Yaddaş ağrıları - Şövkət Zərin Horovlunun sənədli xatirə-romanından parça

 

İstanbuldan gələn təyyarə Bakı hava limanına təzəcə enmişdi. Sərnişinlər səs-küylə qapının ağzına toplaşıb, açılacağını gözləyirdilər. Bələdçi qadının səsini eşidən camaatın arasında bir canlanma yarandı. Ortaboylu, qarayanız bir qadın kirpiklərindən yaş süzə-süzə körpəsini sinəsinə basıb "yol verin, yol verin" - deyə-deyə irəliləyirdi. Gah da ürəyində. - Ya Rəbbim, çata biləcəyikmi? - deyə pıçıldayırdı. O, nə ətrafdakıları görür, nə də eşidirdi. Zənbil kimi balaca uşaq nənnisini əlində götürən həyat yoldaşı narazılıqla üz-gözünü turşudan sərnişinlərdən tez-tez üzr istəyir, səssiz-səmirsiz onun dalınca insan topasını yara-yara gedir, gah da çığırıb az qala göyərən körpəni sakitləşdirirdi. Camaat nə isə ciddi bir hadisə baş verdiyini bu cavan ər-arvadın sifətindən başa düşdükləri üçün sükutla aralanıb onlara yol verirdilər. Uşağa görə pasport qeydiyyatı olan yoxlama məntəqəsində də onları çox ləngitmədilər. Gətirdikləri bağlamalara da məhəl qoymadan özlərini çıxış qapısına atdılar. Körpə də nə isə acı bir xəbər duyurmuş kimi dil-boğaza qoymur, aramsız qışqırır, ovunmaq bilmirdi.

- Yox, ürəyimə damıb ki, bəd bir xəbər eşidəcəm, - deyə beynindən keçirdi Fərəh. O, bunu anasının telefonda titrəyən səsindən, bacısının qəhər dolu danışığından hiss eləmişdi.

"Bircə o bəd xəbər olmasın, Allah. Onu özümə bağışlaya bilmərəm. Axı, iki ay bundan öncə Avropanın ən yaxşı həkimlərinə göstərmişdim onu. Ümid dolu cavablar almışdıq. Bir ay öncə Belgiyanın, Almaniyanın görkəmli yerlərini bizimlə bərabər gəzmişdi? Anamızın narahatlığını görüb. Heç yerim ağrımır - demişdi. Fəxrlə qulluğunda dururdum. Övlad qayğısından, kürəkənin hörmət-izzətindən danışdığını eşidib rahat nəfəs almışdım. Övlada bundan artıq hədiyyə nə ola bilər" - deyə düşünüb sevinmişdim.

Evə çatanda ətrafda heç bir hüzn əlaməti olmadığını görüb yeddinci mərtəbəyə birnəfəsə qalxdılar. Qapıda onu qarşılayan bacısının üzündəki kədərdən hər şey ona aydın oldu. Səsi boğazına tıxanıb qaldı. Nəsə soruşmağa taqəti çatmadı. Göz yaşlarını boğub özünü atasının otağına atdı. Elə bil iki gün bundan qabaq:

- Mən lap yaxşıyam, qızım. Yeddinci nəvəmi görmək arzum olub. Onu mənə çatdır - deyən atasının tanınmaz görkəmindən qorxdu.

Həkimlər uşağın 3 ayı olmamış təyyarəyə minməyə icazə vermirdilər - deyə çox əzab çəkirdi, Fərəh. Deyirlər ailədə ilk, bir də sonbeşik uşaq şirin olur. Amma ata Fərəhin ağlına, bacarığına görə onu çox sevirdi. Hamıdan kiçik olsa da bütün məsələlərdə, onunla hesablaşırdı. İndi onu yandıran atasının sonuncu nəvəsini gözdolusu görə bilməməsi idi.

