Ömrün gözəl anları - Südabə SƏRVİ

 

Bu gün Azərbaycandan kənarda yazıb-yaradan, milli-mənəvi dəyərlərimizə həmişə sadiq qalaraq vətəni layiqincə təmsil edən yazarlarımız çoxdur.

Belə dəyərli qələm sahiblərindən biri də uzun illərdir Rusiyada yaşayan Azərbaycan və Rusiya Yazarlar Birliyinin üzvü, Ümumrusiya və Beynəlxalq ədəbi mükafatlar laureatı, Əməkdar mədəniyyət xadimi Knyaz Qoçaqdır.

Knyaz Qoçaq haqqında danışmaq ona görə xoşdur ki, o, bu gün doğma torpaqlardan minlərlə kilometr uzaqda olsa da, qəlbi, ürəyi daim burda - doğma vətəndədir. Bunu onun saysız-hesabsız şeirləri, esseləri, elmi və publisistik məqalələri sübut edir. 

Knyaz Qoçaq Azərbaycanın gözəl guşələrindən olan Beyləqanın Şahsevən kəndində anadan olub. Orta məktəbi də Şahsevən kəndində bitirib. Həmin məktəbi akademik Vilayət Quliyev, (hazırda Bosniya-Hersoqovinada Azərbaycanın fövqəladə və səlahiyyətli səfiridir), Azərbaycan ədəbiyyatının tanınmış yazarı - bir çox dəyərli romanların, povestlərin müəllifi Məmməd Oruc da bitirib. Knyaz Qoçaq Məmməd Oruc yaradıcılığına və şəxsiyyətinə böyük önəm verir. Əslində, Knyaz Qoçaq imzasını ilk dəfə Azərbaycan oxucusuna Məmməd Oruc "Sibirin Knyazı" adlı məqaləsilə məhz "Ədəbiyyat qəzeti"ndə tanıdıb.

Və bu gün "Ədəbiyyat qəzeti" haqqında çox böyük ürəklə danışır Knyaz Qoçaq. Qeyd edir ki, orda, uzaq Sibirdə qəzetin öz oxucuları var, internet vasitəsilə çıxan bütün  məqalələri böyük həvəslə oxuyurlar. Əslində, böyük fəxrdir ki, "Ədəbiyyat qəzeti" uzaq Sibirdə tanınır, sevilir və oxunur. Qəzetin daimi oxucularından biri də Sibirdə neft sektorunda çalışan, orda diaspora tədbirlərinin təşkilatçısı Əsgər Əsgərovdur. Əsgər müəllim hörmətli Azər Turanla İncəsənət Universitetində bir yerdə təhsil alıblar - deyir Knyaz Qoçaq və onu da əlavə edir ki, Əsgər Əsgərov Azər müəllim haqqında həmişə xoş sözlər söyləyir, onun tələbə vaxtı öz savadıyla, yüksək mədəniyyətilə bir çoxlarından  seçildiyini deyir.

Deməli, harda yaşayırsansa, orda vətən səninlədir. Əgər ürəyində o sevgini qura bilmisənsə.

Knyaz Qoçağın taleyinə qürbətdə yazıb-yaratmaq kimi çətin və şərəfli bir missiya düşsə də, ürəyindəki vətən sevgisi safdır, səmimidir.   

O, 1986-cı ildə Tümen Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Bir müddət Azərbaycanda çalışsa da, burada çox qala bilmədi. Qala da bilməzdi, çünki ədəbiyyatımızı, elmimizi orada - məhz Sibir kimi ucqar bir ölkədə tanıtmaq, təbliğ etmək lazım idi. Knyaz Sibirə - yenicə qurulmuş Pıt-Yax şəhərinə gəldi və burada qəzetlərin birində jurnalist kimi fəaliyyətə başladı. Onun hazırladığı materiallar həm yerli sakinlərin, həm də ədəbiyyat adamlarının, söz yazarlarının diqqətini çəkirdi.  Bu yazılarda Knyaz müəllim Azərbaycan haqqında bizim yerləri bəlkə o qədər də yaxşı tanımayan yerli əhaliyə vaxtaşırı məlumatlar verirdi. Çox keçmir ki, o, Pıt-Yaxda "Novaya Severnaya qazeta" adlı bir qəzetdə çalışmağa başladı. Artıq redaksiya heyətinin üzvü idi. Heç şübhəsiz ki, bir azərbaycanlı kimi bu, Knyaz Qoçağın gələcəyə gedən böyük uğurlarından biri idi.   

