni də balıq qoxuyur. Şəhərə qayıtdıqdan sonra uzun müddət balıq yeməməyə qərar vermişdi. Amma bu gecəni yola verməli idi, yoxsa ac qalacaqdı.
Yenə gizli bir əl mətbəx qapısından uzanır və gənclər süfrəyə yemək daşıyırdılar. Onun gözü isə o əllərə dikilmişdi. Hətta bir neçə dəfə ehtiyac olmayan şeyləri istəyirdi ki, o qapı aralansın və onu həyəcanlandıran əllər içəri uzansın. Sanki yuxu görürdü, ətrafdakı səslər ona uğultu kimi gəlirdi, ayılmaq istəmədiyi sehrli bir yuxuda idi.
Yenə içkinin təsiri ortalığı alovlandırdı və kart məclisi cuşa gəldi. Nə qapı açıldı, nə də əl göründü. Paltosunu çiyninə atıb bayıra çıxdı, damağına bir siqaret qoyub sahilə aparan cığırla yeriməyə başladı. Sərin bir qış gecəsi idi. Mülayim külək havadakı şaxtanı sındırmışdı. Səma aydın idi, ulduzlar elə yaxın idi ki, sanki əl atsaydın tuta bilərdin. Adanın dənizin ağuşunda olması əvvəlki günlərdəki kimi dəhşətə gətirmirdi onu, artıq alışmışdı. Elə rahat addımlayırdı ki, sanki elə beləcə rahatca dənizə girəcək və elə dənizin üzəri ilə yeriyərək şəhərinə geri dönəcək, bu adada yaşadıqları yuxu kimi geridə qalacaq.
Başını qaldırıb heyrətlə baxdı, sadəcə iki metr aralıda oturmuşdu həmin fiqur, pərdə arxasında Ay işığında rəqs edən...
Qız indi tənha dənizin sahilində üzünü Aya tutub pıçıldayırdı. Daha bir addım ona sarı atdı. Yox o pıçıldamırdı, səsini boğaraq ağlayırdı. Ağlamağını özündən də gizlədirmiş kimi için-için ağlayırdı. Yanında oturdu, qızın çiynini qucaqladı. Nazik gecə geyimində idi. Bədəninin buz kimi olduğu geyiminin üstündən belə hiss olunurdu. Paltosunu çıxarıb ona heyrətlə baxan hələ də kirpikləri nəm olan qızın çiyninə atdı.
- Niyə ağlayırsan?
- Getmə.
- Gələcəm yenə.
- Məni də apar.
Gənc adam adını belə bilmədiyi bu qızın gözlərindəki qığılcımdan tədirgin oldu, həyatında heç bir qadının gözündən bu enerjini almamışdı. Dodaqlarına vurulduğu qadın olmuşdu, yerişinə, saçına, bədəninə, ağlına... Amma bu gözlər onun enmək arzusunda olduğu dərinlik idi.
- İndi olmaz, amma gələcəyəm. Gözləri bir-birinə kilidləndi. Nə yaşadığını bilmirdi, bildiyi yeganə bir şey var idi ki, o, belə fövqəladə an yaşamamışdı. Qızı özünə çəkib gözlərinə endi, dodaqlarının istiliyini ürəyinə hiss etməyə başladı.
***
Mətbəx rəfindəki bütün qablar döşəmədə idi, kişi dəli öküz kimi ora-bura vurnuxub yerə çırpmaq üçün nəsə axtarır, tapa bilməyib daha da cin atına minirdi.
- Vaxtında sənə xəbərdarlıq etdim ki, o əxlaqsızın uşağından bizə övlad olmaz. Şəhərli anasının pozğun qanı çəkdi apardı kökünə.
- Yazıqdı, a kişi, biz böyütmüşük, bizim balamızdı. Qoy qayıtsın.
- Onun adını bir də çəksən, səni də onun yanına göndərəcəm. İllər öncə anası bic dünyaya gətirdi, indi özü - mən ikinci dəfə atasız uşaq böyüdən deyiləm.
***
Mart ayının sonları idi, bitmək istəməyən qışın yazdan qisas alırcasına var gücünü səfərbər etdiyi gecələrdən biri idi. Ayağı yalın, saçları dağınıq qucağında bir boğça olan qızın qəlbi sürətlə vursa da, gözlərinin yaşı kirpiyində donmuşdu. Sanki bütün dünya dayanmış, sadəcə dalğalar gecə ilə rəqs edirdi onun qarşısında. Ayağını dənizin buz kimi soyuq sularına toxundurdu, dəniz onu ovsunladı, əmin oldu ki, bu soyuq sular onun atəş düşmüş qəlbini soyudacaq. Dəniz gecəliyinə toxunub yavaş-yavaş onu bədəni ilə bütövləşdirdı, əlindəki boğçasını alıb kənara atdı, əllərindən tutub onu vals oynayırmış kimi fırlatdı. Saçları dalğalarla tel-tel rəqs etməyə başladı. Sonra dəniz buz kimi dodaqları ilə boynundan öpdü, vəhşicəsinə dodaqlarının istisini içinə çəkdi, kirpiklərinə toxunub gözlərindən yaş kimi axdı. O, ruhunu sulara təslim etdi. Rəqsin gözəlliyindən başı döndü və dalğanın qolları arasında yox oldu.
***
- İşıqları söndür. Başım ağrıyır. Bilirsən axı səyahətdən qayıdandan sonra mən xeyli vaxt baş ağrısından əziyyət çəkirəm.
- Uşaqlar oynayır, necə işığı söndürüm?
- Göndər öz otaqlarına.
- Getmirlər, bilrsən ki, səni istəyirlər.
- Yorğunam, əzizim.
- Bilirəm, amma sən də anla, iki uşaq olan evdə rahatlıq bu qədər olur.
Hər ikisi gülümsədi. Onlar söhbət edərkən uşaqların hər ikisi xalçanın üzərində yuxulamışdılar. Qalxıb uşaqları yatağa apardı və kanalları anlamsızca ora-bura çevirən həyat yoldaşının əlindən pultu alıb yanında əyləşdi.
- Gecə saat ikidi, get yat, mənim yuxum yoxdu.
- Sənin başağını ovutmamış gözümə yuxu getməz. Cilvəli baxışlarla ona baxan həyat yoldaşını özünə tərəf çəkdi...
***
Gözünü açıb divar saatına baxdı, artıq gecə saat dörd idi, divanda yatıb qalmışdılar. Yoldaşının başı qolunda olduğundan qolu keyimişdi. Qalxıb kənara atılmış adyalı qadının üzərinə örtdü, rəfdən götürdüyü qədəhə içki süzüb, nəhayət, hələ də yanıq olan işığı söndürüb evinin dənizə açılan eyvanına çıxdı. Dəniz dalğalı idi, Ayın əksi dənizə hopmuşdu. Bu gecə dəniz elə pəncərədən də qorxunc görünürdü, çox vahiməli idi: adadakı kimi.
Telefonu da adanın olduğu istiqaməti təyin etdi. Üzünü o səmtə tutub qədəhini başına çəkdi, bədənindən titrəyiş keçdi. Hava çox soyuq idi. Otağa keçib qapını bağladı.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!