Zorla kirpiklərini qaldırıb atasının solğun üzünə, sönməkdə olan zəif, son şüasını ətrafa salan şam kimi öləziyən gözlərinə baxdı. Gözlərində həyat əlaməti qalmamışdı. Ətrafındakı qohum-qardaşa, dörd qız balasına, ömür-gün yoldaşına dünəndən bəri bir kəlmə söz də deməmişdi. Körpə səsinə gözlərini açdı. İlahi, o gözlərdə nə qədər həyat eşqi, yaşamaq həvəsi vardı. Əllərini uzadıb yeddinci, son nəvəsini qucağına aldı, qızının alnından öpüb, kürəkənə əl verdi. "Oxxayyy" - deyə ətrafı həsrətlə süzdü. Bir neçə dəqiqədə elə bil Tanrı ona dünyalarca güc-qüvvət vermişdi.

Kənarda dayanıb aramsız göz yaşı tökən 52 illik ömür-gün yoldaşını, ürək dostunu gördü.

- Mənə elə soyuq baxma, səni nə qədər sevdiyimi yaxşı bilirsən. Mən yaşayacam, ağlama. Səninlə hələ çox söz-söhbətimiz olacaq. Nəvələrin çoxluğunda adam heç ölərmi?

Sonra əlinin işarəsi ilə onu yaxına çağırdı. Ətrafdakılara məhəl qoymadan qolunu boynuna dolayıb alnından öpdü.

Bu, onun 52 illik ömür yoldaşı ilə son vidası, axır görüşü idi. Ağrılardan qıvrıla-qıvrıla barmaqlarını sıxıb yumruğunu düyümlədi. Nə isə yenə deməyə çalışdı. Gözləri uzaqlara zilləndi. Xeyli duruxdu. Heç kəs səsini çıxartmırdı. Onun nə isə vəsiyyət edəcəyini güman edib dinmirdilər.

Böyük nəvəsi Hüseyn (o, Azərbaycanın Strasburq şəhərindəki səfirliyində diplomat işləyirdi) başının üstündə oturub tez-tez alnının tərini silir, "baba, mən burdayam, yanındayam" - deyə sanki ürək-dirək verirdi. Heç kəsin gözləmədiyi halda başını yastıqdan qovzayıb:

- "Yaşasın, vətən" - dedi.

Otaqdakıların hamısı heyrətlə bir-birinə baxdı. Bunun nə demək olduğunu kəsdirə bilmirdi. Neçə illərdi torpaq, yurd həsrəti çəkən, yaxın, doğmalarını yad qəbiristanlıqlarda dəfn eləyən bir oğulun, vətəndaş qeyrətli insanın son nəfəsdə dediyi sözə təkcə mən heyrətlənmədim. Sultanlar oylağı, ziyalılar ordusu yaradan qədim Soltanlı kəndində uyuyan ata-babalarının ruhuna qovuşmaq arzusunu dəfələrlə eşitmişdim.

 

***

Deyirlər, hər kəsin iki vətəni var. Biri hamıya ümumi ünvan olan böyük vətən, biri də göz açıb havasını udduğun, suyu, çörəyi ilə böyüdüyün, uşaqlığının, gəncliyinin izin saxlayan vətəndən qopan kiçik bir məkandı. Səsin dağlarında, ayaq izlərin torpağında qalan doğma yurddur ki, səni zaman-zaman ağladır, maqnit kimi özünə çəkir. Anamızın layla çaldığı eyvan, atamızın dəhrə sancdığı ağac, hər gün əyilib gözündən içdiyi kəhrizlər, bulaqlar nə qədər əziz, nə qədər doğma olur insana. Hüseyn Məhərrəm oğlunun son arzusu, istəyi də elə bu idi. Ölüm ayağında da o kiçik vətən, atalı-analı çayları, kövrək gəncliyi, şıltaq uşaqlığı idi onu çəkirdi. Deyirlər, ömrün son anlarında torpaq adamın ayağından çəkir. İnstitutdakı çətin işinə baxmayaraq uşaq kimi hər gəlib-gedəndən soraqlayırdı doğma kəndini, İran tərəfdən baxıb Arazın lap qırağında, Xudafərinə söykənən Soltanlının daşının-torpağının da talan olduğunu eşitdi. Bax elə o gün Hüseynin iç dünyası sökülüb dağıldı. Ümidləri qırılıb içinə töküldü. Əvvəllər tez-tez dilinə gətirdiyi şeirimdən bir bəndini ürəkyanğısı ilə dedi:

 

...Dərd bağrımı sökür yaman,

Gözlə qübar çökür, yaman.

Torpaq məni çəkir yaman,

Bizim ellər yerindəmi?

 

Ondan sonra əlimə qələm almayacağımı dönə-dönə desəm də, özüm özümə etibarsız çıxdım. Onsuz yaşadığım hər günün ağrılarını kağıza tökməyə ehtiyac duydum.

İnsan qəribə məxluqdur. Nə qədər əzab, məhrumiyyətlər görür-görsün, yenə yaşamaq istəyir. Yaşamadığı günlər, aylar, hətta anlar üçün yaşayır. Bir danılmaz həqiqət də var ki, insan öz ömrünün ssenarisini yaza bilmir, alnına İlahidən yazılanı özü poza bilmir. Alın yazısını, tale qismətini istədiyi səmtə yönəltmək qabiliyyətinə malik deyil. Alın yazısını ancaq öz yaşadığı qədər poza bilər ki, onun da son ucu ölümdür.

Bir insanın yanıb-yandırdığı, günahlı-günahsız, sevincli, kədərli anlarından yazmağı onunla 52 il nəfəs-nəfəsə, çiyin-çiyinə sevincini kədərini qoşa yaşayan bir adam yaza bilər.

Böyük bir ailənin, elmin ağır yükünü çiynində daşıyan bir dostun, qayğıkeş atanın, sədaqətli ərin ömür yolundan danışmaq nə qədər çətin olsa da özümə borc bilirəm. Bu borcu ürək ağrısı, çiyin yükü kimi özümlə o dünyaya daşımaq istəmirəm. Sadəcə olaraq o böyük ürəkli insanın, təvazökar alimin, öz bilik, bacarığı ilə elmdə özünə yol seçib, sadə mühəndislikdən elmlər doktoru, professorluğa qədər yüksələn bir tədqiqatçı pedaqoqdan yazmaq mənə çətin və ağırdır. Yuxarıda dediyim kimi, borcumdu. Bir şeirimdə dediyim kimi:

 

Tanrı qismətini gətirsək yada,

Bir ömür vərini biçmək çətindi.

Borclu yaşasaq da biz bu dünyada,

Borc altda dünyadan köçmək çətindi...

 

Hüseynov Hüseyn Məhərrəm oğlu 1937-ci ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. Orta məktəbin ən nümunəvi şagirdi kimi müəllimlərini heyran qoyub. Filologiya elmləri doktoru, professor Qəzənfər Kazımov məclislərdə danışanda (onlar on il bir skamyada oturublar) deyir ki, sinifdə çətin məsələ-misalı həll eləyə bilməyəndə Hüseynə müraciət edərdi. Hüseyn onu elə bacarıqla həll eləyirdi ki, onu kəşf edən Nyuton da elə asanlıqla həll edə bilməzdi (zarafatla).

