Qardaşım Etibarın Facebook səhifəsindən təsəlli tapıram. Ötüb-keçmiş günlərimizlə, uşaqlıq xatirələrimizlə yeganə bağlantı yerimdir. Bu gün qəzeti çapa hazırlayanda düşündüm ki, Etibarın yazdığı bu şəkilli statuslar təkcə onun özünün həyatından keçən maraqlı epizodlar deyil, daha çox fikir həyatımızın işıqlı səhifələridir... Hərdən darıxanda Etibarın statuslarını oxuyuram. Əgər nəsə yazıbsa deməli, həyatındakı böyük kədərdən qaçmaq üçün yazıb... Böyük qardaşımın işıqlı yaddaşına sevgilərlə onun Facebook statuslarının bir qismini təqdim edirəm... Etibar maraqlı yazıçıdır. Amma mənə heç vaxt yazı göndərmir. Çoxları da onun yazıçı olduğunu bilmir. Romanları, povestləri, hekayələri... Bu statusları da özündən xəbərsiz dərc edirəm.
Azər Turan
18 fevral 2022
Kimlərsə bizi gözləyir... Amma bizlər də kimlərinsə həsrəti ilə yaşayırıq... Lakin nə acı ki, yaşadığımız bu dünyada onlarla görüşmək mümkünsüz. Və həmin görüşlərin çin olacağı arzusu ilə qovrulan nə çox insan...
Mən bilmirəm rəhmətlik Zəlimxan Yaqub bu şeiri hansı məqsədlə yazıb... Amma mən bu şeiri yuxarıda yazdığım kimi qəbul edirəm və bir dəfə rəhmətlik Zəlimxan Yaquba bu şeirlə bağlı qənaətimi deyərək, haqqında söhbət açdığım şeiri onun üçün əzbər söylədim:
Gələcəyəm
Gələcəyəm, gözlə məni,
Harda olsam gələcəyəm,
Qohum kimi, qonşu kimi,
Qardaş kimi gözlə məni.
Bir-bir yada salacağam,
Nələr olub, nələr keçib,
Ömür kimi, tarıx kimi,
Yaddaş kimi gözlə məni.
Sən özünü məndən ayrı
Nə yetim bil, nə arxasız,
Arxa kimi, dayaq kimi,
Sirdaş kimi gözlə məni.
Həyatına gələmməsəm
Ölümünə gələcəyəm.
Məzarının başındakı
Bir daş kimi gözlə məni.
Şeiri sona qədər deyə bilməmişdim. Qəhərlənmişdim. Mənim qəhərlənməyim rəhmətlik Zəlimxan müəllimə də ağır təsir eləmişdi...
5 may 2022
Dünən demək olar ki, bütün günü unudulmaz yazıçımız Fərman Kərimzadə haqqında düşünmüşəm. Nadir yazıçı, böyük insan, istiqanlı şəxs idi. Evimizdə dəfələrlə olduğundan, onun haqqında xatirələrim də çoxdur. Oğlu Əziz hərbi xidmətinin ilk ayını Neftçalanın Bankə qəsəbəsində çəkirdi. Bir dəfə oğluna baş çəkmək üçün ailəsi ilə Neftçalaya gəlmişdi. Əvvəl bizə gəldilər. Atam evdə yox idi. Mənimlə birlikdə Bankəyə gəldik. Hərbi hissənin qarşısında mən, sadəlövhcəsinə - siz maşında əyləşin, mən Əzizin icazəsini alıb gəlirəm - dedim. Həmin hərbi hissədə mənim yaxın bir qohumum işləyirdi. Ona arxayındım. Darvaza önündəki növbətçi məntəqəsinə gəldim. İcəridə zabitəli bir azərbaycanlı kapitan var idi. Qohumumu suruşdum, yox idi. Sonra da rəsmi şəkildə - xahiş edirəm, bayıra çıxın, burda gözləmək olmaz - dedi. Pəncərədən bayıra baxdım. Fərman müəllim "Jiquli"də, həyat yoldaşı ilə birgə Əzizi və məni gözləyir. Danışmağa meyli olmayan sərt təbiətli hərbçi isə mənə - bayırda gözlə - deyir.
- Bura bax - artıq danışmaqla heç arası olmayan hərbçiyə müraciət edirəm - sən "Axırıncı aşırım" filmini görmüsən?
Mənim qəribə sualım kapitana da qəribə gəlir.
