Məcnun Allaha bu dünyada, Leyliyə o biri dünyada qovuşur. Beləliklə, Məcnun həsrətin yox, vüsalın "qurbanı olur".
***
Atasının Məcnunla sonuncu görüşündə ata oğula deyir ki, gedirəm, əgər ölsəm, məzarımı ziyarət edərsən, qoy görsünlər mənim də varisim var. Ata oğuldan ayrılıb gedir və tez bir zamanda haqqa qovuşur. Məcnun atasının vəsiyyətinə əməl edərək onun qəbrini ziyarət edir və beləcə onun oğul kimi varisliyi, övladlığı məlum olur. Məcnun Leylinin də məzarını ziyarət edir. Dünyada iz qoymayan, ana olmayan Leylinin yeganə yaratdığı (həm özündə, həm də Məcnunda) nəsnə eşq idi. Məcnun atasının məzarını ziyarət etməklə oğulluğunu - varisliyini sübut edir, Leylinin məzarını ziyarət etməklə eşqə varisliyini göstərir.
***
Qeysin ilk itkisi adından başlayır - onun adını "əlindən alırlar". Ad ona cəmiyyətin (ailənin) verdiyi ilk sosial ərməğan idi və ilk "böyük səhv"ində - eşqə düşəndə cəmiyyət ondan verdiyi "payı" alır. Məcnun sosiallığın doğmalığından (illərcə onu Qeys deyə çağırmışdılar) assosiallığın rahatlığına (Məcnunluğa) "keçid edir". Çünki eşq assossiallıqdır, eşq cəmiyyətdən az qala bütünlüklə qopmaq məqamıdır. Eşq itki razılığıdır. Bu cür qurban verməklə və həm də dözümünün sayəsində Məcnun adını hərfi mənadan rəmzi mənaya yüksəldə bildi, yəni Məcnun adı (dəli!) eşq nümunəsinə çevrildi, söz hərfi mənasından uzaqlaşdı. Beləcə, Məcnun da bu sözü dəlilik anlamında cəmiyyətin əlindən aldı, ona təzədən məna verib (aşiqlik) onlara qaytardı. Bu dəfə cəmiyyət Məcnuna yox, Məcnun cəmiyyət üzvlərinə ad qoydu. Özü də eyni sözlə. Bu, Məcnunun "qisası" idi.
***
Füzuli Leylinin Məcnunla görüşünü "Kəmali-merac" adlandırır. Merac heç kəsin görmədiyi ucalıqda baş verən müqəddəs görüşdür. Füzuli Leyli və Məcnunun görüşünü eşq dərkinin (kamalla, ağılla dərk olunan eşqin) meracı - Tanrıyla əlçatmazlıqdakı, ucalıqdakı görüş kimi təsvir edir. Leyli Məcnunun, Məcnunsa Leylinin seçilmişi, müqəddəsidir (dini mənada yox). Ona görə də onların görüşü meracdır, - heç kəsin əli çatmayan ucalıqdakı görüşdür.
***
Füzuli "Leyli və Məcnun"da bölmələrarası "Təmamiyi-suxən" - fikrin sonu, sözün axırı, yekun fikir yazır. Bu "təmamiyi-suxən"lər həm də Füzulinin şərhləri hesab oluna bilər. Məsnəvidə təkrar, adətən, olmur, əsər birxətli irəliləyir. Burda maraqlı olan nədir? Füzuli başlıqlarla verilən hissələrdə yazan, "tamamiyi-suxən"lərdə danışan tərəf kimi görünür. Beləcə, əsər sanki həm yazılır, həm də oxunur. Oxucu isə sanki həm mətni oxuyur, həm də ona "qulaq asır".
***
"Leyli və Məcnun"da İbni Səlamın ölümü Füzulidə Leylinin bəladan xilası, Nizamidə isə İbni Səlamın aqibəti kimi əks etdirilir. Nizami İbni Səlamın ölümünü mərhumun taleyi kimi verir. Sanki Füzuli İbni Səlamını "öldürür", Nizamisə onun aqibətini bəyan edir. Füzulinin "Leyli və Məcnun"unda əksər obrazları baş qəhrəmanlar üçün, Nizamidə qəhrəmanlar ümumi əsər üçün mövcuddur. Bu mərtəbədə Nizami üstündür.