Knyaz Qoçaq 2002-ci ildə Xantı-Mansiysk Muxtar Dairəsi Pıt-Yax şəhərinin fəxri vətəndaşı seçilir. Onu da qeyd edim ki, Xantı-Mansiysk Muxtar Dairəsində indiyə qədər heç bir jurnalist bu ada layiq görülməyib.

Sonradan Knyaz Qoçağın yaradıcılıq əhatəsi daha da genişlənir. Artıq Rusiyada onun imzasını tanıyır və yazılarını digər qəzet və jurnallarda dərc edirdilər. Soydaşımız bu ilin iyin ayından Rusiyada çox məşhur olan elmi populyar "Nauka i religiya" jurnalının redaksiya şurasına üzv seçilib. Bu jurnal ona çox doğmadır. Elə buna görə də Knyaz Qoçaq jurnalı abunə kampaniyalarında həmişə müdafiə edib, edir, hətta bunun üçün müəyyən xoşməramlı aksiyalar da keçirir.

"Nauka i religiya" jurnalının redaksiya şurasında kimlər yoxdur? Tarix elmləri doktoru, Moskva Dövlət Universitetinin professoru Dmitri Voloduxin, həmyerlimiz - filologiya elmləri doktoru, professor, akademik Çingiz Hüseynov, "Literaturnaya qazeta"nın keçmiş baş redaktoru yazıçı Yuri Polyakov, şair, esseçi, tərcüməçi, ədəbiyyat tarixçisi Mixail Sinelnikov kimi tanınmış simalar dərginin redaksiya şurasındadır. Belə məşhur yazarlarla bir sırada addımlamaq, şübhəsiz ki, Knyaz Qoçaq üçün çox qürurvericidir.

Bu münasibətlə onu təbrik edənlər arasında jurnalın texniki redaktoru Vladimir Praç, Dağıstan Yazıçılar Birliyinin sədri, Xalq şairi Maqomed Axmedov, Yaroslavl vilayəti Yazıçılar Birliyinin sədri Məmməd Xəlilov, balkar şairi Mutalib Beppayev və başqaları vardı.

2021-ci ildə oktyabr nömrəsində bu jurnalda Knyaz Qoçağın yaradıcılığına həsr olunmuş məqalə və silsilə şeirləri, həmçinin "Bağda ərik var idi" ("V sadu bıl abrikos") hekayəsi yer alır. Bu hekayə ədəbi mühitin diqqətini cəlb edir. Qeyd edim ki, hörmətli yazarımız Məmməd Oruc hekayəni Azərbaycan dilinə tərcümə edib. Məmməd Oruc bu barədə "525-ci qəzet"də məlumat verir.

Knyaz Qoçağın yaradıcılığına digər Rusiya mətbuatında da geniş yer verilir. Onun yazıları "Literaturnaya qazeta", "Literaturnaya Rossiya", "Den literaturı", "Nezavisimaya qazeta", həmçinin "Literaturnıy Azerbaydjan" "Podyom", "Muza", "İstoki", "Akademiya poeziy", "Erintur" mətbu orqanlarında və almanaxlarda çap olunub.

Oxucuda sual yarana bilər ki, bəs orta məktəbi ana dilində bitirən Knyaz Qoçaq necə oldu ki, yaradıcılığını rus dilində yazmaqla davam etdirdi? Bu barədə həmyerlimiz belə deyir:

"İllər öncə sevimli Xalq yazıçımız Anarın rusca yazdığı esselərini oxuduqdan sonra məndə rus dilində yazmağa çox böyük maraq oyandı və bu esselər məni bu dildə özünü ifadə etməyə öyrətdi".

Bəli, zaman sübut etdi ki, o, heç də yanılmayıb. Onun rusca yazdığı şeir və hekayələri oxucu kütləsi tərəfindən böyük maraqla qarşılanır. Düşünürəm ki, doğrudan da, müqəddəs "Qurani-Kərim"də deyildiyi kimi, "insan can atdığı şeyə nail olur". (Nəcm surəsi, 53).  Allahın insana əmanət etdiyi ömrü insan boş-boşuna keçirməməlidir. Yaradıcı insanlar heç şübhəsiz, Allahın nemət bəxş etdiyi o şəxslərdir ki, öz potensiallarını xalqın xeyrinə sərf edirlər.

Knyaz Qoçaq Xalq yazıçısı Anarı dünya intellektual nəsrinin görkəmli nümayəndəsi adlandırır. Deyir ki, biz Azərbaycandan uzaqda qeyri millətlərin bizim görkəmli yazıçı və şairlərə, incəsənət işçilərinə verdikləri dəyərlərin şahidi oluruq.