- Nə qarlı aşırım? Nə film? Sizə dedim burda dayanmaq olmaz.
- Hər halda görmüsən də "Qarlı aşırım"ı? - İnadla dilləndim və bayırdakı qırmızı "Jiquli"ni hərbçiyə göstərərək:
- Abbasqulu bəy gəlib - dedim. - Oğlunu görmək istəyir.
Kapitan təəccüblə əvvəl mənə, sonra "Jiquli"yə baxdı.
- Necə yəni Abbasqulu bəy gəlib?
- Maşındakı Fərman Kərimzadədir - dedim.
Bir anda hərbcinin düyünlənmiş qaşları açıldı.
- Ay Allah evini tiksin, bunu bayaqdan de də - deyib özünü bayıra atdı. Fərman müəllimi necə böyük ehtiramla qarşıladı, - bunu yalnız görmək lazım idi. Qoluna girib onu hərbi hissəyə apardı. Bir talvarın altında çay süfrəsi açdırdı. Əzizə 3 günlük məzuniyyət verdilər...
Fərman müəllim axıra qədər elə bildi ki, kapitan mənim dediyim həmin hərbçi qohumumdir və bu canfəşanlığı da hardasa mənə görə edir.
Təbii ki, belə deyildi.
Və mən özüm hərbi hissənin daxilini məhz Fərman müəllimin hesabına ilk dəfə idi görürdüm.
16 iyun 2022
Böyük şair Xəlil Rza Ulutürkü uşaq yaşlarımdan tanımışam. İlk avtoqraflı kitabını mənə 7-8 yaşım olanda bağışlayıb. Müxtəlif vaxtlarda o bizə Rəsul Rza, Qabil, Fikrət Qoca, qardaşları Məhəmməd və Fərhadla, həyat yoldaşı Firəngiz xanımla birgə gəlib. O, nadir şəxsiyyətlərimizdən idi. Atamla dost idi - bu öz yerində. Eyni zamanda aralarında böyük yaş fərqi olmasına baxmayaraq qardaşım Azərlə də dostluq edirdi... 1984-cü ildə Azər hərbi xidmətə yola düşməmişdən bir gün əvvəl Azəri Əli Bayramov küçəsində yerləşən mənzilinə qonaq çağırdı. Mən də Azərlə birlikdə idim. Bu halal süfrənin başında Xəlil bəy Azərin bütün danışdıqlarını həmişə yanında olan gündəliyinə yazdı. Azər İrkutskda hərbi xidmətdə olarkən Xəlil bəylə müntəzəm məktublaşdı. Həmin ərəfələrdə Xəlil bəyin atama yazdığı bir məktub var. Həmin məktubunda o atama Azərdən yazır, bəzən Azərin məktublarında fasilə yarandığından, yalnız Xəlil bəyin özünə məxsus olan bir ərklə atama: - Azərə əmr edin mənə tez-yez məktub yazsın - yazırdı.
Bir dəfə bizə Qabil müəllimlə birlikdə gəlmişdi. Çay süfrəsi arxasında mən, Qabil müəllimin yenicə çap olunmuş:
Gün batsa da vaxt gəlmədi axşam ola bilməz,
Kibrit çöpü pərvanələrə tay ola bilməz
- misraları ilə başlayan şeirini söylədim. Xəlil bəy mənə: - Həmin şeiri bir də söylə gündəliyimə yazım - dedi. Şeiri yenidən söylədim və Xəlil bəy o şeiri gündəliyinə yazdı.
O, böyük ürək sahibi idi. Təsəvvür edin. Bizdə süfrə arxasında sağlığı həmin məclisdə olmayan İsa Muğannanın şərəfinə deyir... Yusif Səmədoğlunun "Qətl günü" romanı haqqında elə heyranlıqla danışır ki... Və yaxud Bəxtiyar Vahabzadəni "Ustadım" deyə yad edir.
İndi böyük məmnunluqla düşünürəm ki, mənə onun öz dilindən "Apardı sellər Saranı", "Davam edir 37" şeirlərini dinləmək səadəti nəsib olub.
Ruhu şad olsun.
Bu şəkil 1988-ci ildə çəkilib. Əliağa Kürçaylının xatirə gecəsidir. Atam çıxış edir. Xəlil bəy gündəliyinə qeydlərini yazır... Mən də salondayam.