Sadə kəndli oğlu sənayenin ən çətin sahəsi olan neft-qaz yataq axtarışı və kəşfiyyatı üzrə Azərbaycan Sənaye İnstitutunun Geoloji kəşfiyyat fakültəsinə qəbul olur. İnstitutda oxuyarkən dövrün ən ali təqaüdü sayılan Stalin təqaüdünü alır. Sonralar neft sənayesinin ən çətin sahələrində: "Nargin", "Qum" adalarında Bibiheybət neft yataqlarında işlədi. 1967-ci ildən ömrünün sonunadək (3 noyabr, 2012) həyatını bu instituta bağladı. Fakültədə aspirant, dosent, professor kimi işlədi. On səkkiz dərs vəsaiti, 9 dərslik 150 elmi məqalə müəllifi idi. Rusiyanın müxtəlif  institutlarında, Əfqanıstanda, Çinin Pekin şəhərində elmi konfranslarda mühazirələr oxudu. ADNA-nın Elmi Şurasının və Azərbaycan Respublikası Prezident Aparatı yanında Ali Attestasiya Komissiyasının "Yer elmləri" üzrə ekspert şurasının üzvü olub, işinə məsuliyyətlə yanaşdı. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 18 noyabr tarixli 1202 nömrəli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olundu.

Qeyri-şərtsiz deyərdim ki, Hüseyn müəllim öz sənətinin vurğunu - fanatı idi. Evdə etirazına baxmayaraq, qızlarının üçünü (Leyla, Lalə və Gülnarəni) öz ardınca çəkib mühəndis sənətinə yiyələndirdi. Sonbeşik Fərəh isə ADU-nun sosialogiya və sonra Beynəlxalq münasibətlər fakültəsini bitirdi. Öz sənətini öyrətməkdən həzz alardı Hüseyn. Bununla bahəm bədii ədəbiyyatı çox sevirdi. Dərin hafizəyə, möhkəm yaddaşa malik idi. H.Arifin, S.Vurğunun şeirlərini əzbər deyərdi. Aşıq-şair Qurbanini çox sevərdi. Aşıq sənətinin, sazın vurğunu idi. Bir dəfə səhər-səhər aşıq Şakir "Nə bağ bildi, nə də bağban" mahnısını elə şövqlə oxuyurdu ki, Hüseynin üzü bulud kimi tutuldu.

Əlini bərkdən dizinə çırpdı...

- Səndən xahiş edirəm, "Bizim eldə nə bağ qaldı, nə də bağban" adlı bir şeir yaz - dedi. Arzusunu yerinə yetirdim. Evdə elə o şeirini zümzümə edərdi.

1977-ci ilin oktyabrından 1980-ci ilin yayına qədər Əfqanıstana işləməyə göndərildi. Kabil Politexnik İnstitutunda mühazirə oxuyurdu. Üç il ərzində yad ölkədə neft-qaz axtarışı sənətini elə sevdirmişdi ki, sonralar bir çox tələbələri Azərbaycana oxumağa gəldilər. Əfqan və hindistanlı müsəlman tələbələri ona Ustad deyirdilər.

