Yazıya qoyduğum başlıq adi başlıq deyil, insanlarımızın son 20 ildə şeirə baxış bucağıdır. Bəli. Kimsə ölər, biri digərinə üç-beş metr kənardan deyər ha, "bax gör ölüb?" və o digəri də yerdə lal-sükut uzanan adama yaxınlaşmağa qorxar ha, bax onun kimi. Yurdumun insanlarından kimsə nə zamansa cəsarətlənib, yerdə uzanan şeirə yaxınlaşıb və öldüyü qənaətinə gəlib. Bu fikir birinci dəfə kimin ağzından çıxıb, bilmirəm, amma nədirsə, günümüzün virusundan, pandemiyasından daha yoluxucudur. Hətta deyərdim ki, şeir ölməyib, diri-diri basdırıblar. Pandemiya, virus dedim, yəni bu diaqnozu bizimkilər icad etməyiblər.
Bəli, aşağı-yuxarı razıyam, nəşriyyatlar, kitab maqazinləri şeir kitablarına "xortlamış" kimi yanaşırlar. Təcrübəmdə olmasaydı, bunu yazmazdım.
Kitab təqdimatımı keçirəndən sonra kitab maqazinlərindən biri ilə danışmağa getdim ki, kitablarımı satışa qoyum.
- Şeir kitabıdır?
- Bəli.
- Açığı, bizdə romanlara ehtiyac daha çoxdur. Xüsusən də detektiv. Amma beş-üçünü verərsiz, qoyarıq satışa. Qazancın 60 faizi sizin, 40 faizi bizim.
- Hmm... Anladım. Çalışaram gələn dəfə detektiv şeirlər kitabımla gəlim. Təşəkkür edirəm.
Olmuş hadisədir, siz mənə inanın.
Amma...
"Ağlın şeiri elmdir, qəlbin elmi isə şeir".
Qorkinin özünü, daha doğrusu, sənəti müdafiə edərkən Leninə dediyi bu fikirdən yola çıxsaq, demək ki, qəlbimiz elmsiz qalıb, cahilləşib. "Şeir ölüb" deyənlər də bu fikirlə razılaşıb bunu etiraf etmiş olurlar.
Modern insanın "fəst fud"larla yaşaması, onun bütün həyatını bu qəlibin içinə salıb. "Fəst sevgi", "Fəst iman", "Fəst kədər", "Fəst qürur", "Fəst vicdan". Hər şey ayaqüstü, tezbazar, gündəlikləşdiyinə görə estetikasını itirib. Məsələn, dönərin, kotlet-çörəyin nə estetikası ola bilər ki?!
Cəmiyyət estetikliyini itirdiyinə görə şeir "ölü" tövrünə məruz qalır. Çünki indi gündəmə çevrilən şeirlər, daha dəqiq desək, "kütlə şeiri" estetik deyil. Silikonludur, botoksludur, dodağı dolğuludur, burnu hamınınkına oxşayır.
Kütlə formasızdır, ötəridir, sürüşkəndir. Kütləvi olan nə varsa, düzəldiləndir, istehlak olunandır. Estetik olan nə varsa, yaradılan və paylaşılandır. Ən əsası isə, estetika fərdi dəyərlərlə iç-içə olandır. Bu mənada kütlənin və kütləvi olan şeylərin bəşəri ideyalarla üzləşmək, hesablaşmaq kimi bir narahatlığı yoxdur. Ona görə də "kütlə şeirləri" daha tez ayaq açır, daha tez parlayır, daha tez sönür və əsl şeiri "ölü" vəziyyətinə salır. "Fəst"ləşən modern insanın estetikası olmadığı üçün estetika adına nə varsa, ona "ölü" kimi yanaşır.
Kütləviləşən şeirlərə baxsanız, görərsiniz ki, o şeirlər başqalarının həqiqətlərindən yapışmaqdan doğulan şeirlərdir. İnsanı şair edən isə onu orijinallaşdıran öz səhvləridir. Bəli, modern şeir ona görə də bu xalqın canına hopmur. Modern şeirin oxucusu iki-üç min olar, ya olmaz.
Bir haşiyə çıxım, mən modern şeir deyəndə intellektual şeiri nəzərdə tutmuram. Müqəddəs kitabları talamaq, yunan mifologiyasından şeirlər çıxarmaq intellektual görünmək üçün bəs etməsə də, hələ də buna sadiq qalanlar, poeziyamızda ancaq bu yolla ümumbəşəriliyə çata biləcəyini düşünənlər var. Bir yığın informasiyaya bənzəyən mexaniki, ruhsuz şeirlər (mətnlər) hətta müəllifin özünün bir yarpağını belə tərpədə bilmirsə, oxucunun hansı budağını silkələyə bilər ki?!
Modernləşən, amma mahiyyətcə köhnə olan insana vətənpərvərliyi "şəhidlər ölməz, Vətən bölünməz" misraları ilə çatdırmaq daha asandır, nəinki "vurulsan, həmişə irəli yıxıl, xilas et torpağı öz boyun qədər!" misraları ilə.
Bax, keç, bax, keç...
Tezbazar.
Sosial şəbəkələrdə ölüm haqqında statusa kədərlənib ardınca doğum günü olana təbrik yazdığımız kimi.
Şeir yemək, paltar geyinmək, yatmaq kimi gündəlik vərdişə çevrilməsə, olmayacaq. Çünki gündəlik olan nə varsa, qalıcıdır. Kütləvi olan şeylər isə əksərən qalıcı olmur, bir dəfə istifadə edib tullayırsan kənara.
Bir ümid yeri:
Vizuallaşan dünyada yazı olan nə varsa, ölümə məhkumdur. Amma ölülər bir gün mütləq diriləcək. Bu həqiqəti həqiqətən dərk edənlərin sayı artanda, şeir də yenidən diriləcək. Hələliksə, əziz estetika sevənlər, bir-birinizdən möhkəm yapışın, azsınız...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!