Ürəyim, başım və mən - Hekayə. Hədiyyə ŞƏFAQƏT

 

***

Ürəyim dolub-daşanda başımı götürüb gedirəm. Düz uçurumun kənarına. Bura mənim dünyanı uzaqdan, çox uzaqdan seyr edə bildiyim yerdir. Əlimi gözümün üstünə qoyub dumanlı görünən, xəyali təsir bağışlayan, haradasa nəfəs alan həmin o başqa həyatın səssizliyini ciyərlərimə çəkirəm. Tutqun havalarda o həyatla aramızdan dumanlar keçir. Bəzən yağış çiləyir. Bəzən başımın üstündə ildırımların çaxdığı olur. Bəzən də Ay işığında uçurumun düz kənarındakı ağacın gövdəsinə söykənib oturur, dizlərimi qucaqlayıram. Gözlərim dolur, göz yaşları axdıqca ayağımın altındakı dərin boşluğun o üzündə görünməsə də, mövcudluğundan xəbərdar olduğum şəhərin boz tünlüyünü, tanımasam da kim olduqlarını, necə həyatdan keçdiklərini fikrimdə canlandırdığım insanların yaşaya biləcəkləri ağrı-acıları fikirləşə-fikirləşə ürəyimi boşaldıram. Yüngüllük tapıram. Bəzən daxilimin bütün ağırlığı axıb ayaqlarımın altından sızqa şəlalə kimi uçurumun dibinə doğru süzülür. Suyun başında oturan əjdahaları xatırlayıb gülümsəyirəm, amma adamların yolu heç vaxt buralara düşmür.

Bəzən ürəyim dolub-daşanda tamam boşalır, ürəyimin boşluğunu götürüb gedirəm. Qaranlıq daxmamın divarlarına dəyib qayıdan yuxuların ağırlığı üstümü alanda qəlbimin dərinliyindəki gömgöy səma arzusunun ardınca qurumuş otların arasıyla uzanıb gedən dərinləşmiş ayaq cığırını tuturam. Başımı qaldırdımmı - səmadır. Gömgöy səma, anqappaq buludlar. Amma mənim cığırım uçurumun kənarındakı tənha quanq ağacının altında qurtarır. Hücrəmdən çıxar-çıxmaz üstümə yağan mavilikdən doymuram, daha çox uzaqda girintili-çıxıntılı silueti görünən dağlara can atıram, lay-lay buludların yerin o biri üzünə  qədər uzanan mənzərəsini izləyə-izləyə qışqırıram:

- Eheheheeeeyyyyy... 

Dağlar çox uzaqdadır. Səsim onlara çatmaz. Nə əks-səda verər, nə dəyib qırılıb tökülər. Ağırlaşmış, aşağı enmiş göy üzünə əllərimi uzadıb bir ovuc səs yığıram, bəlkə də söz yığıram, bəlkə də yuxu yığıram. Bilmirəm, daxilimdəki boşluğu doldurub daxmama qayıdıram, ayaqlarım yerə dəymir, yüpyüngül oluram, yüpyüngül.

 

***

Çöldən pəncərəmə rəngbərəng lentlərlə bir topa şar bağlamışam, rəngbərəng şarlar. Daxmamda da  hələ şişirdilməmiş bir qutu şar, bir qutu da rəngbərəng lent var. Yola çıxanda heç kim mənə: "Vacib şeyləri yığışdır", - deməmişdi. Könüllü sürgündəydim, bu qayalığın təpəsindəki tək adamlıq şəhərə köçəndə artıq həyatımın bir çox yükünü ora-bura atmışdım, unutmuşdum, üstündən keçmişdim. Bilirdim ki, yuxarı qalxmalıyam, aşağıda çəkisi hiss olunmayan bir kiçik əşya belə oraya doğru ağırlaşacaq. Ağırlaşacaq, məni ya ləngidəcək, ya aşağı çəkəcək. Yol gedə-gedə artıq nəyisə atmaq? Yox, bu mənlik deyildi, xasiyyətimi bilirdim, xasiyyətimi qabağıma qoyub danlamışdım, xasiyyətim də məni qabağına qoyub xeyli danlamışdı, beləliklə ortada artıq söz yığınından başqa heç nə hasil olmayanda hərə öz bildiyini etməli olmuşdu. Bir-birimizi rahat buraxmışdıq. Mən də evdən çıxanda çantama bir qutu şar, bir qutu da rəngbərəng lent qoymuşdum - ehtiyat üçün. Şam qoymamışdım, işıq Allahdan gəlirdi, yəni göydən. Su qoymamışdım, su Allahdan gəlirdi, yəni göydən. Gücümü də qoyub çıxmışdım, güc heç yerdən gəlmirdi, gəlməyəcəkdi də. İnsan olmayan yerlərə gedirdim, insan olmayan yerdə güc yada düşən deyil.

