Şair xalq və onun şeir anlayışı... - EMİNQUEY

 

Şeir-şair mövzusuna gələndə hamı bir ağızdan deyir: "Azərbaycanda şairdən çox nə var ki?! Hara daş atırsan, şair çıxır!". Bu fikirdə həqiqət payı var, amma kor-koranə yanaşma payı bu həqiqəti cılızlaşdırır. Nöşün? Oşün ki, Azərbaycanda vur-tut ələ gələn, döşəyatan yüz imza saya bilərsən, ya da yox. Yuxarıda qeyd etdiyim tiftiklənmiş fikri Həzrət Abbas şilləsi kimi adamın üzünə yapışdıranların şeirdən anlayışı nə qədərdir və nədir? Şillənin təsirindən çıxıb bunu araşdırmaq lazımdır. Məsələn, şilləsi ağır olan bu adamlara Orxan Vəli deyir: "Asanlıqla oxunan bir şeirin asan yazıldığını düşünürsən?!".

Hərçənd ki, Orxan Vəlinin bu sualını da onlar başa düşməyəcəklər. Deyəcəklər ki, nə var şeir yazmağa, söz ehtiyatın oldu, hecaları bildin, vəssalam, şeir tamam! Əlbəttə, insanlar tərifini bilmədiyi şeylərin öhdəsindən rahat-rahat gələ biləcəklərini düşünürlər. Yəni bir növ, insanlar asan hesab etdikləri şeylərin cahilidirlər. Bu fikrin altından ona görə xətt çəkirəm ki, sonda sizə yenidən xatırladacam.

Bizim bu şilləsi ağır olan adamlara şeirin nə olduğunu Cahit Sıtkı Tarancının bir fikri ilə izah etsəm, desəm ki, şeir sözlə gözəl formalar yaratmaq sənətidir, deyəcəklər ki, hə, biz də onu deyirik də. Hecanı bildin, söz bazan oldu, bəsdir. Lənət sənə, kor Vanqa!  Gəl indi bunlara başa sal ki, şair söz aləmində yaşayan, onlarla nəfəs alan, dərdini, sevincini, arzularını onlara danışan, hansı sözün yanına hansı sözü qoyacağını bilən söz ustadıdır. Bilirəm, bunu oxuyan kimi deyəcəklər ki, başladı da şair-şair danışmağa. Sözlə nəfəs alırmış, dərdini, sevincini onlara danışırmış. Yəqin, başları çatmır. Çox şişirdirsən.

Dərdimiz ağırdır, ağır.

Hələ mən Əhməd Haşimin şeirə yanaşmasını yazsam, yazsam ki, şeir sözlə musiqi arasında bir dildir, hətta musiqiyə sözdən daha yaxın bir dildir, başlayacaqlar gözlərini döyməyə. Gəl indi başa sal ki, şeirin musiqisi var. Axı onlar musiqi deyəndə altı-səkkizlik ritmdən başqa heç nə xatırlamırlar!? "Şeirin musiqisi var" - bu fikrin üstündə o qədər dayanmaq, bunu insanlara o qədər başa salmaq istəyərəm ki... Sərbəst şeiri "özünü buraxmış şeir" kimi qələmə verənlər üçün o qədər vacib xatırlatmadır ki.

"Nə var şeir yazmağa, hecanı bildin, söz bazan oldu, bəsdir" deyənlərlə  "Nə var e sərbəst şeir yazmağa, hecası yox, qafiyəsi yox, elə bir hekayə yazırsan" deyənlərin arasında çox böyük bağ var. Birincini deyənlər naşı oxucular, ikincini deyənlərsə naşı şairlərdir. Halbuki sərbəst şeir hekayə deyil, nəsr deyil. Ümumiyyətlə, nəsrlə poeziyanın fərqləndiyi məqamlardan biri budur. Şeirin musiqisi var və ahəngdar səs axını tələb edir. Şeir adi bir dil deyil, nəsrə çevrilə bilməz, ikisinin də materialı söz olsa da.

"Niyə?" sualını versələr, cavab şeirin tərifindədir. Yəni şeir sözləri olduğu kimi istifadə etmək sənəti deyil. Şair sözləri öz məna və təxəyyül dünyasından keçirir, yeni mənalar yükləyir. Bu da azdır, sözlər arasında xüsusi bağ yaradır və bu bağ sayəsində yeni mənalara çatır. Beləliklə, şeir dilinin məna dərinliyi artır. Metaforalar öz yerini tapır. Emosional intensivlik və obrazlar özünü göstərir.

Yazırıq da, çifayda...

 

"Şeir mütləq həqiqətin axtarışıdır".

