"Mələk qəlbli insanadır bu kitab..." - Arif FƏRZƏLİ

 

Qələm püxtələşdikcə, hissə-düşüncəyə isinişdikcə, bədii yaradıcılıq da hobbilikdən, həvəskar məşğulluqdan çıxır, işə-peşəyə çevrilir. Amma "göstərişi hansısa müdirdən, hansısa briqadirdən almaqla, həftədə beş gün, gündə səkkiz saat yox, Allahın verdiyi fitrət payını ovqatına kökləyərək, daxili ehtiyacının "buyuruğu" ilə vaxt-bivaxt çalışırsan - gah günəş işığına, gah çıraq şöləsinə. Üstəlik, nə qədər yorulsan - taqətdən düşsən belə, yükünü yüngülləşdirmək üçün kimsəni köməyə çağıra bilmirsən... Nəhayət, yazı masası arxasından qalxandan sonra əlavə dəstəkdən yararlanmağa hüququn olur və son zamanların dəbincə getsən, təbiidir ki, ilk növbədə ədəbi məhsulunu ictimai zövqə təklif edən birini arayırsan.

Şair Ağamir Cavad "Dəniz adam" şeirlər toplusunun nəşrində, görünür, heç kəsi əziyyətə salmamaqdan ötrü, bu zəhməti də öz üzərinə götürüb, ön söz adına oxucularına mənzum məktub ünvanlayıb:

 

...Məhəbbətlə yoğrulubdu hər sətir,

Hər sözündən, kəlməsindən eşq bitir.

Həqiqətlə sabaha bir yol gedir,

Əbədi bir ünvanadır bu kitab...

 

Hər kəlmənin nəmin çəkən daş duzam,

İstəyirəm haqq hikmətin düz yozam.

Qəlb oxşayan ürək telli bir sazam,

Qəlb ağladan kamanadır bu kitab...

 

Beləcə, lirika evinin qapısını üzümüzə açır və ora dəvəti israrlıqdan, "girişi" məcburilikdən çıxarmağı da unutmur. "Qələm... nadanları ayıltmaz", - deyib vurğulayır ki, hər yetən fəna yerə gözlərini vərəqlərə dirəməsin, yalnız "...haqqa doğru yol gedən..." kövrək, həssas,

 

...Bu dünyada öz cənnətin qazanan

Mələk qəlbli insanadır bu kitab...

 

İki yüz qırx yeddi səhifə. Sonetlərin sayını nəzərə alsaq, təxminən, bir o qədər də şeir. Hamısı bitkin, hamısı oxunaqlı. Amma aralarında daha uğurlu biri var: "Dəniz adam". Zənnimcə, müəllif onu elə-belə başa çəkməyib, sərlövhəsini təsadüfən kitabın üz qabığında imzası ilə qoşalaşdırmayıb. Səviyyəcə boy verdiyinə, ümumi məzmunu ödədiyinə görə aparıcı qüvvə olaraq qəbul edib:

 

...Dəyişməz imanını,

düşsə də, borana, qara.

İnamı, inadıyla

tufanlarla döyüşər,

Bulananda dalğasın

çırpar sərt qayalara...

Hətta sonsuz, sərhədsiz

...Göylərə ölçü qoyub

torpağın mizanında

eşqinin dərinliyi...

 

"Dəniz adam" şeiri "Dəniz adam" kitabının axırıncı misrasına qədər bizi müşayiət edir, müəllifin ruh təmsilçisi kimi...

Bədii fikir meydanına az-çox bələd olanlar bilirlər ki, vətənpərvərlik mövzusunda yazarkən, pafosdan, ritorikadan yayınmaq son dərəcə çətindir. Ciddi ədəbiyyatda varlığın-yoxluğun  məğzi məhz həm də bu zaman dəqiqləşir. Düzüb-qoşmaq "fərasəti", qafiyəpərdazlıq belə yerdə keçmir. Nəzmkeşlik damğasından qurtulub, şairlikdə qalmağın yeganə şərti isə istedaddır. Poetik tapıntılarla, orijinal çalarlarla lirik dəyəri aktuallıqdan önə çıxarmağı bacarmalısan.