***
Leylini Qeys görür və Leyli Qeys üçün eşq güzgüsü olur.
Qeys Leylidə eşqi görür. Leylinin canı eşq güzgüsünün müstəvisidir. Leylinin eşqi Qeysə Məcnunluğu göstərir.
Qeys güzgüdəki məcnunluqda Tanrını görür (dərk edir). Bu dəfə Tanrıya (ilahi eşqə) vurulur. Bundan sonra dünya onun gözündə xəyallaşır. Məcnun İlahi eşqi dadana qədər Leylini göylərə qaldırmışdı. İlahi eşqdən sonra Leylini göydən endirir. Məcnun daha Leylidə yox, səmada güzgülənir.
İnsan vurulduğunu təqlid edir, vurulduğuna oxşamaq istəyir, ya da başqalarında onun nələrinisə axtarır. Bu insani eşqdə olan məqamdır. Amma İlahi eşqdə əksinə olur, Allahı sevdikcə Allahlaşmaq yox, qul olmaq istəyirsən. "İnsani güzgü" əgər insanı gözəlliyi eyniləşdirməyə sövq edirsə, "İlahi güzgünün gözəlliyi" yaxşı mənada səni kiçildir.
Ona görə də Məcnun Qeys vaxtı necə gözəldirsə, əzəmətlidirsə, bir baxan ona bir də baxmaq istəyirsə, Məcnun vaxtı bir o qədər zəif, baxımsız, cılızdır. Çünki Məcnun məişət güzgüsündə özünə baxmır, o İlahi güzgüdə adi gözəlliklərin əfsanə olduğunu anlayır.
***
Məcnun eşqə düşəndən sonra ixtiyarsız olur, onu sevgi idarə edir. Leyli də ərə gedəndən sonra Məcnuna yazır ki, əgər ixtiyarım öz əlimdə olsaydı, səndən özgə yarım olmazdı. Məcnunun ixtiyarını - Leylini seçmək şansını İlahi eşq əlindən alır, Leylinin Məcnunu seçmək şansını isə zəmanə. Məcnun Allaha "məğlub olur", Leyli dövrana. Məcnun öz iradəsi ilə Allahı, Leyli başqalarının iradəsi ilə özgəni seçir. Beləcə, hər ikisi "özgəni" seçir: Bir-birini seçməyən bu "iki vəfasız"ın ayrılığının nəyi təəccüblüdür?!
***
Füzulinin Məcnunu şair idi, Leylisi də. Əsərdə qəzəllərlə cavablaşmalar "iki şair"in (Leyli və Məcnun) eşq mövzusunda şeirləşməsidir. "Məcnun kimə baxırdısa, o da Məcnun olurdu" misrası Zeydin dilindən Məcnuna deyilsə də, həm də Füzuliyə aiddir. Məcnundan kim yazırdısa Məcnun olurdu. Füzuli də Məcnun idi. Bəhrdə - məsnəvidə Məcnun nə deyirsə, onlar Məcnuna aiddir. Qəzəllərdə, qitələrdə isə Məcnunun dilindən "Füzuli danışır". Beləcə, bu "növbələşmə" ilə Məcnun Füzulinin, Füzuli isə Məcnunun "deyə bilmədiklərini" deyir.
***
Nizamidən fərqli olaraq Füzulinin "Leyli və Məcnun"unda qəhrəmanların dilindən qəzəllər verilir: (Məsələn, "Bu qəzəl Məcnunun dilindəndir", "Bu qəzəl Leylinin dilindəndir"). Qəzəllər aşiqlərin dilindən verilir, ancaq son beytdə - məqtədə Füzuli öz adını çəkir, sözün yiyəsini göstərir. Füzuli burda qəzəlin sınmaz qaydasını pozmur, Leylinin, Məcnunun dilindən öz qəzəlini yazır, onların cavablaşmalarını əks etdirir. Füzulinin sonda adını çəkməsi o deməkdir ki, özünü aşiqlərin yerinə qoyur, onların dili ilə danışır, onların yaşantıları ilə həmnəfəs olur, məqam düşəndə Məcnunlaşır, məqam düşəndə Leyliləşir. Başqasının tale tarixçəsini yazmaq nazimlik, başqasının hissini, yaşantısını yaza bilməksə şairlikdir. Füzuli "Leyli və Məcnun"u şair kimi, Nizami isə bir sıra məqamlara görə nazim kimi yazıb. Nizami Məcnunun taleyini bilən, Füzuli Məcnuna çevriləndir.