                           Necip Fazıl Kısakürək

 

Ay aman!

"Mütləq"in başını buraxıb "həqiqət"in dalınca düşüb, bilirsiniz nəyi başa düşdülər? Şeirdə mütləq ya anadan, ya Vətəndən, ya insanların sosial durumundan, ya da haqsızlıqlardan döşəməlisən. O zaman olacaqsan "həqiqət şairi", yaxud da "həqiqi şair". Və "mütləq" edam olunmalısan, "mütləq" həbs olunmalısan, "mütləq" qurban getməlisən. Və nəticədə "mütləq həqiqi şair" olacaqsan. Heykəl qoyub təzim edəcəklər.

Halbuki şeir bütün məntiq qanunlarına rəğmən əşya və hadisələrin ən gizli, ən məhrəm, ən mülayim, ən həssas hissəsini saxlamaqla, onların nələrləsə nisbətini tapmaqla mütləq həqiqəti axtarmaq işidir.

Yəni şeir ilk növbədə axtarışdır və bu axtarış ömür boyu davam edir. Şeir dünyada özünü tapan insanın metafizik mübarizələri ilə üst-üstə düşür. Şeir əşyanın pərdəsini qaldırıb onun arxasında olana baxmaq sənətidir. Materiyadan mənaya yol tapmaq sənətinin bir növüdür. Bu keçid zamanı məntiq qanunlarından imtina edilir. Sözlərə normal həyatda qəbul edə bilməyəcəyi mənalarla yüklənir. Lakin bu quraşdırma işləri çox estetik şəkildə həyata keçirilməlidir ki, söz özü də bundan narahat olmasın, əksinə, yükləndiyi mənadan məmnun olsun.

İnanın ki, sözü orqanizm kimi qəbul etmək də onların başı üçün deyil. Söz də narahat olar, ya da məmnun qalar?!

İndi gələk əsas məsələyə.

Şeir üçün sağlam sosial mühit, mədəniyyət hücumlarından uzaq bir sivilizasiya, antenası şeirə açıq insanlar (həmçinin şairlər), oxuyub dinləməkdən təsirlənə bilən, mənimsəyib gələcək nəsillərə ötürə bilən bir şeir ənənəsi və şairə xəbərdarlıqlarla, silkələmələrlə, "ədəbi şillə"lərlə yol göstərən tənqidçilər lazımdır. Amma onları oxuyanda dərhal ümidsizliyə qapılmamalısan.

Bütün bunlar bizdə varmı? Təəssüf ki, xeyr...

Yoxdursa, nə etməliyik?

Öz içimizdə rejissor film heyəti qururmuş kimi qurmalıyıq.

Və ilk növbədə poeziya tarixini yaxşı bilməli, şairlərlə əlaqə yaratmalı (söhbət hansısa şairlə oturub yeyib-içmək, zəngləşməkdən getmir), dövrün səsini yaxşı duymalı və öz poeziyamızın tənqidçisi olmalıyıq.

Bəs yaxşı, ola bilirikmi?

Ay camaat, bu ölkədə şeirinə irad tutduğun üçün səni söhbətə, davaya çağıran "şair"lər var, qaldı ki, öz şeirlərinin tənqidçisi olalar.

Yaradıcılıq fakültəsində ustad dərsləri alanda Qismət Rüstəmov bir misal çəkmişdi. Bir gün biri şair olmaq istəyir, gedir dövrünün ən yaxşı şairinin yanına, ustad ona deyir ki, yüz min beyt əzbərlə. O da çarəsiz bu qoşmaları əzbərləyib qayıdır. Ustad bu dəfə ona deyir ki, indi əzbərlədiyini unut. Həvəskar adam bu dəfə üç il əzbərlədiyi şeirləri unutmağa çalışır. Unudub gələndə ustad ona deyir ki, yaxşı, indi şair ola bilərsən. Yəni şeiri şeirdən öyrənirlər. Şair öz səsini tutana qədər özünə yaxın səsləri təqlid edir. Amma zaman keçdikcə öz səsini tapır və orijinal poeziyasını ortaya qoyur.

Yazı boyu sözlərimi ünvanladığım adamlar bunu oxuyandan sonra qayıdacaqlar ki, ə, boş-boş danışma, şairlik öyrənilmir, şair doğulursan! Ona görə də bu dəmdə vaxtımı dondururam və sizə altından xətt çəkdiyim fikri xatırladıram.

Əlbəttə, insanlar tərifini bilmədiyi şeylərin öhdəsindən rahat-rahat gələ biləcəklərini düşünürlər. Yəni bir növ, insanlar asan hesab etdikləri şeylərin cahilidirlər.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!