Qalib Şəfahətin şəfahətli misraları - Yusif HƏSƏNBƏY

 

Şair Qalibin "Eşqə batır yanaqlarını" kitabındakı əsərlər yığcamdır, lakonikdir, sözə qənaətlə yazılmışdır. Forma axtarışlarının rəngarəng tapıntıları, həyat faktlarının, detalların bolluğu misraların dinamikasını gücləndirir, şeirlərin çəkisini, sanbalını artırır. O da çox dəyərli və gözəldir ki, poetik fikirlər ütülənmiş, trafaret qafiyələrlə, sürtülmüş təyini birləşmələrlə deyil, ilk baxışda göz qamaşdıran, duyğuları qıcıqlandıran, bir az köntöv, lakin təzə bədii obrazlarla ifadə olunur və müəllifi fərqləndirən bu cəhəti biz, onun yaşıdı olan gənc şairlərin yaradıcılığında da görmək istərdik. Ancaq bəzi hallarda forma və məzmunca təzə yaradılan və təqdim olunan söz və yaxud ifadə birdən-birə anlaşılmır. Yaradılmış təzə, həm də yaxşı yonulmamış söz misraların musiqi təranəsini "xaric" notlarla zədələyir. Oxucu bu "xaric"in mənşəyini araşdırır, onu doğru-düzgün anlamağa çalışır. Bu, əlbəttə, xoşagələndi, təqdir olunandı. Oxucu istər-istəməz oxuculuq "çərçivəsindən" çıxır, daha geniş yaradıcılıq sferasına daxil olur. 

Şair Qalib bir şeirində "Ürəyimə yağmır yağış, ürəyim quraqda qalıb", - deyə fəryad çəkir. Bizi düşünməyə vadar edir. Bəs axı, ay qardaş, bu "quraqda" nə deməkdi? Quraqda qalmaq necə olur? Bəli! Üstünə yağış yağmayan, sudan korluq çəkən, dumandan, çisəkdən məhrum torpaq dəmyə, quru torpaqdır. Şair sevgisiz, məhəbbətsiz yaşamağı bitkisiz, cücərtisiz dəmyədəki cansız, sönük həyata bənzədir.          

Bir qayda olaraq işi düz gətirməyən, çətinliklərlə üzləşən, əllərini göyə açıb,  Allahdan, tanrılardan aman istəyir, şaxsey-vaxseylərlə başına-dizinə döyür. "Çünki oldun dəyirmançı, çağır gəlsin dən "Koroğlu" atalar sözüylə təsəlli tapır. Lakin şair hesab edir ki, üzə çıxan bədbəxtliyin səbəbini başqa yerdə yox, özümüzdə axtarmalı və çətinlikdən qurtarmaq yolunu da özümüz tapmalıyıq. Gəlin "Vur başıma ürəyimi" şeirini birlikdə oxuyaq:

 

Sevib-sevilə bilməyib,

Danışıb dinə bilməyib.

Sənsiz ki, ölə bilməyib,

Vur başıma ürəyimi!

 

Etibarsız sirdaş kimi,

Başsız qalan, bir baş kimi,

Al əlinə, vur daş kimi

Vur başıma ürəyimi!

 

Adətən şeir oxuyarkən biz misraları pillə-pillə enib, vərəqin ayağındakı sonluğa, şeirin "konsovkasına" yaxınlaşırıq. Amma, sən demə, misra pillələri endikcə biz, kulminasiya nöqtəsinə qalxırıq. Bu kriteriya Qalibin əksər əsərlərində görünür. Amma bəzi şeirlərində forma dağıntılarıyla üzləşirik. "Gecəni çəkib qoymuşdu ayağımın altına, səhərə çıxmaq üçün! Gecə qəflətən sürüşdü ayağımın altından"... Fikir bitdi, şeir tamamlandı. Buna təəssüflənir, lirik qəhrəmanın halına acıyırıq. Lakin sonrakı "Gecədə tapa bilmədi özünü, qaranlıq içində itib-batdı" söhbəti şeirə yamaq kimi görünür. "Eşqə batır yanaqlarını", "Əllərində göy üzü" və buna bənzər bir sıra misralardan doğan assosiativ görüntülərin rəsmini kağıza köçürmək və şərh etmək olar. Lakin bu assosiativ təsir ayrı-ayrı intellektlərin dünyagörüşündən, düşüncə tərzindən, poetik duyumun kateqoriyasından, həssaslığın gücündən asılı olaraq dəyişə bilər. Müəllif belə dumanlı misralardakı fikirlərə aydınlıq gətirə biləcək heç bir detaldan istifadə etmir. Nəticədə şeir "təfsilatlar" mərəzindən qurtarır, uzunçuluğa son qoyulur. Misranı doğru-düzgün anlamaq şərəfi bizim ixtiyarımızdadır və təbii ki, belə məqamlarda "iman bir yerə, güman min bir yerə" gedir. Biz də yozmalarla, fərziyyələrlə, gümanlarla, bəlkələrlə əlbəyaxaya çıxırıq! Şair, şeirlə oxucu arasında körpü yaratmağa nail olur.