5 mart 2022
Bu gün böyük ədəbiyyatşünas alim, tənqidçi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru olmuş Yaşar Qarayevin doğum günüdür. Rəhmətlik Yaşar müəllim böyük alim olmaqla bərabər, həm də sözün hər mənasında böyük bir insan idi. Ulu Mövlanə Ruminin bir beyti var:
Əhli-qəlbdən soruşdum, axtardım nə imiş mətləb,
Hər hünər məqbul imiş hələ ədəb, hələ ədəb.
İctimai-ədəbi fikir tariximizdə Mövlanənin dediyi bütün hünərlərə sahib olan Yaşar müəllim, həm də Mövlanənin dediyi həmin ədəbə sahib olan böyük şəxsiyyət idi. O tariximizdə həm zəkası, həm də şəxsiyyəti ilə nur saçan nadir elm xadimlərimizdən biri kimi qalacaq.
Sağlığında çap olunmuş sonuncu kitablarından biri - "Tarix: yaxından, uzaqdan" kitabı, siyasi, ictimai, ideoloji, elmi, ədəbi... fikir tariximizin ən nadir örnəklərindəndir.
Atamın yaxın dostlarından olan Yaşar müəllimi yaxından tanımağımı, onunla unudulmaz söhbətlərimi həmişə Allahın mənə lütfü kimi qəbul etmişəm.
15 fevral 2022
Bu foto 1989-cu ilin yazında Neftçalada, evimizdə çəkilib... Həmin ağır, gərgin dövr hamının yadındadır. Ermənilərin Azərbaycandan torpaq iddiası, Ermənistandan və Qarabağdan azərbaycanlıların qovulması, günahsız azərbaycanlıların qətlə yetirilməsi, Qorbaçovun başçılığı ilə sovet rəhbərliyinin erməniləri müdafiə etməsi, Azərbaycandan ov silahlarının da yığışdırılmasına baxmayaraq, mərkəzi hakimiyyətin erməniləri silahlandırması, Azərbaycan hakimiyyətinin səbatsızlığı, qətiyyətsizliyi... O zaman bütün Azərbaycan dəniz kimi çalxalanırdı. Heç kəs, nə Moskva, nə də Bakıdakı hakimiyyət xalqın haqlı tələbinə, etirazlarına demək olar ki, məhəl qoymurdu. Azadlıq meydanında məşhur Meydan hərəkatı başlamışdı. Bakıda olduğu kimi, rayonlarda da əsəbləri son həddə çatan insanların sözünü eşidən, onların haqlı etirazlarına qəhmər çıxacaq rəhbər işçilər demək olar ki, yox idi, olsaydı da belə onlara əhəmiyyət verən yox idi... Məhz həmin ərəfədə atam Bakıdan bir qrup tanınmış, nüfuzlu ziyalını Neftçalaya dəvət etmək, onların neftçalalılarla görüşünü təşkil etmək fikrinə düşdü. O vaxt indikindən fərqli olaraq xalq öz tanınmış ziyalılarına inanırdı, onların sözünə etibar edirdi... Amma dediyim kimi, vəziyyət son dərəcə çətin idi, komendant saatı tətbiq edilmişdi, xalqla tanınmış ziyalıların görüşünə heç vaxt icazə verməzdilər. Amma atam o məsələnin də çarəsini tapdı. Qarşıdakı görüş, necə deyərlər, kağız üzərində Nəriman Nərimanova həsr ediləcəkdi. Əslində isə məqsəd başqa idi. Gərgin vəziyyətin müzakirəsi. Atam Akademiyanın prezidenti Eldar Salayevin yanına gedib onunla danışdı və o da razılaşdı. İndi qalırdı dəvət ediləcək adamlar. Akademik Firudin Köçərli Nərimanov irsinin tədqiqatçısı idi. Ona dedi. Sonra isə Nərimanov irsinə demək olar ki, heç bir dəxli olmayan, amma xalq arasında böyük nüfuz, söz sahibi