***
Məcnun obrazı praqmatik, həyatabağlı adamların əsəbinə toxunur, o sevir, ancaq eşq yolunda bildiyimiz mənada mübarizə aparmır. İbni Səlam öləndən sonra Leyli qayıdır Məcnunun yanına və "səninəm deyir". Leyli bir qadın kimi özünü xalq arasında qınaq obyektinə çevrilən, "dəli" adlandırılan biriylə ailə qurmağa razılaşaraq zamanın, zəmanənin fövqünə qalxır, ancaq Məcnundan aldığı "yox cavabı"ndan sonra anlayır ki, Məcnun da eşqin fövqündədir. Leyli zəmanənin, Məcnun eşqin fövqündə idi. Beləcə, onları uğursuz eşq aqibəti yox, ucaltdıqları məqamlar ayırır.
***
Məkan elə nəsnədir ki, həmişə xarakterinə uyğununu seçirsən - harada daha artıq rahat olmaq düşüncəsinə həmişə qəlbində meydan verirsən. Məcnun ona görə səhranı seçdi ki, Leyli surətinə özgə surətlər az qarışsın, Leylinin xəyalından onu heç nə ayırmasın. Səhra eşq həbsxanasıdır, dörd tərəfi açıqdır, ancaq ordan xilasa ümid azdır. Səhrada hansı yana baxsan demək olar eyni mənzərəni görürsən - Məcnun nəyə baxırdısa, Leylini görürdü. Məcnun "dəliliyin" ona verdiyi hüdudsuz azadlığı nəhayətsiz "səhra hücrəsi"nə həbs etdi. Məcnun məcnunluğunu itirməmək üçün özünü səhraya saldı, mühiti dəyişsəydi, Məcnun da bəlkə başqalaşardı. Səhra Məcnuna bir yerdə, bir işıq altında, bir fəsildə yaşaması üçün gərək idi.
"Leyli və Məcnun"un münasibətlərində qəribə suallar meydana çıxır:
Sual: Məcnun Leylidən çox sevir, bəs Leyli Məcnundan niyə tez ölür?
Cavab: İbni Səlam öləndən sonra Leyli gəlib Məcnuna deyir ki, səninlə evlənmək istəyirəm: öz eşqini Məcnuna çatdırır. Məcnunsa ondan imtina edir, çünki Leyliyə olan eşqi İlahi eşqə çevrilmişdi. Məcnun öz eşqini Leylidən imtina edərək Allaha çatdırır. Deməli belə: Leyli sevgisini Məcnuna çatdırıb ölür, Məcnun da sevgisini Allaha çatdırıb dünyadan köçür. Allaha gedən yol, qadına gedən yoldan uzun olduğuna görə Məcnun ölümə gedən yolda daha çox "vaxt itirir".
Sual: Niyə Məcnun gəlib Leylinin qəbrinin üstündə ölür?
Cavab: Çox şey sonda başlanğıcına qayıdır. Məcnunun Allaha olan eşqi Leyliyə olan eşqindən sonra qüdrət qazanmışdı. Tanrıya eşqini sübut edəndən sonra, Tanrı Məcnunu yenidən əvvəlki məqamına - Leylinin yanına qaytarır. Ona görə də Məcnun gəlib Leylinin qəbri üstə canını tapşırır. Məcnunluq (Qeyslik yox ha!) Leylidən başladığı kimi Leylidə də bitir. Çevrə qapanır...