Bir zamanlar yemək yeyəndə də gözümüzün ucuyla oxuduğumuz dastanların, nağılların  romantik ab-havası bizi ömrümüz boyu tərk etmir. Şair Qalibin o sehrli aləmdən baş alıb gələn "Sevgi nağılı" şeiri bu gün nə qədər gərəkli, necə də aktualdır. Sevgiləri, məhəbbətləri gündən-günə cılızlaşan cəmiyyətimizi qəflət yuxusundan oyadan təbil nərələridir. Bir qayda olaraq nağıllarımızın sonunda göydən üç alma düşür. Nağılçı da bu almaların biri sənin, biri mənim, biri də nağıl söyləyənin deyib, nağılı bitirir. Nağılın mifik qəhrəmanı ovsunlanmışdır. Uçan xalça onu göyün yeddinci qatına qaldırır. Nurlar içindəki kəhkəşan xalçanın uçuş yoludur. Yollar boyu yanıb-sönən "Mikma", "Qəyənduz" ulduzları uçuşları tənzimləyən işıqforlar "Kiçik Ayı bürcü" cəhətləri göstərən kompasdır. Xəyalları göylərdə dolaşan lirik qəhrəman birdən qeyzlənir. "Alma nağılın sonunda düşür. Sən lap əvvəlində yedin almasını nağılımızın. Nağılımızın sonunda alma düşmədi... Daş düşdü sevgimizin yarımçıq binasından". Və nə təəssüflər ki, "Yandı bağrım hicr ilə, vəsli-ruhi yar istərəm, Dərdiməndi  xəstəyəm, dərmanı-didar istərəm" - deyə fəryad çəkmədi müasirimiz Məcnun. "Tutuşdu qəm oduna şad gördüyün könlüm! Müqəyyəd oldu ol azad gördüyün könlüm" - deyə göz yaşlarını axıtmadı Leyla! Biz sevgililərin halına acıyırıq. Məhəbbət nə üçün bir belə ucuzlaşıb? Heyifsilənirik. Amma müəllif də bu suala cavab vermir.

"Ümidsiz qaldıq" şeiri sanballıdır, ağırçəkilidir. Müəllif, əsrlər boyu millətimizin psixologiyasında tərbiyəvi-estetik kriteriya kimi yaşayan, "Əlsizin əlindən tutmaq", "Yıxılanı qaldırmaq", "Ehtiyaclıya gərək olmaq" kimi humanist normaların it-bat olacağından ehtiyatlanır. Əlbəttə! Yeri var! Şair bizi təkcə xalqımızın yox, cəmi insanlığın rifahına hesablanmış adət və ənənələrimizi yaşatmağa, zənginləşdirməyə çağırır.

 

Yol vermədik bir-birimizə

Yollarda azdıq.

Çatammadıq son mənzilə!

Ümidləri yelə verdik, yel apardı!

Arzuları çölə atdıq, sel apardı!

Eşqə əl uzandı. Kəsəmmədik, -

Əl apardı.

Bir sən qaldın, bir də mən!

Ümidsiz, arzusuz, eşqsiz.

Olmuşuq bir-birimizə gərəksiz!

Çinin Pekin şəhərindəki Diyarşünaslıq muzeyində xalqın tarixi keçmişini və bu günlərini müqayisəli əks etdirən eksponatlarla, fotosərgilərlə tanışlıqdan sonra, elə burdaca vətəndəki qohum-qardaşlar üçün xırda-para hədiyyələrlə doldurduğun çantanı çiynimdən aşırıb, çıxacaqsan eşiyə. Qədim rikşalarla, son dəbli maşınlarla dolu küçələrdə dolaşıb, yaşadığın ünvanı axtaracaqsan. Lakin hanı! Hardadı, divarlarında reklamları parlayan o otel? Nə qədər  axtarsan da "Səmtini, istiqamətini tapa bilməyəcəksən! Səni çaşqın görən Çinli gənc yanında ayaq saxlayacaq. Əlindəki çantanı götürüb səni öz maşınında axtardığın otelə gətirəcək. Maşından düşəcəksiniz. Çinli gənc cütləşdirdiyi əllərini sinəsinə sığıb bəlkə on dəfə, ya bəlkə on beş dəfə sənə baş əyəcək. Üzügülər, kefi kök oğlan səcdələri böyük məhəbbətlə, özü də gülə-gülə yerinə yetirəcək. Əslində sən ona minnətdarlığını bildirməlisən. Vaxt itirib, yanacaq işlədib. Amma noolsun? Çinli gənc bir ehtiyaclıya yardım əlini uzatmaq, kömək etmək imkanı qazanıb. Sən ona bir "Gərək olmaq" xoşbəxtliyi bağışlamısan.