olan, Sovet siyasi xəttinə açıq-aydın əks mövqe tutan görkəmli ziyalılarımızı - Qasım Qasımzadəni, Qulu Xəlilovu, Sabir Rüstəmxanlını, Söhrab Tahiri, Yaşar Qarayevi və bir də Nərimanovşünas professor Teymur Əhmədovu Neftçalaya, görüşə dəvət elədi. Səhv etmirəmsə, aprel ayı idi. Rayondan qonaqları gətirmək üçün bir "RAF" maşını ayrıldı və qonaqları gətirmək üçün mən "RAF"la yola düşdüm. Qonaqlar məni səhər saat 8-də Akademiyanın qarşısında gözləyəcəkdilər. Təxminən saat 8-in yarısında Akademiyanın qarşısında idim. Dəvət olunanlar hamısı orada idi. Təkcə Qasım Qasımzadədən başqa. Nəsə Qasım müəllim yubanırdı. Sabir Rüstəmxanlı öz "Jiquli" maşını ilə gəlmişdi. Qasım müəllimin yubandığını görən Sabir müəllim dedi ki, mən maşına görə Bayıldakı maşın dayanacağına gedirəm (maşınını oradakı maşın dayanacağına qoyacaq idi). Amma mən onun maşınla Bayıla getməsini heç istəmirdim. Birdən yubanmağımızı görüb Neftçalaya bu səfərdən imtina edə bilərdi (o vaxt hələ mobil telefonlar yox idi). Sabir müəllimin Neftçalaya getməsini çox istəyirdim. O vaxt Sabir müəllim Meydan hərəkatının lideri idi, xalq arasında böyük nüfuzu var idi. Narahatlığımı ona deyəndə: - Narahat olma, gözləyəcəyəm - dedi və maşınına əyləşib getdi. Qasım müəllim hələ gəlməmişdi. Orada olanların biri təklif etdi ki, Qasım müəllimsiz gedək, yəqin, vacib işi var. Yaşar Qarayev qəti etiraz etdi və Qasım müəllimə zəng etmək üçün Akademiyaya, öz otağına qalxdı (mən o zaman hiss etdim ki, əgər Qasım müəllim gəlməsəydi, Yaşar müəllim də bu səfərdən imtina edəcək). Nəhayət, Yaşar müəllim binadan çıxıb - Qasım müəllim bizi Azneft meydanında gözləyir - dedi. Maşına əyləşib yola düşdük. Azneft meydanına az qalanda Yaşar müəllim: - Odur, Qasım müəllimin oğlunun maşınıdır - deyib bir maşını (səhv etmirəmsə "QAZ-24" Volqa) göstərdi... Sabir Rüstəmxanlı da Bayılda bizi gözləyirdi... Ən maraqlı hadisə isə Salyan körpüsünün ətəyində oldu. Qulu müəllim maşını saxlatdırdı. - Yemliyin, qanqalın ən yaxşı vaxtıdır. Burada yaxşı yemlik olur - dedi. Maşından düşdü. Sabir Rüstəmxanlı da ona qoşuldu. Heç kəs də etiraz etmir. Görüş saat 11 üçün nəzərdə tutulub. Saata baxıram. 11-ə az qalıb...
Nəhayət, gəlib Neftçalaya catdıq. Hamı saraydadır. Rayonumuzdakı Xalq hərəkatının fəalları, ziyalılar, sadə adamlar, rayon rəhbərləri. İndi unutmuşam, bilmirəm heç Nərimanovdan danışdılar, ya yox, əsas söhbət dərdlərimizə, ermənilərin vəhşiliyinə, Qorbaçovun ermənilərə tərəfkeşlik etməsinə, Azərbaycanın mərkəzi hakimiyyətinin qətiyyəsizliyinə həsr edildi. Hamını birliyə çağırdılar... Yerdən verilən suallara cavablar verdilər.
P.S. Sabir Rüstəmxanlı bu görüşdən sonra, komendant saatına görə onların Bakıda hərbi postların birində rus hərbçiləri tərəfindən səhərə qədər saxlandığı barədə "Akademikin son əsəri" romanında da yazıb.