Bəs bizdə necə, öz yazarlarımıza, istedadlı qələm sahiblərinə, incəsənət adamlarına dəyər verə bilirikmi? Zənnimcə, yox. Azərbaycandan kənarda isə bizim yazıçıları oxuyurlar və dəyər verirlər. Bir misal çəkmək yerinə düşər. Tarix elmləri doktoru, professor, Moskva Yazıçılar İttifaqının katibi, tənqidçi, akademik Lola Zvonaryova Xalq yazıçısı Anarı əfsanəvi Anar adlandırır. Anar müəllimin daimi oxucusu olan akademik Zvonaryova Azərbaycanda olub, Xalq yazıçısı Anarla şəxsən görüşüb və bu böyük yazıçı ilə görüşü ömrünün ən gözəl anları adlandırır. 

Lola xanım Knyaz Qoçaq haqqında xoş sözlər söyləyib. Bir məqaləsində Lola xanım yazır: "İndiki zəmanədə Knyaz Qoçağın ən böyük missiyası, xidməti odur ki, rus oxucularına Azərbaycanın qədim mədəniyyətini tanıtmaqda, dərinliyi ilə anlamaqda kömək edir...".

"Azərbaycanın qədim mədəniyyətini rus oxucusuna tanıtmaqda..."

Həqiqətən, dəyərli sözlərdir. Kənardan Knyaz Qoçaq təvazökar görünsə də, əslində gördüyü işlər onu gözümüzdə vətənpərvər yazar kimi ucaldır.

Knyaz Qoçağa ən böyük dəyəri Rusiya prezidenti verdi. Oxuculara məlumat verək ki, Rusiya prezidenti Vladimir Putinin 1 aprel 2022-ci il tarixli qərarı ilə Knyaz Qoçağın çoxillik yaradıcılıq fəaliyyətinə görə ona "Təşəkkürnamə" elan edilib ("Bloqadarnost") və bu mükafatı bu ilin iyunun 11-də Xantı-Mansiysk Muxtar Dairəsinin qubernatoru Natalya Komarova şəxsən özü Knyaz müəllimə təqdim edib.

Knyaz Qoçaq yaşadığı vilayətdə orda yaşayan soydaşlarımızdan ibarət "Diaspora ədəbi axşamları" təsis edib və mütəmadi olaraq onun başçılığı ilə yerli azərbaycanlılar bu məclisə toplaşırlar.

44 günlük İkinci Vətən savaşında orada yaşayan soydaşlarımızın, həmçinin Knyaz Qoçağın gözü Azərbaycan televiziyasında idi. Knyaz Qoçaq gecə-gündüz xəbərləri izləyir, işgaldan azad edilən torpaqlar haqqında yerli Tümen TV-də çıxışlar edir, əhaliyə məlumat verirdi. Sonra "Diaspora ədəbi axşamları" məclisində toplaşaraq Zəfər gününü qeyd edirdilər.

Knyaz Qoçaq Azərbaycan ədəbiyyatını həmişə izləyir, yaxşı əsərlərə, yazılara münasibətini bildirir, diqqətini çəkən əsərlər haqqında Rusiya mətbuatında çıxışlar edir. Dünya şöhrətli yazıçı Çingiz Abdullayevin yaradıcılığı Knyaz müəllimi həmişə özünə çəkib. "Literaturnaya qazeta"da yazdığı geniş məqalədə o, Çingiz Abdullayevi müasir klassik adlandırıb. Onun fikrincə, Çingiz Abdullayev məşhur rus yazarlarından daha canlı yazır. İsa Hüseynovu Azərbaycan nəsrinin dahisi kimi qəbul edir, onun Nəsimi haqqında "Məhşər", "Yanar ürək", "İdeal" romanlarını ədəbiyyatımıza başucalığı gətirən əsərlər kimi dəyərləndirir. Yazıçı Elçin Əfəndiyev haqqında da Rusiya mətbuatında məqalə ilə çıxış edib. Knyaz Qoçaq Elçin haqqında "o, həmişə əla yaradıcılıq formasında olmağı bacaran böyük yazıçıdır" - deyir.