***
Nizami Gəncəvinin Şirin obrazı Leylidən daha kamil qəhrəmandır. Ona görə də Leyli həm Nizaminin, həm də Füzulinin eyni adlı əsərlərində Şirinə bənzədilir. Maraqlı olan nədir? Füzuli də qəhrəmanını Nizaminin Leylisinə yox, Şirininə bənzədərək ucaldır. Əsərin müqəddiməsində - qəhrəmanların tanışlıq səhnəsində Füzuli Leylini öyərək yazır:
Şəhbaz baxışlı, ahu gözlü,
Şirin hərəkətli, şəhdi sözlü.
Orta əsrlərdə sevgi timsalına çevrilmiş qadın obrazları çox idi, amma şair Leylisini onlardan heç birinə bənzətmədi. O sanki öz "Leyli və Məcnun"unu Nizaminin qaldığı yerdən - "Xosrov və Şirin"dən davam etdirdi.
***
Qeys, Məcnunluğa yüksələnə qədər kimlərisə aldada bilir. Qəsdən səhvlər edir (dərsdə), bilsə də, özünü bilməmiş kimi göstərir və s. Eyni zamanda Leyli də sevdiyi halda bunu anasından gizlədir, deyir ki, bilmirəm eşq nədir.
Eşqin kimsə qılmazdı yadın,
Ha səndən eşitdim indi adın.
Billah, nədir, anə, eşqə məfhum?
Bu sirri-nihanı eylə məlum.
Ancaq Qeys, Məcnunluğa ucalandan sonra heç bir yalana, hiyləyə əl atmır. Dəlilik onu tam həqiqətə qovuşdurur. Leyli həmin mərtəbə qalxa bilmir deyə, İbni Səlamı aldada bilir. Qeys, Məcnunluq mərhələsində ucalır, Leyli Leylilik mərhələsində qalır. Məcnunluq mərhələsində yalnız inam var. İnam olan yerdə yalan olmur. Əslində, Məcnunun da yalan danışmaq üçün fürsəti olur: məsələn, müqəddəs məkanda zəncirdən tutub dilində ayrı, ürəyində ayrı dua edə bilərdi. Fəqət etmir. Çünki Məcnun eşqin gücüylə tam həqiqətə çatmışdı. Əsərdə qəhrəmanın adının dəyişməsi də aşiqin bir mərhələdən başqa mərhələyə keçməsinin simvoludur.
***
Əsərin əvvəlində "Qeys" adı "Məcnun"la əvəzlənəndə qəhrəmanın dilindən bir qəzəl verilir. Qəzəldə maraqlı bir məqam var:
Məhvəşimdən, dustlar,
dövran cüda istər məni.
Düşmənimdir, hiç bilməm,
netmişəm dövran ilə?
Doğulanda ağlamışdı, çünki dünyanın qəmini tanımışdı, eşqə düşəndə düşməni - dövranı tanıdı. Bu qəzəldən sonra əsərdə onun adı daha "Qeys" kimi çəkilmir. Məcnun hər bəlanı əvvəlcədən tanıyır: yaşamağa başlayınca dünyanı, eşqə düşüncə dövranı…
***
Leylinin anasına vəsiyyəti əsər boyu onun eşq yolunda elədiyi ən böyük etirafıdır. Əsərdə qadın hüquqsuzluğu ən çox bu məqamda görünür: qadın öz sözünü yalnız ölüm ayağında, vəsiyyət şəklində deyə bilir. Leylinin yaşam amalı ətrafındakılar üçün ancaq öləndə aşkar olur. Məcnun etirafı isə sevgiyə düşən gündən başlayır. Biri eşqini etiraf edib cəmiyyətdə dəli adını qazanır - Məcnunluq dünyasına qovuşur, digəri isə haqq dünyasına.
***
Əsərdə Leyli ilə Məcnunun o dünyadakı səadəti Zeydin yuxusu kimi verilir. O, Leyli ilə Məcnunun qovuşması üçün bu dünyada əlindən gələni edir. Aşiqlər vüsala o biri dünyada çatdığı kimi, Zeyd də arzusuna bu dünyada çatmır, diləyi başqa bir aləmdə - yuxuda reallaşır. Qəhrəmanların vüsalı həm də Zeydin yuxusudur. Leyli ilə Məcnunun vüsalı o dünyada özlərinin, bu dünyada Zeydin çatdığı arzudur.