Sovet bolşevik qoşunları 1979-cu ilin dekabrında qəflətən Əfqanıstan torpağına girəndə çətin günlər, anlar keçirdi, Hüseyn. Mənsub olduğu xalqın, təmsil elədiyi dövlətin nümayəndəsi kimi borcunu yerinə yetirdi. Sovet-bolşevik rejiminə nifrət ən son həddə çatmışdı. Adicə bir çörək ala bilmədiyimiz vaxtlarda tələbələri onu çörək və ərzaqla təmin edirdi. Sovetlərdən gedən qeyri-müsəlman xalqların nümayəndələrinə də kömək eləyirdi. Elə bir vəziyyət yaranmışdı ki, hər kəsə ailə-uşağını qorumaq üçün göstəriş verilmişdi. Hüseyn müəllim çiynində avtomat gecələr keşik çəkir, gündüz dərs deyirdi. Təmkinini pozub, bizi qorxutmamaq üçün həyəcanını bildirmirdi. İki körpəsini, həyat yoldaşını ruhdan düşməyə qoymurdu. Partiya tapşırığını yerinə yetirəndə məsuliyyət göstərdiyi kimi, 1990-cı ildə də partiya biletini oda atıb yandıranda tərəddüd etmədi. Yadımdadır, 1980-ci ilin fevral-mart ayları Kabildə vəziyyət çox ağır idi. Sovetlərdən gələn (şurəvilər deyirdilər bizə) bir vətəndaş kimi bizi ölümlə hədələyirdilər. Xüsusən, "basmaçı" adlandırılan özbək, türkmənlərin nəvə-nəticələri şurəvilərə nifrət bəsləyirdilər. Bir növ, ata-babalarının qisasını almaq üçün nəyə desən hazır idilər. Bu ərəfədə partiyanın bir görüşü oldu,  bildirildi ki, kimin əsəbləri dözmürsə ölkədən çıxıb gedə bilər. Bu göstərişi qəbul edənləri vətəndə nə gözləyir bilirdik. Onda da Hüseyn mənsub olduğu dövlətə, partiyaya olan sadiqliyini itirmədi. Odun-alovun içində tələbələri Məzarı-Şərif şəhərinə yaxın "Şiferqan" neft yataqlarına təcrübəyə aparanda onunla əvvəlcədən vidalaşmışdıq. 1990-cı il Bakı qırğınından çox sarsıldı. Belə bir dövlətə, belə bir orduya bəslədiyi hisslər üçün özünü çox qınadı, sarsıldı. Ömrünün axırına qədər yurd, torpaq ağrısı ilə yaşadı. Didərgin ellərin, dağılan xanimanların dərdini çəkə-çəkə içində ağladı. Üç qardaş, bir ana, bir bacısını itirdi. Vətən deyə-deyə ağlını belə itirən anasının dərdini içində çəkdi. Son ümidi onun özünün doğma torpaqda uyuması idi. Deyirlər, son ümid qırılanda adam yaşaya bilmir, sınır, sındıqca kiçilir, kiçildikcə məhv olur. Sən özünü sınıb kiçilməyə qoymadın, Hüseyn. Sən kiçilmək üçün yox, ucalmaq üçün yaranmışdın. Odur ki, son nəfəsində: "Yaşasın Vətən!" deyib gözlərində vətən həsrəti çox sevdiyin torpağın qucağına getdin.

Bu qəribə ölüm bizi yandırdığı kimi, ürəyimizi iftixar hissi ilə döyündürdü. Sən bizimlə yox, torpaqla, vətənlə vidalaşdın. Torpağa olan məhəbbətini Fransanın Strasburq şəhərindəki səfirliyində diplomat işləyən, öz adının daşıyıcısı Hüseynə, Xəzər Universitetinin tələbəsi olan, indi arxitektor işləyən ən çox sevdiyin Rufatına, Abbasa, Nərminəyə, Mayaya, dörd qız övladına qoyub getdin. Torpağa sığındın, anan Leylinin qucağına sığınan kimi. Bax elə onda səni qucağına alan torpağa qısqandım. Ürəyimdən bir neçə misra qopdu.

 

- Bilsən necə sıxır sənsizlik məni,

Yuvası dağılan bir quş kimiyəm.

Nə yerəm, nə göyəm, yurdsuz məkansız

Bilmirəm kölgəyəm, xəyalam nəyəm...

 

İlk dəfə olaraq bu şeiri sənsiz yazdım. Çünki hər şeirimin, roman, povestimin ilk oxucusu, ilk rəy bildirəni sən idin.

Sənin şeirlərini oxuya-oxuya "mən də, deyəsən, şair olacam" - deyirdin.

1993-cü ilin bizə qara gələn yayında Xudafərindən o taya adlayıb erməni faşistlərindən can qurtaran ana-bacılarımızın başına gələn dəhşətlərdən, erməni vandalizminin çirkin əməllərindən bəhs edən "Arazdan gələn səs" romanımı oxuyanda acı-acı ağlamışdım. Səni heç vaxt belə ağlayan görməmişdim. Özünü ələ alıb: "Tarix haqqı nahaqdan ayıracaq, bulanan sularımız yenə durulacaq, haqqımız özümüzə qayıdacaq" - deyə özünə gümrahlıq verib məni toxtatdın.