Şairin əksər şeirlərində nəzərə çarpan bir cəhətin, - çoxluğuna daha çox ehtiyacımız olan - az sözlə dərin fikirlər söyləmək cəhdi və bacarığıdır və biz də bu üslubun sirayətedici olmasını istərdik. Ümumbəşəri şeir xəzinəsinin ən parlaq işçiləri ustad Fizulinin qələmindən çıxanlardı. Uzaqgörən ustad, təkcə şairləri yox, "hər ləhzə yoxdan var olan"dan istifadə edənlərin hamısını sözü qədir-qiymətə mindirməyə çağırmışdır. Füzuli kamanından poeziya hədəflərinə tuşlanan oxların heç biri boşa getməmişdir. Sərrast, mahir nişancan bütün oxları Allahın rizası və mehriylə hədəflərdə onluqlara oturtmuşdur. "Ver sözə ehya" deyib, sözün qədrini artıran şair sidq ilə öz qədrini də artıraraq, heç özü də bilmədən şöhrət zirvələrinə yüksəlmişdir. Söz gözəlinin nazından inciməyin. Onun ədalarını sevə-sevə, şıltaqlarına dözə-dözə ram edin. Lazım gələrsə rəndələyim, onu vəznin qəlibinə oturdun. Söz yanındakı sözlərin mənasını anlatmağa xidmət etsin. "Gər çox istərsən, Füzuli, izzətin, az et sözü" deyərək, bu təxirəsalınmaz problemin həllinə səfərbər olduğunu bildirir, həmkarlarını, qələm dostlarını da bu vacib məsələnin həllinə həvəsləndirirdi. Lakin kimə deyirsən? Sən saydığını say! Şərqin canlı korifeyləri hər fəsli bir qatır yükü dastanlar yazmaq, divanlar bağlamaq işini davam etdirirdilər. "Yerin qulağı var". Bu kəlamın doğruluğuna yapon şairləri bizi əsaslı inandırdılar. Füzuli babamızın məskun olduğu Ərəbistandan çox uzaqlarda yaşayan Yaponiya şairləri Füzulinin "az et sözü" tövsiyəsini eşitdilər. Beş misrada 32 heca olmaq şərtilə "Tanka"lar yazmağa başladılar. Gündoğar ölkədə qısa yazmağa meyillər gücləndi. Şair Baş -Yo üç misralıq - hər misrası dörd-beş hecalı "Hokku"ların müəllifi kimi məşhurlaşdı. Türkdilli xalqların şair oğlu Nazim Hikmət Füzulinin "az et sözü" kəlamına uyğun qısa şeir nümunələri yaratdı.

 

- Papirosun varmı, dedim,

- Var - dedi!

- Kibrit?

- Yox!

- Papirosunu küllərin atəşi

Yandırar dedim!

           

Şair Qalib Şəfahət can həkimidir. O, işini yaxşı bilən, bu sənətin sirləırindən agah olan loğmanlardan biridir. Bütün həkimlər kimi o da Hippokrat andına sadiqdir. Andın müddəalarında qızıl xətlə keçən insan ucalığını ucalarda saxlamaq, şəxsiyyətə qayğı və diqqət göstərmək kimi yüksək insani dəyərləri iş təcrübəsində reallaşdırır, şeirlərində təbliğ edir.

 

Sevgilim, qəlbimi qırma,

Soyuğa, borana tab gətirə bilməzsən!

Hələ neçə qarlı, çovğunlu

Qış var qabaqda!

 

Dolğun, ictimai məzmunlu, həm də böyük Füzulinin "az et sözü" tövsiyəsinə rəğmən əsərlər yazan Qalibin yaradıcılığın ziqzaqlı yollarından şərəflə keçəcəyinə inanırıq.

 

May 2022


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!