Ayçil yuxu gördü - Hekayə. Nurlana İŞIQ

 

Günorta idi. Saatın əqrəbləri ekvator xətti kimi dayanıb onu Şimal və Cənub yarımkürələrinə ayırmışdı. Bu vaxt - iyul ayında bizim ölkədə havanın temperaturu qırx dərəcəyə qədər qalxır. İnsanlar sakit bir kölgəyə çəkilib mürgüləməyə başlayırlar.

Ayçilgilin evində də hamı günorta yuxusuna getmişdi. Sakitliyi iki şey pozurdu; bir divardan asılan quşlu saatın cıqqıltısı, bir də həyətdəki ağacların yarpaqlarının xəfif xışıltısı. Ayçil yataqda uzanıb dünyanı dinləyirdi və fikirləşirdi ki, Yer kürəsində, deyəsən, səssiz heç nə yoxdur. Birdən o, ürəyinin döyüntüsünü də eşitməyə başladı. İlk dəfə idi ki, özünü bu qədər yaxından eşidirdi. Bir az da diqqətlə ətrafı dinşədi. Ona elə gəldi ki, onu əhatə edən hər şey canlıdır, onlar nəfəs alıb-verirlər: divan ayaqları ilə gəzə bilir, divara söykənmiş dördkünc güzgü göz vura bilir, qaşıqlar uça, çəngəllər qaça bilir. O, birdən yastığı qucaqlayıb yatağında bardaş qurdu, qıvrım saçlı başını qaşıdı, gözü saata sataşdı və pıçıldadı:

- Ay çıqqaçırıq saat, sən nə dilində danışırsan? Sənin ürəyin harandadır? Hər gün eyni səsi çıxarırsan...

Saat isə gözüyumulu kamançaçı kimi öz ritminə qapılıb, ona cavab vermədi. Qızcığaz yastığı kənara atdı, qalxıb qonaq otağındakı stola yaxınlaşdı, ehmalca gümüş buludun içindəki armudlardan birini götürüb, barmaqlarının ucunda yerinə qayıtdı. Ancaq nə qədər ehtiyatlı hərəkət etsə də, hansısa bir qüvvə onun əlindəki armudu yerə saldı. O, çarpayının altına diyirləndi, bir neçə saniyə sağa-sola yırğalandı və əsgər kimi dümdüz dayandı. Qızın başı çarpayının altına sallandı, - ah, necə də sərindi, elə burdaca yatım, - deyib armudun yanına düşdü. O, buranı qaranlıq mağaraya bənzətdi, gözünə bir ayı göründü, onun bıçaq kimi dişləri qızı qorxutdu. Qorxudan göz bəbəkləri bərələn qız həyəcandan armudu dişlədi və ayı birdən yox oldu. İndi isə meyvənin içindən ağ bir qurd nöqtə kimi qara başını çıxarıb dedi:

- Ay xanım qız, niyə mənim yurduma soxulursan? Bayaqdan səs-küy salırsan, imkan vermirsən ki, bir çimir alaq.

Ayçil sual işarəsinə oxşayan qurda baxıb gözlərini döyürdü. O isə elə hey deyinirdi: - "Bayaqdan evimi fırladırsan, mənim də başım fırlanır axı. Bilirsən, neçə dəfə dombalaq aşmışam?".

- Bağışla, qurdcuq, xahiş edirəm, bağışla, gözümə yuxu getmir, hər kəs yuxuda olanda darıxmağa başlayıram. Ancaq səs edib heç kimi oyatmaq fikrim də yox idi... Mən darıxırdım, dedi, qız günahkarcasına, - səni yaraladım, hə?

Ayçil kövrəlmişdi, o bilirdi ki, qarışqa belə olsa, onun yuvasını dağıtmaq olmaz.

Qurd dedi:

- Yaxşı, ağlama, indi hamını oyadarsan. Məni apar qoy armud ağacının dibinə, evimə qayıtmalıyam.

- Bəyəm evin armudun içi deyil ki, ay qurdcuq?

- İçi idi, ancaq indi böyüdüm və dünyanı dinləməyə çıxdım. Bundan sonrakı həyatımı sənin kimi dünyada keçirəcəm.

Qız lap çaşmışdı:

- Axı sənin mənim kimi ayaqların yoxdu...

- Artıq köhnə evimlə vidalaşıram, bundan sonra mənim torpaqda qanadlarım çıxacaq və mən sənin kimi gözəl bir kəpənəyə, bəlkə də, parlaq bir böcəyə çevriləcəyəm. Sənsə yatmaq istəməyəndə bura gəl, söhbətləşək, yoxsa darıxdığından evin altını üstünə çevirəcəksən.

- Bəs sən darıxanda nə edəcəksən, ay qurdcuq?

- Eh, mənim darıxmağa vaxtım nə gəzir. Yaşamı sürdürmək üçün ətirli ağacların çiçəklərinə qonacağam. Gələcək ailəm üçün ən şirin yuvanı axtaracağam.

Bəs sonra?

- Sonra gübrəyə çevriləcəm, bu halda da faydalı olacam. Sən bəyəm olduğun kimi qalırsan ki, insanlar da dəyişir, bax sənin o sığallı əllərin bir gün bu ağac qabığı kimi olacaq, özün də büzüşmüş armuda oxşayacaqsan.

- Sonra da gübrəyə çevriləcəm?

- Yəqin ki.

- Mən istəmirəm, onda səsləri eşitməyəcəm. Mənim dünyanın səslərindən xoşum gəlir. Çıqqaçırıqın da səsini eşitməyəcəm, heyif...

- Sən yeni səslər eşitmək üçün mütləq gübrəyə çevrilməlisən. Ancaq bunun üçün qarşında uzun bir yol var, darıxmamaq üçün bu yolu darıxmağa qoyma. Eşidirsən? Niyə cavab vermirsən, ay xanım qız.

Ayçil tumurcuq boyda ağzı ilə əsnəyib başını ağacın gövdəsinə söykədi, Qurdcuq da enli bir yarpaq tapıb, onun üstünü ehmalca örtdü.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!