İlk qələm təcrübəm olan "Duyğu yarpaqları" kitabımın əlyazması Əfqanıstanda tələf olanda, namizədlik işim yarımçıq qalanda (Əfqanıstana getdiyimiz üçün), əlimə bir də qələm almayacam deyəndə eyni tərzdə məni ruhdan düşməyə qoymadın. Yenidən ədəbi aləmə qayıtmağımın səbəbkarı yenə sən oldun. Həyatın çətin yollarını qoşa keçəndə qolumdan tutdun, insanları, insanlığı sevməyi səndən öyrəndim. Bir əlim qələmdə biri övlad, nəvə beşiyində qızlarımıza ana, nəvələrimizə nənə oldum. Həyatda nə qazandımsa sənin qayğın, nəvazişin sayəsində oldu.

 

...Dedin, göz yaşına dəyməz, bu dünya,

Hamını bir gözdə bilməz, bu dünya

Onu sevməyəni, sevməz bu dünya,

Dünyanı sevməyi səndən öyrəndim...

 

Sən özün də yaxşılardan öyrənib öyrətməyi sevirdin. Odur ki, ardınca böyük bir müəllim-tələbə ordusu məzarlığa səni yola salırdı. Onlar ömrünü təmənnasız yandıra-yandıra yetişdirdiyin ardıcılların idi. Elmin yolunda qarşına bədxahlar da çıxırdı. Onlar qaratikan kimi yolunun üstündə bitirdilər. Aspirant, dissertantlarının elmi işinə mane olurdular. O qaratikan kolları elə indi də elmin, təhsilin qabağını kəsir, səriştəsiz, elmdən çox da baş açmayanları irəli çəkirdilər. Dözə bilmirdin. Haqqın tapdalandığını gördükcə sarsılıb ürək ağrısı keçirirdin. 

2012-ci ilin ilk dərs günü həm də sənin doğum günün idi. Bayramsayağı geyinmişdin. Ağrılardan qıvrıla-qıvrıla auditoriyaya o il ilk və son dəfə girirdin. Kollektiv süfrə açıb sənin doğum gününü qeyd edirdilər.

Rektorun təbrikini sənə yetirdilər. Məni də özünlə aparmışdın... Nə isə elə bil mənsiz öləcəyindən ehtiyatlanırdın. Çox kövrəlmişdin. Hamı gizli-gizli ağlayırdı. O əlli iki il işlədiyin bir məbədlə sonuncu görüşünə kövrəlmişdin. Ölüm bir reallıq olsa da bu reallıqla barışa bilmirik. O da bir həqiqətdir ki, ölüm bəzən son hədd olmur. Adam var yaşamaq xatirinə yaşayır. Özündən sonra tez unudulur. Hüseyn müəllim ömürdən sonra ömür qazanan insan idi. Xoşbəxt o adamdır ki, cismini ruhuna girov qoyduğu dünyada əbədilik qazanır.

 

- Bütün insanlar həyata gəlir eyni cür,

Həyatdan gedir başqa cür.

Biri yaşamaq üçün,

Biri dünya dərdlərini daşımaq üçün yaşayır

Biri az, biri çox, yaşamaq payı alır,

Ölümdən sonra az adam qalır.

 

Həyatın da mənası elə az adamların cərgəsində olsaq deyilmi?

Hüseyn Məhərrəm oğlu az qalan adamlardan oldu.

Deyirlər, ruh gözəgörünməzdi. Mən belə düşünməzdim. Hər kəsin ruhu onun işində, əməlində, xeyirxahlığında, yazıb-yaratdığında əbədiləşir. Ölümdən sonra da yaddaşlarda qalır. Hüseyn müəllim aspirant, dosent, Geologiya Mineralogiya elmləri doktoru, fakültə dekanı, kafedra müdiri kimi yox, işi əməli ilə yaddaşlarda əbədi yaşayacaq.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!