***
Zeydin yuxusu əsərin ən önəmli hissələrindən biridir. Əgər o hissə olmasaydı, "Leyli və Məcnun" nakam eşq dastanı kimi yadda qalacaqdı. Orta əsərlərdə sevginin ən yüksək məqamı ya Məcnun kimi, ya da ondan da artıq sevməkdir. Bəs nəyə görə belə nakam taleli biri kimi sevmək heç bir aşiqi qorxutmur? Ona görə ki, hər aşiqin bir "Zeyd yuxusu"na ümidi var. Orta əsrlərdə dini düşüncə üstün mövqedə idi, o dünyanın varlığı şübhə doğura bilməzdi, odur ki, çoxları ən azı axirətdəki xoşbəxtliyə ümidliydi. İsa Məsih deyirdi: "Bu dünyada axırıncı olanlar, o dünyada birinci olacaqlar, bu dünyada birinci olanlar, o dünyada axırıncı olacaqlar".
***
"Leyli və Məcnun"da Məcnun eşqə düşəndən sonra əsərdə zaman anlayışı qırılır, hansı hadisənin hansı vaxtda baş verməsi tam bilinmir. Vaxt anlayışı ikinci plana keçir. Bunu görüşlərin ardıcıllığı tənzimləyir. Məsələn, Leylinin Məcnunla görüşü, Nofəlin Məcnunla görüşü və sair. Eşq öz tarixçəsini, zamanını diktə edir. Maraqlı olan nədir: əsərdəki bölmələr və o bölmələrdəki hadisələr özündə ən vacib faktları cəm edib və oxuduqlarımızın hamısı bu və ya başqa formada qəhrəmanların ömrünün ən vacib hissələridir. Bununla da qəhrəmanların ömrü yox, eşqə həsr edilən zaman əsərdəki vaxt anlayışını ehtiva edir.
***
Əsərdə Nofəl, Zeyd və Leyli eşqə çatmaq üçün Məcnuna kömək edirlər. Ancaq Məcnun, biz düşündüyümüz anlamda ona qovuşa bilmir. Məcnun arzusuna çatsaydı, Qeysliyə qayıdacaqdı. O, sevdikcə ilkinliyindən uzaqlaşmışdı, çatdığı məqam geriyə yolu bağlamışdı. Vüsala yetməyini istəyənlər onu geri - Qeysliyə çağırırdılar. Məcnunun qət etdiyi məsafə isə o qədər uzaq idi ki, o dövranın, zəmanə adamlarının çağırışlarını eşitmirdi. Bəlkə də, geri çağırıldıqca irəliyə daha çox can atırdı. Məcnunun "korluğu" Leyini görməyindən, "karlığı" zəmanənin diktəedici səsinə "qulaqlarını tutmaq"dan başlayır...
***
Məcnunun gözəl bir qadının qucağında kiriməsi, sünnətli doğulması və s. elementlər obrazın ilahi paklığının göstəricisidir. Məcnun o təmizliklə də sevərək, zəmanənin çirkabından qorunaraq, ilkinliyini - yaradılışındakı paklığı saxladı. Məcnun İlahi tərəfindən ona bəxş olunanlara sadiq qalıb ədəbi oldu, Leyli isə Məcnunun bəxş etdiyini - eşqi qoruyaraq unudulmazlaşdı.
***
Füzuli "Xəmsə"yə daxil olan əsərlərdən birini - "Leyli və Məcnun"u qələmə alıb. Ancaq burda Məcnun elə qiyaslanmaz, elə bəşəri bir qəhrəmandır ki, ona təkcə aşiq demək haqsızlıq olar. Bu mənada Nizaminin insan fəlsəfəsinin alqoritmi Füzuli yaradıcılığında bir qədər fərqlidir. Füzuli bir qəhrəmanla - Məcnunla - Nizaminin adi insandan peyğəmbərliyə qədər ucalan obrazlarına tay oldu. Füzulinin Məcnunu:
* Qeys kimi adi insandır;
* eşq sultanlığında Xosrova bənzədilə bilər;
* ucaldığı aşiqlik mərtəbəsinə görə Bəhramın keçdiyi sınaqlı kamillik yolunun yolçusudur;
* əqidəsinin dönməzliyinə, fanilik hissini unutmamasına və s. xüsusiyyətlərə görə isə İsgəndər kimi "peyğəmbərləşən" (eşq timsalında) obrazdır.
