Günün yorğunluğunu atmaq üçün gəzintiyə çıxmaq, bir az hava almaq istəyirdim. 88D aparatına daxil oldum, əvvəlcə Saturndakı lavanda plantasiyasında gəzdim, sonra ünvanı Genius qalaktikasındakı Qoqol planetinə dəyişdim, zaman sürətləndiricidə vaxtı 1/1024 etdim. Yarım saat da burada qaldım, ancaq zövq ala bilmədim. Qoqola ikinci gəlişim idi, ilk səfərimdə bəyəndiyim qırmızı qəsəbələr indi boğuq rəng almışdı, çox güman ki, daşqın olmuş, buralar lilli sudan çıxmışdı.
Bir saata yaxın 88D-də qalsam da, zövq ala bilmirdim, sonda "adamın öz evi kimisi yoxdur" deyib Yerə gəldim. Xəzər dənizinin sahillərini seçib zamanı 150 il əvvələ 2022-ə qurdum. Dənizin sahili ilə gəzdim, ayağımı yandıran qum, dənizin sərin suyu, sahildə oynayan uşaqlar, qorxmadan suya girənlər... Eh... İndi kim risk edib suya girər, torpağa ayaq qoyar?!
Sonra Amazonu seçdim, sonra Cənubi Afrika Respublikasına getdim, zamanı 3 milyon il əvvələ qurub Sesetolarla1 gəzdim, atalarımızın ovunu izlədim, çiy ət yedim (dadı çox pis idi).
Ekranda səyahət balansımdan 50% istifadə etməyimlə bağlı xəbərdarlıq görəndə "bu günlük bəsdir" deyib çölə çıxdım.
Hüceyrə yeniləmə proseduruna başlayanda neçə yaşımda öləcəyim, necə qocalacağım barədə heç bir təsəvvürüm yox idi, ortalama insan ömrünün 70-dən 180-200-ə kimi qalxacağı inandırıcı deyildi, amma 180 yaşımda hələ uzun illər də yaşayacağımı düşünüb sevinməmək olmurdu, bəzən çox sıxıcı günlər olsa da, hələ ki intihar barədə düşünmürdüm. Gözüm küncdəki kapsula sataşdı. Bizim kimi insanlar üçün "intihar kapsulu" məcburidir, mütləq otaqda olmalıdır, istifadə məcburi olmasa da, bu kapsulun olması yaşamağı daha da yüngülləşdirir.
Bəzən niyə kapsuldan istifadə etmədiyimi düşünürdüm, yəqin ki, sevə bilməsəydim, çoxdan bu aparatda külə dönmüşdüm.
Düşüncələrdən divarda yanıb-sönən siqnal ilə ayrıldım. 6-cı nəsildən nəvəm 6 yaşlı Hestia zəng edirdi. "Açıl" komandası ilə nəvəmi divarda gördüm. Qucaqlaşdıq, günlərdir niyə zəng etmədiyini soruşdum. "Predən ekskursiyaya göndəriblər, dörd gündür ki, buradayıq", - dedi. Sonra həyəcanla davam etdi:
- Baba, bütün babalarıma yığmışam, onların qurşaqlarında ya iş saatı bitməyib, ya da yuxu maşınındadırlar, ona görə heç biri cavab vermədi. Mənə kömək lazımdır.
- Nə kömək? - Soruşdum, - bir az aramla de, birlikdə bacararıq.
- Bax, baba, bu arxada gördüyün Ayda Yerin serveridir. 800 hektarlıq ərazidə olan qurğularda yerdəkilər üçün yaddaş serveri.
- Hə, Hestia, bunu bilirəm, orada olmuşam, bunu mənə niyə danışırsan?
- Hə, əsas məsələyə gələk. Serverlərdə yer azalır. İnsanlar hər cür məlumatı gərəksizcə depolayırlar. Yaxın gələcəkdə serverdə yer qalmayacaq, təzə serverin qurulması isə çox vaxt alacaq. Yaxın 20 ilin ən qlobal problemi yaddaş qıtlığıdır.
- Hestiam, ağıllı balam, nə etməliyik?
- Mən 10.000 nəfəri arxivini 50 % azaltmağa inandırmalıyam. Müəllim bu tapşırığı yerinə yetirmək üçün dörd gün vaxt verib.
- Aydındır, mən sənə kömək edərəm, inandırarıq, arxayın ol.
- Afərin sənə, mmmm.
- Timur.
- Hə, - gülümsədi, - Timur babam. Hələlik. Sənə Ay pomidoru gətirəcəyəm.
Adımı da yadda saxlamır, eh, o qədər babası var, məni necə yadda saxlasın. Düşündüm ki, işə başlamaq vaxtıdır, ən yaxşısı vloqda canlı yayım açım, izləyicilərə öz arxivimin 50 %-ni siləcəyimi deyim, hər kəsi bu çelencə qoşulmağa dəvət edim. O qədər izləyən var, hər 100 kişidən biri qoşulsa, 10.000 düzəlir. İlk öncə arxivimə daxil oldum. 440 yottabayt2. Deməli, ən azı 220 yottabayt silməliyəm. 88D ilə bağlı bütün arxivi bir papkaya ayırdım, təkcə bu 100 YB-a yaxın etdi. Sonra mahnılara keçdim, heç vaxt dinləməyəcəyim mahnılardan 1 petabayt3 ayırdım, mesaj arxivi, filmlər, sənədlər - bütün faylları gəzib 222 YB saf zibil çıxardım. Bir də toxunulmaz qovluğum var idi. Orada hər günün kameralardakı qeydini saxlamışdım, sevgilimlə - mənə 132 il yoldaşlıq edən birdənəmlə bağlı hər şey orada idi. İlk tanışlığımızın şəkilləri, hələ qapalı həyata keçid etmədiyimiz günlərdəki gəzişmələrimiz, ilk dəfə əl-ələ tutmağım, ilk öpüş, ilk sevirəm sözü, ilk ev, ilk uşaq, bir mərhələdən sonra hər gün, hər saniyə, birlikdə yaşadığımız hər şey. Bu arxiv 180 YB-a yaxın idi. Digərləri də vacib olan bir neçə sənəd. Yaddaş kartımı iki yerə ayırdım, birinin adını "önəmli 1", ikincisinin adını "önəmli 2" qoydum.