Kitablarımı bir dostuma bağışlamışdım, o da mənə boş bir dəftər vermişdi, sakitcə demişdi: "Heç kimə heç nə danışma. Bura yaz". Atam kimi. Yazırdım. Bəzən hər gün, bəzən günlər sonra. Sonra günlərin sayını itirəndə zamanı səhifələrlə hesablamağa başladım. Bu mənə tanış hal idi. Vaxt vardı yüzlərlə mətnin arasında arı kimi vurnuxanda da belə olurdu: Bu gün on səhifə - yaxşıdır; bu gün beş səhifə... - eh! Bu gün heç nə... - "necə olacaq?" - qorxu... Çörəkpulu. Zəhərə dönsün, dönsün elə zəhərə o günləri, tıxansın o səhifələr o günlərin boğazına, ordan çıxa bilməsin heç..

İndi vəziyyət başqadır, indi vəziyyət tamam başqadır, çörək yoxdur, çörəyə ehtiyac da yoxdur.

 

***

Ürəyim dolub-daşanda başımı götürüb gedirəm. Söz yox, ürəyim də bizimlə  gedir. Baş günahkardır. Baş həmişə günahkardır. Baş bilir ki, ürəyim dolub-daşırsa günahkardır. Ürəyim də bilir ki, dolub-daşırsa başqası günahkardır. Başla mən yaxşı bilirik ki, ürəyim dolub-daşıb eləmir. Sözdür, deyirik, elə şey olmur.

"Başın çox ağrıyacaq hələ", - belə deyirdilər. Çıxıb bu dağ başına köçməmişdən qabaq deyirdilər. Başım ağrımadı. Ürəyim ağrıdı. Ağrıyan ürəkdir deyə yalandan səs edib "dolub-daşıram" deməyinə göz yumuruq. Baş da, mən də. İkimiz də günahkar uşaq kimi sakitcə dayanıb ürəyin şıltaqlığının nə zaman səngiyəcəyini gözləyirik. "İndi dincələcək", - başım təsəlli verir. "Fikir verən kimdir?", - başa cavab verirəm, dur getdik, başı qarışsın. Ürəyimlə dil tapmaq asandır. Bir damcı yağışda islanmış torpaq iyi aldısa, bir udum sus səsi eşitdisə, bir baxımlıq uzaqlıq gördüsə vəssalam, hər şeyi unudur. Başla bir-birimizə baxıb başımızı yelləyirik: Bunun haray-həşiri də bura qədərmiş. Amma ikimiz də bilirik ki, ürəyin bu ərköyünlüyü elə bizim işimizə yarayır, uçurumun kənarında bitən tək ağaca söykənib oturanda ürəyim yerindən çıxıb gedir. Gah o başa, gah bu başa. Gah bir az aralıda bir daş üstündə oturub ayağının ucuyla torpağı qazıyır, gah da qurumuş otların üstündə üzüyuxarı uzanıb gözünü günəşə zilləyir. "Gözünü gün aparacaq", - deyirəm, eyninə almır. Özümə oxşayıb, mən də uşaq olanda edərdim bunu, qalxanda dəqiqələrlə ətrafda qaranlıqdan, bir də o qaranlığın içində sayrışan rəngbərəng işıqlardan başqa heç nə görməzdim.

İndi pəncərəmə bir dəstə rəngbərəng şar bağlamışam, rəngbərəng lentlərlə, bəlkə də, o şarların hamısı eyni rəngdədir. Bəlkə də, hamısı şəffafdır, amma mən günəşdən aldığım qaranlığımın içindəki rəngbərəng işıqları o vaxtdan bu vaxta özümlə gətirib şarların üstünə üfürmüşəm, daxilimdəki rəngarəngliyi pəncərə çərçivəsinə bağlayıb bir ağırlıqdan da belə xilas olmuşam...

 

***

Başım heç vaxt dolub-daşmır. Heç vaxt dolub-daşdığından şikayət etmir, xətrimə dəyməkdən qorxur. Çünki başımın içində ən çox yer tutan mən özüməm. Çox vaxt özümü mümkün qədər bir tərəfinə sıxıram, dolu evə də, dolu şəhərlərə də, dolu dünyaya da dözümüm qalmayıb. Ən çox da ürəyi dolu adamlara, çox danışırlar. Çox danışıb adamın başını aparırlar, bezirsən. Mən də bezmişdim, ona görə nəyim varsa yığışdırıb oralardan qaçdım.

Adamlar boş olacaqlar. Göy üzü kimi şəffaf olacaqlar, göy üzü qədər doluluğu, sıxlığı görünməz olacaq adamların. Boş olacaqlar ki, səni sıxışdıracaqlarını fikirləşməyəsən. İnsanların qapısını, kilidini, dəmir barmaqlığını gördünmü, bir də görmək istəməmək üçün gözünü yumacaqsan. Gözünü yumdunmu, gözün hər şeyə yumulacaq, hər şeyə yumulmuş gözün altında üsyan yetişəcək, dəlilik yığışacaq, açılmağa hazır dayanan silah kimi olacaq gözlərin - qarşındakı hədəfə çevriləcək. Qarşındakı hədəfə çevriləndə heç bir dağ başında uçurumun kənarında dayanıb dünyanı uzaqdan, çox uzaqdan seyr edəcək qədər bəxtin gətirəndə də Allaha yaxınlaşa bilməyəcəksən. Silahlı Allah olmur. Silahı olmayan Allah gözü  silahlı adamlara tərəf baxmır. Allahın baxmadığı adamlar səs-küylü dünyadan qaçıb heç yerə gedə bilmirlər. Qalırlar qırıla-qırıla, ürəklərindən dolub-daşanlar da axıb tozun-torpağın, günlərlə atılmayan zir-zibilin üstünə tökülür, yerindən də heç nə göyərmir, silah peyda olur.