Prezident, Ali Baş Komandan İlham Əliyevin söylədiyi "Şuşaya bir nəfəs qədər yaxınıq" - cümləsini rədif seçib, dövrəsini "külün qaralmağı", "gülün payızda açmağı", "sözün qurşunu", "həsrətin hərb qırışı" kimi bəlağətli ifadələrlə hörərək həzin bir poeziya nümunəsi yaratmaq hər şairin hünəri deyil:

 

...Şəhidlik müqəddəs, ən gözəl ölüm,

Kərəmin külütək qaralmaz külüm.

Payızda gül açır Xarıbülbülüm,

Bir həsrət varmıdır bu həsrət qədər?

Yaxınıq Şuşaya bir nəfəs qədər...

 

Ən odlu gilizdir sözün qurşunu,

Sən açdın həsrətin hərb qırışını.

Sevirik bu yurdun hər qarışını

Qələbə xəbərin verən kəs qədər.

Yaxınıq Şuşaya bir nəfəs qədər...

 

Gərək dili Ağamir Cavad səviyyəsində biləsən ki, hamıya görünən, əksəriyyətin əlinə bir diyircəkli qələmi alıb, üzərlərinə şığıdığı mövzuları yumşaldıb şirinləşdirməyin öhdəsindən gələsən... Və gənclərə dövlətini-millətini tanıtdıran "Gözün aydın, Azərbaycan", "Salam, əsgərim", "Qalibiyyət bayrağı", "Xocalı", "Vətən" adlı şeirlər yazasan...

"Dəniz adam" kitabındakı "Pak sevgi" "amfibiya adam"ın bir qadına mehri kimi adi sıradan deyil:

 

Sənin vəsfin

nə riyazi ölçülərə sığışdı,

nə fiziki qanunlara.

Nə ədəbi janrlara sığışdı,

nə də əlifbamızdakı

otuz iki hərfin yaratdığı

milyon-milyon arzulara...

...böyüklüyünə görə təkdi sevgim.

...gözəlliyi yandırır

ürəyimin başını...

 

Böyüklüyünün, gözəlliyinin ən yüksək həddi saflıq, bakirəlik olduğuna görə qorunmaq üçün sığınmadı - "...sığışmadı meridianlara, paralellərə..." bu sevgi. Nəfəs dəyməsin, əl toxunmasın deyə, 

 

Bu sevgi nə cismə, nə cana sığdı,

Nə göyə, nə yerə, cahana sığdı...

 

"Meracın mübarək"

 

Zühurdan ötrü təkcə bir məkan tapa bildi:

 

...Ürəyimdən keçir

bu sevginin ekvator xətti...

 

Ağamir Cavad qismətinə düşmüş "Tanrının eşq payı"nı altıncı kitabında da, kainatda canlı-cansız nə varsa, hamısı ilə qızırğanmadan bölüşür. Qoşmalarında, gəraylılarında, təcnislərində, qəzəllərində, sonetlərində, sərbəst şeirlərində dağlara, qayalara, çiçəklərə, quşlara, insanlara poetik dualarını yetirir. Nikbin tərzdə! Sabaha ümidlə! "Qəlbi dəmir adam"lara belə qarğış yağdırmır "Dəniz adam". Sadəcə xəbərdarlıq etməklə kifayətlənir:

 

Ey paxıl insanlar,

namərd insanlar,

Özünüz özünüzü aldadırsınız...

 

Sadəcə, bəd əməllərindən əvvəl-axır xəcalət çəkəcəklərini yadlarına salır:

 

O, ürək qırdı,

Özünə olan inamla birgə

İnsanlara olan inamı qırdı.

Bir ürək sevgi süzüldü

ürəyinin çatından,

töküldü ayaqlarının altına.

İllər ötdü...

Zaman onu

Uzun-uzun yollardan keçirib

gətirdi ürəyinin ayağına...

 

Həmişə şeir yazmaq, daha doğrusu, yaxşı şeir yazmaq mümkün deyil. Amma gərək həmişə şair olasan, şair qalasan, Ağamir Cavad kimi...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!