"Elçinin "Baş" romanı və ondan əvvəlki əsərləri mənim nəzərimdə nə qədər Azərbaycan varsa o qədər qalacaq. Bu əsərlər heç vaxt öz təzəliyini, təravətini itirməyəcək. Arzum budur ki, bu il Bakıya gələndə Elçin müəllimlə şəxsən tanış olum, yaradıcılığının dühasına görə baş əyim, deyim ki, ustad, Allah sizi ədəbiyyatımıza, xalqımıza, Azərbaycan adlı diyarımıza çox görməsin. Üç il əvvəl Bakıda olanda Kitab Mərkəzindən, başqa mağazalardan onun öz aktuallığını həmişə saxlayan kitablarını alıb Rusiyadakı yazıçı dostlarıma bağışladım. Elçin nəsrinə vurğun olan Yaroslavl vilayəti Yazıçılar İttifaqının sədri Aslan Dağıstanlıya, qardaşım qədər istədiyim Məmməd Xəlilova bağışladım. Məmməd Xəlilov dedi:

- Knyaz müəllim, mənim üçün belə bir dahinin kitabları hədiyyələrin hədiyyəsidir.  

Bununla onu demək istəyirəm ki, Rusiyada bizim yazarlara böyük dəyər verilir".

Knyaz Qoçaq daha sonra "Literaturnaya qazeta"da Nurafiz Hüseynlinin "Qanun" nəşriyyatında rus dilində çıxmış "Slyozı moix ruk" - "Əllərimin göz yaşı" kitabına "Put posle slov" adlı resenziya dərc etdirdi. Və bu məqalə Nurafiz yaradıcılığına bələd olanlar, onu bir şair kimi sevənləri tərəfindən məmnuniyyətlə qarşılandı. Tərcümə edənlər Siyavuş Məmmədzadə və gənc yazar Nicat Məmmədovdur.

"Nicat rus və azərbaycanca yazır, poeziyamızın cavan parlaq nümayəndəsidir. O, Qərb və Şərq motivlərində Şərq ruhunu saxlaya bilmək məharətindədir, ədəbi düşüncələrdə, poetik müşahidələrində zərgər dəqiqliyinə görə təkrarolunmaz yazardır" - deyir Knyaz Qoçaq. 

Tale İbrahimbəyov qardaşları ilə şəxsən tanış olub dəfələrlə görüşməyi, fikir mübadiləsi etməyi Knyaz müəllimə nəsib etdi. Onun "əfsanəvi kinossenarist" adlandırdığı kinorejissor, dramaturq Rüstəm İbrahimbəyova vəfatından sonra həsr etdiyi şeir Moskvada çıxan "Nezavisimaya qazeta"da dərc olunaraq diqqət çəkdi, analiz edildi və rus şairi, tənqidçi Aleksandr Çistyakovun məqaləsində müsbət qiymətləndirildi

Knyaz Qoçaq Xəlil Rza Ulutürkün, Anarın, Bəxtiyar Vahabzadənin, Sabir Rüstəmxanlının, Yusif Səmədoğlunun, İsmayıl Şıxlının və başqa dəyərli ziyalılarımızın xalqımızın milli oyanışındakı xidmətlərinin danılmaz olduğunu söyləyərək onların həm yaradıcılığına, həm də şəxsiyyətinə çox böyük dəyər verdiyini də dedi. 

Ziyalı sözünün mənası nur, işıq deməkdir. Ziyalı hər zaman xalqın görən gözü, düşünən beyni olub. Knyaz Qoçaq bu gün bir ziyalı kimi öz işıqlı əməlləriylə doğma yurddan kənarda xalqına xidmət edir. Mənim bu məqaləni yazmaqda da məqsədim 40 ildir Rusiyada yaşayıb-yaradan bir azərbaycanlı yazarı oxucularımıza daha dərindən tanıtmaqdır.

Nə qədər etiraf etməsə də, bir qürbətçilik var içində. Yazılarında, esselərində və şeirlərində o qürbətçiliyin ağrı-acısını duydum, "ürəyimlə qızdırmışam Şimalı..." - deyən yazıçının vətən həsrətilə çırpınan qərib ürəyini gördüm... Düşünürəm ki, bütün həssas ürəkli yazıçı-şairlərin dərdi bir-birinə oxşayır...

 

Şimal necə uzaqdır.

Mənsə ağ bir varağam!                                                                                         

Təkcə nənəm tanıyır

Məni nəvəsi kimi,

Əl qoyub kürəyimə

Ovsunlayır qəlbimi,

Anamın gözləritək,

Parlayır onun gözü.

Deyir ki, sən tez-tez gəl,

Yollara düşsün izin...

 

O insan xoşbəxtdir ki, yollara izi düşür. Və özündən sonra yaxşı ad qoyub gedir. Düşünürəm ki, bu gün Azərbaycandan kənarda yaşayıb xalqın xeyrinə işlər görən Knyaz Qoçaq kimi ziyalılarımız elə sağlığındaykən özlərinə abidə ucaldıblar: İnsanlıq abidəsi.

Tanrı belə soydaşlarımızı qorusun.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!