Saat 14:00-da canlı yayım açdım. Yayımın adını "yaddaşımın 50%-ni silirəm" qoydum. Bir anda yayıma maraq yarandı. Hər kəs dəvət göndərib yayıma qoşulanların sayını artırdı. Əsas ekranda Hestianın da yayım açmasını istədim. Əvvəlcə sözü Hestiaya verdim. 6 yaşlı Hestia serverlərdəki problemdən, yaddaşı azaltmaqdan və qənaətlə istifadədən danışdı. İllər öncə hava və sudan düzgün istifadə edilməməsi nəticəsində yaranan problemlərdən, qapalı həyata keçməzdən əvvəlki azadlıqlarımızdan danışdı, hər kəs duyğulandı, sonra sözü yenidən mənə verdi.
- Əziz izləyicilərim, bu gün Hestia üçün bu addımı atıram və həm gələcəyimiz, həm özünüz, həm Hestia, həm də bütün dünyamız üçün sizdən xahiş edirəm. Yaddaşınızı silin, sizə heç bir faydası olmayacaq faylları tapın, onları həyatınızdan çıxarın, dünyamızı qoruyaq.
Sonra "önəmli 2" faylını seçdim. "Sil" əmrini verdim. Fayllar silinməyə başladı, 1%... 4%... 7%... saniyələr sonra ekranda yalnız bir fayl "önəmli 1" qaldı. Canlı yayım şəxsi izlənmə rekorduma çatdı. Bəyənmə yağışı... Qoşulacağıq, qoşulduq, biz də silirik... ifadələri ilə şərh bölməsi doldu.
Canlı yayımı saxlayıb ayağa qalxdım. Özümdə bir rahatlama, yüngüllük hiss etdim, sanki çiynimdə daşıyırmış kimi bir yükdən xilas olmuşdum. İndi əsl istirahət vaxtı idi. Buzlu kofedən içib yerimə uzandım.
Birdən qəribə narahatlıq içimi bürüdü, ayağa qalxıb ekrana "açıl" əmri verdim, tez yaddaşa daxil oldum, "önəmli 1" qovluğunu açdım, içində ilk qovluğun adını görəndə məni soyuq tər basdı - "88D". İkinci qovluqda "mahnılar", üçüncüdə "filmlər".
Qorxu, həyəcan, kədər, üzüntü - bütün pis hissləri eyni anda yaşadım. Yanlış faylı silmişəm, bütün xatirələrim, onunla keçirdiyim hər şey silinib.
Geri qaytarmağın yollarını axtardım, tanıdığım İT mühəndislərinə zəng vurdum, aləmi bir-birinə qatdım, heç bir xeyri olmadı. Ay serveri üzrə nümayəndəlikdən kömək istədim, günlərlə məktub göndərdim, zəng vurdum, hər cür əlaqəni işə saldım, ancaq mümkün olmadı. İlk günlər içimdə ciddi inam var idi, inanırdım ki, qayıdacaq, amma... Həftələr keçdikcə ümidimi tam itirdim, hər kəs birmənalı şəkildə "yox" dedi.
İşdən çıxdım, günlərlə ancaq bir məsələni düşünməyə başladım, gah özümü qınadım, gah onun qarşısında nə qədər utandığımı düşündüm, onunla bağlı hər şeyi itirmək onu itirmək qədər ağır gəlirdi.
Və bu gün yaşamağıma heç bir səbəb qalmadığını anladım. İntihar kapsulu məni gözləyir.
Bu otağın yeni sakini kim olacaqsa, ondan xahiş edirəm, məktubumu Hestiaya çatdır.
Əlvida.
***
Hestia otağa daxil olanda babasını görə bilmədi, hamama getdi, "88D"-ə baxdı, amma babasını tapmadı. Gözü küncdəki kapsula sataşdı. Qapağı bağlı idi. Hestia hər şeyi başa düşdü, babasının kapsulun içində olduğunu, kim bilir neçə gün əvvəl intihar etdiyini qəbul etdi. Ekranın qarşısındakı məktubu oxudu, özünü babasının ölümündə günahkar bildi, hönkürtü ilə ağladı, kapsulun yanına gəlib "baba, bağışla, mənim səhvim idi" dedi. Atasına zəng vurub məlumat verdi, 30 dəqiqə sonra atası, digər qohumları, babasını tanıyanlar otağa gəldilər.
Ertəsi gün Yaşam İdarəsindən iki əməkdaş otağı təhvil almaq üçün gəldilər. Yeni sakinin hələ 40 yaşı olduğu üçün intihar kapsulunu otaqdan çıxardılar.
Kapsulu yerindən oynadanda nəsə dığırlanıb yerə düşdü. Hestianın babası üçün gətirdiyi Ay pomidoru çürüməyə başlamışdı.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!