Nizaminin ayrı-ayrı həyat imtahanlarında, dövran sınaqlarında kamilləşən və zirvəyə çatan qəhrəmanları Füzulidə ancaq eşqin sınağından çıxan bir obrazda birləşir.
***
Məcnun atasının sözüylə Kəbəyə gedir. Orda dərdinə dərman yox, eşq diləyir. Füzuli bu duanın qəbul olunduğunu aşkar yazır: "Bu Məcnunu-biçarənin Kəbəyə üz tutduğudur və münacatla sevdası artdığıdır". Əslində, bu hissədən sonra Məcnunun onsuz da əsrlərdir (Füzuliyə qədərki "Leyli və Məcnun"larda) hamıya məlum olan aqibəti oxucuya məlum olur. Məcnun uşaq vaxtı dayəsindən süd yerinə qan içmişdi, odur ki, eşqin də süd kimi insanı bəsləyənini yox, qan misalı canını alanını dilədi. Bu sözlər Məcnunun özünə "qarğışı"dır:
Az eyləmə inayətimi əhli-dərddən,
Yəni ki, çox bəlalara qıl mübtəla məni.
***
Bəs nəyə görə yaşlılar, zəmanədaşları, hətta sevib-sevilənlər belə Məcnunu anlamırdılar? Niyə "Leyli və Məcnun"da elə göstərilir ki, sanki o çağacan sevib-sevilmək xoş qarşılanmırmış. İnsanları bir-birinə qarşı anlaşılmaz edən, fərqləndirən düşüncədən, əqidədən başqa bir də zövqün fərqidir. Zövq ayrılığı ən qəddar cəbhələşmələrin belə yaranmasına səbəb olur. Məcnunun cəmiyyət tərəfindən anlaşılmamasının başlıca səbəbi onun eşq, sevda zövqünün başqa - daha ali olmasındadır. Hər dəfə kimsə yeni zövq aşılayanda, əlbəttə ki, qarşısına sədd çəkənlər tapılır. Məcnunun sevgisi yox, eşq zövqü başqa idi, o ayrı cür sevirdi. Ona görə də cəmiyyət onu başa düşmədi, "dəli" adlandırdılar. Məcnun da insanlardan məhz zövqünə görə ayrı düşdüyünü bilirdi, ona görə də cəmiyyətdən uzaqlaşmaq, bir az da "əlçatmazlaşmaq" üçün özünə daha ali zövq arzuladı. Zövqü gözəlləşdikcə də aşiqliyin digər mərhələlərindən kam ala bildi. Məcnun zəmanəsində elə məqamlara yaraşan zövq sahibləri, demək olar ki, yox idi deyə o, bir az da ucada tənhalaşa bilirdi. Bu səbəbdən, Məcnun Kəbədə dua edəndə üz tutduğu ünvandan zövq dilədi:
Eşq içrə müdam şövqümü artır,
Şövq ilə həmişə zövqümü artır.
***
Leyli dərdini, sevgisini çırağa, şama, səbaya, pərvanəyə və s. şikayət edir. Məcnun isə halından razıdır. Eşq Məcnunda razılıq, məmnunluq yaradır, Leylidə giley, şikayət. Bunun əsas səbəbi isə mühitdir: Çünki Məcnun eşqini azad, Leyli isə zəmanənin yaratdığı həbsxanada yaşayır. Eşq Məcnuna azadlıq, Leyliyə zindan nəsib edir. Bu məqamda Məcnun Leylidən daha xoşbəxt görünür. Səhra Məcnunun azadlıq həbsxanasıdır...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!