Mən başımın içinə silah soxmamışam, mənim başımın divarlarından silah asılmayıb..

"Dilin var. Dilin!" - Başın fikridir.

"Hanı", - deyirəm, - "ağzımı açırammı?".

Başım barmağını gicgahına dirəyir: "Burdadır, burda".

Ordadır, amma indi ona ancaq mən cavabdeh deyiləm. Heç vaxt da ancaq mən cavabdeh olmamışam, ola da bilmərəm. Dil müharibədir, çoxlu səbəbkarı, çoxlu ölüsü, çoxlu zir-zibili var. Zibil demişkən, kiməsə acığım tutanda anam dodaqlarının altında deyinərdi: "Beynini zibil qabına döndərmə".

Döndərmişdim, adamların ürəyi dolub-daşıb içinə dolurdu, məni divara sıxışdırırdı.

Qaçıb gəldim.

 

***

Bir gecə yenə orada oturmuşdum, uçurumun kənarında. Kürəyimi yenə tənha ağaca söykəmişdim. Aysız, qaranlıq gecəydi. Ulduzlar həmişəkindən çox idi.

Darıxırdım.

"Hayla", - başım sükutu pozdu.

"İstəmirəm", - dedim.

"Yaxşı", - razılaşdı. Belə başla xoşbəxt olmamaq mümkün deyil. İstəmirəm, məsələ bitib.

"Mən istəyirəm", - ürəyimin səsiydi. Qınayıcı nəzərlərlə başıma baxdım. "Mənlik deyil", - cavab verdi. 

"Yalançı!", - ürəyimdən keçirdim.

Ayağa qalxdım. Uçurumun kənarıyla addım-addım ağacdan aralandım. Sonra geri qayıtdım, sonra aralandım, sonra geri qayıtdım. "Gedək yataq", - baş ehtiyatla dilləndi. "İstəmirəm", - bu dəfə ürək ağzımı açmağımı gözləmədi, "Gəl sən də otur".

Quru otların üstündə oturduq, sonra bəzən ürəyimin etdiyini etdim, üzüyuxarı uzandım, süd yolunun o başından bu başına kimi gedib-gəldim. Əlimi göyə qaldırıb barmağımı bir-bir ulduzların üstünə qoyub götürdüm. Düymə kimi. Basırsan, musiqi səsi gəlir. Basırsan, görüntü canlanır. Basırsan səs susur. Basırsan, kiməsə çağırış gedir. Bəzən o qədər çətin olur ki, barmağını düymələrdən birinə uzatmaq. Bəzən elə çətin olur ki, barmağının köməyi ilə bir düyməni ilgəyə keçirmək. Bəzən elə çətin olur ki, özünü barmağını bir düymənin üstünə qoymaqdan  saxlamaq.

Sonra gözlərimi yumdum. Fikrə getdim. Sapsarı günəş gəlib başımın üstündə dayandı, gün işığı içərini şirəli su kimi doldurub köpükləndi, köpüklənən gün işığının arasından səslər eşidilməyə başladı. Qarışıq səslər. Yetişməmiş, dəyməmiş, budağından qopub düşməmiş səslər. Divin hələ oğurlayıb aparmadığı, əjdahanın qabağını kəsmədiyi, qəhrəmanın oğurlayıb aparmadığı, insan qulağının hələ almadığı səslər.

Qəfəsə salınmamış səslər.

Nota alınmamış səslər.

Geri qaytarılmamış səslər.

"Aaaaah..." - ağzımı açdım, nəsə, yüngül bir nəfəs kimi bir şey aralanmış dodaqlarımın arasından sürüşüb özünü çölə atdı. Düz sinəmin üstünə. Sərinliyi üzümə toxunub məni tamam ayıltdı.

Qəfildən o demək olar unutduğum, amma sancılmış ox kimi illərdir ürəyimin ortasını yara edən cümləni xatırladım. Dik qalxdım. Ürəyimi dişnədim, başımı dişnədim.

"İndi necə olacaq?".

Cavab gəlmədi. Daxmaya qayıtdıq, ürəyim, başım və mən. 

 

***

Gecənin bir yarısı oyandım, dəftərimi başının altından çıxardıb cümləni ora köçürdüm: "Ananın gözlərindən iki damcı yaş süzülüb düşdü, heç nə demədi".  

 

10.07.2022


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!