17 aprel 2022
Unudulmaz və böyük şairimiz Rəsul Rza dəfələrlə bizim evdə olub. Bu böyük insan haqqında mənim çoxlu unudulmaz xatirələrim var... Keçən əsrin 60-cı illərinin əvvəllərində Rəsul müəllim bizə, yaxın dostu və qohumu, görkəmli yazıçı Ənvər Məmmədxanlı ilə gəlmişdi. Gəldikləri günün səhəri, axşamüstü Kürün sahilinə getdilər. Atam məni də özü ilə apardı. Kürün sahili başdan-başa meşəlik idi. Ömrümdə ilk dəfə idi ki, meşəlik görürdüm. Sonra sahildə məxsusi olaraq bizi gözləyən kiçik bir çay gəmisində Kürün gəzintisinə çıxdıq. İlk dəfə idi gəmiyə (çay gəmisi olsa da) minirdim. Atamın dostu olan gəmi komandirinin nəzarəti altında, hətta az da olsa gəmini idarə də elədim. Gəzintimiz gecə, hava qaralana qədər davam elədi... Və həmin nagılvarı gün ömürlük olaraq yaddaşıma köçdü. O unudulmaz gündən bir neçə il keçdi. Mən məktəbə getdim.Yenə də imkan olanda ya atamla, ya qohumlarımızla,ya da sinif yoldaşlarımla Kürün sahilinə gedirdim və hər yerdə gözüm həmin meşəliyi axtarırdı. Amma Kürün sahilində heç bir meşə yox idi. 4-cü ya 5-ci sinifdə oxuyanda mənə məlum oldu ki, Neftçalada ümumiyyətlə meşə yoxdur. Bəs biz Rəsul müəllimlə hara getmişdik? Nəhayət, atamdan soruşdum. Atam:
- Biz həmin gün Mayak (Neftçalada kənd) tərəfə getmişdik - dedi.
- Bəs Kürün sahili başdan-başa meşəlik idi axı - uşaq inadı ilə dilləndim.
Atam:
- Sənin meşə zənn etdiyin o agaclar əslində yulgunluq olub - dedi. -Sənin o vaxt boyun kiçik olduğundan hündür boylu yulgunları meşə zənn etmisən.
Yalnız bundan sonra hər şey mənə aydın oldu.
...Xoş, unudulmaz günlər idi...
21 fevral 2022
Bu gün tariximizin ən böyük şəxsiyyətlərindən olan, Sovet İttifaqı Qəhrəmanı, akademik, dünya səviyyəli şərqşünas, müqəddəs "Qurani- Kərim"in tərcüməcilərindən biri Ziya Bünyadovun qətlə yetirildiyi günün ildönümüdür. Şəkil 1993-çü il may ayının 21-də Neftçalada, evimizdə cəkilib. Eyni günün qonaqları: Ziya Bünyadov, Qabil, Əzizə Əhmədova, Bəkir Nəbiyev, Gülhüseyn Hüseynoğlu, İsa İsmayılzadə, Səyavuş Sərxanlı... Atam, bibim oğlu, mən və Ziya müəllimin xüsusi diqqət, qayğı göstərdiyi mənim, bacımın, bibim oğlunun uşaqları... Təbii ki, unudulmaz bir gün idi və belə günlər əslində heç vaxt yaddan çıxmır.
4 iyun 2022
Bu gün kitabxanamda görkəmli şair, yazıçı, tədqiqatçı, təəssüf ki, dünyasını vaxtsız dəyişmiş Arif Abdullazadənin keçən əsrin 80-ci illərində mənə bağışladığı "Bir ovuc torpaq" romanını götürüb bir daha vərəqlədim. Bu romanı o vaxt Arif müəllimə məktub yazaraq ondan özüm iştəmişdim. O da bir neçə gündən sonra həmin kitabı avtoqrafla mənə, Neftçalaya göndərmişdi. Romanı oxuyub təəssüratlarımı məktubla Arif müəllimin özünə də bildirmişdim... Arif müəllim həm də gözəl şeirlər müəllifi idi. Akif İslamzadə ilə Brilliant Dadaşovanın birlikdə oxuduqları və bu günə qədər də sevilən və həmişə seviləcək məşhur "Hər şey gözəldir həyatda" mahnısının sözlərinin müəllifi də Arif müəllimdir... Həm də məhsuldar, hər bir məqaləsi ədəbi aləmdə böyük maraqla qarşılanan ədəbiyyatşünas-tənqidçi idi.
...Bu şəkil 1975-ci ildə Neftçalada çəkilib. Atif Zeynallı, Arif Abdullazadə və Faiq Cəmcəmli atama baş çəkməyə gəliblər. O zaman mən hələ məktəbli idim.
14 iyun 2022
Cənab Prezident Tofiq Mirzəyevi "Xalq artisti" fəxri adı və "Şöhrət" ordeni ilə təltif etdi. Təbrik edirik.
Şəkildə: Vaqif Səmədoğlu, atam və Tofiq Mirzəyev. 1970-ci ilin sonları.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!